ÜÇÜNCÜ ADAM
O, son klassik idi.
Köhnə şeir tərzimizin
və muğamatımızın son klassiki.
İndi yaşı 70 olan,
yaxud yetmişi çoxdan adlamış, qəzəliyyatla məşğul,
muğamla baş-başa ömür yaşamış sənətkarlar
varsa da, ya xeyli cavan olsalar belə, eyni işlərlə
xoşagələn biçimdə məşğul cavanlar az
deyilsələr də və söz yox, bundan sonra belələri
bol-bol olacaqlarsa da, onların heç biri Hacıbaba deyil və
ikinci Hacıbaba olmayacaq.
Nə qədər ki o
sağ idi, fəaiyyətdəydi, mənim nəzərimdə
Cabbar da, Ələsgər də, Keçəçioğlu
da, Seyid də, Zülfü də… sağ idi, muğam dəryamızın
gözə görünməyən saysız bulaqlarına
doğru gizli yolları ot basmamışdı, çünki o
izləri tutub gedə bilən bələdçi diri idi.
Ən ixtiyar
çağında yaddaşına yeniyetmə, uşaq
yaşlarından hopub qalmış elə boğazları, nəfəsləri,
oxu yollarını, muğam keçidlərini, el
havalarını və təsnifləri müasir və bəyənimli
biçimə salaraq ortaya çıxarırdı ki, heyrətlənirdin.
Hacıbaba ustad sağ idi,
onun görüb-eşitdiyi keçmiş xanəndələr
də, mərsiyəxanlar da, dərvişlər də,
çörəyi dənizdən çıxan, öz nəğmələri
olmuş balıqçılar da, məxsusi havacatları və
zümzümələri dillərindən düşməmiş
faytonçular da bugünün içərisindəymiş
kimiydilər.
Nə qədər ki
Hacıbaba var idi, ən uzaq keçmişlərlə
birbaşa körpülər
uçulub-dağılmamışdı, rabitələr itməmişdi,
dünənlərlə canlı sayıla biləcək təmaslar
yerindəydi.
Nə qədər ki
hansısa qəzəlin, müxəmməsin, qoşmanın
bircə kəlməsindən, bircə misrasından doluxsunan,
qəhərlənən, içərisindəki bu təbii
eşqi oxusuna gətirən Hacıbaba Hüseynov sağ idi, mənim
nəzərimdə Aşıq Abbas da, Nəbati də, Seyid Əzim
də, Raci də, Mirzə Əbdülxaliq Yusif də… diriydilər,
sanki, çox uzaqda da deyildilər, Hacıbaba ustadın tez-tez
toylara getdiyi hansısa Abşeron kəndindəydilər və
oralara yolun düşsə, guya, onlarla görüşə də
bilərsənmiş.
Biz Hacıbaba ustadı itirməklə,
sanki, o keçmişləri bir də itirdik.
Hacıbaba ustad qananlar tərəfindən
həmişə sevilmiş, paxıllar tərəfindən həmişə
burunlanmış, qiymətini həddən artıq gec alsa da,
daim dəyəri üstündə olmuş böyük
müğənni, böyük şair, böyük aktyor idi.
Onun böyük xanəndə
və böyük şair olduğu ilə kimsə ürəkdən,
kimsə candərdi razılaşsa da, bir çoxları onu
böyük aktyor da adlandırmağıma təəccüblənə,
bunu yerində saymaya bilər.
Axı Hacıbaba Hüseynov
heç vaxt nə bir rol oynayb, nə bir tamaşada iştirak
edib.
Amma böyük aktyor
sayılmaqçün teatr səhnəsinə
çıxıb rol oynamaq əsas şərt deyil.
Hacıbaba Hüseynov əsl
məclis, əsl meydan adamı idi.
Mikrofon, kamera
qarşısında o, bir anda çevrilib başqa adam olurdu.
Başlayırdı
mikrofonla, kamera ilə oynamağa, bu anda qarşısında
olmayan minlərlə insanı sanki əyani şəkildə
görürdü, onların hər biri ilə bilavasitə
ruhi bağlantıya girməkçün yüz cür
şuxluqlar, şirinliklər edirdi.
Bütün vücuduyla, sifətinin
hər bir cizgisiylə oxusuna qovuşaraq yaşayırdı.
Hər sözü, sözdəki
hər mənanı duyaraq, içərisindən keçirərək,
bütün bunlardan ləzzət alaraq canlandırırdı.
Cavan xanəndə dostu Canəli
Əkbərov bir dəfə onunla zarafat etmişdi: «Hacı, səndə
o qədər duz var ki, qadın olsaydın, həmişə səndən
ötrü dava düşərdi».
Hacıbaba ustadın son dərəcə
ifadəli çöhrəsini, aktyorluq məharətini kiminləsə
tutuşdurmaq istəyəndə, indi yox, lap
sağlığında da, ağlıma ilkin gələn, qəribədir
ki, hansısa Şərq, ya Azərbaycan aktyoru yox, məşhur
fransız Jan Qaben olurdu.
Bir dəfə özünə
dedim. Güldü: «Elə mənim də ondan xoşum gəlir,
bütün kinolarına baxmışam».
Hacıbaba ustadın dilində
bu ifadənin də ayrı bir sanbalı, ayrı bir məna
çaları vardı.
Əgər o deyirdisə
hansısa kitabı oxumuşam, hansısa verilişi izləmişəm,
hansısa əsəri dinləmişəm, bu o demək idi ki,
gördüyünü, eşitdiyini cikinə-bikinədək
yaddaşına köçürüb, xırda
ayrıntılarıyla əzbər bilir.
Nail olduqlarının bir
çoxuna elə son dərəcə iti, etibarlı zehninin
sayəsində müyəssər olmuşdu.
O, təhsilli adam deyildi.
1928-33-cü illər
arası cəmi-cümlətanı dörd sinif oxumuşdu.
Onu da yarımçıq.
Heç başlanğıc
təhsilini də başa vurmağa macal tapmamışdı.
1933-cü ildə
dördüncü sinfi bitirib beşə keçəsiymiş.
