İslam mədəniyyətinin Qərb
mədəniyyətinin inkişafına təsiri
Qərb mədəniyyəti
sözündən məqsədimiz bu gün dünyada hakim
olan Qərb maarifi, elm və texnologiyasıdır. Bizcə,
bunların meydana çıxmağında və
inkişafında İslam maarif və mədəniyyəti ən
böyük rolu ifa edib. Avropa və
İslam mədəniyyət tarixlərinə bir baxış
bizim görüş və fikirlərimizi sübut etməyə
kafidir. Biz bu məqaləmizdə daha
çox Qərb qaynaqlarına, qərbli müəllif və
alimlərin yazılarına əsaslanmağa
çalışacağıq.
Bildiyimiz kimi,
bugünkü sivilizasiyanın əsası və təməli
elmə dayanmaqdadır. Ona görə biz İslam dini və məktəbində
elmin, alimlərin dəyərini, yerini Qurani-Kərim və Həzrəti
Məhəmmədin (s) dilindən bəyan etdikdən sonra
bugünkü Qərb sivilizasiyasının inkişafında
müəssər olan İslam maarifindən və nümunə
olaraq bəzi islami kəşflərdən bəhs edəcəyik.
İslam dinində
bütün xalq və millətlər bir və bərabər
sayıldığı halda, alim ilə cahil arasında fərq
qoyulub. Aşağıda
yazdığımız ayə bu məsələni
açıq şəkildə ifadə etməkdədir: “Həll
yəstəvi əlləzinə yələmunə vəlləzinə
la yələmun, həll yəstəvi əlzulimat və`nnur,
həll yəstəvi əlamai və`lbəsir, am keyfə yəstəian”.
(Alim ilə cahil bir olurmu, işıq ilə qaranlıq
birdirmi, kor ilə görən bərabər olarmı, (bunlar)
necə bir ola bilərlər?)
Bu mövzuda Türkiyənin
böyük şairi Mehmet Akif Qurandan ilham alaraq belə
demişdir:
Heç bilənlərlə
bilməyənlər bir olurmu,
Olmaz ya, biri
insan, biri heyvan.
Öyle isə cəhalət
denilən yüz qarasından
Qurtulmağa əzm etməli
başdan-başa millət
Kafimi, deyil
yoksa bu son dərsi-fəlakət.
Qurani-Kərimin nazil olan ilk
ayəsi (İqra) “Oxu” sözü ilə başlayır:
“İkra biismi rəbbikə`lləzi xələqu” (Yaradan
Tanrının adı ilə oxu). Quranda Tanrı
qələmə və qələmin yazısına and
içir. İslam yeganə dindir ki, elm və biliyi ibadətdən
də üstün tutur, peyğəmbərimizə istinad edilən
hədislər bu məsələni gözəl bir şəkildə
bəyan etməkdədir:
Təhsil
müqəddəs cihaddır.
Alimlər
Tanrının etimad etdiyi kimsələr və Peyğəmbərlərin
varisləridir.
Elmindən
faydalanan alim min zahiddən yeydir.
Elm dərəcəsi
ən yüksək dərəcədir.
Alimlərin
mürəkkəbi və şəhidlərin qanı
ölçüldü, birinicisi daha ağır gəldi.
Hər
şeyin bir yolu var, cənnətin yolu elmdir.
Cəhalətdən
qorxulu və pis yoxsulluq yoxdur.
Övlad
üçün ən qiymətli miras yaxşı təhsildir.
Alim ol və ya
şagird və ya dinləyici və ya alimin dostu, sakın
bunlardan başqa olma ki, məhv olarsan.
Həzrət Əli (ə)
bu barədə belə deyib: “Ən nasu muallim avmutəllimvə`lbaqi
kalhiməc”. (Xalq ya müəllim və ya
şagirddir, qalanı zir-zibildir).
Burada bir
nöqtəyə işarə etmək lazımdır ki, Qərb
dünyasının ərəb mədəniyyəti adı ilə
adlandırdığı mədəniyyət İslam mədəniyyətidir
və bu mədəniyyətin yaranmağı və
inkişafında iranlılar və türklər, başqa
müsəlman millətlərdən daha çox
çalışmışlar. (Asəf Feyzi, Hindli müəllif).
İndi İslam və
dünya mədəniyyət tarixinə bir ötəri nəzər
salaq:
Bildiyimiz kimi,
kağız elm və maarifin əsasını təşkil edən,
insanların fikir və yaradıcılıqlarını əks
etdirmək və çatdırmaq üçün ən əlverişli
vasitədir. Kitab və məqalə yazmaq, onları xalqa
çatdırmaq üçün çox miqdarda və ucuz
qiymətdə kağız əldə etmək zəruridir.
Bu gün ucuz və asan şəkildə
avropalıların əlində olan bu qiymətli vəsilə
(kağız) müsəlmanlar tərəfindən icad olub,
Avropaya aparılıb. Əlbəttə,
çinlilər miladi 105-ci ildən ipək və ya barama
qozasından kağız istehsalını öyrəniblər.
