Sirli-soraqlı Abşeron: tarixi həqiqətlər,
dəyərli mülahizələr
TANINMIŞ İCTİMAİ XADİM, DƏYƏRLİ
ZİYALI SADIQ MURTUZAYEVLƏ SÖHBƏT
Belə qərara gəldim ki, Abşeronun ilk birinci katibi olmuş və respublikada ən çox – otuz beş il ərzində ayrı-ayrı rayonlarda raykom katibi işləmiş, dəyərli ziyalı, tanınmış şəxsiyyət, filologiya elmləri namizədi Sadıq Murtuzayevlə görüşüb, bu rayonun tarixi haqqında ətraflı söhbət edim. İnanıram ki, onunla aparacağım söhbət oxucular üçün də maraqlı olacaq. Mən öz fikirlərimdə yanılmamışdım...
İlk öncə onu da vurğulamaq istərdim ki, Sadıq Murtuzayevin iki il qabaq səksən yaşı tamam oldu. Amma Azərbaycan dövləti və dövlətçiliyi üçün əvəzsiz işlər görən belə böyük şəxsiyyətin, dövlət xadiminin 80 illik yubileyi nədənsə yuxarı dairələrdə süqutla qarşılandı... Sadıq Nəbi oğlu ona qarşı hər hansı münasibətə fikir vermədən özünün nəcib və xeyirxah işlərini görməkdədir. O, uzun illərdir ki, ictimai əsaslarla Respublika Ağsaqqallar Şurası sədrinin müavini və Respublika Fermerlər İttifaqının sədridir.
– Sadıq müəllim, Abşeron rayonunun yaranmasından artıq 47 il keçir. Siz bu rayonun ilk rəhbəri kimi onun yaranması və tarixi barədə nə deyə bilərsiniz?
– Mən 1963-cü ilin əvvəllərindən Abşeron rayon partiya komitəsinin birinci katibi seçilmişəm. Mənə qədər bir neçə ay rayonun təşkili ilə əlaqədar yaradılmış təşkilat komitəsinə onun sədri Hacıməmməd Abdullayev rəhbərlik edib.
– Bakı ətrafında yeni bir rayonun yaradılması hansı tələbatdan irəli gəlirdi? Bakı rayonuna məxsus ərazi torpaqları da bu rayonun sərəncamına verilmişdi?
– Sualınızı mən də təkrar edirəm: Abşeron rayonunun yaradılması hansı tarixi zərurətdən meydana çıxmışdı? Məsələnin çox maraqlı tarixçəsi vardı. Nəzərə almamaq olmaz ki, bu rayon sırf kənd təsərrüfatı rayonu kimi yaradılmışdı və onun qarşısında qoyulan vəzifə Bakını və Sumqayıtı gündəlik təzə kənd təsərrüfatı, ət, süd, tərəvəz məhsulları ilə təmin etmək idi.
– Bəs Abşeron rayonu bu vəzifənin öhdəsindən necə gəlirdi? Belə bir çətin vəzifənin öhdəsindən gəlmək üçün rayonun imkanı var idimi?
– Elə bir baza vardı. Hər şey ölçülüb-biçilmişdi. Birincisi, ən böyük məsələ onda idi ki, yarım milyon hektaradək torpağa malik Abşeron yarımadasının çox maraqlı kənd təsərrüfatı tarixi olmuşdur. Abşeron yarımadasının altı qara qızıl olduğu kimi üstü də qızıla bərabərdir. Bu torpaqlarda respublikanın heç bir yerində yetişməyən ən nadir və qiymətli məhsullar yetişirdi. Bu haqda çox maraqlı və geniş söhbət açmaq olar. Siz bilirsiniz ki, zəfəran bütün dünyada ən qiymətli kənd təsərrüfatı məhsuludur. Dünyanın bir çox ölkələrində xüsusən İranda, İspaniyada, Portuqaliyada zəfəran yetişdirilir. Onun dünya monopoliyası İspaniyaya məxsusdur. Lakin XX əsrin ortalarında Abşeron yarımadasında on altı tondan çox quru zəfəran istehsal olunduğunu nəzərə alsaq, bu monopoliyanın artıq o vaxtlar Azərbaycana məxsus olduğunu demək olar. Zəfəranın dəyəri dünya bazarında qızıla bərabər tutulur. Tarixi yaddaşlardan məlumdur ki, vaxtilə bir cibdə yerləşdirilmiş kiçik bir torba zəfəranın hesabına Həcc ziyarətinə gedib-gələn adamlar olub. Bunu da qeyd etməmək olmaz ki, keyfiyyətinə görə Abşeron zəfəranının tayı-bərabəri yoxdur. Bizdə, Azərbaycanda İrandan gətirilmiş zəfəran da satılır. Onu Abşeron zəfəranı ilə müqayisə edənlər yaxşı bilir ki, onların arasında çox böyük fərq vardır. İspaniya, Portuqaliya zəfəranı keyfiyyətcə İran zəfəranından da geri qalır.
– Bunun səbəbi nə ilə izah edilir?
– Sualınız çox maraqlı cavablar meydana çıxarır. Bu, hər şeydən əvvəl, Abşeron torpaqlarının çox rəngarəng və unikal xüsusiyyətlərilə əlaqədardır. Abşeron rayonu yaranarkən qarşıya qoyulan bir vəzifə də elə zəfəranın tarixi şöhrətini bərpa etmək idi və o zaman Bilgəh kəndinin bazasında xüsusi bir zəfəran sovxozu da yaradıldı.
– Niyə məhz Bilgəh kəndində?
– O zaman Abşeron kəndlərinin hamısında zəfəran becərilirdi. Ona görə də xüsusi bir sovxozun yaradılması məsələsi qarşıya qoyulanda ona elmi cavab axtarılmalı idi. Elmlər Akademiyasının Botanika İnstitutunda Qurviç familiyalı qocaman bir qadın professor zəfəranla məşğul olurdu. Onun rəhbərlik etdiyi laboratoriyada zəfərandan konsentrat, zəfəran yağı alınırdı. Və bu məhsul farmaseptika sənayesində çox yüksək qiymətə malik idi. Qurviç sübut etmişdi ki, ən yüksək yağ faizi Bilgəh kəndində yetişdirilən zəfərandan alınır. Bu sübut da sovxozun orada yaradılmasının əsasını qoydu. Professor Qurviç öz laboratoriyasının filialını zəfəran sovxozunda da yaratmışdı və ən maraqlısı o idi ki, həmin vaxtadək tullanan zəfəranın ləçəklərindən də yağ alınır və onun da dəyəri quru zəfərana bərabər tutulurdu.
– Bəs necə oldu zəfəran
istehsalına son qoyuldu?