Söyləyirdi ki, bir
gün dərs gedən əsnada qapı açıldı, məktəbin
komsomol təşkilat katibi əlində bir dəstə
kitabça girdi sinfə. Elan etdi ki, siz sovet məktəblilərisiniz,
dinə, xurafata düşmən olmalısınız, ona
görə hamınız gərək «Allahsızlar cəmiyyəti»nin
üzvü olasınız.
Bunu deyir və
başlayır bir-bir şagirdlərə kitabçaları
paylamağa.
Kitabçalardan birini də
balaca Hacıbabaya verir.
«Oruc tutub, namaz qılan,
dindar ailədən idim. Açıq etiraz eləməyə
qorxdum. Kitabçanı aldım, partanın
aşağısına əyilib açdım,
tüpürdüm içinə.
Komsomol bunu gördü.
Yaxınlaşdı, bir şillə çəkdi mənə.
Mən də böyürdəki stulu götürüb
çırpdım onun təpəsinə. Hay-küy
düşdü. Sinfimiz birinci mərtəbədə idi. Yay
günü idi, pəncərə açıq idi. Elə pəncərədən
küçəyə tullandım, məktəbdən o
qaçan oldum».
Hacıbaba məktəbdən
qaçır, amma kitabdan qaçmır.
Məktəbdən almalı
olduğu bilikləri o, ömrü boyu doymadığı kitablardan,
mütaliədən aldı.
Hüsnünün
şövqü kimi mehrdə mah olmaz imiş,
Baxıb ol ayinəyə etməmək
ah olmaz imiş.
Hələ də Hacı
gedir dərs-i dəbistan oxuya,
Çalışıb hər
oxuyan Molla Pənah olmaz imiş.
Məktəb, oxumaq, dərsə
getmək sevgisi ömrünün sonunacan Hacıbabayla birgə
oldu.
Bu şeiri yazanda ağsaqqal
kişiydisə, məktəbə getmək
çağları onillərin o tayında
qalmışdısa, həmin sətirləri qələmə
aldığı günlərdə Hacıbaba Hüseynov
artıq muğamatın alim sayılacaq qədər
üstün ustadlarından idisə də, yenə təvazö
ilə özünü «təzə-təzə öyrənməyə
başlayan», «hələ məktəbə gedən çocuq»
adlandırırdı.
Xalqın dediyini təkrar edəndə
haqlı idi, doğrudan da, hər oxuyan Molla Pənah olmaz!
Amma indi Hacıbaba ustadlı
dünənimizə, muğamımızın keçmişinə
və indisinə üstdən baxarkən bu danılmaz həqiqəti
də bir daha dərk edirik ki, hər oxuyan Hacıbaba
olmazmış!
***
Səda-yi musiqi xoşdur mənimlə
yar olan yerdə,
Xüsusən zövq alar
arif məqamat var olan yerdə.
Yaranmışdır məqamatım,
əcəbdür, şux qəzəllərdən,
Qəzəllər ixtilat eylər
qara gözlü gözəllərdən,
Gözəllər imtina etməz
bu sevdayə dözənlərdən,
Həmişə şad olar
dillər kamança-tar olan yerdə,
Xüsusən zövq alar
arif məqamat var olan yerdə.
Məqamat olmasa rövnəq
gələrmi bəzm-i irfanə,
Məqam-i eşqdə şəmdir,
mənəm ol şəmə pərvanə,
Əgər rişxəndlər
etsə bizə hər naşı, biganə,
Yəqindir qoymarıq gəzsin
çəmən-gülzar olan yerdə,
Xüsusən zövq alar
arif məqamat var olan yerdə.
Bütün xəlq musiqisində
bu dəstgahdan əlamət var,
Təmamən mahnı, təsnifdən
bu babətdə şərafət var.
Bunu dərk etməyənlərdə,
yəqin, ey dil, qəbahət var,
Əmandır,
bülbülü qoyma, ötüşsün xar olan yerdə,
Xüsusən zövq alar
arif məqamat var olan yerdə.
Nə lazım musiqimizdə
dolansın əcnəbi səslər,
Sərəncam eyləsin
mütləq gərək ustad olan kəslər,
Oxunsun şeirlər
düzgün, yazılsın şux müxəmməslər,
Verilsin ali qiymətlər, fəqət
huşyar olan yerdə,
Xüsusən zövq alar
arif məqamat var olan yerdə.
Təmənna eyləyər
Hacı gül üzlü qəddi rənadən,
Məhəbbət camilə
süzsün şərab-i nab-i əladən,
Şərab içmək
degil məqsəd, düşünsün əsli mənadən,
Sevənlər şadiman
olsun gərək ilqar olan yerdə,
Xüsusən zövq alar
arif məqamat var olan yerdə.
Bu, ustad Hacıbaba
Hüseynovun həyatının və yolunun mahiyyətini ifadə
edən sözlərdir.
Bu onun yazdığı
yüzlərlə şeirdən məsləyinə və
düşüncələrinə ən doğma olan bir
etirafı, müəyyən mənada, məramnaməsi, bəyanatıdır.
Bu şeiri yazan, musiqimiz və
sözümüzdəki natamamlıqlara qarşı
mübarizələrə sinə gərən Hacıbaba ustad
natamam ibtidai savadı ilə 400-ə yaxın elə şeir
inciləri yadigar qoyub getdi ki, onların hər biri hələ
bundan sonra onillər və yüzillər boyu yaşayacaq, səslənəcək,
seviləcək.
Çünki o şeirləri
yazan şair yalnız şeir kimi – deklamasiya üçün
yazmayıb, həm də oxumaq – təğənni
üçün yazıb, avaza yatımlı bir tərzdə
qələmə alıb.
Bəlkə də,
hansısa başqa qəzəlxan eyni mətləbləri daha
mahir bir tərzdə ifadə edə bilər. Amma sözləri
musiqinin, muğamın axarına, çəminə uyar bir
şəkildə bu cür dəqiqliklə seçərək
belə zərif şeirlər hörmək, kərpic-kərpic
qəzəl, müxəmməs, müstəzad yapmaq yalnız
Hacıbaba kimi ustad xanəndə-şairlərin səlahiyyətində
olan üstünlükdür.
