Din və müqəddəslik
hissi
“Sevgi hissindən məhrum
olan adam dindar ola bilməz”.
Əbu Turxan
Yeri, göyü,
bütün kainatı adlayıb-keçəndə, nəhayətsizliyə,
sonsuzluğa qovuşanda, ölümdən sonrakı ölməz
həyatı da öz həyatına əlavə edəndə
həyatın ecazkarlığı, ülviyyəti artır,
insan özünü əzəli-əbədi hesab edir, hadisələr
içərisində itib-batmır, nəfsin torundan
çıxır, yüksəlir, cılız, cari, cismani,
keçici, fani həyatdan uzaqlaşaraq onun fövqündə
durmaq, mənəviləşmək, ideallaşmaq, ruhaniləşmək,
Allaha qovuşmaq əzmində olur!
Böyük Allaha sitayiş
edərkən insanın qəlbi müqəddəs bir
duyğu ilə dolur və insan özü də qanadlanır,
mənəvi-ruhani dünyanın sirli-soraqlı, dərin
qatlarını ehtiva edir.
Fərd öz həyatı,
öz hərəkətləri ilə ancaq özünü təmsil
etdiyini və əgər görən-bilən varsa – qanun
qarşısında, əgər görən-bilən yoxdursa,
ancaq öz vicdanı qarşısında cavabdeh olduğunu zənn
edirsə, o ən azı eqoistdir; bu, onun fərdi miqyasdan
çıxıb, milli və ümumbəşəri miqyasa
yüksələ bilməməsinin nəticəsidir.
İnsan hər bir məqamda
özündən başqa, həm də ailəsini,
el-obasını, millətini, dövlətini, bütöv
insanlığı – bəşəriyyəti təmsil edir.
Tək özü
qarşısında deyil, tək dövlət, qanun
qarşısında deyil, həm də milləti təmsil etməklə
millət qarşısında, insanlığı təmsil etməklə
bütün bəşəriyyət qarşısında məsuliyyət
daşıyır.
Daha böyük miqyasda və
daha böyük ümumilik dərəcəsində isə
insan öz hərəkətləri ilə Allah
qarşısında məsuliyyət daşıyır.
Dini hiss – insanın Allah
qarşısında məsuliyyət hissi mərhələ-mərhələ:
ailə qarşısında, millət qarşısında, bəşəriyyət
qarşısında məsuliyyət hisslərinin davamı
kimi ortaya çıxdıqda, bu daha kortəbii hiss yox, dərk
olunmuş, zəkaya qovuşmuş bir hiss olur.
Tək dinlər deyil,
bütün əxlaqlar da yaxşılığa qarşı
minnətdarlıq hissini zəruri hal, norma sayır. Kimsə əl
tutanda, yaxşılıq edəndə
çalışırıq ki, fürsət düşən
kimi əvəzini çıxaq, ya da bu mümkün deyilsə,
heç olmasa sözlə öz minnətdarlığımızı
bildirək... Bəli, insan ona edilən hər kiçik
yaxşılığın ünvanını axtarır,
öz təşəkkürünü bildirməyə ehtiyac
duyur. Lakin bütövlükdə həyat üçün,
bu dünyanın bütün gözəllikləri
üçün, anlamaq, sevib-sevilmək, qurmaq, yaratmaq səadəti
üçün kimə minnətdar olmaq lazımdır?
Dünyanın ahəngi,
gözəlliyi, qanunauyğunluğu və bu qanunları dərk
etmək əzmi üçün Allaha şükür edir və
dini ayinlərin əksəriyyəti də bu
şükranlığın ifadə edilməsidir. İnsan qəlbində
bütün bu əsrarəngiz duyğuları tarazlayan,
onların fövqündə duran daha böyük bir
duyğuya təbii bir ehtiyac yaranır!
Lakin maraqlı budur ki, islam
dinindəki bütün ayinlərin icrası – Allaha minnətdarlıq
ayinləri elə qurulub ki, onlar insanın özü
üçün, onun sağlamlığı
üçün, onun daxili mənəvi sakitliyi
üçün də şərt olur. Allaha dua edən, dinin
qoyduğu qaydalar çərçivəsində fəaliyyət
göstərən insan həm də öz
sağlamlığına, fiziki və mənəvi kamilliyinə
xidmət etmiş olur.
