Üç aqilin davası

 

1903-cü ilin martında Tiflisdə Məhəmmədağa Şahtaxtlının naşirliyi və redaktorluğu ilə “Şərqi-rus” qəzeti nəşrə başladı. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi aydın mövqeyi olmayan, mədəni-ictimai fikir tarixində samballı iz qoya bilməyən, təsadüfdən təsadüfə çıxan dövrü nəşrlər nəzərə alınmazsa, “Əkinçi”nin bağlanmasından sonra 30 il davam edən milli mətbuat boşluğunu “Şərqi-rus”un dolduracağına bəslənən ümidlər böyük idi.

Qafqaz Senzura Komitəsinin yaratdığı süni maneələri aşa bilməyən Azərbaycan ziyalıları yeganə çıxış yolunu “Kavkaz”, “Novoe obozrenie”, “Kaspi” kimi rusdilli qəzetlərdə çap olunmaqda görür, bu mətbuat orqanlarının liberal istiqamətindən faydalanaraq millətin dərd və problemləri haqqında söhbət açırdılar. Hökumət yanında xüsusi etimad sahibi, həqiqi mülki müşavir H.Z.Tağıyevin gücü hələlik yalnız “Kaspi” qəzetini mətbəəsi ilə birlikdə satın alıb milli ruhlu ziyalıların ixtiyarına verməyə çatmışdı. “Müsəlman Kaspi”si ictimai tribuna kimi böyük fayda gətirsə də, xalqı maarifləndirmək üçün onun anladığı dildə- doğma ana dilində qəzet nəşrinə böyük ehtiyac vardı.

Belə bir məqamda “Şərqi-rus” nəşrə başladı.

Lakin “müsəlmanların mədəni qövmlər kimi yaşaya bilməsini” əsas hədəf kimi qarşıya qoyan qəzetin ilk saylarından etibarən ona bəslənən ümidləri o qədər də doğrultmadığı aşkara çıxdı. Bunu, təbii ki, birincilər sırasında mətbuatla sıx əlaqələri olanlar gördülər və narahatlıqlarını dilə gətirdilər.

Qəzetin nəşrini ilkin alqışlayanlardan biri “Kaspi”nin naşiri və baş redaktoru, nüfuzlu ictimai xadim və Rusiya müsəlmanlarının lideri kimi tanınan Ə.Topçubaşov olmuşdu. Bu faktı ”Mərdan bəyin mərdanəliyi” adlı yazısında Məhəmmədağa Şahtaxtlı özü də etiraf edirdi: “Mənə qəzet verildiyinin xəbəri nəşr olunan zaman Mərdan bəy bizzat teleqraf çəkib imtiyazımı təbriklə əlindən gələn yaxşılıq və köməklik edəcəyini vəd etmişdi. Bakı kimi müsəlman əhalisi çox və dövlətli bir şəhərdə bir müsəlman üçün “Kaspi” kimi intişarlı bir qəzetin müdiri olmaq şayani-etina bir məqamdır. Mərdan bəy nüfuzlu bir adamdır. Ona görə mən Mərdan bəyin teleqrafı gələndə bəyan etdiyi hisslərin səmimi olduğuna inanmışdım və həm də boynuma götürdüyüm ağır yükün yüngülləşməsini nüfuzlu Mərdan bəyin xeyirxahanə münasibətindən gözləyirdim” (“Şərqi-rus” 27 aprel, 1903, sitat M.Şahtaxtlı, “Seçilmiş əsərləri”, Bakı, 2006 kitabından götürülmüşdür).

“Kaspi”nin əsas yazarı Əhməd bəy Ağayev də “Şərqi-rus”a eyni gözlənti və ümidlərlə yanaşmışdı: “Biz hələ rəsmi icazə alınan zaman bu nəşri birincilər sırasında alqışladıq. Çünki müsəlmanlar üçün belə mətbuat orqanının zəruriliyi haqqında qəzetimizdə hamıdan əvvəl və hamıdan çox danışan biz olmuşduq. Bizim günlərdə tatar (Azərbaycan-V.Q.) qəzeti məmləkətimizin ən vacib tələbatına çevrilib. Qəzetsiz keçinmək mümkün deyil. Müsəlmanlar artıq Rusiyanın gətirdiyi ümumbəşəri mədəniyyət yoluna çıxıblar, İndi bizə elə qəzet lazımdır ki, əvvəla tələb və ehtiyaclarımızın ifadəçisinə çevrilsin, o biri tərəfdən isə cəhalətdə qalmış kütlə arasında mədəniyyət işığı yaya bilsin” (“Kaspi”, 22 aprel, 1903-cü il.)