– Bunu yalnız acı bir təəssüflə
cavablandıra bilərəm. Düzdür, hələ Bilgəhin
müdrik ağsaqqalları öz həyətyanı sahələrində
onu becərir və gənclərə də təlqin etməyi
yaddan çıxarmırlar. Məsələ ondadır ki,
Abşeronun ölçüyə gəlməz dərəcədə
qiymətli torpaqları “böyük hasarlama” faciəsinin
qurbanı olduğu kimi zəfəran sahələri də
bunun qurbanı oldu. Bir şeyi də əlavə edim ki, bəzən
deyirlər, “bəs zəfəran başqa torpaqlarda da
yetişir. Qoy başqa yerlərdə əksinlər”. Çox
savadsız bir müddəadır. Yuxarıda dedim ki,
Abşeron zəfəranının keyfiyyət dəyəri
dünyanın heç yerində yoxdur və bunun elmi əsasını
unutmaq olmaz.
– Sadıq müəlim, siz
yuxarıda dediyiniz sözlərlə yeni bir sual ortaya qoydunuz.
Axı, bunun elmi əsasları nədir?
– Bu suala cavab verərkən
mən başqa bir nadir məhsulun da adını çəkməklə
çox maraqlı bir məlumat verəcəm. Abşeronda fəaliyyətə
başlayarkən bu torpaqda yetişdirilən çox nadir
bitkiləri qeydiyyata aldım. Onlardan biri də Hövsan
soğanı adı ilə tanıdığımız
soğan növü idi. Onun da keyfiyyəti əvəzsizdir.
Yeri gəlmişkən qeyd edim ki, Abşeronda məşhur
kababçılar Hövsan soğanı olmadan lüləkabab
bişirməzdilər. Və bu kababı yeyənlər, necə
deyərlər, barmaqlarını da yalayardılar. Biz
Hövsan soğanının istehsalını artırmaq məsələsini
qarşıya qoyduqda məlum oldu ki, onun az qala toxumu da yoxa
çıxıb. Toxum sorağına düşərkən
Abşeronun qocaman aqronomlarından olan Ruhulla Abbasov belə bir
maraqlı məlumat verdi: “Hələ 1930-cu ildə
Qazaxıstana buradan Hövsan soğanının toxumunu
aparmışlar. Eşitdiyimə görə, orada bu
soğanın istehsalı artırılıb”. Mən dərhal
həmin aqronomu Qazaxıstana göndərdim və oradan iki pud
toxum gətirdik. Məsələ onda idi ki, soğan orada da elə
Hövsan soğanı adı ilə qalmış, lakin bizdə
uzunsov görkəmi olan bu soğan Qazaxıstanda
yumrulanmışdı. Bizdə onun Hövsan soğanı
olmasına şübhə yarandı, lakin onu Hövsan
torpaqlarında əkib becərdikdə tədricən uzunsov
olmağa başladı. Məsələ ondadır ki, həmin
soğan heç Abşeronun başqa kəndlərində də
Hovsandakı keyfiyyəti vermir. Bax, buradan da Abşeron
torpaqlarının rəngarəng torpaq xüsusiyyətlərinə
malik olması meydana çıxır. Bu həm də
anamız torpağın sirlərinin necə möcüzəli
olduğuna dəlalət edir. Yeri gəlmişkən deyim ki,
Hövsan soğanının bir adı da var ki, bu toxumu Məkkədən
gəlmiş bir Şeyx gətirib və onun adı ilə
Şıxverdi (yəni Şeyx verdi) adlanıb.
– Abşeronun daha hansı
özünəməxsus təsərrüfat xüsusiyyətləri
var?
– Yəqin ki, Abşeronun
üzüm sortları, xüsusən Ağşanı,
Qaraşanı sortları barədə eşitməmiş
olmazsınız. Əvvala, onu deyim ki, dünyada 3600-dən
çox üzüm sortu vardır və bu da məlumdur ki,
üzümün keyfiyyəti onun şəkərlilik faizi ilə
ölçülür. Abşeronun qumsal torpaqlarında
yetişdirilən Ağşanı üzümünün
şəkərliliyi 36 faizədək qalxır və dediyim
3600 sortdan heç birində bu qədər şəkərlilik
faizi yoxdur. Biz o zaman Abşeronda
üzümçülüyün inkişafı ilə əlaqədar
da xüsusi proqram hazırlayıb həyata keçirməyə
başladıq. İxtisaslaşdırılmış
üzümçülük sovxozları yaratdıq. İndiki
Mehdiabad qəsəbəsi belə bir sovxozun işçi
bazası üçün yaradılmışdı. Qəsəbəyə,
mənim təklifimlə, Mehdi Hüseynzadənin şərəfinə
bu ad verilmişdi. Buna görə Mehdi Hüseynzadənin
bacılarının mənə yazdığı təşəkkür
məktubları indi də şəxsi arxivimdə
saxlanılır. Həmin sovxoz elə bir səviyyəyə
çatdırılmışdı ki, Mərkəzi Komitənin
qərarı ilə xarici qonaqlara göstəriləcək
nümunəvi obyekt kimi təsdiq edilmişdi. Sovxoz qısa
vaxtda elə genişləndi ki, onun qonşuluğundakı
Novxanı kəndində ikinci bir üzümçülük
sovxozu yaratdıq. Bu sovxozların təcrübəsi əsasında
hətta Siyəzənin dənizkənarı torpaqlarında,
Türkan kəndində yaradılan yeni
üzümçülük sovxozlarında istehsal olunan
Ağşanının keyfiyyəti xüsusilə yüksək
idi. İndi ucsuz-bucaqsız bu üzüm bağlarından əsər-əlamət
qalmadığını acı bir təəssüflə
müşahidə etmək mənim üçün dəhşətlidir.
İndi Abşeronun bu qiymətli üzüm sortları
ümumiyyətlə yoxa çıxmaqdadır. Bunu ekologiyada
baş verən dəyişikliklərlə əlaqələndirməklə
yanaşı Abşerona bələd olan təcrübəli
ağsaqqallar başqa izahat verirlər. Onların dediyinə
görə, Abşeron torpaqlarında külək
eroziyasının qarşısı dəvətikanıyla
bir-iki qarış hündürlükdə çəpərləmə
ilə alınırdı. İndi yarımadanın şəhərli
sahiblərinin bu torpaqları 2-3 metrlik daş hasarlarla
bürüməsi burada cərəyan edən hava
aorasiyasını məhv etmiş və buna görə də
həmin sortları xəstəliklərdən mühafizə
etmək mümkün olmur. Mənə elə gəlir ki, bu
daha düzgün izahatdır. Onu da yeri gəlmişkən qeyd
edim ki, Abşeronun relyef xüsusiyyətlərinə görə
bu torpaqların suvarılması üçün
Samur-Abşeron kanalı çəkilmiş, dünyada təkrarı
olmayan bir örtülü hidrant suvarma şəbəkəsi
yaradılmışdı. İndi bu şəbəkədən
də əsər-əlamət qalmayıb...
