Daş yağan gün
Roman
Əvvəli ötən
saylarımızda
Kenquru barədə
əzbərlədiyim şerdən başqa heç nə
bilmirdim. Ona görə
də Nəcinin verdiyi suallar cavabsız qalırdı. Bircə
kenqurunun şəkildə gördüyüm qamçı
kimi uzun quyruq, qabaq ayaqları dal ayaqlarından azı iki-üç
dəfə gödək olduğu, pələ
qulaqlarının yana sallandığını deyə
bilirdim, vəssalam. Cavablarım Nəcinin ağlına
batmırdı, axırda mənimlə belə bir şərt
kəsdi:
– Bilirəm, dərs vaxtı
atangilə getməlisən. Çünki orda məktəb
var. Məktəbdən öyrən gör, kenqurunun əti yeməlidir,
yoxsa murdardır? İldə neçə bala doğur? Ona
canavar bata bilər? Sonra ayağın buralara düşəndə
mənə danışarsan.
Mən də
razılaşıb bu barədə ona söz verdim. Onu
inandırmaq üçün hələ bir atamın
canına da and içdim.
Günlərin birində yenə
də gördüm ki, Nəci sürünü Arıq dərənin
boğazındakı sucuqluğa verib, özü də
Sarı qayanın üstündə üzü Köhnə Həsənliyə
tərəf dayanıb tütək çalır. Evdəkilər
bilməsin deyə mərəyin arxa tərəfindən əyilə-əyilə
keçib özümü Nəciyə yetirdim. Məni görəndə
elə sevindi ki! Sonra dağdan-arandan xeyli söhbət elədik.
Onun qulağı məndə olsa da, fikri Köhnə Həsənlini
əhatə edən dağlarda, təpələrdə idi.
İndi onun iki tütəyi vardı. Təzə düzəltdiyi
tütəyin səsi o qədər də xoşuma gəlmirdi.
Bunu Nəci də hiss edib alabəzək tütəyini
çalmağa başlayanda, göyün üzü
damarlandı. İldırım çaxdı, yer silkələndi,
bayaqdan yağan sakit yağış daha da şiddətləndi.
Nəci tez sürünün dal-qabağını kəsib
Sarı qayanın altındakı kahalara saldı.
Yağış səngimək bilmirdi. Biz kahanın bir
küncünə çəkilib söhbət eləyirdik. Nəci
dedi ki, təzə tütəyi çayın
aşağısında bitən qarğıdan düzəltmişəm.
Alabəzək tütək Köhnə Həsənlinin
qabağında bitən qarğıdandır. Nəcidən bu
sözləri eşidəndə xəyallandım. Babam həmin
qamışlığı mənə göstərib
demişdi ki, ermənilər kəndə hücum çəkəndə,
adamların çoxu qaçıb bu qamışlıqdan
keçəndə, uşaqlı-böyüklü
hamısı qırılıb. Bir nəfər belə o taya
addamağa macal tapmayıb. Ağlıma gəldi ki, Nəcinin
alabəzək tütəyi də Köhnə Həsənlilərin
qanı ilə suvarılıb. Yəqin elə ona görə
də alabəzək tütəyin səsi adamı
yandırıb yaxır. Alabəzək tütək
çalınanda Nəcinin gözlərində sübh
çağının şehi kimi yaş damcıları gilələnirdi.
Özümdən asılı olmayaraq məni də qəhər
boğurdu. Yəqin bu yağış da Köhnə Həsənlinin
kövrək göylərdən tökülən göz
yaşlarıdır. – Öz-özümə
düşündüm. Ancaq ağlıma gələn bu fikirləri
Nəciyə deyib, onun dərdini daha da artırmaq istəmədim.
Yağış kəsəndən sonra hava bir qədər
ayazıdı. Köhnə Həsənli tərəfdən gələn
bir tala boz duman Təzə Həsənliyə yayıldı,
sonra yavaş-yavaş sürünüb, altına
sığındığımız Sarı qayanın
üstündən uzaqlara çəkildi. Bu, bəlkə də
ermənilərin Köhnə Həsənlidə
qırdığı günahsız insanların narahat ruhu
idi. Uşaq olsam da, kəndin dünyagörmüş
adamlarından eşitmişdim ki, insan ölsə də, ruhu
yaşayır və Köhnə Həsənlinin
xarabalıqları üzərində cövlan edən duman,
çən yüz illər burada yaşayıb-yaradan, indi yox
olan insanların incikli ruhudur. Və ona görə də qanla
suvarılan alabəzək tütəyin səsində
yanıqlı bir inilti vardı. Hər dəfə
çalınanda ruhlar oyanır, yer-göy silkələnib lərzəyə
gəlir.
