Yazıçı gücü
Xalq yazıçısı Anar müəllimlə görüşmək, fikrimdə fırlanan sualları ona ünvanlamaq, cavablar almaq, bu söhbətə oxucuları da cəlb eləmək istəyim yazıçının ad günü ərəfəsində baş tutdu. Bəri başdan onu doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, bir də yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Anar müəllim bir şəxsiyyət kimi də, bir yazıçı kimi də həmişə cəmiyyətin diqqət mərkəzində olub.
Bir var cəmiyyətin diqqət mərkəzində olmaq, bir də var ki, cəmiyyətin diqqət mərkəzində olmağa can atmaq. Təbii ki, bunlar ayrı-ayrı tərəflərdi, başqa meyllərdi. Mənə elə gəlir ki, diqqət mərkəzində qalmaq əslində diqqətdən qaçmaqla mümkün ola bilər. Bu bir də o deməkdi ki, öz iş-gücünün dalınca gedirsən, elə gedə bilirsən də. Təbii ki, sözümün bu səmtə yan alması bir az mətləblərin açılmasını, dərinləşməsini istəyir, bu da xəmirin çox su aparmasına bənzər. Mənim özümü də bir qədər dərin mətləblərə doğru səmtləşdirən yazıçının əsərlərindən götürdüklərim oldu desəm, yerinə düşər.
Onun qələmə aldığı əksər əsərlərində, deyək ki, ilk yaradıcılıq dövründən gələn hekayə və povestlərində cəmiyyətin daha çox ziyalı qatından bəhs edilir. Cəmiyyətin bu qatı daha çox incəsənət mühitidir, bu mühitin adamlarıdı, bu qat bəlkə də elə “beşmərtəbəli evin altıncı mərtəbəsidi”. Əlbəttə, bu haqda geniş fikirlər söyləmək olar, polemikaya girmək mümkündü.
Dediyimiz kimi bu əsərlərin çoxunda yaradıcı təşkilatlar, redaksiyalar, nəşriyyatlar, radio-televiziya mühiti bu mühitin adamları, burda gedən proseslər bu günün oxucusunda, bəlkə də, dünənki oxucudan daha çox maraq doğurur. Bu maraq həm də Anar müəllimin özünün bir yazıçı, qələm adamı kimi həmişə bu təbəqədə olmasından, əməli işindən, fəaliyyətindən güc alır.
Bu maraq bir oxucu kimi məni də daha çox öz cazibə dairəsində saxlayır, bəlkə ona görə ki, mən də bu mühitin içindəyəm, elə iş-əmək fəaliyyətim də burdan başlayır. Bu mühitin adamlarının hamısı mənə tanışdı, doğmadı, mənim gündəlik iş həyatım bu adamların arasındadı. Operatorlar da, rejissorlar da, redaktorlar da mənim yaxşı tanıdıqlarımdı, dostlarımdı. Elə çıxışa çağırdığımız adamlar da, aktyorlar da, təsvir olunan bütün proseslərin özü də. Amma o əsərlərdə təkcə bu mühitin xronikal təsvirləri verilmir, daha çox o adamların, (bəlkə elə indiki bu adamların da) yaradıcı insanların psixoloji durumları, alt qatdan təhtəl şüurdan gələn düşüncələri, keyfiyyətləri aydınlaşır, yazıçı laboratoriyasından keçib gəlir.
Düzü, bu əsərlərin mütaliəsi zamanı adam özünü daha çox oxucu kimi hiss eləmir, özünü bu obrazların içində bilir, bu obrazlardan biri kimi hiss eləyir. Bəlkə də yazıçı gücü bundadı.
Bir yazıçı olaraq Anarın əsərlərində bir üst qat, bir alt qat həmişə bir-birinə paralel şəkildədi. Üzdə görünən bir lirik, bəlkə də sentimeral qat, üzdə grünməyən ikinci qat özündə daha çox ictimai dəyərləri, kataklizmləri ehtiva eləyir. Bu qatlar bəlkə də yerlə göy kimi, bir-birini tamamlayan, həm də fərqli qatlardı. Həm də yerlə göy arası sonsuzluqlarla doludu.