Musiqimizdə bu
bacarığı daşıyanlar tək-tək olub.
Bu qabiliyyət Cabbar
Qaryağdıoğluda olub.
Bu hünər Mirzə Məhəmmədhəsəndə
varmış.
Lakin onlardan tək-tək
şeirlər yadigar qalıb.
Hacıbaba ustad isə bizə
zəngin bir irs miras qoyub getdi.
Və hələ
sağlığında şeirlərini mənə vəsiyyət
etmişdi.
Bu əziz
övladlarını yetim qalmasınlar deyə mənə
etibar etmişdi.
Əslində, onun heç
başqa övladı olmamışdı da.
Lap olsaydı belə,
Hacıbaba ustad ağıllı, müdrik adam idi,
dünyanın bu sınanmış gerçəyindən agah
idi ki, insana sözdən sadiq bala ola bilməz!
…Səliqəli, aydın xətti
ilə yazaraq bir-birinə tikdiyi bir neçə dəftəri
mənə verərək «Qoyma itib-batsınlar, üzə
çıxar onları», – demişdi.
Mənə çox əziz,
çox doğma olan bir insanın son ən vacib istəyi
olmaqdan savayı milli sərvətimiz hesab edilməyə layiq
bu saxlancları unuduluşdan qurtarmaq, hamınınkı etmək,
əlbəttə ki, vəfa və mənəviyyat borcumdur.
Heyf kim, bağ-i ömr
içrə sevənlər növcavan qalmır,
Gözəllik, xal ü xətt,
hüsn ü vəcahət heç zaman qalmır.
Mənimlə olsa, onlardan,
deməzdim, bir nişan qalmır,
Həmən ol lalələr,
bəlkə, hərə bir nazlı yar olmuş,
Açılmış
qönçələr, sirr-i təbiət aşikar olmuş.
Hər yaz gəlcəyin
açılan çiçəkləri şair babaları
kimi bir zaman ömür sürmüş, sevib-sevilmiş insanların
yenidən dünyaya qayıdışı sayan Hacıbaba
ustad elə bu minvalla hər şeiri ilə hər zaman
insanlara qayıdacağına inanırdı.
Məgər hər dəfə
ekranlarda onun ruhu oxşayan avazını eşidəndə,
mehriban, cazibəli simasını görəndə onu elə
bu an bizimlə olan kimi qavramırıq?
***
Hacıbaba ustad baharda
doğulmuşdu.
Yazın lap astanasında –
1919-cu il martın 15-də.
Hacıbaba ustad Hüseynəli
oğlu idi.
Atası isə Hüseynəli
Hacıbaba oğlu.
Hüseynəli kişi dənizçi
idi.
Ürəyindən
keçirdi ki, atasının adını verdiyi oğlu da dədə-baba
yoluyla getsin, dənizçi olsun.
Uşaqlıq, ilk gənclik
çağlarında əzələli bədənindən
güc yağan, başqalarının yerindən tərpədə
bilmədiyi ağır-ağır daşları asudəcə
qaldıran Hacıbabanın haçansa nazik ruhlu şair,
kövrək ürəkli bir xanəndə
olacağını kimsə heç fərz edə bilməzdi.
Bu zərif anlayışlar
onun kobud zahirindən çox-çox uzaq idi.
Görünür, məhz
zahirindən uzaqmış, batinindən yox.
Daxilən elə o
vaxtlarından yuxa ürəkliymiş Hacıbaba.
Sarı, sarı, sapsarı,
Keçir ömrün
saatları…
Bu o vaxt dənizə
çıxan balıqçıların oxuduğu nəğmələrdənmiş.
İndi, Allah bilir, heç o
mahnının əsl sahibi tatarların da unutmuş olduğu
bir şərqi.
Hacıbabasa bunu eşidən
kimi əzbərləyibmiş, zümzümə edirmiş, bu
adi sözlər onu qəhərləndirirmiş və
atası da hirslənirmiş ki, günümüzə bax da, pəhləvan
boydasan, bu nədir, qız kimi sözə ağlayırsan?
Hacıbaba yaşa doldu,
kişiləşdi, qocaldı, ömrün qürubuna
yetişdi, ancaq ilk gəncliyində həssas söz
qarşısında necə aciz, necə ixtiyarsız idisə,
axıracan da o cür qaldı:
Söyləyir əfsanələr
heç görməyənlər Hacını,
Bənzədir divanəyə
dindirməyənlər Hacını,
Vaxt olur axır bilərlər
bilməyənlər Hacını,
Xublar mülkündə
heç olmaz vəfa, bilməzmidim,
Ey gözün qurbanı, mən
hicrin cəfa bilməzmidim.
Məktəbi atandan sonra
atası Hacıbabanı aparıb qoymuşdu fabrik-zavod məktəbinə
ki, barı bir sənət öyrənsin.
Bu məktəb Paris
Kommunası adına zavodun nəzdindəymiş. Təhsilini
bitirəndə elə orada da qalıb işləyir.
1933-cü ildən 1940-cı
ilə qədər orada çalışsa da, bircə dəfə
də bircə nəfər belə onun bircə ağız
oxumasını eşitmir.
O günlərdən
yarım əsr ötəndə bir axşam mənə etiraf
etdi: «Hər gün oxuyurdum. Oxumasaydım, işləyə
bilməzdim. Ancaq oxumağımı özümdən
başqa kimsə eşitmirdi. Çünki ürəyimdə
oxuyurdum».
Çəmbərəkənddə
yaşayırdılar.
Məhəllələri
atıb-kəsən, vurub-yıxan dəliqanlılarla dolu idi.
Hacıbabayla tay-tuş
olanları da vardı, yaşca ondan böyükləri də.
Təklikdə,
uzaqbaşı, yaxınlarının yanında şeirə,
musiqiyə kövrələ bilərdin, amma bu məhəllədə
gərək ətrafındakılar kimi sərt, bir az qaba
olaydın.