Amma “Şərqi-rus” nəşrə başlayandan az sonra M.Şahtaxtlı ilə Ə.Ağayev və Ə.Topçubaşovun milli mətbuatın məqsəd və vəzifələrinə münasibətlərinin fərqli mahiyyət daşıdığı aşkara çıxdı. Azərbaycan cəmiyyətinin bu üç mükəmməl təhsil almış, Şərqi və Qərbi gözəl bilən, millətə xidmət etmək qayəsi ilə yaşayan tanınmış simaları biri-birlərinə qarşı ittihamlar irəli sürməyə başladılar.

İttihamların hər hansı şəxsi maraqdan qaynaqlandığını söyləməyə əsas yoxdur. Qarşıdurma daha çox ictimai məzmun daşıyırdı. Onun əsasında mətbuata münasibət, xüsusi ilə ana dilində qəzet nəşri ilə bağlı gözləntilər dayanırdı. Bu mənada “Şərqi-rus” ilk saylarından qəzetçilik işinə yüksək ictimai meyar və sənətkarlıq tələbləri ilə yanaşan Ə.Ağayevi təmin etməmişdi. “Firəng Əhməd bəy” sözü üzə deyən, dəli-dolu və prinsipial adam kimi tanındığından Şahtaxtlının nəşrinə münasibətdə də saxta diplomatiyaya əl atmamış, düşündüklərini açıq-aşkar dilə gətirmişdi.

“Bir neçə həftə ərzində qəzetin xarakteri, istiqamət və ifadə tərzi tam məlum oldu. Və artıq təəssüf hissi ilə deyə bilərik ki, “Şərqi-rus” qarşıya qoyulan məqsədlər baxımından lazımi yüksəklikdə dayanmır. Qəzetin tonu etik və praktik baxımdan arzuedilməzdir, tutduğu istiqamət isə onu mütləq məhvə aparacaq”-deyə o, həmkarını üzərinə götürdüyü mühüm işə məsuliyyət və ciddiyyətlə yanaşmağa çağırmışdı.

Məhəmmədağa Şahtaxtlı isə bu ictimai tənqidə çox kəskin şəkildə, həm də şəxsi təhqirlə cavab verdi. O, yuxarıda adı çəkilən məqaləsinin sonrakı hissəsində Əlimərdan bəyin “mərdanəliyinin” arxasında əslində “namərdlik” dayandığını, “Kaspi” naşirinin Əhməd bəyi qızışdırıb onun üstünə saldığını iddia edərək yazırdı:

“Mərdan bəy vədəsinə mərdanə əməl elədi. Sərsəri və müxtəlişşürlüğü (araqarışdıranlığı-V.Q.) ilə məşhuri-cahan deyilsə də, mərufi-Qafqaz olan Əhməd bəy Ağayevin əlinə qələm verib üstümə tökdü. Dünyada nə ki, biədəblik, yalan, iftira və böhtan varsa, hamısını mənim ünvanıma bişərəfanə, vicdansızkaranə deyib bağırır. Qaba söyüşləri, əclaf bihörmətlikləri rusların nəzərində bir az pərdələməkdən ötrü orada-burada məsləkdən, mədəniyyətdən, əqayiddən-filandan bəhs edir. Əhməd bəy-məslək? Əhməd bəy-mədəniyyət? Əhməd bəy-əqayid? Nə təəccüb!”

Məqaləsində o, mətbu sözlə bir araya sığmayan epitetlərlə Əhməd Ağayevin panislamistlərlə əlaqəsinə diqqəti çəkməyə çalışaraq yazırdı: “Avamın gözündə iki dəqiqəlik bir şöhrət qazanmaq və ya panislamist qəzetlərdən bir təhsin almaq üçün Əhməd bəy kimi məsləksiz, əxlaqsız və ağılsız adam daha nələr yapmaz?”