Anarın bütün əsərlərindən bu bir xətt kimi keçir, bəlkə də onun fərdi yazıçılıq xüsusiyyətini formalaşdırır. Dünyada hər şey bir “hə” ilə “yox” arasındadı. Bu ara da sonsuzluqların yeridi. Əslində hər “yox”da bir “hə” var. Hər “hə”nin içi “yox”larla doludu. Həyat bu iki tərəflər arasındadı. Elə dünyanın özü də bu məsafələr içindədi. Bu da Anarın əsərlərindən doğan həqiqətlərdəndi.
Əlbəttə, söz-sözü çəkib apara bildiyi kimi söhbətimizi konkret əsərlər, obrazlar üzərində qurmalı olsaq, yenə də deyirəm xəmir çox su aparar, bəlkə də bir mənzilə gedib çıxmaq çətinləşər.
Yazıçıya hazırladığım sualların heç birini verə bilmədim. Heç bilmədim ki, bu suallar ipdən sökülmüş təsbeh dənələri kimi, niyə dağılıb, hərəsi bir yana dığırlandı. Bəlkə də yazıçıynan görüşümün məsuliyyəti suallarımın alt-üst olmasına səbəb oldu. Bura həyəcanımı da əlavə eləsək, daha səmimi olar.
Dedik ki, Anarın bir yazıçı kimi fərdi üstünlüklərindən biri məhz onun əsərlərindəki ictimai qatın güclü və aparıcı olmasındadı. Bu aparıcı xətt, deyək ki, “Gürcü familiyası”ndan tutmuş “Ağ qoç, qara qoç”a qədər bütün əsərlərindən keçir. Əslində yazıçının cəmiyyətə təsir gücünü də burda axtarmaq yerinə düşər.
Anarın bir yazıçı kimi əksər əsərləri öz ekran və səhnə həllini tapıb. Həmişə aktuallığında qala biləcək filmlər, tamaşalar, televiziya tamaşaları tamaşaçı yaddaşına həkk olunub. Amma adama elə gəlir ki, ekrana, səhnəyə gətirilməsi mümkün olmayan daha nəsə qalır. Yazıçı gücü həm də bu “nəsə”dədi.
Bu fikirlərlə də yazıçıyla görüşümüz alındı.
– Anar müəllim,
xoş gördük sizi. Uzun müddətdir ki, sizinlə
görüşmək arzusundayam. Görkəmli
ziyalılarımızla görüşmək, həmsöhbət
olmaq bir gənc jurnalist kimi mənim özümə çox
vacibdir. Bu görüşdən də çox məmnunam.
Sizin jurnalistlərə münasibətiniz necədir?
– Mənim mətbuata və jurnalistlərə münasibətim çox yaxşıdır. Çünki mən özüm də mətbuat işçisiyəm. Özümü yazıçıdan başqa, həm də jurnalist hesab edirəm, ona görə ki, 3 il radioda jurnalist kimi işləmişəm, “Qobustan”ın baş redaktoru olmuşam. Qəzetlərdə, jurnallarda çap olunmuş publisistik yazıların müəllifiyəm. Bir jurnalist kimi öz həmkarlarıma dərin hörmətlə yanaşıram.
– Siz uzun illərdi Yazıçılar Birliyinə rəhbərlik edirsiniz. Bu təşkilat həmişə üzdə olub. Bütün proseslərin görünən yeri olub. Deyərdim ki, repressiyalar, şəxsiyyətə pərəstiş dövrü, durğunluq illəri, ağır keçid vaxtı, müstəqilliyin dadı-tamı... Bütün bu ziqzaqlar ədəbiyyatdan keçib, yazıçı kürəyində od qalayıb desək, yerinə düşər. Xüsusən repressiyalar, mənəvi işgəncələr əsərlərinizdən bir xətt kimi keçir, unudulmur, hətta yuxularda təkrarlanır.
– Təbii ki, bütün bu hadisələr yazıçıya təsir edir, yazıçıların taleyindən keçir. 37-ci ildə çox dəyərli ziyalılarımızı, yazıçılarımızı itirdik, müharibə illərində yazıçılar müharibədə fəal iştirak etdilər. Hətta cəbhədən qayıtmayanlar da oldu. Qayıdıb müharibə haqqında yazanlar da oldu. Sonrakı illərdə yazıçılar həmişə müstəqillik uğrunda mübarizələrdə ön sıralarda oldular. Ona görə təbii ki, bütün bu hadisələrin yazıçılara bağlılığı daha çoxdu.