Yoxsa səni hoydu-hoyduya götürərdilər.
«Onlarla həmişə
yaxşı münasibət, xətir-hörmət saxladım.
Amma oturub-durmadım, yoldaşlıq eləmədim.
Bizim məhəllədə
«Sanka Zver» deyilən bir lotu vardı ki, cinayətkar aləmdə
məşhur idi. Onunla cur olanların da neçəsi qanuni
oğru idi, bir-iki dəfə yatıb
çıxmışdı.
Belə adamlarla hər
gün salamlaşıb onlar kimi olmamaq çətin idi. Amma mən
özümü həmişə qorudum, elə şərəşur
adamlara heç vaxt qoşulmadım. Odur ki, indi mən varam,
Hacıbabayam, onlarınsa birinin də izi-tozu qalmayıb. Kimini
gülləylə vurub öldürdülər, kimini
bıçaqladılar, kimisi türmələrdə
çürüdü».
Hacıbaba ustadın ahıl
çağlarında qoşduğu bu arzulu-nəsihətli
şeir həmin ömür təcrübələrinin bəhrəsi
idi:
Ürəyimdə mənim
bir arzum var,
Cavanlar xətadan uzaq
olaydı,
Güləydi bunların həyat
üzünə
Könülləri təmiz,
üz ağ olaydı.
Keçəydi günləri
gülüşlə, sazla,
Nəğmə deyəydilər
gözəl avazla,
Gələydi gözəllər
işvəylə, nazla,
Ömürləri uzun, can
sağ olaydı.
Amandır, pislərə getməyin
yaxın,
Xain ürəkliyə uzaqdan
baxın,
Atalar sözündə su təki
axın,
Düşmən baxıb
sizdən iraq olaydı.
…Hacı, xoşum gəlməz
mənim əzəldən
Mənasız şeirdən,
duzsuz qəzəldən,
Mənlə danış məqamatdan,
qəzəldən,
Ariflər yatmayıb oyaq
olaydı.
Hacıbaba ustadla mən ilk dəfə
muğamatdan, qəzəldən danışmağa
başlayanda 1975-ci il idi.
Tələbə idim, Azərbaycan
radiosunda verilişlər hazırlmağa
başlamışdım və uşaqlıqdan oxusunu sevdiyim
Hacıbaba Hüseynov haqqında bir saatlıq veriliş
hazırlamaq istəyimə müqavimətsiz «hə» verildi.
Əsas səbəb o idi ki,
o zamanlar xalq musiqisi şöbəsinə musiqişünas dostum,
sonralar Musiqi Akademiyasının prorektoru, professor olmuş,
heyiflər ki, vaxtsız itirdiyimiz Elxan Babayev rəhbərlik
edirdi və o da Hacıbabanın vurğunu idi.
Hacıbaba müəllimlə
telefonla danışdıq, görüşdük və
haqqında veriliş hazırlayacaq kəsin lap cavan bir
oğlan olduğunu görəndə Hacıbaba ustad əvvəlcə
tərəddüd etdi.
«Mənim barəmdə belə
irihəcmli verilişə icazə verməzlər, olsaydı,
indiyədək olardı. Heç lentlərimi
vaxtlı-vaxtında efirə vermirlər».
Giley-güzarında
haqsız deyildi.
O zaman musiqimizdə Qarabağ
məktəbinin onlarca tanınmış, şaqraq səsli
xanəndəsi «mənəm-mənəm» deyirdi və
Hacıbaba artıq 1950-ci illərdən sənətdə olsa
da, həmin şöhrətli xanəndələrlə
müqayisədə kiçicik səs diapazonu olan bu
ifaçıya münasibətdə bir soyuqluq hökm
sürürdü.
Hacıbaba xanəndəliyə
enişli-yoxuşlu narahat yollar adlayandan sonra, həm də
xeyli gec gəlmişdi.
Əhməd Bakıxanovla
Cahangir Cahangirovun adını həmişə minnətdarlıqla
çəkirdi.
Çünki məhz bu iki sərraf
sənətkar nağara çalan Hacıbabanın içərisində
qüdrətli bir xanəndənin varlığını
sezmişdilər, onun ilk lentlərinin yaranmasının təşəbbüskarı
olmuşdular.
Gözü götürməyənlərin
dodaq büzərək kinayə tilə «nağaraçalan»
dediyi Hacıbabanın bu keyfiyyəti – son dərəcə
qabarıq olan ritm duyğusu, əksinə, hamının
sayğıyla «müəllim» çağırdığı
Əhməd Bakıxanovla Cahangir Cahangirovun diqqətini daha
artıq cəlb edirdi.
O dövrlərdə bir
oxuyanın səsinin lentə alınaraq radionun səs xəzinəsinə
qatılması uzun sürən və xeyli maneəsi olan bir
gedişat idi.
İki xeyirxahın səylərilə
Hacıbaba üçün bu yol asanca
açılmışdı.
Oxuları lentə
alınmışdı, «qızıl fond»a daxil edilmişdi.
Amma…
«Lentlərimi hərdənbir
radioda versələr də, məni televiziyaya heç
buraxmırdılar ki, rəngi qaradır. Cahangir müəllim
bununla bağlı da mübahisə etmişdi ki, nolub ona,
şokolad kimi oğlandır.
Gülmüşdülər
ki, ay Cahangir müəllim, elə şokolad da qaradır da…»
Radioda musiqi saatlarında
Hacıbabanın yazılarının təkəm-seyrək
yer alması öz yerində, açıq konsertlərdə,
filarmoniya səhnəsində onun da adının siyahılara
qatılmasından heç söhbət gedə bilməzdi.
Bir tərəfdən
özü buna can atmırdı, çünki çörəyi
toy-düyündən çıxırdı.
Konsertlər, kənd-kəsəyə
qastrol səfərləri onluq deyildi.
Tutalım, lap kolxozlardakı
konsertlərə getməyini məsləhət bilsəydilər,
adını siyahılara əlavə etsəydilər də,
aydın məsələdir ki, üst-üstə düşəndə
Hacıbaba toyu buraxıb konsertə yollanan deyildi.