Ağayev-Şahtaxtlı polemikasına qarışmayan, bütün məsələlərdə yüksək təmkin və mədəniyyət nümayiş etdirən Ə.Topçubaşov da sadəcə “Kaspi”nin naşiri olduğuna görə Məhəmməd ağanın tənə və təhqirlərinə məruz qalmışdı: “Mərdan bəyin bu növ iftira və bişərm və bihəyasızlıqlar ilə qəzetini doldurmaqdan məqsədi mənim təzə qəzetimdən müştəriləri hürküdüb bu vasitə ilə ağası və vəlineməti Hacı Zeynalabdinə mənə görə həqiqi və ya məznun (ehtimal edilən-V.Q.) olan büğz (paxıllıq-V.Q.) və ədavətinə dəniətkaranə və vicdanfüruşanə (düşməncəsinə və vicdanını sataraq-V.Q.) bir ləkəli xidmətdir”.

“Kaspi”yə cavabın axırı” (“Şərqi-rus”, 28 may 1903) adlı başqa yazısında da M.Şahtaxtlı Ə.Topçubaşov və Ə.Ağayevə hücumlarını daha da sərtləşdirərək onları “Hacı Zeynalabdinin başına toplaşan adları intelligent, özləri qatil, əzazil adamlar”, “öz məmləkətlərində çörək tapmayıb Bakıya yığışan, Əlinin börkünü Vəlinin başına qoyub ciblərini dolduran ac qurdlar” adlandırır, “və illah namussuz və kəzzab (yalançı-V.Q.) ləqəbini əfkari-ümumiyyədən qəbul eləyin, Mərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev!”- deyə ictimai fikri azdırmaqda, yalançılıqda ittiham edirdi.

Etik hüdudları aşan bu polemika Ə.Ağayevin “Kaspi”də dərc olunan “Şərqi-rus”un ünvanına bir neçə səmimi söz” (1903, N 88) məqaləsindən sonra başlanmışdı. Həmin yazıda Ə.Ağayev həqiqətən də səmimi şəkildə, ən başlıcası isə yüksək ədəbi peşəkarlıq və mədəniyyət çərçivəsində yeni Azərbaycan qəzetini necə görmək istədiyi ilə bağlı fikirlərini dilə gətirmişdi.

Bu yazının günümüzün bir sıra mətbuat orqanlarına münasibətdə də aktuallığını itirmədiyini söyləmək mümkündür. Əhməd bəy “Şərqi-rus”u ilk saylarından etibarən gözlənilməz effekt və sensassiyalara meyl göstərməkdə qınayırdı. Bunun ciddi oxucu axtarışında olan milli qayəli qəzetdən daha çox küçəyə ünvanlanan və kommersiya məqsədi güdən cari vərəqələr üçün məqbul göründüyünü bildirirdi. Onun fikrincə, “müsəlman qəzeti” hələlik məhdud sayda, lakin ziyalı və hazırlıqlı oxucuya üz tutmalı, onların vasitəsi ilə öz şəbəkəsini yaratmalı, əhatə dairəsini artırmalıdır. Bəlli səbəblər üzündən ilkin mərhələdə didaktika ünsürlərinə, öyüd-nəsihətə üstünlük verilməlidir.

“Belə qəzetin ilk oxucuları artıq o qədər ziyalıdırlar ki, qovğalı yazılardan heç bir zöcq almırlar və o qədər həssasdırlar ki, qovğa rubrikaları onlarda sadəcə ikrah doğurur”-deyə Əhməd bəy “Şərqi-rus”u ucuz sensassiyalardan qaçaraq kütləni tərbiyə edən, zövq və əxlaqı formalaşdıran səviyyəyə yüksəlməyə çağırırdı.

“Şərqi-rus”un ilk saylarından birində “millətin ağsaqqalı” kimi tanınan H.Z.Tağıyevin hədəf alınması da Ə.Ağayevin narazılığına səbəb olmuşdu. Həm də bu hissləri doğuran sadəcə məşhur xeyriyyəçinin pul kisəsi deyildi. “Əgər “Şərqi-rus” həqiqətən də maarifçilik məqsədləri güdürsə, adı bütün müsəlman maarif müəssisələrinin təşəkkülü ilə bağlı möhtərəm şəxsi söyməklə üzərində oturduğu budağı kəsmirmi? Yoxsa qəzet fikirləşir ki, gurultulu ibarələrin arxasında gizlənərək müsəlman ictimai fikrinə əhəmiyyət verməmək olar?” Ə.Ağayevin həmkarına ünvanladığı bu suallar çox ciddi mətləblərdən xəbər verirdi.