Siz sual verməmiş, mən
Abşeronun digər təsərrüfat sərvətlərindən
də danışmaq istəyirəm. Novxanı kəndində
yaşı 300 ildən çox bir zeytun ağacı var idi.
Bunu da bilməmiş deyilsiniz ki, zeytun “Qurani-Kərim”də
adı çəkilən üç cənnət meyvəsindən
biridir. Zeytun çox dəyərli nemət kimi İbn
Sinanın məşhur “Qanuni-Şəfa” tibb
ensiklopediyasında müalicəvi dəyəri müqayisəedilməz
dərəcədə yüksək şəkildə göstərilib.
Gərək ki, 1200 xəstəliyin müalicəsində ondan
istifadə olunur. Abşeronda yetişdirilən zeytunun da keyfiyyəti
onun dünya şöhrətini yaratmışdır. Zeytun
yağının böyük dəyəri də hamıya məlumdur.
Biz xüsusi proqramla Abşeronda zeytunçuluğu inkişaf
etdirir, bir-birinin ardınca ixtisaslaşdırılmış
zeytun sovxozları yaradırdıq. Onun sahələri
böyük sürətlə genişləndirilirdi.
Maştağada yaradılmış Konserv zavodunun məhsulları
Avropa ölkələrinə göndərilir və onun eksport
tələbatı gündən-günə artırdı.
Zavodda zeytun yağı istehsalına başlanmış və
onun keyfiyyəti bu yağın istehsalında dünya
monopoliyasına malik Yunanıstanı xeyli
qabaqlamışdı. Dünyada zeytun istehsalında
Yunanıstandan sonra ikinci yeri Türkiyə tutur. Mən
Türkiyədə şahidi oldum ki, həyətində 15 ədəd
zeytun ağacı olan ortabab ailənin bu, illik
yaşayış minimumunu ödəyə bilir. Məşhur
türk yazıçısı Əziz Nesinin “Zeytun
çörək” novellasında da məlum olur ki, orada zeytun qədər
geniş işlənən ərzaq yoxdur. Həm də onun
müalicə dəyərini yuxarıda xatırlatdım.
İndi çox böyük vüsətlə inkişaf edən
zeytun plantasiyalarının məhv edilib, bu torpaqlarda
aparılan hasarlamaları və bu hasarların içərisində
ucalan villaları gördükdə çox acı təəssüf
hissi keçirməkdən özümü saxlaya bilmirəm.
Həm də çox qiymətli
bir təcrübəni də yada salmaq istəyirəm.
Abşeronda ilk yaradılan Zığ zeytun sovxozunda çox
unikal suvarma təcrübəsi yaranmışdı.
Bakının kanalizasiya suları bioloji təmizləmədən
sonra bu sovxozun zeytun bağlarının suvarılmasında
istifadə olunurdu. Həm də sübut olunmuşdur ki, bununla
zeytun bağlarının məhsuldarlığı 20-25 faiz
artırılır. O da məlum idi ki, bu sulardan zeytundan
başqa digər ərzaq bitkilərini suvarmaq yolverilməzdir.
İndi təsəvvür edin, Xəzər dənizinə
buraxılıb ekologiyasını korlayan və milyonlarla
kvadratmetr ölçüsündə olan bu sulardan istifadə
edilərsə təkcə zeytunu yox, elə
yaşıllaşdırma, meşə zolaqları
salınmasında necə böyük iş görmək
olardı. Artıq bir neçə ildir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Qobustan yaylasında meşə əkinlərini
genişləndirmək sahəsində çox qiymətli bir
təcrübəyə başlayıb. Bu ili də ölkə
prezidenti “Ekologiya ili” elan edib. Qobustanda isə ən
böyük problem suya olan ehtiyacdır. Əgər yuxarıda
qeyd etdiyim təcrübədən istifadə olunarsa, bunun əvəzsiz
əhəmiyyyəti qeydə alınar. Vaxtilə təbiətin
böyük vurğunu, dünya şöhrətli akademik Həsən
Əliyev zeytun sahələrinin genişləndirilməsi və
həmin suvarma təcrübəsindən istifadənin
çox fəal təbliğatçısı idi. Bakıda
saysız-hesabsız zeytun ağaclarının verdiyi bu qiymətli
məhsula olan laqeyd münasibətə nə deyirsiniz? Biz hələ
o zaman hesablamışdıq ki, bu ağaclardan 5 min tondan
çox zeytun yığmaq olar. O zaman burada yığılan
məhsulun tədarükü hesabına nə qədər
adamın da tələbatı ödənirdi. Bakı
Yaşıllaşdırma Tresti də xeyli vəsait əldə
edirdi. İndi Şirvan şəhərində fəaliyyət
göstərən “Camalxan” fermer təsərrüfatı və
onun çox bacarıqlı başçısı Əlikram
Camalov qiymətli konserv məhsulları istehsal etməklə əvəzsiz
iş görür və Avropa ölkələrinə yüksək
keyfiyyətli məhsul göndərir. Onun bu təcrübəsini
tərifəlayiq iş kimi qiymətləndirirəm.
Xüsusilə zeytundan hazırladıqları rəngarəng
konserv məhsullarını çox dəyərləndirirəm.
Bakı şəhərinin və müasir sosial obyektlərin,
eləcə də villaların
yaşıllaşdırılmasında son zamanlar xaricdən gətirilən
müxtəlif ağac növlərindən istifadə edilir.
Xüsusilə evkalipt ağacına diqqət
artırılıb və onun ətrafında müxtəlif
xoşagəlməz söhbətlər də yaranıb.
– Yaşıllaşdırma
işində il boyu yaşıllığını itirməyən
və Abşeron yarımadasına gözəllik verən
zeytun ağacından bəs nə üçün az istifadə
olunur?
– Mən yuxarıda
adını çəkdiyim nazirliyə müraciət edirəm
ki, bu əvəzsiz bitkiyə diqqətini artırsın! Hətta
deyərdim ki, Abşeronda baş alıb gedən hasarlama sahibləri
heç olmasa həmin hasarlar boyu zeytun əksələr, nə
qədər qiymətli iş görərlər. Bunu da əlavə
etmək olar ki, Abşeronun dağıdıcı küləklərinin
qarşısını almaq üçün də zeytun əvəzsizdir.