Dövr də elə dövr
idi ki, bu, mütləq nəzərə alınırdı (və
əslində, o zamanın ölçüləriylə bunda
haqq da vardı.
Azərbaycanı kənd-kənd
gəzib-dolaşan, fabrik və zavodlarda, pambıq
tarlalarında, fermalarda, yayın istisində, payızın
yağışlarında, qışın soyuqlarında zəhmətkeşlər
qarşısında yüz cür əziyyətə
dözüb çıxışlar edən, maddi
marağı, rahatlığı ictimai mənafeyə qurban
verərək can-i dildən çalışanlar fəxri
adlara, ən müxtəlif təltiflərə və
imtiyazlara da, təbii ki, ilk növbədə layiq
görülməliydilər və görülürdülər
də.
(Arif Babayev danışır
ki, bir dəfə Xan əmini Azkonsertin rəhbərliyi
çağırır danlamağa.
İş ondadır ki, Xan
Şuşinski hansısa kolxozda veriləcək konsertə gəlib
çıxmayıbmış.
«Axı belə olmaz, o
cür mühüm tədbiri atıb getmisiniz toya.
Bu qədər xalq qaldı
sizi gözləyə-gözləyə».
Xan əmi məsum sadədilliklə
bu irada belə cavab verir: «Elə oradakı da xalq idi»).
Ey dil, nə səfa
gördün əfsanə olan yerdən,
Sən kəsb-i kamal eylə
fərzanə olan yerdən.
Bax çeşm-i bəsirətlə
biganəyə biganə.
Eşq əhlinə yar olmaz
biganə olan yerdən.
Gül güldən alır ətrin,
mən zülf-i nigarımdan,
Can buyi gələr canə
cananə olan yerdən.
Bir dilbər-i rənanın
könlümdədi sevdası,
Gəncinə çıxar
bir gün viranə olan yerdən.
Yar açdı ləbin,
gördüm ol ləl-i gühərbarı,
Dürr oldu şəb-i ehsan
dürdanə olan yerdən.
Atəşdə
yaxılmaqda pərvanəyə pərva nə?
Sor şəmin öz əhvalın
pərvanə olan yerdən.
Hər gün bu təmənnanı
dil mürği dilər, Hacı,
Bir busə o gül versin ol
danə olan yerdən.
Bu Hacıbaba qəzəlinin
hər sətrində bir həyat gerçəyi var, amma elə
onun öz taleyi ilə bilavasitə bağlı olan əsas həqiqət
bu sətirdədir ki, bəxtin üzə gülən günlərindən
birində hər xarabazardan hansısa xəzinənin
çıxacağı ehtimalı həmişə mövcuddur.
Hacıbabanın şeirə,
muğamata yolu viranəlikdən başlamışdı.
O, həmin viranəlikdə
məhv olub itə bilərdi.
İtmədi, batmadı, bir
qızıl külçə kimi üzə
çıxdı.
Gəncinə çıxar
bir gün viranə olan yerdən.
Tornaçı işləyirdi.
Cod xasiyyətinə uyğun
peşə seçmişdi.
Peşəsinin
ustasıydı və babat da qazanırdı.
Həyat küləkləri
onu bu səmtdə irəlilətsəydi, Hacıbaba Çəmbərəkənddən
çıxmış, böyük və mədəni arzusu
«xozeyin şoferi» olmaqdan ibarət yaşıdlarından, məhəllə
dostlarından, sən deyən, fərqlənməyən boz
ömür yaşayacaqdı – get naxıra, gəl axura.
…Həbsxanaya getdi.
Cavanlıq xətasıydı.
Bir rus uşağına görə düşdü məhbəsə.
Və elə məhbəsdə
olduğu dövrdə müharibə başladı.
Mahir tornaçı
olması qanının arasına girdi.
Məhbus olmağına məhbus
idi, lakin onu, daha bir neçə nəfəri digər
dustaqlardan ayırmışdılar.
Onlar hərbi sənaye
üçün istehsal işlərinə cəlb
edilmişdilər.
«Qazamatın kiçik bir
kitabxanası vardı. Oradan ilk götürdüyüm göy
rəngli bir kitabdı: «Aşıqlar». Onu oxudum, ardınca da
Nəbatinin şeirlərini.
Şeirə elə məftun
oldum ki, daha bir gün kitabsız dura bilmədim».
1991-ci ilin yayı idi.
Hacıbaba ustad ömrün
yeddi onilini arxada qoyub, səkkizinci onilini yaşayırdı.
Ömrünün, zəkasının
elə bir səviyyəsinə çatmışdı ki, Azərbaycanda
klassik şeirdən ən çox nümunələri əzbər
bilən nadir insanlar cərgəsində idi.
Onun əzbərindəki
şeirlərin miqdarı yüzlər yox, bəlkə, minlərlə
idi.
Özünün də
qoşub-düzdükləri bəs deyincə idi.
Haçan səhnəyə,
ekrana çıxsa, toya-məclisə dəvət edilsə,
beynində, dilində istənilən məqama uyğun onlarla hazır
şeir vardı.
Dostlarla yolumuz
Pirşağı tərəfə düşmüşdü.
Dedim, gedək Hacı müəllimi
yoluxaq.
Həyətində iri bir
qarağac vardı.
Günortanın
qızmarı təzə toxtamışdı.
Biz həyətə girəndə
Hacıbaba ustad əyləşmişdi qarağacın
kölgəsində, qarşısında bir qalaq kitab.
«Seyid Əzimdən qəzəl
əzbərləyirəm», – dedi.
«Neçə dəfə bu
kitabı mütaliə edib keçmişəm. Vərəqləri
didik-didik olub. Nədirsə, bu qəzəldəki gözəlliyi
bu səhər, sanki, ilk dəfə kəşf elədim.
Baxdım ki, onu əzbərləməyincə ürəyim
rahat olmayacaq».
1991-ci il idi, Hacıbaba
Hüseynov 72 yaşını başa vurub 73-ə
keçmişdi, minlərlə şeir əzbər bilirdi,
yüzlərlə şeirin müəllifi idi,
oxuduqlarını, bildiklərini yenə az hesab edərək təzə
şeir öyrənirdi.