Qəzetin məzmun və istiqaməti də Əhməd bəyi razı salmamışdı. Nəşrindən bir aydan çox keçməsinə baxmayaraq “Şərqi-rus”da heç bir ciddi elmi, tarixi, ədəbi yazının çap olunmaması, xalqın həyat və məişətinin işıqlandırılmaması onun çatışmayan cəhətləri kimi göstərilirdi. Nəşrin səhifələrində baş redaktorun öz şəxsiyyəti və fəaliyyətini təbliğ etməsi, Rusiya və Qafqazın hakim dairələri ilə əlaqələrini qabartması, özünə bir növ “müsəlmanların üzərinə qoyulan nəzarətçi” imici yaratması da Ə.Ağayevə məqbul görünməmişdi. “Şərqi-rus”dakı bəzi yazıların M.Şahtaxtlının icadı olan “Məhəmmədağa əlifbası” ilə çap olunması isə oxucuya hörmətsizlik kimi dəyərləndirilmişdi. “Bu ona bənzəyir ki, mən rus dilində qəzet çıxardığımı elan edib onun səhifələrini Çin ieroqlifləri ilə yazılmış məqalələrlə doldururam”-deyə Əhməd bəy naşirlik etikası prinsiplərinin və oxucuya hörmət meyarının gözlənilməsinin vacibliyini bildirirdi.

“Şərqi-rus” öz üzərinə çox ziddiyyətli vəzifələr götürüb: o, bir tərəfdən qovğaçı-küçə qəzeti, o bir tərəfdən ciddi mətbuat orqanı olmaq istəyir, maarif üçün çalışan insanları söyməklə maarifçi kimi tanınmağa çalışır, həftəbecər üslubda yazmaqla dilin sadələşdirilməsindən danışır, nəhayət xalqın heç nə anlamadığı əlifba ilə ona həqiqəti çatdırmaq fikrinə düşür”- Ə.Ağayevin bu ümumiləşdirməsi qəzetin istəyi ilə iddiaları arasındakı uçurumu inandırıcı şəkildə ortaya qoyurdu.

Amma o, təcrübəli jurnalist, eləcə də “Şərqi-rus”a bəslənən ümidlərin doğrulmasını ürəkdən istəyən vətənpərvər ziyalı kimi çıxış yolunu da göstərirdi: “Bizim qəzetə səmimi və xeyirxah məsləhətimiz belədir: qoy “Şərqi-rus” xəstə təxəyyülü, lüzumsuz meylləri və hərcayı Tehran üslubunu bir tərəfə buraxsın, kütlənin anladığı dil və hərflərlə çap olunsun, insanların yaşayış və məişətini daha çox işıqlandırsın, onları Qərb dəyərləri ilə tanış etsin, nəhayət, Şərqin tarixi-fəlsəfi cəhətdən öyrənilməsinə, həmvətənlərimizin dünyaya baxışının və mənəvi həyatının yeniləşməsinə öz töhfələrini versin”. Məqalə müəllifi hər bir “müsəlman qəzetinin” yaradıcı xarakter daşımasını, oxucuların ağlını, hissini və ürəyini zənginləşdirməsini mühüm amil sayır, yalnız bu yolla xurafat və cəhalətin, vaxtı keçmiş ənənə və təsəvvürlərin üzərində qələbə çalmağın mümkünlüyünə inanırdı.

Göründüyü kimi, Əhməd bəy Ağayevin fikirlərində hər hansı bir şəxsi-qərəzlik və ədavət hissi yox idi. O, sadəcə hələlik yeganə olan anadilli mətbuat orqanı ilə bağlı istək və niyyətlərini açıqlamışdı. Bəlkə də, müəyyən cəhdlərinə baxmayaraq belə bir qəzet nəşri imkanının özü üçün deyil, bu işə daha az qabil saydığı başqa şəxs üçün açılmasından müəyyən paxıllıq və həsəd hissi yaşayırdı. Necə deyərlər, insan qəlbi qaranlıq meşədir. Lakin istənilən halda onun məsələyə yanaşma tərzinin əsasında ictimai meyar və tələblər dayanırdı.

Təəssüf ki, Məhəmməd ağa məsələni şəxsi müstəviyə keçirməklə, üstəlik də ziyalı və qəzetçiyə yaraşmayan ifadələrə əl atmaqla polemikanın səmtini dəyişmişdi. Onun kəskin yazılarından sonra təbiət etibarı ilə əsəbi və emosional adam olan Əhməd bəy Ağayev də “Kaspi”nin 1903-cü il 119-cu sayında çap etdirdiyi “Şərq-rus”a son sözüm” adlı cavab məqaləsində ədəbi opponentinin üslubundan və üsullarından yararlanmışdı.

