Daş yağan gün
Roman
Əvvəli ötən
saylarımızda
Kənddən
çox da aralı olmayan dağların ətəklərindən
həmişə yanıqlı tütək səsi gəlirdi.
Əlimi alnıma qoyub həmin səmtə baxanda qoyun-quzu
sürüsü görünürdü. Və bilirdim ki, Nəcinin
otardığı qoyunlardır. Kəddə ondan başqa
heç kimin tütəyi yoxudu. Onun əsl adı Nəcəf
idi. Lakin hamı onu – Nəci deyə
çağırırdı. Ermənilər Köhnə Həsənlini
yandırıb-dağıdanda, ata-anası,
bacı-qardaşı faciə ilə həlak olmuşdu. Nəcinin ipi Allahdan üzülmədiyindən
sağ qalmışdı. Ağlagəlməz bir təsadüf
nəticəsində əmisi Mikayıl qundaqda olan Nəcəfi
qoltuğuna alıb ölümün ağzından
qurtarmışdı. Nəci, ayağı yer tutandan sonra ona
himayə duran əmisinə çobanlıq eləyib, qoyun
otarırdı. Nəcəfin oynaq, qara gözləri,
şivərək boyu, dolu sifəti, mərcan kimi ağappaq
dişləri vardı. Çaldığı alabəzək
tütəyi Köhnə Həsənlinin
qabağındakı bataqlıqda bitən qarğıdan
düzəltmişdi. Aramızda xeyli yaş fərqi olsa da,
bizimki tuturdu. Qocam onu da deyirdi ki, Nəcəf yetim olsa da,
gözü-könlü tox, halal uşaqdır. Heyləsindən
adama zərər gəlməz. Qocamdan icazə alıb tez-tez Nəcinin
yanına gedirdim. Məni görəndə elə sevinirdi ki!
Deyirdi ki, sən yanımda olanda darıxmıram. Birinci dəfə
Nəcinin yanına gedəndə sürünün itləri kənardan
qaraltımı alıb hürə-hürə üstümə
cumdular. Nəci duyuq düşənəcən, itlər məni
haqladılar. Elə qorxdum ki! İncəvara itlər
yaxınlaşanda nəyə görəsə mənə dəymədilər
və peşman olubmuş kimi quyruqlarını bulayıb kənarda
şöngüdülər.
Nəci:
– Qorxma! Qorxma! – deyə-deyə yamac aşağı yüyürüb, özünü mənə yetirdi. Əvvəlcə itlərə təpindi, sonra mənə ürək-dirək verib dedi ki, arxayın ol, mənim itlərim heç vaxt arvad-uşağa dəyib toxunmaz. Nəinki mənimki, kənddəki itlər də arvad-uşağı qapmır. Qapsa, heyləsini bircə gün də qapıda saxlamazlar, aparıb azdırarlar.
İtlərin bu xasiyyətini bilmirdim. Nəci:
– Əsl it qadına, bir də uşağa dəyməz,- deyəndə təəccüb məni götürdü. – İlahi, it itliyi ilə qadına-uşağa dəymir, amma erməni quldurları Köhnə Həsənlidə insafsızcasına bütün arvadları-uşaqları, qundaqdakı körpələri belə qırıb qılıncdan keçiriblər. Ha fikirləşdim, bu sualıma cavab tapa bilmədim. Və erməni vəhşilərinə olan nifrət hissim daha da gücləndi.