Mənim də Abşeronda bağ sahəm var və orada
çox qiymətli, müxtəlif növ 15 ədəd zeytun
ağacı yetişdirmişəm. Bu ağacın məhsullarından
özüm istifadə etməklə qonşuları,
qohumları da təmin edir və keçən il bir qədər
də yığıb həmin “Camalxan” fermer təsərrüfatına
göndərmişəm. Maraqlı bir məlumatı da qeyd
etmək istərdim. Abşerondakı bağımda respublikada
ilk dəvəquşu təsərrüfatı
yaratmışdım. Sonra da “Kozinski” adlanan İsveçrə
keçiləri gətirmişdim. Bu keçilərə
lazımi xidmət olunduqda hər biri 6-7 litr süd verir. Zeytun
həm dəvəquşu, həm də keçi
üçün əvəzsiz yemdir. Bunu da əlavə edim
ki, keçilər zeytun yedikdə südünün
yağlılığı 20-25 faiz artır. Yeri gəlmişkən,
ana südünə ən yaxın olan keçi südünün
böyük müalicəvi əhəmiyyətini də yəqin
ki, bilməmiş deyilsiniz. Əlavə etmək istərdim ki,
zeytun yağı əsasən zeytunun tumundan alınır və
o da məlumdur ki, zeytunun çəyirdəyi insanın mədəsində
çox asanlıqla həzm olunur və indi baş alıb gedən
qan təzyiqi xəstəliyinin qarşısını almaqda
böyük rol oynayır. Mən özüm bundan geniş
istifadə etməklə ətrafdakılara da bunu məsləhət
görürəm və səmərəsini də hiss edirlər.
– Bəs Abşeronun başqa
qiymətli sərvəti olan badamı məgər yaddan
çıxarmaq olarmı? Bu haqda nə deyə bilərsiz?
– Akademik Həsən Əliyev
nəinki Abşeronda, respublikanın başqa bölgələrində
də badam əkinlərinin genişləndirilməsinin alovlu
təbliğatçısı və deyərdim ki, həm də
icraçısı idi. Siyəzən, Dəvəçi
rayonlarında dağ ətəklərində salınan badam,
şam meşələri onun təşəbbüsü ilə
həyata keçirilmişdi. Abşeron badamı dillər əzbəri
idi. Saray kəndinin badam bağlarının şöhrətini
kim eşitməmişdi. Maştağa qəsəbəsi
yaxınlığında yaradılmış badam, zeytun, əncir
bağları bu sovxoza bir qayda olaraq aparılan xarici qonaqları
valeh edirdi. Fərdi cənnət guşəsi olan bu sovxozun
keçmişini yada salıb təəssüflənməmək
mümkün deyil. Eləcə də Qala-Zirə-Artyom magistral
yolu boyu əkilmiş badam sahələrinin vəhşicəsinə
məhv edilməsinə göz yaşları ilə baxmamaq
mümkün deyil. Bəs, Abşeronda yetişdirilən və
respublikanın heç bir yerində təsadüf etmədiyimiz
püstə bağlarını yada salmamaq olarmı?! İndi
xaricdən gətirilən püstəyə böyük tələbatın
olduğu məlumdur. Abşeron püstəsinin isə ancaq
quru adı qalıb. Abşeron əncirinin şöhrəti isə
ölçüyəgəlməz dərəcədə
böyükdür. Yüzlərlə əncir sortu məlumdur
və yuxarıda adını çəkdiyim Maştağa
subtropik bitkilər sovxozunda onun zəngin kolleksiyası
yaradılmışdı. Türkiyədə İzmir ənciri
böyük şöhrətə malikdir. Di gəl, onu
Abşeron ənciri ilə müqayisə etsək, Abşeron ənciri
ondan qat-qat yüksəkdə dayanacaq. Abşeronun susuz
torpaqlarında yetişib yüz illər boyu qiymətli məhsul
verən bu cənnət bitkisinin tayı-bərabəri yoxdur.
“Qurani-Kərim”in bir surəsində əncirə və zeytuna
and içilməsini yaxşı bilən Qafqaz Müsəlmanları
İdarəsi “Halal” adlı kolbasanı ekranlarda təbliğ
etmək əvəzinə bu qiymətli cənnət məhsullarını
təbliğ etsə, bu, Allaha da xoş gəlməzmi?
Abşeron əncirinin nadir və çoxlarına qəribə
gələcək bir kəramətini də qeyd etmək istərdim.
Keçən əsrin 60-cı illərində Mərkəzi
Komitənin mərhum birinci katibi Vəli Axundov bir
yığıncaqda bizə məlumat verdi ki, dünən bir
neçə alim Abşeron ənciri ilə şəkər xəstəliyinin
müalicəsi sahəsində yaxşı nəticələr
əldə edərək, namizədlik dissertasiyası
müdafiə edib. Biz isə bu məhsulun qədrini kifayət
qədər bilmirik. Mən bu söhbəti yüksək şəkəri
olan yaxın və yaşlı bir qohumuma
çatdırdım. O, 20 il müddətində, əncir hələ
fındıq boyda olanda ondan mütəmadi istifadə etdi və
şəkər xəstəliyini aradan qaldırdı. Mən
bunu qətiyyətlə məsləhət görməsəm
də, sınaq üçün müxtəlif mütəxəssislərin
diqqətini bu məsələyə cəlb etmək istərdim.
Biz bunun da şahidiyik ki, Abşeron ənciri respublikanın hər
yerində yetişə bilir, lakin Abşerondakı keyfiyyəti
heç bir yerdə vermir. Vaxtilə əncir və ondan
alınan əncir qurusu, mürəbbə, cem, bəhməz, əncir
fərəc Bakının, Abşeron kəndlərinin əvəzsiz
nemətləri olub. Həm də bu məhsullar minlərlə
kəndin təminat mənbəyi idi. İndi mən bunun da
şahidiyəm ki, Abşeron bağlarında yüz illik əncir
ağaclarını məhv edib, yerinə metlax, üzlük
daş döşəyirlər. Mən üzümü onlara
tutub demək istəyirəm ki, heç olmazsa dillərdə
gəzən belə bir deyimi unutmayın ki, cənnət
ağacı olan ənciri məhv etmək günahdır, bunu
edənlər Allahın qəzəbinə gələ bilərlər.
Mən bir yaxın tanışımın şəxsində bunu
müşahidə etdiyimi də yaddan çıxara bilmirəm.