“Cənab Şahtaxtinskinin adı bizi bir çox abırsızlıqlara adətkərdə edib, lakin son zamanlar bu adamın nümayiş etdirdiyi hüdudsuz həyasızlıq hətta onu yaxşı tanıyanlar üçün də gözlənilməzdir”-sözləri ilə məqaləsinə başlayan və acı, sarkastik üslubda yazmağı çox məharətlə bacaran Əhməd bəy sərt, kəskin ifadələr seçməkdə opponentindən heç də geri qalmadığını ortaya qoyurdu.

O, Məhəmmədağanı yalançılıqda, ikiüzlülükdə, bu gün dediyini və yazdığını sabah danmaqda günahlandırır və fikrini müəllifin ayrı-ayrı məqalələrindən gətirdiyi konkret misallarla (H.Z.Tağıyevin və İ.Qasprinskinin ünvanına yazılan və sonradan danılan qərəzli fikirlər) əsaslandırmağa çalışırdı.

Əsas ittiham isə, heç şübhəsiz, “Şərq-rus” naşirinin milli qüvvələrə qarşı Rusiya hakimiyyəti qarşısında çuğulçuluq və şeytançılıqda ittiham olunması, onun M.Katkov, yaxud A.Xaçaturov kimi türk-müsəlman dünyasına düşmən kəsilən irticaçı və mütləqiyyətçi jurnalistlərlə əlaqəsi idi.

Məsələn, M.Şahtaxtlı Əhmədbəyi məhərrəmlik təziyəsi günlərində müsəlmanları dini ayinlərin icrası üçün küçə və meydanlara səslədiyini və yalnız hökumətin humanistliyi sayəsində polislə toqquşmanın qarşısının alındığını bildirərək “Bu qədər biçarəni nə üçün qana çağırdın, Ağayev ağa?”- deyə sual edir, yaxud onun “Axund və islam” kitabında islamı, xüsusən də şiə məzhəbinin əsaslarını lağa qoyması fikrini irəli sürürdü. Təbii ki, belə ittihamlar həmin dövrdə istər rəsmi, istərsə də dini dairələrin əlinə kifayət qədər əsaslı bəhanələr verməklə Əhməd bəyin həyatı və jurnalist fəaliyyəti üçün ciddi təhlükə yarada bilərdi.

Əhməd Ağayev də məhz bu məqamı nəzərdə tutaraq yazırdı: “Bütün bunlar donos deyilmi? Donosdur, özü də iki cəbhəyə ünvanlanmış donos. Siz məni həm hökumətin yanında etibarsızlıqda, həm də mürtədlikdə günahlandırırsınız. Məni ləkələmək, gözdən salmaq sizə hava, su kimi lazım idi. Çünki sizi Türkiyə və İranda xoşbəxt həyat axtaran macəraçı, Parisin yoxsul məhəllələrindəki “gənc türk”, indi isə Rusiyanın könüllü xəfiyyəsi olaraq çox yaxşı tanıyan bir şəxs kimi məndən aman görməyəcəyinizi yaxşı başa düşürdünüz”.

Yenə M.Şahtaxtlının “Biz və ya bir özgə allah bəndəsi Mərdan bəyi təhti-mühakiməyə alıb “Kaspi” qəzetinə müdir olandan bəri müsəlman əhalisinə nə yolla əfkar edibsiniz? İstanbuldan, Bombeydən-filandan nəşr etdirdiyiniz yazıların niyyət və məramları nə idi? Şiələri sünni və sünniləri bokser (XX əsrin əvvəllərində Çində Avropa ağalığına qarşı üsyanın iştirakçılarına verilən ad-V.Q.) yapmaq xüsusunda Rusiyanın xaricindəki müsəlman dövlətlərini dolaşan nəşriyyatla sizin nəşriyyat arasındakı rabitə haradan başlanır və harada qurtarır deyə suallar verə bilərik”-sözlərinə diqqəti cəlb edən Əhməd bəy soruşurdu:

“-Bəs bu necə, donos deyilmi, cənab Məhəmmədağa?”.