Nəci
tez-tez ata-anasının, altı bacısının, iki
qardaşının ermənilər tərəfindən
işgəncə ilə necə
öldürüldüyündən ürək
ağrısı ilə danışıb kövrəlirdi. Nəciyə
həmin qanlı hadisələri əmisi Mikayıl
danışmışdı. Nəci əmisinin dediklərini
dilə gətirdikdən sonra alabəzək tütəyə
dəm verirdi. O, ermənilərin Köhnə Həsənlilərin
başına gətirdiyi müsibətləri alabəzək
tütəyin dili ilə car çəkib, dağları-daşları
lərzəyə gətirirdi. Həmişə də tütəyi
çalanda yönünü Köhnə Həsənliyə tərəf
tuturdu. Hərdən tütəyinə ara verib
deyirdi ki, neçə dəfə qoyunları Köhnə Həsənli
tərəfdəki yamaclara verib, ata-anamın,
bacı-qardaşlarımın qəbrini axtarmışam, amma
tapa bilməmişəm. Əmim bunu eşidib biləndə,
dedi ki, nahaq yerə özünü yorma. Dava vaxtı ermənilər
uşaqdan-böyüyədək hamısını ucdantutma
qırırdılar. Sonra da meyitlərini ya yandırır, ya
da ki, dərin xəndəklər qazıb
basdırırdılar. Ona görə də dörd-beş
min adamdan birinin də qəbir yeri bilinmir. Nəci bu
sözləri deyəndə, oynaq qara gözlərindən
qopan yaş, çöl havasında qızarıb qaralan dolu
sifətindən süzülüb yaxasını
isladırdı. Nəcinin nələr çəkdiyini
təsəvvür etdikcə ürəyimin başına od düşürdü.
Quyruğu yerlə
sürünən buynuzlu qara qoç alabəzək tütəyin
yanıqlı səsini eşidəndə sürüdən təklənib,
Nəciyə tərəf gəlirdi və sahibinə
yanaşıb onun söykəndiyi dəyənəyə
sürtünürdü. Nəcinin əynindəki nimdaş pencəyin
ətəyini yalayırdı. Buynuzlu qara
qoç Nəcinin özününküydü. Əmisi bu qoçu ona quzu vaxtında
bağışlamışdı. O da belə olmuşdu.
İki payız bundan əvvəl əbrəş
qoyun üç quzu doğmuşdu. Əmisi
həmin quzulardan birini Nəciyə peşkəş eləyib
demişdi ki, bu, səninkidir. Nəci də
həmin vaxtdan buynuzlu qoçu ələ öyrətmişdi.
Buynuzlu qara qoç da Nəcidən əl
çəkmirdi, mehrini ona salmışdı. Tez-tez sürüdən ayrılıb Nəciyə
sürtüşürdü. Hərdən
sahibinə buynuz da atırdı, ancaq bərkdən vurmurdu, Nəci
ilə oynamaq istəyirdi. Buynuzlu qara
qoçun bu cür şıltaqlığından Nəcinin
xoşu gəlirdi, eyni açılırdı və çiynindəki
çantadan çörək qır-qırıntısı
çıxardıb buynuzlu qoça yedizdirirdi. Buynuzlu qara qoç Nəcinin üzünə
baxa-baxa çörəyi ləzzətlə
göyşüyürdü. Ancaq buynuzlu qoç kənar
adam kimi mənə məhəl qoymurdu. Və bəzən də geri çəkilib
üstümə cumur, məni vurmaq istəyirdi. Buynuzlu qara qoç həddini aşıb
cızığından çıxanda Nəci ona təpinirdi.
Buynuzlu qara qoç da səhvini başa
düşürmüş kimi qabaq ayaqlarını
qaldırıb Nəcinin çiyinlərinə qoyur, onun
boyun-boğazını, sir-sifətini, alabəzək tütəyini
qoxlayıb yalayır və sanki qəlbi sınıq olan yetim
sahibinin könlünü almaq istəyirdi. Nəci də buynuzlu qara qoçun bu hərəkətindən
xoşhal olub, onun yanlara əyilmiş buruq-buruq buynuzlarına,
qaşqa alnına, boğazından sallanan qoşa qotazlara, qəşəng
gözlərinə sığal çəkirdi. Mən isə belə bir mənzərənin
şahidi olmaqdan məmnunluq duyurdum. Nəci
ilə buynuzlu qoçun rəftarına heyranlıqla tamaşa
edib, onların mehribanlığına həsəd
aparırdım. Buynuzlu qara qoç elə bil alabəzək
tütəyin səsində Nəcinin keçirdiyi
iztirabları hiss edir və arxasız sahibinin acı taleyini
anlayıb, ona həmdərd olmaq istəyirdi.