Anar müəllim suallara bir az loru desək daha çox kəsə cavablar verir. Təşbehlər işlətməkdən də qaçır. Yazıçının əsərlərinin dili, yeridi deyək canlı xalq dilidi. Sözlər, ifadələr öz təyinatı yerində dəqiqdi. Anar müəllim həm də Dədə Qorqudun tədqiqatçılarındandı. Dədə Qorquddan gələn ayrı-ayrı söz və ifadələr yazıçının dilində istənilən qədərdi.
– Bəs Yazıçılar Birliyinin əsas spesifikası nədən ibarətdir? Bu sualı keçmiş və indiylə müqayisəli kontekstdə qoymaq istərdim.
– Yazıçılar Birliyi ilk növbədə yaradıcılıq təşkilatıdır. Sovet dövründə Yazıçılar Birliyi yaradıcılıq təşkilatı olmaqla yanaşı, həm də yazıçıların məişət məsələlərini həll edirdi, onlara Ədəbiyyat Fondunun hesabına ev tikirdi, kitab nəşrində yazıçılara köməklik göstərirdi. İndi, təbii ki, Yazıçılar Birliyinin nə ev vermək, nə maşın almaq imkanı var. Yazıçılar Birliyi bu gün sırf yaradıcılıq təşkilatıdır. Dünyanın bir çox ölkələrində də yazıçılar birlikləri yaradıcılıq təşkilatı kimi fəaliyyət göstərir. Bizdə də belədir. Çalışırıq ki, Yazıçılar Birliyində kitabların təqdimatını, müzakirəsini təşkil edək. Yazıçıların yaradıcılıq gecələrini, yubileylərini keçirək. Bu gün Yazıçılar Birliyinin mətbu orqanları fəaliyyət göstərir. Bu mətbu orqanlarda şair və yazıçılarımızın əsərləri çap olunur. Yəni yaradıcılıqla bağlı bütün bu layihələr Yazıçılar Birliyinə aiddir.
– Azərbaycan yazıçısının vaxta təsiri olubmu? Yazıyla, yazıçıyla nəyi və necə dəyişmək olar?
– Əlbəttə, yazıçılar öz əsərləriylə insanların şüuruna təsir eləyir. Yazıçılar milli şüurun oyanmasında, əxlaqi keyfiyyətlərin, əxlaqi dəyərlərin bərqərar olunmasında, insanların mənən zənginləşməsində birbaşa iştirak edir. Ədəbiyyatın cəmiyyətə təsiri həmişə olub, indi də var, biz hiss eləsək də, eləməsək də, bu təsir olur.
– Anar müəllim,
sizin nəsil yazıçılara 60-cılar deyilir. Bu ad özündə daha
çox şeyi ehtiva edir. Mənə maraqlı olan isə budur
ki, sizin nəsil ədəbiyyatda ədəbi aristokratiyanı
yarada bildimi? Yaxud nə üçün bu dövr
“altmışıncılar dövrü”
adlandırıldı?
– Bizim nəsil ədəbiyyatda
bir dönüş yaratdı. Bu həqiqətdir. 60-cı illərdə
ictimai həyatda müəyyən dəyişikliklər oldu və
bu dövrdə daha əvvəlki nəsillərin
yazıçıları da yeni təfəkkürlə
yazmağa, yeni şəkildə fəaliyyət göstərməyə
başladılar. Ancaq əsas ağırlıq 60-cı illərdə
ədəbiyyata gələnlərin üzərinə
düşdü. Bu nəsil də sonradan 60-cılar
adlandı. Mövzu, üslub baxımından, qaldırılan
problemlər baxımdan bu nəsil əvvəlki nəsillərdən
çox fərqləndi.