Azərbaycanlı müəlliflərin panislamizmdə günahlandırılması həqiqətən də çox təhlükəli ittiham idi. Hər hansı analogiya fikrindən uzaq olmaqla yanaşı həmin dövrdə ermənilərin də Ə.Ağayev, Ə.Topçubaşov, H.Vəzirov və b. susdurmaq üçün onları islam birliyi ideyasına xidmətdə suçladıqlarını və bu yolla da Rusiya hakimiyyətinin nəzərində etibardan saldıqlarını xatırlamaq kifayətdir.

Azərbaycanın barmaqla sayılacaq qədər az ziyalılarının bir-birləri ilə belə şəkildə danışmaları, təbii ki, çox acınacaqlı fakt idi. Lakin, məşhur ifadədə də deyildiyi kimi, mahnıdan sözləri çıxarıb atmaq olmaz. Müasir tədqiqatçının vəzifəsi isə kimisə haqlı çıxarmaqdan daha çox baş verənlərin faktlar əsasında obyektiv və qərəzsiz mənzərəsini yaratmaqdan ibarət olmalıdır.

Zəmanənin dəyişdiyini opponentinin diqqətinə çatdıran Ə.Ağayev yazırdı: “Artıq müsəlmanları saya salmamaq, onlarla danışarkən ümumbəşəri etikanın tələblərini nəzərə almamaq, mənəvi naşılıqlarından faydalanaraq gurultulu ifadələrlə başlarını aldatmaq zamanı keçmişdir. Artıq onlarda ictimai şüur yaranmışdır, daha yanlarına xeyirxaqlıq libasında gələn gizli bədxahlara inanmırlar, millət xadimlərindən həqiqi xidmət və ümumi rəğbət istəyirlər, fikir və hisslərdə təmizlik, ideyalarda əxlaq və mənəviyyat tələb edirlər”. Onun fikrincə, “Şərqi-rus” da milli tribunaya çevrilmək üçün fəaliyyətində bu prinsipləri rəhbər tutmalı idi. Əhməd bəy qarşı tərəfin cavablarından asılı olmayaraq bundan sonra M.Şahtaxtlı ilə hər hansı şəkildə polemika aparmayacağını da bildirirdi.

Ünvanına bir sıra haqsız sözlər deyilməsinə baxmayaraq Ə.Ağayevlə müqayisədə daha səbr və təmkinlə davranan Ə.Topçubaçov polemikaya yalnız 1905-ci ilin yanvarında, “Şərqi-rus”un nəşrini Bakıda davam etdirməsi barədə bir tərəfdən M.Şahtaxtlı, o biri tərəfdən isə onun özü və Ə.Ağayev arasında razılıq əldə olunandan sonra qayıtmışdı.

“Bakıda tatar (Azərbaycan-V.Q.) dilində qəzet” adlı məqaləsində (“Kaspi”, 18 yanvar 1905-ci il) o, Rusiya imperiyasında əsası “Əkinçi” ilə qoyulan “müsəlman mətbuatı” ənənələrindən söz açır, yaşlı nəslin hələ də minnətdarlıq hissi ilə xatırladığı “Əkinçi”ni, onun ənənələrini layiqincə davam etdirən “Tərcüman”ı yada saırdı, Ünsizadə qardaşlarının deyil, daha bacarıqlı qələm sahiblərinin əlinə düşsəydi, “Ziya” və “Kəşkül” kimi nəşrlərin daha böyük fayda gətirəcəyini vurğulayırdı.

Bir sıra ziyalıların, hətta pedaqoq O.Q.Çernyayevski kimi qeyri-azərbaycanlıların da Azərbaycan türkcəsində qəzet nəşri üçün təşəbbüs göstərtdiklərini, “bu xoşbəxtliyin isə son zamanlarda M.Şahtaxtinskiyə nəsib olduğunu” qeyd edən müəllif yazırdı: “Cənab Şahtaxtinskiyə ana dilində qəzet nəşrinə icazə verilməsi xəbəri bütün ziyalı müsəlmanlar tərəfindən sevinclə qarşılandı. “Kaspi” öz yeni əməl qardaşı “Şərqi-rus”u birincilər sırasında salamladı, müsəlmanlara ictimai həyata son dərəcə güclü təsir göstərəcək anadilli mətbu orqanın meydana çıxması münasibəti ilə gözaydınlığı verdi”.