Ucu-bucağı
görünməyən qoyun sürüsünün içində
bircə buynuzlu qoç Nəcininki idi. Neçə
dəfə əmisi qəssab çağırıb buynuzlu
qara qoçu kəsdirmək istəmişdi. Nəci yalvarıb-yaxarıb bir təhər əmisini
bu niyyətindən çəkindirmişdi. Mikayıl kişi də: – Yetimin nəfəsi ağır
olar, buynuzlu qoçu kəssəm, Nəcinin qəlbinə dəyər,
sonra ziyan çəkərəm – mülahizəsi ilə
fikrini dəyişmişdi.
Nəci buynuzlu
qara qoçu ilə fəxr edirdi və ona elə gəlirdi
ki, dünyanın ən dövlətli adamıdır. Hərdən
kədərlə köks ötürüb deyirdi ki, qoyunun
ömrü uzun olmur. Buynuzlu qoç gec-tez
kəsilməlidir. Ona görə də
fikirləşdim ki, bir gün əmimin saqqızını
oğurlayıb ona deyim ki, buynuzlu qoç qocalıb ətini
tökməmiş altı balalı doğar qoyuna dəyişsin.
Ana qoyunu artırıb ayrıca sürü
düzəldərəm, var-dövlətim
aşıb-daşar. Əmim məni evləndirər.
Özümə ayrıca ailə quraram, gün-güzəran
düzəldərəm, kənddə beş
kişinin biri olaram.
Nəci bu sözləri deyib
mükəddər baxışları ilə Köhnə Həsənli
tərəfdəki dağların seyrinə daldı və dərindən
ah çəkərək:
– Allah erməni mərdiməzarlarının
cəzasını versin, – dedi. – Nə vaxtacan əmi
qoltuğuna sığınmaq olar?!
Balaca olsam da, Nəci
məni özünə ümid yeri bilirdi. Bu sözləri deyəndə
elə bil yekə kişi ilə
danışırdı. Lakin uşaq olduğumdan
dediklərinin qabağında bir söz tapıb, ona yol
göstərməkdə aciz idim. – Nəci, mən hələ
tifiləm, məktəbə də getməmişəm. Əlimdən nə gəlir?! – demək
mənasında çiynimi çəkib boynumu yana əyirdim.
Nəci ilə
aramızda bu cür qanqaraldıcı söhbətlər
çox olurdu.
Nəci məndən heç də, hər
hansı kömək gözləmirdi. Yalnız
dərdini deyib ürəyini boşaldırdı. Elə ki, qoyunlardan biri doğdu, kefimiz durulurdu.
Nəci quzunu əmizdirib mayaladıqdan sonra
qoyunun ətənəsinə bitişik olan, salafan naziklikdə
kisəciyi ustalıqla ayırıb, içindəki suyu
boşaldır və yerinə süd sağırdı. Sonra dolu kisəciyin ağzını özündən
düyün vurub sönməkdə olan ocağın qoruna
basdırırdı. Körpə quzunun boğazından
kəsdiyi süd, dələmə pendir kimi bişib bərkiyirdi...
Nəcinin suluq qonaqlığından olmazdı.
Biz çöl-biyabanda, rəngbərəng
çiçəklərdən naxışı olan
yamyaşıl süfrənin başında qabaq-qənşər
bardaş qurub, qorda bişən suluqdan ləzzətlə
yeyirdik.