Abşeronda yüz və bəlkə də min illik xar tut
ağaclarını məhv edənlərin də şahidi
olmuşam. Axı onun qanazlığı xəstəliyinin əvəzsiz
dərmanı olduğu həkimlərimiz, mütəxəssislərimiz
tərəfindən niyə təbliğ olunmasın? Xar tut
ağacına da respublikanın bir çox bölgələrində
tək-tək də olsa təsadüf edilir, lakin əvvəllər
Abşerondakı qədər heç yerdə bu qədər
ağac olmayıb və buradakı keyfiyyət də yoxdur. Mən
Abşeronun çox qiymətli bostan-tərəvəz məhsulları
barədə də danışmaya bilmərəm. Azərbaycanda
əkinçiliyin tarixinə dair çox qiymətli əsərlərin
müəllifi, mərhum professor Qəmərşah Cavadovu yada
salmaq istəyirəm. Onun əsərlərində onlarca
üzüm, bostan-tərəvəz məhsullarının
adı çəkilir və bunların ən zəngin
kolleksiyası Abşeronda idi. Ona görə də xalq
seleksiyasının yüz illik, bəlkə də minillik zəhməti
bahasına başa gələn neçə-neçə
bostan-tərəvəz növlərindən bəzilərini
xatırlamaq istərdim. Zirə qarpızının
şöhrəti kimə məlum deyildi?! Ən çox Zirə
kəndinin dənizkənarı sahillərində suvarma suyu
verilmədən becərilən bu qarpızın bal qədər
şirin dadı var idi. Onun necə susuz yetişdirilməsi də
çox maraqlıydı. Dənizə yaxın qumlarda
qışdan başlayıb xəndəklər qazılır,
yataqlara peyin verilir və orada qoyulan qarpız-yemiş
tumları göyərib, xəndəkdən üzə
çıxar və tağları ətrafa yayılardı. Xəndək
ona görə qazılırdı ki, köklər orada
yeraltı şirin suya gedib çata bilsin. Sonralar Abşerona
kanal suyu gələrkən yetişdirilən
qarpız-yemiş həmin dadı vermirdi. Saray-Corat-Çaykənd
(Pirəkəşkül) yemiş sortlarının
şöhrəti də bütün ölkəyə
yayılmışdı. Və yaxud Qaratağ adlanan məşhur
pomidor sortunu görənlər onu həsrətlə yada
salırlar. Abşeronun dəstə göyərtisi, ağ
turpu nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında
da məşhur idi. Biz o zaman Donetskə yüz tonlarla ağ
turp göndərirdik. Kömür şaxtalarında işləyən
fəhlələr ciyərlərindəki
çöküntünü təmizləmək
üçün ağ turpun böyük kəramətindən
ağızdolusu danışar, Abşeron sovxozları ilə
müqavilə bağlamağa nümayəndə göndərirdilər.
Ürəkağrıdan cəhət odur ki, Abşeronun məşhur
bostan-tərəvəz ustalarının da artıq
adı-sanı unudulub. Buzovna sovxozunun direktoru, azsavadlı
Ruhulla Atakişiyev Abşeron tərəvəzçilərinin
əsl akademiki idi. Bir dəfə mən böyük bir
yığıncaqda Maştağa sovxozunun direktoru Qasım Məlikovun
yaxşı tərəvəz becərtdiyindən
danışmışdım. Yığıncaqdan sonra
Qasım kişi yanıma gəlib mənə dedi ki, bəs
onu biabır eləmişəm. Səbəbini soruşanda dedi
ki, axı Ruhulla kişi olan yerdə məni və ya başqa
birisini tərifləmək böyük qəbahətdir.
Abşeron rayonu o zaman Bakı və Sumqayıt şəhərlərinə
ilboyu tərəvəz məhsulları göndərirdi. Onun həcmi
27-30 min tona çatmışdı. İlboyu dedikdə nəzərə
alın ki, Abşeronun iqlimi burada bütün ili dəstə
göyərti yetişdirməyə imkan verir. Digər tərəfdən
örtülü – istixana tərəvəzçiliyi də
sürətlə genişləndirilirdi. Təkcə Zabrat
istixana tərəvəzçilik kombinatında 7,5
hektarlıq şüşə altında tərəvəz, əsasən
xiyar, pomidor yetişdirilirdi. Həmin istixanalardan Buzovna, Məhəmmədli,
Hövsan və başqa sovxozlarda da var idi. Çox
acınacaqlı haldır ki, həmin istixanalar
sökülüb, orada olan min tonlarla metal İrana
satılıb. Axı Abşeron rayonu o zaman maldarlıqda da
ad-san çıxarmışdı. – Bəlkə bir az da bu
sahədəki təcrübədən, o vaxtlar görülən
işlərdən danışasınız?
– Bəli, maldarlıq sahəsindəki
təcrübədən də saatlarla danışmaq olar. Və
yenə də məhz Abşeronun özünəməxsus təcrübəsindən.
Bu barədə danışmaq istədikdə ilk öncə məşhur
Qala qoyunu yadıma düşür. Əvvala, qeyd edim ki,
Abşeronda o zaman ictimai təsərrüfatlarda 140-150 min qoyun
saxlanılırdı. Nəzərə alın ki, ən
azı bir belə də Abşeron camaatının xüsusi təsərrüfatında
qoyun var idi. Düzdür, xüsusi təsərrüfatda qoyuna
qoyulmuş çox məhdud normaya görə bununla
mübarizə apardıq. Lakin buna müəyyən yollarla
imkan verməsəydik, ictimai sürülərdə çoban
saxlamaq qeyri-mümkün idi. Abşeron qoyunçuluğundan
danışarkən məşhur Qala qoyunu cinsini yada salmamaq
qeyri-mümkündür. Maraqlı bir hadisəni də yaddan
çıxara bilmirəm. Bir dəfə Mərkəzi Komitənin
büro iclasında mühafizəkar qüvvələr mənim
üstümə düşdülər ki, bəs bu qoyun cinsi
rayonlaşmayıb (O zaman belə bir ifadə var idi. Gərək
hər cins, hər sort dövlət sınaq mərkəzi
adlanan təşkilatın pasportunu alaydı). Bu məsələ
ilə əlaqədar yüksək çinli dövlət məmuru
mənə hücuma keçdi ki, bəs Murtuzayev bizə
işləməyə imkan vermir, Qala qoyununun cinsini dəyişməyə
mane olur. Mən çıxış edib bildirdim ki, axı,
siz deyin görüm, nə üçün Qala qoyununu ləğv
etmək istəyirsiniz. Sizin respublikada dövlətə
satdığınız qoyunun orta çəkisi 27 kq
olduğu halda biz Qala qoyununu 48 kq-da təhvil vermişik. Siz hər
qoyundan 2,3 kq yun qırxdığınız halda Qala qoyunu 4-8
kiloqram yun verir. Ən keyfiyyətli əl xalçaları olub
dünya bazarına çıxan xalçalar Qala qoyununun
yunundan istehsal olunur. Və əlavə etdim ki, Qala qoyununun elə
nümunələri var ki, 270 kq çəkiyə gəlir.