“Yeni əməl qardaşının” fəaliyyətində umduğunu görməyən Ə. Topçubaşov da uğurlu başlanğıcın ardınca təəssüf notlarına üstünlük verməli olmuşdu: “Çox təəssüf ki, müsəlman oxucuların əksəriyyəti kimi biz də tezliklə cənab Şahtaxtinskinin nəşrinin ümidləri doğrultmadığını gördük və fikirimizi mətbuat vasitəsi ilə çatdırdıq. Qəzetin seçdiyi istiqamətin hələ ilk addımlardan həm yerli həyat faktlarını işıqlandırmaq, həm də müsəlman cəmiyyətinin düşünən hissəsinin ictimai-siyasi ideallarına uyğunsuzluq baxımından qüsurlarına diqqəti çəkdik. Yol verilmiş səhvlərin və cənab Şahtaxtinskinin saf-çürük etmədən redaksiyaya göndərilən bütün materialların qəzetdə yerləşdirməsi kimi yanlış təcrübəsinin üzərinə yenidən qayıtmağa lüzum görmürük. Müsəlman oxucuların qəzetə soyuq münasibəti cənab Şahtaxtinskinin rəhbərliyi altında onun düçar olduğu uğursuzluğun təcəssümüdür”.

Üç aqil və millətinə xidmət etmək istəyən ziyalının qarşıdurması ilkin mərhələdə xoşbəxt sonluqla başa çatdı. “Şərqi-rus”un redaksiya və mətbəəsinin Bakıya köçürülməsi ilə bağlı naşirlə Ə.Topçubaşov və Ə.Ağayev arasında razılıq əldə olundu. H.Z.Tağıyev nəşri maliyyələşdirməyi öhdəsinə götürdü.

“Şərqi-rus”un Bakıya köçürülməsi ərəfəsində M.Şahtaxtlının qəzet vasitəsi ilə səhvlərini etiraf etməsini Ə.Topçubaçov qələm dostunun böyüklüyü sayır və köklü dəyişiklik yaratmaq baxımından mühüm amil hesab edirdi. Onun fikrincə, başqa, daha mühüm amil isə, Ə. Ağayevin “Şərqi-rus”la fəal əməkdaşlıq vədi idi. “Etiraf etməliyik ki, bizim üçün bundan sonra “Şərqi-rus”un qarşısına qoyduğu məqsədin ucalığında dayanacağına ən böyük ümid və zəmanət əməkdaşımız Ə.Ağayevin bu mətbu orqanın işində çox yaxından iştirakıdır”.

Əhməd bəyi cəmiyyətin ziyalı kəsiminə tanıtmağa ehtiyac duyulmadığını qeyd etsə də, Ə.Topçubaşov hər halda aşağıdakı təqdimata lüzum görmüşdü: “Onun zəngin biliyi, işə məhəbbəti, mütərəqqi fikirlərinin ifadəçisi olan canlı qələmi tatar dilində yeni qəzetin (“Şərqi-rus”un Bakıda davam etdiriləcək nəşri nəzərdə tutulur-V.Q.) müsəlmanların maarif və tərəqqisi yolunda əzmkarlıq göstərəcəyini, bütün tələb və çatışmazlıqları, bütün sevinc və kədərləri ilə onları əhatə edən həyatı gerçək şəkildə canlandıracağına ən yaxşı zəmanətdir”.

Məhz bu məqsədlə Ə.Topçubaşov bütün anlaşılmazlıq və inciklikləri unudaraq “Şərqi-rus”u müsəlman cəmiyyətinin həqiqi tribunasına çevirməyi zəruri sayır, oxucuları qəzetə həm maddi, həm də mənəvi dəstək verməyə çağırırdı.

Diqqətəlayiq haldır ki, M.Şahtaxtlının özü də ümummilli maraqlar naminə şəxsi iddia və prinsiplərindən çəkilməyi məqbul saymışdı. Öz vəsaiti ilə təsis etdiyi qəzetin kollegial idarəçiliyində qeyri-adi heç bir şey görməmişdi. “Əgər belə bir xeyir iş varsa, mən də o işə öz naşirlik haqqımı ehsan eylərəm. Əgər məni müdir etməsəniz, yenə eylərəm. Çünki mənim niyyətim türk qəzetəsindən dövlət qazanmaq deyil. Ancaq ana dilimizdə mətbuat təsis eyləməkdir”-demişdi.