İştahamızı
öldürdükdən sonra ayağa qalxdıq. Başımız
yeməyə qarışdığından sürünün
yarısı kol basmış təpənin o üzünə
aşmışdı. Nəci tez-tələsik
sürüdən ayrılan qoyunların qabağına bir
tolamazdı atıb, həmişə qabaqda gedən
qoşabuynuz erkəclə birlikdə geri qaytardı və dedi
ki, kol-kos qoyunun yununu didir. Qırxım vaxtı
ələ bir şey gəlmir. Onda əmim
üzümə itin sözünü deyib, məni danlayır.
Deyir ki, biryolluq başa düş ki, qoyunun yunu
özündən gəlirlidir. Gərək
onu pıtrağa salmayasan. Pıtraq da ki,
yunun qənimidir, zay eləyib qoyur orda. İnsafüçünə,
əmim düz deyir. Mən siftə belə
şeyləri başa düşməzdim. Əmimin
sözləri məni ayıltdı. İndi
qoyunçuluğun dilini az-çox öyrənmişəm.
Bilirəm ki, hansı örüşün otu
yağlıdı. Ona görə də əmimin
qoyunları gümrah olur, çoxlu yun verir, əksəriyyəti
əkiz doğur. Hətta üç quzu
verəni də olur. Elə bilirsən
çölçülük asandır?! Hər adam qoyunçuluqdan baş çıxara bilməz.
Ona görə də əmim məndən ikiəlli
yapışıb. Deyir ki, əvvəllər
xamlıq eləyirdin, məni yarıtmırdın. İndi maşallah, işin çəmini
tapmısan, qoyun-quzunun dilini məndən yaxşı bilirsən.
Əmim onu da deyir ki, yekəlib bığ-saqqal
çıxardanda bir qırmızıtuman qızla evləndirərəm,
ev-eşik sahibi olarsan. Onda ermənilərin
gülləsinə tuş gələn qardaşımın da
ruhu şad olar. Mən də o dünyaya
üzüqara getmərəm. İndi çox cavansan,
arvad saxlayan vaxtın deyil.- Əmim bu
sözləri deyib, sonra bic-bic güldü. Dedi ki, ə, Nəci,
ürəyini sıxıb eləmə. Səndən
xəbərsiz Cümşüd əminin qızını
gözaltı eləmişəm. Əsli-nəsli
olan adamdır. Cümşüdün
ağzını aramışam. Əvvəlcə
bir balaca nəm-nüm eləyirdi. Dedim,
Cümşüd, yox ey, qız mənimdir, vəssalam. Gedib yad axtarınca daşımız da var, divarımız
da. Nəcəf də pis oğlan deyil.
Yaşları çatanda xeyir işlərini eləyərik.
Əmimin deməsinə görə zarafata
salıb Cümşüdə bir balaca sataşıb da. Deyib ki, ə, Cümşüd, çox yuxarıdan
gedib məni təbdən çıxartma, əyən-bəyən
eləsən, özündən küs. Çox
nala-mıxa vursan, ona da Nəcəf deyərlər, bir balaca
göz eləsəm, qızı gecəynən
götürüb qaçar. Sən də
el içində biabır olarsan. Cümçüd
gülüb deyib ki, Mikayıl, səndən nə desən
çıxar. Bir halda ki,
ayağını dirəmisən, sən deyən olsun. Bu gündən qız Nəcəfindir. Ancaq indidən məsələni
açıb-ağartmaq tezdir. Uşaqları
dilə-dişə salmayaq, yaxşı düşməz.
Hələlik bu söhbət öz aramızda
qalsın, vaxtı gələndə, nə deyirəm, qismətdən
qaçmaq olmaz. Əvvəl-axır, bir
qız bir oğlanındır.
Nəci üzümə
baxmadan:
– Əmimdən bu sözləri
eşidəndə elə utandım ki! – dedi. –
Başımı yuxarı qaldıra bilmədim, – əlavə
etdi. – Evlənmək məsələsi yatsam yuxuma girməz.