Hava açılan kimi Nəci
sürünü haraylayıb kahalardan çıxartdı.
Qoyunlar yağışın islatdığı payız otunu
ləzzətlə yeyirdi. Mən bu dəfə Nəcinin
yanına ayrı məqsədlə gəlmişdim. Oxuyub
öyrəndiyim məzəli bir hekayəni Nəciyə
danışmaq üçün fürsət axtarırdım.
Bilirdim ki, şer, nağıl deyəndə dostumun kefi durulur.
Məsələ belə
olmuşdu. Xəlvətə salıb dayımın idarə
kağızlarını qurdalayırdım. Gözüm,
üstündə “Cəlil Məmmədquluzadə”
yazılmış və vərəqləri
saralıb-solmuş bir kitaba sataşdı. Xəlvətə
çəkilib kitabı vərəqləməyə
başladım. “Qurbanəli bəy” hekayəsi diqqətimi cəlb
etdi. Hekayəni oxuyub orada yazılanları nöqtə-vergülünəcən
öyrəndim və Nəciyə danışanda əlini-əlinə
vurub o ki, var qəşş etdi. Sonra dişini
qıcıyıb ucu koğa kimi əyri olan
çomağını başının üstünə
qaldırıb – bəy olmasın, kim olur-olsun, o Qurbanəli bəy
əlimə düşsəydi, nə əzişdirərdim?!
Gopçu oğraş!! Ə, ağzında bəy deyirsən
ey, bəy! Bəy olan kəs də yalançı, gopçu,
ikiüzlü olar?! Məni qınasalar da, düzünü deməliyəm.
Vallah-billah, dünyanı qarışdıran, adamları
bir-birinə vurduran, ortalığa ədavət salan elə o
bəylərdir. Bax, elə erməniləri də fittiyib
üstümüzə salan, kəndi-kəsəyi
yandırıb viran edən o xaçpərəstlərin bəyləridir.
Hansı millət olur-olsun, kasıb-kusuba qalsa, heç vaxt
bir-birinə dəyib-dolaşmaz. Nəyə desən and
içərəm ki, bəy olan yerdə ot da bitməz.
Bütün bu fitnə-fəsadları törədən nənəsinin
əmcəyini kəsən bəylərdir. Əmim deyir ki,
düzdür, bəylərin mərdi də olur. Ancaq
onların çoxundan kişi çıxmaz. Ə, kişi də
bərkə düşəndə atın axurunda gizlənər?!
Nəci Qurbanəli bəyin
barəsində əsib-coşduqdan sonra üzünü mənə
tutdu. Dedi ki, çoban olmağıma baxma, mənim də
özümə görə ağlım var. Çox adam
adını bəy qoyub, vallah, nökərcən qeyrəti
yoxdur.
Nəci heç vaxt bu
cür sözləri işlətməzdi. Qurbanəli bəyin
əhvalatını danışanda elə bil
çönüb başqa adam oldu. İllaf, dünyanın
gedişatından başı çıxan yekə kişilər
kimi əyyar-əyyar sözlər deyirdi. Fikirləşirdim
ki, yox, Nəci də dəyişilib. İndi əmisi
Mikayıl kimi çox şey bilir. Nəcinin xahişi ilə
Qurbanəli bəyin hekayəsini düz üç dəfə
danışdım. Hər dəfə də Nəci gah
gülür, gah da qəzəblənirdi. Sonra da Qurbanəli bəyin
haqqında harfa söyüşlər söyürdü.
Cəlil Məmmədquluzadənin
“Qurbanəli bəy” hekayəsi Nəcini yaman tutmuşdu. Nəci
bir dəfə çəkinə-çəkinə
soruşdu:
– Dayın kimi sən də mənə
yazıb-oxumağı öyrədə bilərsən?
Əvvəlcə bu sual mənə
qəribə gəldi, nəm-nüm elədim. Bu işə
boyun olmaq istəmədim. Nəci isə qır-saqqız olub
yapışdı yaxamdan. Axır ki, onun təkidi ilə Nəciyə
müəllimlik etmək məcburiyyətində qaldım. Nəciyə
dəftər-karandaş tapdım. Ona yal-yamacda, qayaların
kölgəsində, daş kahalarda əlifba dərsi
keçməyə başladım. Nəci zehinli olduğundan,
yazı-pozuya hədsiz həvəs göstərdiyindən,
axır ki, arzusuna çatdı... Ordan-burdan kitab tapıb Nəciyə
verirdim. O, qalın-qalın kitabları birnəfəsə
oxuyurdu. Oxuduqlarını da əzbər
danışırdı. Nəci kitab düşkünü
olmuşdu. Əlinə qəpik-quruş düşəndə
əmisindən gizli rayon mərkəzinə gedənlərin
birinə pul verib kitab gətizdirirdi. Oxuyub-yazmaqda mən onun
yanında yalan olmuşdum.