Hacıbabanı Hacıbaba
edən, çevrəsindəki dünyaya sadəcə gəlib-gedən
saysız həmkəndlilərindən, həmsənətlərindən,
həmyaşlarından fərqləndirən, üstün edən
bu çalışqanlığı, bu usanmazlığı,
bu aşiqliyi olmuşdu.
Könül, ah ü fəqan
etmə, nəfəsdir bu – gedər, gəlməz.
Nədir bu qüssələr,
qəmlər, əbəsdir bu – gedər, gəlməz.
Əgər məşuqələr
eşqi varındır şövq ü zövqündə,
Qənimət bil bu dəmlərdən
həvəsdir bu – gedər, gəlməz.
Fəza-yi eşqdə
min-min, deyərlər kim, nəvalər var,
Neçin bəs sən
eşitməzsən, nə səsdir bu – gedər, gəlməz?
Gözəl bir
çeşmi şəhladır edən eşq əhlini
heyran,
Səni rüsva edən ancaq
o kəsdir bu – gedər, gəlməz.
Ömürlər karivanlartək
keçər, ey dil, təlaş etmə,
Uzaqlaşdıqca san bəng-i
cərəsdir (zınqırov sədası – R.H.) bu – gedər,
gəlməz.
Şərab-i nabə meyl etsən,
içib məst-i xərab olma,
Amandır, qoy deməsinlər
ki, məstdir bu – gedər, gəlməz.
«Gedər, gəlməz» rədifindən
nədir mətləb sənə, Hacı?
Gələnlər getmək
üçündür də, bəsdir bu «gedər-gəlməz».
Ən dərin dəryaların
ən dərin nöqtəsi də aşkarlanıb, ən nəhəng
dənizlərin də sərhədləri bəllidir.
O səmadır ki, nə dibi
bilinir, nə hüdudları, nə qurtaracağı…
Hacıbaba ustad kimi sənətkarları
mənim nəzərimdə ümmandan da əngin edən,
göylərə oxşadan onların nəhayətsizliyi, bitməzliyidir.
Hacıbaba ustadın hələ
həmişə açılmamış hansısa qatı
vardı.
Həm də bu gizlin qatı
o, məqsədli olaraq, dar gün, çətin ayaq
üçün saxlamırdı.
Eyni toya dəvətli
olurdular. Yaqub Məmmədov, Alim Qasımov, Canəli Əkbərov,
Ağaxan Abdullayev…
Hamısı səsli,
Hacıbabadan cavan xanəndələr.
Hamısı oxuyurdu,
Hacıbabaya da növbə yetişirdi.
Fürsət taparaq,
Şövkət Ələkbərova demiş, mütləq nəsə
«bir iş durğuzurdu», o günəcən bu qəbil şənliklərdə
Hacıbabanı da, digər xanəndələri də dəfə-dəfə
dinləmiş muğamsevərlərin (həm də yalnız
sevənlərin yox, bilənlərin) heyrətinə səbəb
olan qəfil bir gediş edirdi, indiyəcən oxunmamış
bir guşəni canlandırırdı, indiyəcən
keçilməmiş bir yolla bu şöbədən o
şöbəyə adlayırdı, bəlli
xırdalıqlarından, boğaz qaynatmalarından, həncərələrindən,
gəzişmələrindən seçilən bir improvizə
göstərirdi, o axşamacan bilinməyən, o axşamdan
sonra dillərdə dolaşacaq bir təsnif, nəğməni
köksünün qəfəsindən azadlığa
buraxırdı.
Yox, Hacıbaba ustad
bunları məxsusi olaraq axtarmırdı, bu
tapıntılardan ötrü özünü gücə
salıb eləmirdi.
Bütün bunlar onun nəhayətsiz
içəri dünyasında dolanmaqdaydı, sənət
yarışının, yığnağın
qızışan havasının, özünü bir daha
sübutetmə girəvəsinin, muğam
qarşıdurmasının hökmüylə zatındakı
oxu qeyrəti həmin anda hansısa alt qatdakı növbəti
bir möcüzəni zühur etdirirdi.
Həm də Hacıbaba
ustadda qeyr-i adi bir mühərriklik, uyğunlaşma
bacarığı, bütün varlığında nəbz
kimi döyünən canayatan müasirlik duyğusu vardı.
Yaratdıqlarının,
oxuduqlarının heç biri qocafəndi, nimdaş,
keçmişəbənzərlik ovqatı yaratmırdı.
İfalarını
muğamı, xalq musiqisini dərindən duyan və bilən
yaşlılar könül xoşluğuyla qəbul etdiyi sayaq,
bu təqdimatı cavanlar da sevirdilər, məmnuniyyətlə
dinləyirdilər.
Təsadüfi deyildi ki,
musiqimizə ən yeni ruhu daşıyan Vaqif Mustafazadə
«Bayatı-Şiraz» caz kompozisiyasını düzəldəndə
bir başqasının deyil, məhz Hacıbaba Hüseynovun səsinin,
oxu tərzinin üzərində dayanmışdı.
Bunun da tarixçəsini xəbər
almışdım ustaddan.
Söyləmişdi ki, bir
gün Vaqif məni radionun Fioletov küçəsindəki
(indiki Akademik Əbdülkərim Əlizadə küçəsi
– R.H.) səsyazma studiyasına dəvət etdi.
Tarçı-kamançaçı söhbəti olmadı,
fikirləşdim, yəqin, onları özü
çağıracaq. Qavalımı götürüb getdim.
Studiyaya girəndə Vaqif
gülümsündü ki, Hacı müəllim, qavalla niyə
gəlmisiniz? Qayıtdım ki, xanəndənin qavalı olar
da. Dedi ki, yox, budəfəki oxumağa qaval lazım deyil. Təsəvvür
elə ki, şəbəkə düzəldən qocaman bir
ustasan, işini görə-görə dodaqaltı el
bayatılarını zümzümə edirsən.