Bir də, arvad harama yaraşır! Heç
özümə şalvar ala bilmirəm. Buynuzlu
qoçdan başqa nəyim var?
Nəcinin oynaq
gözlərinə sanki qara bulud çökdü və
üzünü Köhnə Həsənliyə tərəf
tutdu. Tutqun baxışları Köhnə Həsənlinin
xarabalıqlarına keşik çəkən dağların əzəmətində
donub qaldı. Və özü-özü ilə
danışırmış kimi:
– Erməniləri
görüm Allahın qəzəbinə gəlsin! Ata-anamı görsəydim, o qədər də dərd
çəkməzdim. Bacı-qardaşlarımdan
bircəciyi sağ qalsaydı, mənə həyan olardı.
Ermənilərin tifaqı dağılsın.
Ata-anamın günahı nə idi, ilahi! Evlərində
sakitcə oturduqları yerdə hamısını
qırıb məni yetim qoydular. Günüm
qara, üzüm danlaqlı, ömrüm də bu çöllərdə,
dağlarda, daşlarda keçir.
Nəcinin
gözləri yaşla doldu. O, alabəzək tütəyi
çıxartdı. Deyə bilmədiklərini
alabəzək tütəyin dili ilə yal-yamaca car çəkməyə
başladı. Sanki erməni qaniçənlərinə
lənət yağdırır, dağlardan-daşlardan imdad
diləyirdi.
Hər dəfə
Nəci ilə görüşəndə keçirdiyi
iztirabların şahidi olurdum və əlimdən gələni
edirdim ki, Nəcinin fikrini dağıdım, könlünü
alıb şənləndirim və erməni zülmündən
əzab çəkən sınıq qəlbini sağalmaz
yaralardan xilas edim. Nəciyə əzbərlədiyim
şerləri oxuyurdum, öyrəndiyim hekayələri
danışırdım.
Məktəb
yaşım çatmasa da, dayım başımın
üstünü kəsdirib mənə qələm
tutmağı, yazmağı, kitab oxumağı, rusca-azərbaycanca
yüzə qədər saymağı öyrətmişdi. İlk
günlər hərfləri hıqqana-hıqqana oxuyurdum.
Getdikcə yazı-pozuya alışdım.
Dayım mənə qoşa cızıqlı,
cücəgözü dəftərlər, üçrəng
karandaşlar almışdı. Gecə-gündüz
dəftər-qələmlə əlləşirdim. Yatanda da dəftər-qələmimi
yastığımın yanına qoyurdum ki, birdən it-bata
düşər. Qaşqasuvaq evimizin
divarlarına, xəmirlə çoxlu qəzet və şəkillər
yapışdırılmışdı ki,
yırtıq-deşiyin üstü örtülsün, həm
də otağımız yaraşıqlı
görünsün. Divardakı kenquru və
onun kiçik balaları olan rəngli bir şəkil diqqətimi
daha çox çəkirdi. Həmin şəklin
altında belə bir şer yazılmışdı:
Bu uzun quyruq kenquru
Nəşəsi saz, kefi
duru...
Bacısını
çağıraraq
Deyir, gəl gəzək,
oynayaq
Bacısı boynun burmuş
Səssiz-səmirsiz
oturmuş
Anasının kisəsində
Deyil gəzmək
həvəsində.
Mən şəklin
qabağında saatlarla dayanıb, həmin şeri dönə-dönə
oxuyub əzbərləmişdim. Şeri oxuyanda Nəcinin üzü
gülür, dərdi dağılırdı və sonra da məni
sorğu-suala tuturdu:
– Kenquru yekə olar, yoxsa mənin
buynuzlu qoçum?
– Qabaqlaşsalar, hansı dov
gələr?
– Kenquru hansı hökumətin
torpağında olur?
– Əti yeməlidir?
– Adamı dişləməz
ki?
Ardı var
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 17 mart.- S. 7.