Lakin ipək sənətinin
bahalılığı və Çin ilə Orta Asiyaya məxsus
qaldığı üçün həmin kağız
Avropaya çatdırıla bilməyib. Professor Jak Risler
–
İlk
kağız istehsal fabrikası 794-də Bağdadda quruldu. Sonra Misirdə
və 12-ci əsrdə Əndəlüsdə xədiv
kağız fabrikaları quruldu. Avropanın
qərb məntəqəsi möhtac olduğu kağızı
bu fabrikalardan təmin edərdi, lakin Şərqi Avropaya
kağız Şamdan gələrdi.
“Mədəniyyət tarixi”
adlı kitabın müəllifi məşhur Vil Durant bu barədə
belə yazır: “İlk kağız fabrikası – “kargah və
atelye” 794-də Bağdadda İranlı Əlfəzl Bərməki
tərəfindən quruldu və kağızqayırma
texnikası müsəlmanlar vasitəsilə Siciliya və
İspaniyaya aparıldı. Oradan İtaliya və
Fransaya yol tapdı. Ucuz və çox
miqdarda kağız istehsalı bol miqdarda kitab tədarükünü
asanlaşdırdı. Belə ki, onuncu əsrdə
Deyləmilərin vəziri olan Sahib ibn İbadın şəxsi
kitabxanasında Avropa kitabxanalarının məcmusu qədər
kitab var idi. Fransanın məşhur şərqşünası
Qustav Löbonun yazdığına görə, Qortobada
(Kordova) Əməvi xəlifə olan İkinci Əlhakimin
kitabxanasında altı yüz min kitab var idi. Halbuki, 400 il ondan sonra Fransa padşahı olan beşinci
Şarlın kitabxanasında ancaq 900 kitab vardı. Qustav
Löbonun dediyinə görə, islam
kağızı dünya mədəniyyət tarixində yeni
bir dövr açıb. Əgər kağız, barıt və
qütbnamə kimi islam mirasları
olmasaydı, Renessans nəhzəti (hərəkatı) necə
yarana bilərdi? Əgər müsəlmanlar
olmasaydı, Qərbdə elmi renessans əsrlər boyu gecikəcəkdi.
Kitab
çapının və mətbuatın da kökü
islamidir.
Professor Risler bu barədə belə yazır: “Səlib əhli
(xaçpərəstlər) qumaş (parça) üzərinə
vurulan taxta qəliblərlə basma çap texnikasını
Misirdə müsəlmanlardan öyrəndilər, bu texnika
Avropada çap texnikasının əsasını təşkil
edib, onun inkişafına səbəb oldu. O zaman basma çap Əndəlüsdə
də inkişaf etmişdi. Qortobada Əbdülrəhman
Münşi rəsmi sənədləri bizə hələ də
məchul qalan vasitələrlə hazırlayırdı.
19-cu əsrdən bəri Qərb
alimləri bu tarixi həqiqəti etiraf etmişlər ki,
bugünkü sivilizasiya əski yunan və roma mədəniyyətinə
bağlı olmayıb, parlaq islam mədəniyyətindən
öz kökünü alıb. (Professor Gotiyer, “Müsəlmanların
əxlaq və ədabı” kitabı, Əlcəzair
Universiteti).
İndi bir az
da elmin müxtəlif sahələrindən bəhs edək,
sözümüzə tibb elmi ilə başlayaq. Professor Risler
bu barədə belə yazır: “Müsəlmanlar tibdə ən
yüksək mövqe və məqamı əldə edib, 500
il dünya tibbinin zirvəsində dayandılar. Bu
sahədə peyğəmbərə istinad edilən 300 hədis
var. Bu hədislərin çoxu yeməkdə etidal və imsaq
etmək, sağlıq, sıhhi (sanitar-gigiyenik) üsullara riayət
etməyə aiddir. Məsələn,
“Taunun olduğu yerə girməyin, orda olsanız, oradan
çıxmayın” tapşırığı bugünkü
karantin anlayışının əsasını təşkil
etməkdədir. Rislerin dediyinə görə,
müsəlmanlar Hippokrat və Calinusun tibbini tərcümə
edib öyrəndikdən sonra kifayətlənməyib, şəxsi
müşahidə və klinik təcrübələrini təşxis
(diaqnoz) və dərman (müalicə) üçün əsas
qərar verdilər. O zamandan bəri tibb təcrübi
elm mahiyyətini qazandı və böyük islam
həkimi Ali İbn Abbasın yazdığına görə
onun tədqiq və təhqiqləri xəstəxanalardan
toplanıb, o zamandan bəri islam mədrəsələrində
tibb, mühəndislik fakültələri və laboratoriya
qurulub.