İnsan Xaliq
qarşısında əyilir, ona bəxş edilmiş
bütün qabiliyyətlərə və gözəlliklərə
görə böyük Yaradana minnətdarlığını
bildirir və bununla mənən yüksəlir, ucalır,
öz nəfsi və başqaları qarşısında əyilməz
olur. Təbiətdə, həyatda heç kimdən
asılı olmadan mövcud olan ahəngi, gözəlliyi
görmək, duymaq və bundan məmnun qalmaq, minnətdar
olmaq əslində onları öz daxilinə
köçürmək, həmin gözəllikdən, ahəngdən
mayalanmaq deməkdir. Əslində bu dünyanın
özündə də səni öyrədən, sənin xeyirxah
olan insanlara, müəllimlərə, ustadlara münasibətdə
minnətdarlıq və pərəstiş duyğusu insanı
kiçiltmir, əksinə, yüksəldir. Əks təqdirdə
insan, nankor bir eqoistə çevrilə bilər. Tənbehə
layiq olan isə, riyakarlıq və təmənnalı əyilmədir
ki, bunlar dini hiss və insani ləyaqətlə bir araya
sığmır.
Kənarda, başqalarında
yaxşı olanları görməyən, duymayan, qiymətləndirməyənlər
bu yaxşılıqlardan məhrum olanlardır. İnsan
özündə ən azı rüşeym halında
olmayanı başqasında da görə bilmir.
Daxilən gözəl
olmağın bir yolu var: o da xaricdəki gözəlliyi duymaq,
ona heyran olmaq, ona qovuşmaqdır.
Böyüklərə
hörmət insanın özünə hörmət
olunmasının əsasını qoyur. Müdriklik, gözəllik
və ahəng qarşısında diz çökməyənlər
zor və hiylə qarşısında diz çökürlər.
Böyük Allah qarşısında əyilməyənlər
başqa qüvvələr qarşısında əyilməyə
məhkumdurlar. Allaha səcdə etmək, Allah
qarşısında əyilmək hadisələr
dünyasında əyilməzliyin təməl
daşıdır.
lll
Din haqqında elmin dinə
heç bir aidiyyəti olmadığı kimi, dinlə
bağlı yaradılmış sosial qurumun da dinə
heç bir aidiyyəti yoxdur. Dini hissdən kənarda din
yoxdur. Dinin sosial infrastrukturu hələ din deyil. Din – mənəviyyat
hadisəsidir. Dinin mahiyyəti dini hisslə – Allaha inamla
bağlıdır. Mütləqə inam yolu nisbi inamlardan
keçir. Məhdud miqyaslı, cılız hissiyatlı,
ümumiyyətlə inam hissindən məhrum olan adamda Allaha
inam da ola bilməz.
Mütləqə sevgi yolu
nisbi sevgilərdən keçir. Sevgi hissindən məhrum olan
adam dindar ola bilməz.
Nisbi müqəddəslik
duyğuları olmadan mütləq müqəddəslik duyula
bilməz.
İnsanın öz həyatında,
fərdi mənəviyyatında müqəddəs heç bir
şey yoxdursa, ali, ülvi, toxunulmaz heç bir şey yoxdursa
– dini müqəddəslik duyğusu da olmayacaq.
Bir sözlə, dini hisslər
ancaq dini məktəblər, ruhani institutu, məscidlər
vasitəsilə deyil, bütövlükdə tərbiyə
(ailə tərbiyəsi, dünyəvi məktəb tərbiyəsi,
elm və incəsənətin təsiri, nəhayət, fəlsəfə)
vasitəsilə formalaşır. Daha doğrusu, sonuncuların
yaratdığı yüksək mənəvi platforma olmasa,
ancaq dinin təbliği ilə dini hissləri təlqin etmək
çox çətin məsələdir.
Din insandan Allaha doğru
aparan yolu işıqlandırmalı, bu yolun istiqamətini
göstərən mayak olmalıdır. Nə zaman ki, din bu
missiyanı unudub başqa iddialara düşür – o daha
artıq din olmur.
Müasir dövrdə daha
çox dərəcədə din adını mənimsəmiş
psevdodinlər fəaliyyət göstərir. Həqiqi din təzahürlərinə
çox nadir hallarda rast gəlmək olur. Daha doğrusu, həqiqi
din əslində çox vaxt din pərdəsi altında deyil,
insani keyfiyyət kimi təzahür edir.