Mən isə
düşüncəmdən gələn bəzi mülahizələrimi
Anar müəllimin dediklərinə əlavə eləmək
istərdim. Bəlkə də altmışıncıları
fərqləndirən səbəblərdən biri yeni nəsil
olmalarında idi. Bu nəsil həm şeirdə, həm nəsrdə,
həm də ədəbi tənqiddə seçilən bir nəsil
oldu. Cəmiyyət repressiyalardan vaxt baxımından
uzaqlaşsa da, yeni nəsil bir qisas üstə yetişirdi,
özlərindən təqribən 30-40 il əvvəlki
ziyalı “biçininin” heyfini çıxmaq
amacındaydı. Təbii ki, yeni yaranan ədəbiyyat yeni
maraqlar üstə yaranırdı, bu maraqlara da
üstünlük verməliydi. Bu baxımdan 60-cılar yeni nəfəs
gətirirdi.
– Sizcə müasir dövr
üçün deyiləcəkmi: 2000-cilər və yaxud
2010-cular.
– Onu gələcək
göstərəcək. Bilirsiniz, bu təkcə xronologiya məsələsi
deyil, yaradıcılıq məsələsidir. Heç kim
40-cılar, 50-cilər demir. Hamı 60-cılar deyir.
60-cılar tarixi bir dönüş dövrüydü. Bu
tarixi dönüşü təkcə ədəbiyyatla da
bağlamaq olmaz. İctimai-siyasi həyatda da bir
dönüş dövrü oldu. Ona görə də bu termin
meydana çıxdı. Gələcəkdə də belə
istilah olsa, tək ədəbiyyatla bağlı olmayacaq. Belə
termin yaranırsa, ictimai-siyasi həyatla
bağlılığı olmalıdır. Çox istərdim,
belə bir anlayış olsun: İstiqlaliyyət
dövrünün ədəbiyyatı. İstiqlaliyyətdən
əvvəl yaradıcılığa başlamış
yazıçılar hələ yaradıcılıq prosesindədi,
amma hələ ədəbiyyatımızda keyfiyyətcə
yeni dəyişikliklər hiss olunmur.
– “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” daha çox müzakirə
olunan əsərinizdi. Bu barədə nə deyə bilərsiniz?
– Bu əsər, deyərdim
ki, meydana çıxandan müzakirə olunur. Deməzdim ki, tək
müzakirə olunan bu əsər idi. “Ağ liman” da
çıxan kimi geniş müzakirəyə səbəb
oldu. Lehinə yazan da oldu, əleyhinə yazan da. O cümlədən
də “Beşmərtəbəli evin altıncı mərtəbəsi”
haqqında da çoxlu yazılar oldu, indi də var. Baxmayaraq
ki, aradan 40 il keçib, əsərə diqqət hələ
qalır. Bu da ona dəlalət eləyir ki, deməli
müzakirəyə, söz-söhbətə səbəb var.
– Dostunuz rejissor Ramiz Həsənoğludan
vaxtilə bir müsahibə almışdım. Söz ədəbiyyatdan
düşəndə o, sizin haqqınızda belə söyləmişdi:
“Mənim nəslim Anarın “Ağ liman”ıyla
formalaşıb. Mən onlardan 10 yaş kiçik olsam da,
özümü o nəslə aid edirəm”.
Sizin də onun haqqında
fikriniz, yəqin ki, müsbətdi. Çünki müştərək
işləriniz var və yenə olacaq.
– Ramiz Həsənoğlu
çox istedadlı televiziya, kino və teatr rejissorudur. Bu
üç sahədə də öz sözünü
demiş adamdır və günü bu gün də hər
üç sahədə uğurla fəaliyyət göstərir.
Çox şadam ki, bizim birgə işlərimiz olub. Son
böyük işimiz isə ssenarisi mənə, rejissor
işi isə Ramiz Həsənoğluya aid “Cavid ömrü”
filmidir. Gələcəklə bağlı bəzi
planlarımız, təbii ki, var. Çünki onunla işləmək
mənimçün asandır, xoşdur. Biz bir-birimizi
yaxşı başa düşürük. Bu əməkdaşlığımız
öz bəhrəsini verir.
– Rus tənqidçisi və
filosofu Belinskinin ədəbiyyatla bağlı belə bir fikri
var. “Cəmiyyət kimi ədəbiyyatın da öz plebeyləri,
qara camaatı var. Qara camaat isə hər yerdə həm nadan,
həm də azğındır”.
