Nərminin rəsm pəncərəsi
Maddi mədəniyyət əşyalarının yaradılması prosesinə bədii yaradıcılığın bilavasitə qoşulması dizaynın təzahürünün başlıca amilinə çevrildi. Bədii mədəniyyət sahələrində rəngarəngliyin yüksəlməsi ilə yanaşı, incəsənətin hüdudları da genişləndi. Bununla əlaqədar mədəniyyətin iki əsas səviyyəsinə – yüksək elitar mədəniyyət və kütləvi mədəniyyətə toxunmaq məqsədəuyğundur. Ümumiyyətlə, tarixi inkişafın bütün dövrlərində mədəniyyətin bu iki səviyyəsi cəmiyyətin durumuna uyğun formada mövcud olub. Lakin XXI əsrdə texnogen proseslərin güclü və dinamik inkişafı kütləvi mədəniyyətin geniş miqyası üçün əsaslı zəmin rolunu oynadı. Kütləvi mədəniyyətin yayılmasına və geniş vüsət almasına imkan yaradan əsas amillər onun hər kəs üçün aydın, demokratik, nisbətən ucuz, həmçinin onu yaradanlar üçün maddi cəhətdən gəlirli olmasıdır. Bu amillər həm də kütləvi mədəniyyəti yüksək mədəniyyətdən fərqləndirən əsas göstəricilərdir.
Müasir dövrümüzdə iqtisadi amillərin önə çıxmasına baxmayaraq gənclərin son dövrlərdə istər elm, istər kino, istər incəsənət, istərsə də idman sahələrindəki uğurları gələcək nəslin düzgün istiqamət götürərək mədəniyyət ənənələrimizin davamçıları olduğunu göstərir. Əlbəttə, bu hal Azərbaycan mədəniyyətinin təbliğinə çalışan insanlar kimi hər birimizin qüruru olmalıdır. Axı, müasir dövrümüzdə qloballaşmış dünyada mədəni irsin qorunması elə də asan deyil!
Həm elm, həm də mədəniyyət sahəsini əhatə edən ənənələrin qorunub gələcək nəsillərə çatdırılmasında yaşlı nəslin əməyi ilə yanaşı, bu yükün daşıyıcısı olan gənc nəslin də fəaliyyəti danılmazdır. Təbiidir ki, hər bir valideyn məsləhətləri ilə övladlarını düzgün həyat tərzinə istiqamətləndirməyə və öz ülvi hisslərini onlara çatdırmağa çalışır. Bu istiqamətləndirmə isə gənclərin daxili-mənəvi tələblərinə uyğun olmalıdır. Belə istedadlı gənclərdən biri Azərbaycan təsviri incəsənətini öz rəngləri və fəlsəfi duyumları ilə kətan və kağız üzərinə köçürən rəssam Nərmin Quluzadədir. Onun rəsm əsərləri Muzey Mərkəzində təşkil olunan sərgiyə təşrif buyuran insanların çoxunu heyrətləndirdi.
Uşaq yaşlarından rəssamlıq sənətinə aşiq olan Nərmin öz istedadını gec-tez təqdim etməli idi. Çox xoş oldu ki, belə bir təqdimat mərasimi xalqımızın tarixini, mədəniyyətini və ənənələrini özündə birləşdirən el bayramı Novruz ərəfəsində ərsəyə gəldi. O, öz rəsm əsərlərində həyata, insanlara sevinc bəxş edən güllərə üstünlük versə də, bir çox ölkələrdə tanınmış “Cücələrim” mahnısını sanki canlandıraraq, bir səadət kimi təsvir etmişdir. Əsərlərində natürmort və işıqlı rənglərdən istifadə etməsi Nərminin dünyaya, insanlara sevinc, sülh bəxş etmək istəyindən irəli gəlir.
Düşünürəm ki, Nərmin dünyaya özünəməxsus baxışları, istedadı ilə Azərbaycan incəsənətinin bir çox ölkələrdə tanınmasında öz əməyini əsirgəməyəcək və hər zaman rəsm pəncərəsini sənətsevərlərin üzünə açacaq.
Çingiz ABDULLAYEV,
kulturologiya elmləri doktoru
525-ci qəzet.- 2010.- 19 mart.- S. 7.