Sizin bu mühafizəkar siyasətiniz nəticəsində
Abşeronda sayı 100 minədək olan Qala qoyunundan indi vur
tut 22 min baş ixtisaslaşdırılmış Zirə
sovxozunda saxlanılır. Siz bunun da axırına
çıxmaqla xalqın min illik seleksiya təcrübəsinə
düşmənçilik etmirsinizmi? Bəs qala qoyununun ətinin
əvəzsiz keyfiyyətini kim bilmir?! Siz özünüz də
yəqin ki, tez-tez yediyiniz lülə, tikə kababının ən
yaxşısının Qala qoyununun ətindən olduğunu
bilməmiş deyilsiniz. Büro yığıncağına dərin
bir sükut çökdü. Heç kəs danışmadı.
Lakin bürodan sonra Mərkəzi Komitənin ikinci katibi S.V.
Kozlov məni yanına çağırıb soruşdu ki, siz
bir qoyunun 270 kq çəkidə olduğunu düzmü
deyirsiniz? Cavab verdim ki, mən bunu harada dediyimin fərqinə
varmışam. Səhərisi onunla Mərkəzi Komitənin
kənd təsərrüfatına baxan katibi Q.X.Razumovu da
götürüb Zirə sovxozunun direktoru Əli Ramazanovun həyətində
saxladığı həmin qoyuna baxmağa gəldik. Altı
yaşında olan bu qoyun 3 il idi ki, ayaq üstə dayana
bilmirdi. Vaxtaşırı onu qaldırıb altındakı
küləşi dəyişir və yatdığı vəziyyətdə
yemləyirdilər. Kəsməyə əlləri gəlmirdi.
Qoyunu bayıra çıxarıb böyük bir tut
ağacının altında qoyulmuş qapan-tərəzidə
çəkdilər. 273 kiloqram oldu. Qoyunu ayaq üstdə
saxlayıb, qapanı da qaldıraraq, quyruğunu onun
üstünə qoyub, çəkdilər. 30 kiloqram gəldi.
Sergey Kozlov çay içə-içə bir saat ona
tamaşa etdi. Arada Qənbər Kazımov onu harasa tələsdirərkən
kəskin iradını bildirdi ki, axı mən xüsusi
zövq alıram, niyə mənə mane olursan. Ayağa durarkən
Sergey Kozlov az savadlı, bir gözü şikəst, ahıl
yaşda olan Əli Ramazanovu qucaqlayıb, ona dönə-dönə
minnətdarlıq etdi və sonra da həmin qərəzli məmuru
əməlli-başlı tənbeh etdilər. Son illərdə
Hövsan kəndindən olan Əliyulla adlı fermer Qala
qoyununun çox gözəl nümunələrini qoruyub
saxlamışdı. Və onu inkişaf etdirmək
üçün böyük canfəşanlıq göstərirdi.
Lakin hər yerə müraciət etməsinə baxmayaraq ona
kömək edən olmadı, əksinə mane olanlar çox
oldu. Bu günlərdə radioda eşitdim ki, kimsə Qala
qoyunu əsasında yeni bir cins yaratmışdır. Axı
xalqın min illik zəhməti bahasına başa gəlmiş
unikal bir cinsə belə münasibət ona xəyanətdən
başqa bir şey deyil. Və belə
özbaşınalıqların qarşısının qətiyyətlə
alınması Kənd Təsərrüfatı Nazirliyinin
başbilənlərinin borcu olmalıdır. Yeri gəlmişkən
deməliyəm ki, ümumiyyətlə müəyyən diqqət
çəkən məsələlərə biganə
münasibətə, laqeydlik adlı bəlaya qarşı
mübarizə aparmaq, bu gün hamımızın müqəddəs
borcu olmalıdır. Abşeronda “Qızıl qulaq” adlanan
başqa bir qoyun cinsi də şöhrət
tapmışdı. Abşeronun Saray, Məhəmmədli, Qobu,
Güzdək, Fatmayi, Novxanı və başqa kəndlərində
onun böyük sürüləri yaranmışdı.
Keçən əsrin 30-cu illərindən
merinoslaşdırma adı ilə ölkəni
çulğamış bəla, respublikamızda da neçə-neçə
belə qiymətli qoyun cinslərinin axırına
çıxdı. Abşeron rayonu o zaman süd, yumurta, ət
istehsalında bütün ölkədə irəlidə
gedirdi. Bakını, Sumqayıtı bu məhsullarla yetərincə
təmin edirdi. O dövrün statistikasına baxsanız,
görərsiniz ki, Abşeronda hər inəkdən
sağılan südün miqdarı orta respublika səviyyəsindən
iki dəfə yüksək idi və bu sahədəki cədvələ
başçılıq edirdi. İldə 22 milyon broyler
toyuğu istehsalı gücündə olan Pirəküşkül
Broyler kombinatının müstəqillik dövrünün
başlanğıcında avadanlıqları
sökülüb satılmış və xarabalıqları
qalmışdır.
– Eşitdiyimə görə,
o zaman siz Abşeronda dəvəçiliyin inkişafı
üçün də təşəbbüs
qaldırmısınız və hətta bir dəvəçilik
sovxozu da yaratmısınız.
– Mən o zaman arxivdə
Abşeronla əlaqədar qədim statistikanı
araşdırarkən Abşeron kəndlərində külli
miqdarda dəvə saxlanılmasına rast gəldim. Həmin
vaxt Xruşşov Orta Asiyada olarkən orada dəvəçiliyin
yüksək mənfəətindən söhbət
açmışdı və bu onun diqqətini cəlb etdiyinə
görə tərifləmişdi. Mən də bundan istifadə
edib belə bir təsərrüfat yaradılması
üçün təşəbbüs qaldırdım və
qısa müddətdə 400-ə qədər dəvə əldə
edib Qobu qoyunçuluq sovxozunda xüsusi ferma yaratdıq.
İlboyu Abşeronun ucsuz-bucaqsız çöllərində
dəvətikanı və ya yağlı tikan adlanan, sərt
tikanına görə heç bir heyvanın yemədiyi, lakin
dəvə üçün çox qiymətli bu bitki ilə
qidalanıb, heç bir binaya ehtiyacı olmayan, diri çəkisi
700-800 kiloqrama çatan, çox qiymətli ət, süd,
10-12 kiloqram yun verən dəvə nə üçün
unudulmalı idi... Biz Türkmənistan dəvəçilik
sovxozlarından 500 baş maya (dəvə düyəsi)
alıb, Abşerona gətirmək üçün sifariş
də vermişdik. Lakin elə bu zaman Xruşşovun işdən
çıxarılması hər cür yeniliyin düşməni
olan mühafizəkar qüvvələrə onun da
qarşısını almaq üçün bəhanə
oldu.
– O zaman Abşeron rayonu
Bolqarıstanın Razqrad mahalı ilə dostluq əlaqələri
yaradılması sahəsində zəngin təcrübə
toplamışdı. Bu barədə nə deyə bilərsiniz?