M.Şahtaxtlının “Seçilmiş əsərləri”ni ilk dəfə nəşrə hazırlamaqla milli ədəbi fikir tarixinə ciddi töhfə verən akademik İsa Həbibbəyli kitaba yazdığı “Millətin canlı heykəli” adlı müqəddimədə “Şərqi-rus”un Bakıda çapının nəticəsiz qalmasını belə əsaslandırmışdır: “Məhəmmədağa Şahtaxtlının 1905-ci ildə “Şərqi-rus” redaksiyası və mətbəəsini Bakıya köçürmək, Bakıdakı Əhməd bəy Ağayev kimi Azərbaycan ziyalıları ilə birlikdə qəzetin nəşrini davam etdirmək, maliyyə çətinliklərini aradan qaldırmaq üçün məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə ittifaqa girmək səyləri onun qərbyönlü maarifçi ideyaları ilə uyğun gəlmədiyi üçün baş tutmamışdı”.

Ə.Ağayevin Azərbaycan mədəni-ictimai həyatının qərbləşməsi meylinin öncüllərindən və qızğın tərəfdarlarından biri olmasını sübuta ehtiyac yoxdur. Bu istiqamətdəki bir sıra layihələrin H.Z.Tağıyev tərəfindən maliyyələşdirilməsi də faktdır. Belə olan təqdirdə maarifçilik və qərbyönlülük M.Şahtaxtlı ilə Ə.Ağayev və Ə.Topçubaşov kimi ziyalıları ayıran yox, birləşdirən xüsusiyyət olmalı idi.

“Şərqi-rus”un fəaliyyətini Bakıda davam etdirə bilməməsi doğuran səbəblər isə fikrimizcə, başqa idi.

XX əsrin əvvəllərində yalnız iqtisadi deyil, mədəni və ideoloji baxımdan da Azərbaycanın baş şəhərinə çevrilən Bakıda ana dilli mətbuat orqanının yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Tağıyevin maliyyə yardımı ilə bu istiqamətdə çalışan Ə.Topçubaşov, Ə.Ağayev və Ə.Hüseynzadə kimi ziyalılar əsasən iki variant üzərində işləyirdilər: 1.Peterburqdan Azərbaycan türkcəsində yeni qəzet nəşrinə icazə almaq; 2. M.Şahtaxtlı ilə razılığa gələrək “Şərqi-rus”u Bakıya köçürmək, burada onun ideya istiqamətini dəyişdirmək və ümummilli qəzetə çevirmək.

Hər iki istiqamətdə iş paralel aparılırdı. 1905-ci ilin aprelində, “Şərqi-rus” artıq redaksiyasını və mətbəəsini bağlayaraq Bakıya köçməyə hazır olduğu vaxtda Peterburq Senzura Komitəsinin Ə.Topçubaçovun naşirliyi, Ə.Ağayev və Ə.Hüseynzadənin redaktorluğu ilə “Həyat” qəzetinin nəşrinə icazə verdiyi aşkara çıxdı. Daha M.Şahtaxtlının mətbuat brendindən istifadəyə lüzum qalmamışdı. Üstəlik, yəqin ki, keçmiş fikir ayrılıqları, xasiyyət etibarı ilə nə M.Şahtaxtlının, nə də Ə.Ağayevin mələk olmamaları da yada düşmüşdü. Nəticədə, yollar ayrılmışdı. Maddi və mənəvi resursları tükənmək üzrə olan Məhəmmədağa artıq təkbaşına qəzet çıxarmaq iqtidarında deyildi. Beləliklə, XX əsrin ilk anadilli mətbuat orqanı olan “Şərqi-rus”un nəşrinə son qoyulmuşdu.

Qəzetin bağlanmasında şəxsi amillərin, ona qarşı ünvanlanan sərt tənqidlərin, nəhayət, baş tutmayan Tiflis-Bakı yerdəyişməsinin hansı rolu olmuşdu? Məncə, bu suala Cəlil Məmmədquluzadənin məşhur fikrini bir qədər dəyişdirməklə cavab vermək mümkündür. “Molla Nəsrəddin”i təbiət və zəmanə özü yaratdığı kimi “Şərqi-rus”u da təbiət və zəmanə aradan çıxarmışdı. Çünki dövr çox sürətlə dəyişmişdi və onun ruhuna, sürətinə uyğun mətbuat yaratmaq tələb olunurdu.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2010.- 13 mart- S. 14-15.