Xahiş elədim ki, tonu tuta
bilməyimçün pianoda nəsə çalsın ki, ona
köklənim. O rəhmətliyin də sənəti məlumdur
da. Keçdi pianonun arxasına, başladı çalmağa.
Bu, nə «Bayatı-Şiraz» idi, nə «Segah» idi, nə
«Çahargah» idi, amma həm də onların hamısından
nəsə vardı bu gəzişmədə. Dedim bəsdir,
aydındır. Bayatıları oxuyub getdim.
Vaqifin bu oxumağın
yan-yörəsini bəzəyərək hansı sənət
sehri yaratdığını çox sonralar, onun
ölümündən sonra, bu əsəri ilk dəfə
eşidəndə gördüm. Valeh oldum.
Bu, çox önəmli bir
nöqtədir.
İki böyük sənətkar,
müxtəlif zamanların, müxtəlif musiqi istiqamətləri
və janrlarının təmsilçiləri eyni bir
dalğada görüşüblər.
İkisi də bir-birinə
valehdir.
İkisi də bir-birinin
dilini başa düşür.
Çünki Vaqifin
müasir sənətində qədimlik, Hacıbabanın qədim
sənətində müasirlik diri idi, əlin üzərindəki
damarlar kimi gözü gendən çəkirdi…
Hacıbaba ustad iki
daşın arasında, yox yerdən sənət ovsunu icad etməyə
qadir hünər yiyəsi idi.
Onun könüllərə
girib doyulmazlaşacaq, sonralar bir çox ifaçının
da oxuduğu (və heç birinin də Hacıbaba kimi məharət
və məlahətlə oxuya bilmədiyi) «Durnam» , «Barama» kimi
təsniflər belə qəfilcə, irəlicədən tədarük
edilmədən, bir oxu əsnasında təzahür edən sənət
vəhyləridir.
Bunun belə olmasının ən
canlı şahidləri illərcə Hacıbaba ustadı
müşayiət etmiş tarzən Ağasəlim Abdullayev,
kamançaçı Mirnazim Əsədullayevdir.
Onlar belə Hacıbaba xariqələrini
görüb mat qalmağa adətkərdə olmuşdular.
Hələ nə qədər
möcüzəsinin üzərindən pərdəni
açmadan özü ilə apardı Hacıbaba ustad.
Bir dəfə həyat
yoldaşı mənə söylədi ki, bilirsən Hacı
«Qara tellər»i necə gözəl oxuyur!
«Eşitməmişəm», –
dedim.
«Hardan eşidəcəksən,
bir kərə, necə oldusa, evdə oxudu, əlim-ayağım
yerdən üzüldü».
Ertəsi gün Hacıbaba
ustaddan rica etdim ki, «Qara tellər»i oxusun, lentə alaq,
ayrıca musiqi nömrəsi kimi daimi səsləndirməsək
də, heç olmazsa «Axşam görüşləri»ndə
bir dəfə verək.
«Yox, Bülbüldən
ayıbdır», – dedi.
Bülbülün
ölümündən 30 il keçirdi.
Bülbül onunçün
diri idi.
Bülbülün vurduğu
möhürə toxunmaq istəmirdi.
Bəlkə,
Hacıbabanın vuracağı möhür o köhnə
möhürdən də yaxşı olacaqdı.
Amma bu, sənətkar əxlaqının
adi insanlara aid olmayan uca bir qatıydı ki, orada insan izzət-i
nəfsini qızırqanmadan susdura, xırda
ehtiraslarını rahatca toxtada, təkəbbürünü ləyaqətlə
heçə endirə bilir.
Bu, dahilərin,
seçilmişlərin sayrışdığı qəlbiliklərdir.
Bu, Allaha xoş gələn,
bəndəninsə öyrənməli olub, təəssüflər
ki, çətin mənimsədiyi fəzilətdir.
Bir dəfə Hacıbaba
ustaddan «Sarı gəlin» barədə soruşdum,
keçmişlərdə bu mahnının
oxunub-oxunmadığını xəbər aldım.
«Uşaq idim, həyətimizə
bir fəqir gəlmişdi. Gözləri kordu, onu xırdaca
bir qız əlindən yapışıb gəzdirirdi. Gəlib
bizim də həyətin qabağında dayandı, ürək
dağlayan bir avazla oxudu:
Axşamlar, ay axşamlar,
Yandı qaraldı şamlar.
Evli evinə gedər,
Qərib harda axşamlar?
«Sarı gəlin»
üstündə bunu oxudu, ətrafda nə qədər
qonum-qonşu vardı, hamısı ağladı. İndi də
o qubarlı səs qulağımdadır».
Oxudu Hacıbaba müəllim,
tüklərim biz-biz oldu.
Bu səsdəki yanıq
damarlarımdan axıb keçdi.
İndiyəcən
eşitdiyim «Sarı gəlin»lərə bənzəmirdi, ritmi
də bir az başqaydı.
«Ay Hacı müəllim,
axı hayıfdır, niyə oxumursunuz bunu?»
«Yox, Akif yaxşı oxuyub, dəymə».
Heç olmazsa bircə bənd
də olsa həmin oxumanı yazdım, qaldı.
Yazılmadan uçub gedən
misilsiz Hacıbaba oxuları isə nə qədər oldu!..
Hacıbaba ustad güclü
adam idi və zənnimcə, onun əsas qüvvətlərindən
biri məhz imtina edə bilmək bacarığı idi.
Bizim məqsudimiz daim vəfa-yi
eşqdir, Hacı,
Dil-i üşşaq
üçün munis cəfa-yi eşqdir, Hacı,
Cəfa-yi eşq mənada səfa-yi
eşqdir, Hacı,
Alıb iç bade-yi
eşqi, ayıl, ancaq xumar olma,
Ola gəhgəh pərişanlıq,
nolur, sən biqərar olma.
Beləcə eşqdən,
gözəllikdən sərməst olub feyz almaq öz yerində,
lakin Hacıbabanın cavanlığında, toylara get-gəllərinin
ardıcıllaşdığı, əlinə pul gəlməyə
başladığı çağlarda bu cür mənəvi
şəraba, ruh meyinə deyil, elə adi içkiyə də
aludəliyi olmuşdu.