Bir gün Nəci qoyun-quzunu
Təzə Həsənlidən xeyli aralıda, neçə-neçə
kənd-kəsəyi bir-birinə calayan el yolunun kənarında
otarırdı. Hərdən tütək çalır, gəlib-keçən
yüklü dəvələrə, atlı-ulaqlı
yolçulara baxırdı. Torpaq yolda şütüyən
üstü budkalı maşın ona yaxınlaşanda yolun kənarına
çıxıb dayandı. Sürücü kabinədən
düşüb təpiyinin ucu ilə təkərləri
bir-bir yoxladı. Sonra isti buxar qalxan motora su tökdü. Nəci
tanımadığı sürücüyə yanaşıb
salamlaşdı. Maşının örtülü
kuzasının üstündə “avtodükan”
yazılmışdı. Sürücü budkanın
qapısını açanda qəfəsələrdəki
cürbəcür parçalar, paltarlar, qənd kisələri
onun diqqətini cəlb etdi. Üst qəfəsələrə
çoxlu dəftər-kitab yığılmışdı.
Sürücü çobanın marağını hiss edib ona
tərəf baxmadan soruşdu:
– Bəlkə bir şey
lazımdır?
– Kitablara baxmaq olar?!
– Olar, olar! Niyə olmur? Sən
kitab oxuya bilirsən?
– Niyə oxumuram, xoşum gələn
kitab olsa...
– Buyur, hansı kitabı
deyirsən, rusca, azərbaycanca...
– Azərbaycanca olan
kitabları göstərin.
Nəci
dükançının göstərdiyi kitablardan
üçünü seçib götürdü. Əlini
cibinə salanda pərt oldu. Paltarını dəyişdiyindən
olan-qalan pulunun hamısı evdəki pencəyin cibində
qalmışdı. O, xəcalət çəkə-çəkə
kitabları geri qaytardı. Birdən ağlına nə gəldisə,
özündən on beş-iyirmi yaş böyük olan
satıcıya çəkinə-çəkinə:
– Əmi, cibimdə pul yoxdur,
pulum yadımdan çıxıb evdə qalıb, – dedi. – Əvəzində
bir südəmər quzu versəm götürərsən?
Üç aylıqdır.
Bu söz satıcıya
göydəndüşmə oldu:
– Götürməyinə
götürərəm. Axı, quzunun pulu çox eləyir.
– Eybi yoxdur, elə
hamısına kitab verərsən.
Onlar razılaşdılar. Nəci
xeyli kitab seçib götürdü. Sonra əkiz quzulardan
birini tutub satıcıya verdi. Avtodükanın
satıcısı soruşdu:
– Adın nədir?
– Nəcəf.
– Atan nə işlə məşğul
olur?
– Atam yoxdur.
– Anan?
– Anam da yoxdur.
– Bacı-qardaşın?
– Bacı-qardaşım da
yoxdu. Hamısını o vaxt ermənilər qırıb.
– Allah hamısına rəhmət
eləsin. Qəbirləri nurla dolsun.
– Onların heç qəbirləri
də yoxdu.
– Bəs bu qoyunlar kimindir?
– Əmimindir. Onun
qoyun-quzusunu otarıram.
Satıcı mütəəssir
oldu. Onun qolları boşaldı. Qucağındakı quzunu Nəcinin
özünə qaytardı. Quzu hoppanıb sürüyə tərəf
qaçdı. Satıcı söhbəti davam etdirmədi.
Bircə onu dedi ki, pul lazım deyil. Kitabları sənə
bağışlayıram. Satıcı bunu deyib pəjmürdə
görkəm aldı və maşının kabinəsinə
keçərək:
– Qəm eləmə. Allah kərimdir,
axırı yaxşı olar. Ermənilərin evi
yıxılsın. O vaxt çoxlu kəndi xaraba qoyublar, –
deyib motoru işə saldı.
Hər dəfə Nəcinin
yanına gedəndə əvvəlcə təzə
aldığı və oxuduğu kitablardan həvəslə
danışırdı. Sonra mənə səxavətlə
qonaqlıq verirdi. Qara qoyunlardan birinin südünü
çantasındakı mis cama sağıb, sonra da
bulağın gözünə qoyub sərinlədirdi.
Yarım litrə qədər südü
köpüklü-köpüklü başıma çəkib
ləzzətlə içirdim. Nəci deyirdi ki, qara qoyunun əti
də, südü də dadlı olur. Nəci mənə
göstərdiyi qonaqpərvərlikdən məmnunluq duyurdu. Və
hərdən kefinin duru vaxtında, bəzən də kədərli
anlarında alabəzək tütəyinə dəm verirdi.