– Belinski “ədəbiyyatın
plebeyləri var” deyəndə, bilmirəm, bu ifadəni
hansı anlamda işlədib. Təbii ki, yazıçıların
da, oxucuların da arasında qaragüruh var. Bu danılmaz
faktdır. Ədəbiyyatı lazımınca dəyərləndirə
bilməyən yazıçı və bu
yazıçının özünün oxucu kütləsi də
var. Bəzən belə yazıçılar daha çox
populyar olursa, bu, ədəbiyyatın, oxucunun, cəmiyyətin
bədbəxtliyidir. Müəyyən dövrdə belə
yazıçıların əsərləri tanınır,
ancaq vaxt keçdikcə unudulur. Həqiqi ədəbiyyat isə
qalır, həqiqi oxucu yazıçısına sədaqətli
olur. Təbii ki, qaragüruh qara ədəbiyyatın
daşıyıcısıdı.
– Mətbuatda sizdən
çox yazırlar. Yazılanlara mümkün qədər səbrlə,
təmkinlə yanaşırsınız.
– Mən hesab edirəm ki, belə
də yanaşmaq lazımdır. Başqası başqa cür
yanaşa bilər. Amma mən yazılanları ciddi qəbul
etmirəm. İndi mətbuatda tənqid yazılmır. Təhqir
yazanları isə öz vicdanlarının öhdəsinə
buraxıram.
– Özünüzə
sualınız varmı? Və yaxud özünüzə verəcəyiniz
sualın cavabını bilmək olarmı?
– Sualım çoxdu. Deyərdim
ki, bir deyil, beş deyil, yüzdür, bəlkə də
mindir. Özümə verəcəyim sualların cavabı
ancaq özümə aid olduğundan cavab verməyi lazım
bilmirəm.
– Anar müəllim, əsərlərinizdə
çox böyük üstünlüklər ortaya qoya bilən
yazıçısınız. Kim hansı mövqedən qiymətləndirsə
də, uğurlarınız göz qabağındadır.
Yaradıcılıq laboratoriyanız, iş üslubunuz barədə
bilmək istərdik.
– Əsasən yay
aylarında işləyirəm. Çünki
Yazıçılar Birliyi vaxtımı çox alır.
Ayrı-ayrı balaca yazılar yazıram. Amma iri əsər
yazmaq üçün mənə azı iki ay tam təcrid
olunmaq lazımdı – ədəbi aləmdən, ictimai
mühitdən, idarədən. O zaman mən iri yazı yaza
bilirəm. Deməzdim ki, hər yay buna nail oluram. Bəzən
görürsən ki, yay ayları da vaxtım qıt olur. Arzum
odur ki, vaxtla bağlı imkanlarım daha çox olsun.
– “Ağ qoç, qara
qoç” sizin fundamental, həm də folklor janrı üstə
işlədiyiniz əsərlərinizdəndi. Bundan sonra belə
bir əsər üzərində işləmək fikriniz
varmı?
– Yox. Başqa fikirlərim,
başqa planlarım var...
P.S. Bu yazıya daha nəyi əlavə
eləmək istərdim. Təbii ki, çox şeyi, amma deyəcəklərimin,
soruşacaqlarımın çoxu qaldı. Ona olan iradlarla
bağlı suallarıma da çox təmkinlə cavab verdi,
heç kimi qınamadı. Anar müəllimdən mənim
özümün gözlədiyim də əslində elə
bu idi. Çünki hərənin öz həqiqəti var. Həqiqətlərdən
biri də inkardır. İnkar olan yerdə inkişaf var, olub,
olacaq. Amma inkar düşmənçilik mövqeyində
olmamalıdı. Ən azı “oğullar atanı, qızlar
ananı, gəlinlər də qaynananı bəyənməz”
“həqiqət”ində olmalıdı. “Ala qarğa şux tərlanı
bəyənməz” bu inkar isə bolşevizm inkarıdı.
Bu inkardan ən azı 37-nin qanı damır.
Savalan TALIBLI
525-ci qəzet.- 2010.- 13 mart.- S. 20-21.