Toy bitəndən sonra gecə
saatlarında sazəndə həmkarlarıyla dili söz
tutmayıncaya qədər yeyib-içər, evə dan
üzü, tam xumar halda gəlib çıxarmış.
«Bir dəfə səhərə
yaxın səndirləyə-səndirləyə evə
çatanda gördüm anam mağmun-mağmun dayanıb
darvazamızın ağzında».
Hacıbabanın anası
Fatma xanım seyid nəslindən idi.
Elə sənədlərdə
də adı rəsmən Seyid Fatma yazılıb.
«A bala, mən seyid
övladıyam, sən seyid nəvəsisən, evimizdən
heç vaxt «Quran», dilimizdən dua əskik olmayıb. Niyə
bizi Allah yanında üzüqara edirsən, tamahına zor edə
bilmirsən? İstəyirsən bir gecə səni bu cür
içmiş gələn görəndə elə
qapının qarşısında ürəyim partlasın,
ölüm?»
O qədər
içmişdim ki, ayaq üstə dayana bilmirdim.
Anam belə deyəndə, elə
bil, ildırım vurdu məni.
Bircə saniyə içində
ayıldım.
Yıxıldım anamın
ayaqlarının altına.
İçki ilə o
üzülüşən oldum».
Bir dəfə Hacıbaba
ustaddan xəbər aldım ki, ömrünüzdə nə
çatmır?
Elə bil, həmişə
həmin sualı gözləyirmiş və sanki, heç
düşünmədən dərhal cavab verdi.
İnsan cavabı ani olaraq
verirsə, bu o deməkdir ki, hətta, özü hiss etməyibsə
də, daim bu haqda fikirləşirmiş.
«Ömrümdə
üçüncü adam çatışmır», – dedi.
Hacıbaba ustadın həyat
yoldaşı Sara Qədimovanın bacısı idi.
O qadını sevirdi
Hacıbaba müəllim.
Yaş artandan, onillərlə
bir tavan altında həyat keçirəndən sonra ər-arvad
münasibətləri gənclikdə «sevgi» dediyimiz
duyğulardan daha fərqli bir məna kəsb edir,
simsarlığa, hayanlığa, əsl yoldaşlığa
çevrilir.
Yəqin, elə Hacıbaba
müəllimgildə də beləydi.
Ancaq sevgi də vardı.
Lap cavanlıqdakı kimi.
Bunu Hacıbaba ustadın uzaq
səfərləri zamanı deyil, lap bir-iki gecəlik yaxın
rayona gedəndə Mehparə xanımla telefonda necə nəvazişlə
danışmasından, onlara qonaq olduğum axşamlarda
bir-birləriylə mehriban davranışlarından sezərdim.
Bakıdakı vaxtilə məşhur
«Almaz» mağazasının üstündə, Nərimanov
prospektindəki mənzillərindən qəza vəziyyətində
olan binanın sökülməsi ilə əlaqədar müvəqqəti
köçürüləndən sonra onlara Binəqədi
yolunun üstündə, «Azadlıq» prospektində ev
vermişdilər.
Qonşu idik.
O mənzilin eyvanına «beyt
ül-həzən» deyirdi Hacıbaba ustad.
«Axşamlar
çıxıram bura, olub-keçənləri
xatırlayıram, itirdiklərimi yada salıram. Ağlayıb
ürəyimi boşaldıram.
Bilirsən ki, mən bir az
acıdiləm, sərtəm.
Bir dəfə yenə Mehparəyə
nəyə görəsə hirslənmişdim, çox pərişanlaşdı,
ağlamsınaraq «bir balam olsaydı, mənimlə belə rəftar
etməzdin» dedi.
Sözümüzün
çəpləşdiyi o axşamda gecəyəcən həmin
bu eyvanda Mehparənin dərdini çəkdim.
And içdim ki, bundan sonra
ölənəcən ona güldən ağır söz deməyəcəyəm».
Allahın
bağışlayacağı üçüncü adam – bala
payı olmadı Hacıbaba ustadın ömründə.
Amma ömrün son
parçasında, ətrafı seyrəkləşəndən,
müəllim saydığı, nüfuzlarına, sözlərinə
bel bağladığı şəxsiyyətlər bir-bir
dünyasını dəyişəndən, özünə
bab olanları asta-asta itirib tənhalaşandan sonra Hacıbaba
ustadı incidən, narahat edən bir başqa,
üçüncü adamın yoxluğu idi.
Münsif olacaq
üçüncü adamın yoxluğu.
«Görürsən ki, hərdən
şeirdə bir mətləbin ətrafında mübahisə
düşür, muğamda bir guşə, bir keçid ətrafında
höcət yaranır.
Mən deyirəm belədir,
o biri deyir elədir. İndi mən hardan tapım Seyidi,
Zülfünü, hardan tapım Əli Fəhmini, Mirzə
Cavadı, Əkrəm Cəfəri ki, desin, həqiqət
budur, həmin sözü mən də qəbul edim, mənimlə
mübahisə edən də».
Nə batıbsan yenə, ey
dil, belə dərd ü kədərə?
Gül-danış,
ömrümüzü qoyma ki, getsin hədərə.
Mən səni sinəm
arasında nihan saxlamışam,
Odu ki, məqsədimiz indi
veribdir səmərə.
…Təb-i şeirində,
Hacı, bəlkə də nöqsanın var,
Yaz apar, göstər Əli
Fəhmiyə, Əkrəm Cəfərə.
Hacıbaba ustad özü də
Üçüncü Adam idi.
Bəlkə də, muğam
mühitimizdəki ən mötəbər sonuncu
Üçüncü Adam.
Birincilər həmişə,
hər sahədə olacaq.
Nizamı, sahmanı, ruh
rahatlığınısa daim üçüncülər
yaradacaq.
Tale bizi heç vaxt
üçüncülərsiz etməsin!
…Ürəyimdəki
üçüncü adamların yeri ağrıyır…
(Davamı var)
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2010.- 13 mart.- S. 16-18.