Onda bütün quşlar susur, dağlar sükuta dalır,
ora-bura dazıyan qoyun-quzu yerlərindən tərpənmədən
sakit-sakit otlayıb, hərdən Nəciyə tərəf
qulaqlarını şəkləyirdilər. Sürünün
həndəvərində hərlənən itlər də səslərini
çıxarmadan hərəsi bir tərəfdə
şöngüyüb altdan-altdan Nəciyə
baxırdılar. Təzə tütəyin səsi isə
başqa cür çıxırdı. Adamın canına
yatmırdı. Qanla suvarılan alabəzək tütəyin səsində
Köhnə Həsənlilərin iniltisini, fəryadını
duyurdum və mən özüm də Nəcinin qəlbindən
qopub gələn bu nalənin sehrinə düşüb erməni
cəlladlarına nifrət edirdim. Günlərimin çoxu Nəcinin
yanında keçirdi. Bunu evin böyükləri də bilir,
lakin etiraz etmirdilər. Əksinə, deyirdilər ki, Nəcəf
saf uşaqdır. Çoban olsa da, ağsaqqalın,
ağbirçəyin yerini biləndi. Heyləsindən adama
ziyan gəlməz.
Heç bir mədəni-maarif,
ictimai-iaşə, tibb ocağı, radiosu, telefonu, elektrik
işığı olmayan Təzə Həsənlidə
camaat azar-bezarın nə olduğunu bilmirdi. Kəndə illərlə
həkim ayağı dəymirdi. Cavanlar böyüklərin
yolunu saxlayırdı. Qonum-qonşu bir-birinə can deyib, can
eşidirdi. Adamlar arasında dəyintili, qan qaraldan
söz-söhbət olmazdı. Tək-tük adam
tapılardı ki, oruc-namazından qalsın. İbadətə
biganə olanlara ağıldan kasad kimi baxırdılar. Təzə
Həsənlinin yazılmamış orfoqrafik və izahlı
lüğətində, yalan, yaltaq, kin-küdurət,
oğurluq-əyrilik, şər-böhtan kəlmələri
yox idi... İnsanların xasiyyəti bu yerlərin təbiəti,
torpağı, suyu, ab-havası kimi pak və bakirə idi.
İnsanlar yüzdən artıq ömür
sürürdü. Kənddə neçə ildən bir
hüzr yeri düşür, ağı səsi eşidilirdi. Və
mənə elə gəlirdi ki, kənddə adamlar
ölmür, bax, elə o dağlar, qayalar kimi əbədi
yaşayır.
Orası var ki, qaranlıq
çökəndə kəndin ətrafında ac canavarlar,
tülkü və çaqqallar tüğyan eləyirdi. Ona
görə də hərə qapısında bir və ya iki
qanıq it saxlayırdı. Elə itlər ki, sahibi
qabağını almasa, atlını atdan salır,
piyadanı yolundan eləyir. Di gəl ki, o cür sərt itlər
qadınla uşağa dəyib dolaşmırdı. Nəcinin
dediyi kimi, qadına, uşağa cuman iti heç kəs
qapısında saxlamazdı, dərhal aparıb
azdırardı. Bir də ki, kürsək vaxtı köpəklə
qancıq kənd arasında, adamların gözü
qarşısında açıq-aşkar bir-birinə səmtiməzdi,
dalda bir yerə çəkilərdi... İndi
sivilizasiyanın “fantan” vurduğu bəzi-bəzi dəbdəbəli
şəhərlərdə, günün-günorta
çağı intim hisslərin əsirinə çevrilən
açıq-saçıq geyimli nazlı-qəmzəli
qızların, elə dulların da, kişi qiyafəli gədə-güdələrin,
ədəb normalarına sığmayan və ikrah hissi
doğuran davranışlarının şahidi olduqca, on bir
evli Təzə Həsənlidə gördüklərimi
xatırlayıb təəssüf hissi keçirirəm. Təzə
Həsənlidəki belə-belə adət-ənənələr,
eyni cinsdən olanların nikahına xeyir-dua verənlərin və
bunu insan azadlığının təntənəsi kimi mənalandıran
bəzi-bəzi avropalıların çətin ki, xoşuna gəlsin.
Və Qərb sivilizasiyasının eybəcərliklərini,
mədəniyyət kimi əxz etməyə həvəs
göstərən özümüzünkülərin də,
Təzə Həsənlinin adət-ənənələrinə
ağız büzəcəklərinə şübhə
etmirəm. Bir də ki, Nəcinin çaldığı
tütəyin səsini anıb-anlamayanların təfəkkür
tərzi başqa cür ola da bilməz.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 19 mart.- S. 6.