– Həmin vaxtlar Moskva xarici
ölkələrlə, xüsusən sosialist ölkələrilə
dostluq əlaqələrinin yaradılması üçün
respublikanın hər birinə bir yer ayırmışdı.
Bu məsələ müzakirə edilərkən Abşeron
rayonunun artıq göz qabağında olan şöhrətinə
görə təklif bu rayonun üzərinə
düşdü. Bolqarıstanın Razqrad mahalı ilə
dostluq əlaqəsinin əsası qoyuldu. Nümayəndə
mübadiləsi və başqa vasitələrlə hər iki
tərəfin təcrübəsi öyrənildi,
yayıldı. Razqradın yeni salınmış küçələrindən
birinə Abşeron adı verildi. Abşeronun qabaqcıl sovxozu
olan Maştağa sovxozuna “Bolqarıstan” adı verildi. Mənim
özümü Razqrad şəhərinin fəxri vətəndaşı
seçib xüsusi pasport verdilər. Bolqarıstanın
xüsusi yubiley medalı ilə təltif etdilər. Əlaqələrimizin
çox xoş xatirələri barədə zəngin təəssüratım
indi də qəlbimdə yaşayır. Yeri gəlmişkən
bir maraqlı əhvalatı da yada salmaq istəyirəm. Bir dəfə
Bolqarıstana növbəti səfərimizdə bizə təklif
etdilər ki, bəlkə bolqarıstanlı məşhur
öncəgörənlə – kor qadın Vanqa ilə
görüşmək istəyirsiniz. Biz məmnuniyyətlə
razılaşdıq. Bizi onun yaşadığı kəndə
apardılar. Böyük növbə var idi. Onu idarə edən
bacısı qızı ilə danışıb növbəsiz
buraxılmağımız üçün
razılaşdıq və o bizdən xahiş etdi ki, Moskvadan gələn
bir müxbirin bizimlə buraxılmasına icazə verək.
Biz məmnuniyyətlə razılaşdıq ki, müxbirin
onunla söhbəti bizim üçün də maraqlı olar.
Müxbir onunla söhbətə başlamamış Vanqa dedi
ki, Moskvadan gəldiyin məlumdur, ananın adı da
Annadır. Müxbir qəti etiraz etdi ki, elə deyil, mənim
anamın adı Mariyadır. Vanqa kor gözlərini
qarşısındakı stola zilləyib dedi ki, ola bilməz,
axı orada “Anna” yazılıb. Müxbir Moskvaya, anasına zəng
etdi və anası cavab verdi ki, Vanqa düz deyir, 6
yaşına qədər adım “Anna” olub. Müxbirin də,
bizim də təəccübümüz elə həddə
çatdı ki, ona verməyə sual tapmadıq. Bizim haradan,
niyə gəlməyimiz, respublikamız barədə ətraflı
məlumatlar verdi. Biz tez sağollaşıb ayrıldıq.
Sonralar mən bunun – yəni keçmişi və gələcəyi
görməyin sirlərini öyrənmək üçün
çox cəhdlər elədim. Qurani-Kərimdə Allahın
99 adından birinin “Bəsir” olduğunu, “Bəsirət
gözü” yəni “qəlb gözü”
anlayışının mövcudluğunu öyrəndim,
böyük türk övliyası İbrahim Haqqının “Mərifətnamə”
əsərinin qəlb gözünün insanın qəlbində
çox kiçik bir qara cövhərdən ibarət nöqtə
olduğu barədə məlumat tapdım və bu cövhərin
peyğəmbərlərdə, həmçinin Nostradamus,
Vanqa kimi müqəddəs bildiyimiz adamlarda xüsusilə
parlaq, cilalanmış olmasına inandım. Deyəsən,
mövzudan bir qədər kənara çıxdım, amma hər
halda, bu da maraqlı fakt sayıla bilər.
– 80 illik yubileyinizlə əlaqədar
dərc olunmuş “Yaşanmış ömrün anları”
fotoalbomunda sizin iki dəfə Sosialist əməyi Qəhrəmanı
adı ilə təltif edilməyiniz barədə Mərkəzi
Komitənin qərarı var. Bəs necə oldu ki, sizə bu
ad verilmədi?
– Bunun maraqlı tarixi var. Yuxarıda
dediyim mühafizəkar, bədxah qüvvələr xəbis təbiətlərilə
mənim də nailiyyətlərimi görmək istəmirdilər
və müxtəlif bəhanələr, üsullar tapa bilirdilər.
Düzdür, mənim iki dəfə o dövrün ən
yüksək ordenini- Lenin ordeni almağıma mane ola bilmədilər.
Lakin həmin adın verilməsində bir tərəfdən
Moskvanın respublikalara bədxah münasibəti öz rolunu
oynayırdı, belə adamlar da Moskvaya müəyyən
hallarda qida verirdilər. Bunu da əlavə etməmək olmaz
ki, Heydər Əliyevin daha qətiyyətli xarakterinə
görə onun dövründə həmin mühafizəkar
adamlar bunu edə bilmirdilər. Lakin bir şey
danılmazdır ki, həmin qərarlarda
gördüyümüz kimi, o zaman, yəni keçən əsrin
60-cı illərinin ortalarında mən bu ada layiq
görülmüş yeganə raykom katibi olmuşam. Bu isə
Abşeron rayonunun o zamankı şöhrətinə, kənd
təsərrüfatındakı nailiyyətlərinə dəlalət
edir.
– Sizdən sonra Abşeronda
neçə-neçə katiblər və sonra da icra hakimiyyəti
başçıları işləyib və onlardan heç
birinə sizin qədər işləmək qismət
olmayıb. Həm də sizi 20 ildən sonra yenidən
Abşerona qaytarmaları da çox maraqlıdır.
– Bu doğrudur. İyirmi il
sonra qaytarılmağıma gəldikdə bunun da çox
maraqlı tarixçəsi vardır. Əbdürrəhman Vəzirov
Azərbaycana birinci katib gəldikdən sonra onun ilk səfəri
Ağdama oldu, qatarla gəlmişdi. Qarşılayıb həmin
günü axşamadək rayonu gəzdirdik. Gecə saat 4-ə
qədər mənə Pakistan xatirələrindən
danışdı. Səhər saat 6-da Xankəndinə yola
düşdü. Mənim maşınım onu qoyub
qayıtdı. Axşam saat 6-da sınıq-salxaq
maşınla gəldi. Mənə ilk sualı belə oldu:
“Tebe ne pora? Tebe ne pora?” Mən bir şey başa düşmədim.
Nə demək istədiyini soruşdum. Məndən soruşdu
ki, neçə ildir rayonlarda işləyirsən, mən 30
ildən çox olduğunu dedikdə, əlavə etdi ki, sən
çoxdan respublika masştabında işləməlisən.