Din müasir şüur səviyyəsində,
elmi idrak kateqoriyaları və metodları müstəvisində
nəzərdən keçirildikdə, xüsusən ona
çoxölçülü bir hadisə kimi
baxıldıqda və onun sosial rakursu ilə mənəvi
rakursu fərqləndirildikdə bizə “din” adı altında
təqdim olunan mərasimlər toplusunun həqiqi dindən nə
dərəcədə fərqli olduğu aşkara
çıxır.
Sosial prizmadan baxdıqda dinin
mahiyyəti görünə bilməz və ona görə də
ictimai bir hadisə kimi din əslində çox sönük
görünür.
Ancaq fərdi mənəvi aləmi
işıqlandıran və ancaq mənəviyyat
prizmasından baxdıqda üzə çıxa bilən həqiqi
din, mərkəzində müqəddəslik duyğusu dayanan
dini mahiyyət ictimai həyatda konkret hadisələrlə təzahür
edir və təəssüf ki, çox vaxt bu hadisələr,
təzahürlər dini mahiyyəti əvəz etmək, onun
yerini tutmaq iddiasına düşür.
İslam iki istiqamətdə
qurulub:
1. İnsandan Allaha – müqəddəslik
duyğusu.
2. Allahdan insana – necə
yaşamağın konkret yolları (sosial rakurs, şəriət).
İndi çox vaxt birinci
unudulur və ancaq ikincidən söhbət gedir.
Ali hisslərsiz, inamsız
şəriət isə hələ din deyil.
İctimai hadisəyə
çevrilmiş din də artıq din deyil.
Din kimi təqdim olunan hər
hansı bir formada təşkilatlanmış və fərdi-mənəvi
varlıqların fövqündə duran ictimai hadisə əslində
yeni mahiyyət daşıyır. Fərdi “mən” və onun
strukturuna daxil olan dini hiss hər hansı bir maddiliyin təzadı
olmaqla hər hansı bir maddi vasitəyə qatıla bilməz.
Əsl din bir ümumi olmaqla
fərdi “mən”lərdə yaşayır, lakin onların
toplusu deyil. Ələlxüsus, fərdlərin toplusu ola bilməz.
“Dini icmalar”, “dini idarələr” və hətta “dini dövlətlər”
şəklində təqdim olunan ictimai hadisələr əslində
yalnız insanların dini hissinə istinad edən və mahiyyətcə
dinlə adekvatlığı olmayan hadisələrdir. Dini hiss
isə müxtəlif insanlarda müxtəlif dərəcələrdə
təzahür edən və insan mənəviyyatının təbiətlə,
kainatla, dünya ilə təmas məqamını əks etdirən,
sonlunun sonsuza ötüb-keçənin, faninin əbədi,
mütləq olana münasibətidir. Bu cür
yanaşıldıqda mahiyyətcə ancaq bir dindən
söhbət gedə bilər.
Bəs onda müxtəlif
dinlər nədir? Eyni mahiyyət niyə başqa-başqa
formalarda təzahür edir? Bu müxtəliflik içərisində
mahiyyət eyniliyi saxlanılırmı?
Eyni mahiyyət müxtəlif
təzahürlərdə üzə
çıxdığından, bəzən qarşıdurmalar
üçün də “əsas” yaranır. Halbuki, əsl məqsəd
bu müxtəlifliyin əsasında dayanan eyniyyətin, alt
qatdakı mənanın üzə
çıxarılmasıdır. Əsrlər boyu insan fikri bu
istiqamətdə axtarışlar aparıb, insan – dünya
münasibətlərinin nəzəri ifadəsi olan
böyük fəlsəfi təlimlər yaradılıb və
hadisədən mahiyyətə, hissiyatdan nəzəri təlimə
aparan neçə-neçə yollar kəşf edilib. Lakin təəssüflər
olsun ki, insanların dini hissi hədislər və hekayətlər
səviyyəsindən daha yüksək əqli formalarda ifadə
olunmayıb və nəticədə təzahürlərin
ömrü uzanıb, din adından çıxış edən
ictimai qurumlar həqiqi dinin elmi-fəlsəfi izahının
qarşısını ala bilib.
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2010.- 16 mart.- S. 5.