Mən buna heç vaxt can atmadığımı dedim. Cavab
verdi ki, sən mənə orada lazımsan. Nə fikirdə
olduğunu demədi. Dedi ki, gələrsən
danışarıq. Bir neçə gün sonra məni
Bakıya çağırıb, Aqrar Sənaye Komitəsinə
sədr getməyi təklif etdi. Mən qəti etirazımı
bildirdim ki, filoloqam, müəlliməm, mənim orada nə
işim var? Əlavə etdi ki, sən kənd təsərrüfatını
bütün mütəxəssislərdən yaxşı
bilirsən. Mən yenə etiraz edərək bildirdim ki,
axı kənd təsərrüfatı elə bir sahədir,
mütləq hardasa çətinliklər yaranacaq və
hamı məni barmaqla göstərəcək ki, müəllim
kənd təsərrüfatına rəhbərlik edəndə
belə olar. Hətta əlavə etdi ki, heç olmasa 6
aylığa bu vəzifəyə gedim. Mən isə qəti
etiraz etdim ki, heç bir günlüyə də getmərəm.
Lazımsa pensiyaya gedərəm, 63 yaşım var. Çox əsəbi
vəziyyətdə ayrıldıq. Bunu da əlavə etdi ki,
guya mən ona kömək etmək istəmirəm. Bir
neçə gündən sonra yenidən dəvət edib
söylədi ki, sabah səhər saat 10-da Moskvada Morqun səni
gözləyir. İndi bilet al, uç Moskvaya. Soruşdum ki,
Morqun kimdir, niyə getməliyəm? O, məni Təbiəti
Mühafizə Komitəsinə sədr göndərmək qərarını
bildirdi, Morqun da SSRİ Təbiəti Mühafizə Komitəsinin
sədri imiş. Mən yenə də əvvəlki arqumentlərlə
etirazımı bildirdim. Çox pərişan vəziyyətə
düşdü və beləcə ayrıldıq. O zaman Mərkəzi
Komitənin Təşkilat şöbəsinin müdiri işləyən
Vaqif Hüseynov məni çağırıb dilə tutdu,
istədiyim rayona katib göndərməyə hazır
olduqlarını bildirdikdə mən də “Elə isə niyə
Ağdamdan götürürsünüz” deyə
iradımı bildirdim. Vaqif Hüseynov işarə etdi ki, deyəsən
o Xankəndində olarkən vilayətin rəhbəri Poqosyan
məni Ağdamdan uzaqlaşdırmaq məsələsini
qoyub, o da dərhal razılaşıb. Bunu da əlavə etdi
ki, əvvəllər sən işlədiyin Abşeron rayonunun
katibini götürməliyik, orada böyük yoxlamalar olub və
çoxlu nöqsanlar meydana çıxıb. İstəyirsən
səni ora göndərək. Mən fikirləşməyə
vaxt istədim. Elə bu zaman Abşeronun ağsaqqalları da
yanıma xahişə gəldilər. Ona görə də
Abşerona işləməyə getdim. Lakin rayonun kəndlərini
gəzib dolaşandan sonra çox peşiman oldum. Mən
qoyub-gedən Abşerondan əsər-əlamət
qalmamışdı. Bir ilə yaxın işlədim, xeyli təşkilati
tədbirlər gördük. 1989-cü ilin dekabrın sonunda
Ali Sovetdə keçirilən çox gərgin
yığıncağın səhəri bizi Mərkəzi
Komitəyə toplayan Əbdürrəhman Vəzirova çox
ağır sözlərlə müraciət edib, işləyə
bilmədiyini çoxsaylı faktlarla göstərib
istefasını, çıxıb getməsini tələb
etdim. Bu barədə indi də ayrı-ayrı yazılar dərc
olunur. Məndən sonra çıxış edən 14 nəfərdən
birisi istisna olmaqla hamı məni müdafiə etdi. Artıq
intuisiyam da deyirdi ki, bu partiyanın sonu çatıb. Həmin
yığıncaqdan bir neçə gün sonra heç Mərkəzi
Komitəyə də məlumat vermədən plenum
çağırıb istefa verdim və on gün keçməmiş
SSRİ Nazirlər Sovetinin qərarı ilə İttifaq əhəmiyyətli
fərdi pensiyaya getdim. Otuz beş ilə yaxın birinci katib
işlədim. Yeddi dəfə SSRİ və Azərbaycan
SSR-in deputatı oldum. Çoxsaylı dövlət təltifləri
aldım. Ölkədə ən uzun müddət raykom katibi
işləmiş şəxs oldum. On dörd ilə yaxın
ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi
altında respublikanın Abşeron, Şəki, Ağdam kimi
rayonlarına rəhbərlik etdim. Onun rəhbərliyi
dövründə elə bir yığıncaq olmadı ki,
işlədiyim rayonlar nümunə göstərilməsin.
– Abşeronun mərkəzi
olan Xırdalan qəsəbəsinə üç ildir ki,
şəhər statusu verilib. Rayonun rəhbərlərinə,
xüsusən icra hakimiyyətinin başçısı Zakir
Fərəcova nə demək istərdiniz?
– Mən onunla
görüşmüşəm. Xırdalana şəhər
statusu verilməsi ilə əlaqədar təbrik də
etmişəm. Görüşümüzdə mülahizələrimi
və arzularımı bildirmişəm. Fəaliyyəti barədə
xoş sözlər də demişəm. Dediklərim və
demək istədiklərim ondan ibarətdir ki, Abşeronun kənd
təsərrüfat rayonu kimi yaradıldığını,
buranın çox zəngin və əhəmiyyətli kənd
təsərrüfatı ənənələrini yaddan
çıxarmasın. Onların bərpası və
inkişafı üçün yenə də imkanlar
çoxdur. Kənd təsərrüfatına yararlı olan və
çox qiymətli torpaqların
dağıdılmasının qarşısını
alsın. Zəngin təcrübəsi olan bir rəhbər
işçi kimi deyərdim ki, daha qətiyyətli,
sözübütöv olsun, icraya nəzarət adlanan
anlayışı xüsusilə yüksək tutsun.
Abşeronun kənd və qəsəbələrində
çox müdrik ağsaqqallar, bilikli, müdrik insanlar var.
Onlarla tez-tez görüşüb, məsləhətlərinə
diqqətlə qulaq asmağı unutmasın. Belə olarsa,
uğurları çoxalar, hörməti də artar.
Çünki Zakir Fərəcovun rəhbərlik sahəsində
artıq xeyli təcrübəsi var. Və onun bu dediklərimə
də nail olacağına inanıram.
Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor
525-ci qəzet.- 2010.- 16 mart - S. 4.