Vil Durantın
yazdığına görə, ilk islami xəstəxana miladi
704-cü ildə “bimaristan” adı ilə Şamda qurulub və
978-ci ildə bu xəstəxananın 24 həkimi var idi. Tibb dərsləri
xəstəxanada verilirdi. İmtahan vermədən
və diplom almadan həkimlik etmək qadağan idi. Harun ər Rəşid zamanında Bağdadda ilk xəstəxana
quruldu, 10-cu əsrdə orada daha 5 xəstəxana
yaradıldı. Belə nəzərə gəlir
ki, bu xəstəxanaların bərpa edilməyində Condi
Şapurdakı universitet xəstəxanasından
faydalanıblar.
Professor Jorj
Rivar “İslamın siması” adlı kitabında deyir ki,
müsəlman həkimləri ən çox cərrahlıqda
məharət qazandılar. İslam cərrahları
11-ci əsrdə katarakt, məsanə daşı, kotrizasyon
(dağlamaq) əməliyyatlarını bilir, uyutmaq (anesteziya)
və uyuşdurmaq (lokal anesteziya) üçün “İvraie təlxə”,
buğda və xaşxaş işlədirdilər. Qurtubəli Abbas oğlu Əbülqasım xələf
bir çox cərrahi alətlər düzəltmiş və
cərrahlıqla işlətmişdir. Farmokoloji
və tibbdə işlənən maddələrin elmi tədqiqi
də islamda başlanıb. V.Duranta görə, İbn
Sina ən böyük müəllim, Razi ən böyük həkim,
Cabir (İmam Cəfər Sadiqin (a) şagirdi) əski
zamanın ən böyük şimisti (kimyaçısı)
sayılır. İbn Sina və Razinin əsərləri
bugünkü tibbin əsasını təşkil edib, əsrlər
boyu qərb tibb məktəblərində oxunub.
Gotiyerin “Müsəlmanların
əxlaq və ədabı” adlı kitabında yazılıb
ki, orta əsrlər və renessans dövründə Avropa
Boqrat və Calinusdan çox islam həkimlərini
təqib edib. Razi (850-932) əlli il
Bağdadda həkimlik edib, onun əsərləri 16-18-ci əsrlərdə
dəfələrlə latın dilinə tərcümə
edilib.
İbn Sina tibb
sultanı hesab olunur və dəyəri Razidən də
artıqdır. Onun “Qanun” adlı tibb kitabı
Avropanın bir çox dillərinə tərcümə
edilib. Bu iki həkimin kitabları 17-ci əsrə
qədər tibb tədrisatının əsasını təşkil
edib. “Qanun” əsrlər boyu Avropanın dərslik
kitabı və həkimliyin müqəddəs kitabı olub.
Razinin çiçək və qızılca
haqqında kitabları xəstələrin klinik müşahidəsi
və təhlili ilə yazılıb. Bu
kitablar yoluxucu xəstəliklər haqqında yazılan ilk
elmi əsərlərdir. Bu iki əsərin
ingiliscə tərcümələri 15-19-cu əsrlərdə
40 dəfə nəşr edilib.
Tibb elmi və həkimlik islam məktəblərindən İtaliyada
Salerin və Fransada Montpelier tibb məktəblərinə
keçdi. Salerin məktəbi 9-cu əsrdə
Şarl Mayn tərəfindən quruldu və 3 əsr
Avropanın tibb mərkəzi oldu.
Riyaziyyatın
da tibb kimi islami kökü vardır. Riyaziyyat və hesab
elminin əsasları əşari rəqəmlər və
sıfır üzərində qoyulub. Avropada 13-cü əsrin
ortasına qədər riyazi ədədlərin yerinə latın hərflərindən istifadə
edilirdi. 1 yerinə I, 2 yerinə II, 3 yerinə
III, 5 yerinə V, on yerinə X və 100 yerinə C işlənirdi.
Risler, Sedilot (Sedillot) və Vil Durantın
düşüncələrinə görə, əşari rəqəmlər
və sıfır müsəlmanların kəşfidir.
İlk dəfə 9-cu əsrdə işlənib,
yanlış olaraq hindi rəqəmlər
adlanıb. İbn Əhmədin 976-da “Məfatihu`l
ulum” kitabında təklif etdiyinə görə, əşarat
(onluqlar) cədvəlində (xanə) bir ədəd olmasa, tərtibi
qorumaq üçün kiçik bir dairə
qoyulmalıdır. Bu dairəyə ərəbcə
sıfır (boş) deyildi, latınca, italyanca tərcümələrində
zero (zero) adlandı.
Ədəd mənasına
gələn şifrə (shiffre) sözü də buradan
çıxdı. Gotiyerə görə, Uqlidüsün
adı böyük görünür, lakin qərblilərin
riyaziyyat müəllimi müsəlmanlar olublar.
19-cu əsrdə
müqayisəli riyaziyyat tarixi mütəxəssisi olan
professor Sedillot öz kitabında yazır ki, müsəlmanlar
heyət (astronomiya) elmində işlədikləri
üçün onların riyaziyyata əlaqələri
çox təbii olub, bu sahədə çox
çalışıblar, belə ki, onları öz müəllimlərimiz
saya bilərik.
Onlar yalnız hesab, həndəsə və cəbrdə
yox, optika və mexanikada mühüm nailiyyətlər əldə
etdilər.
Müstəmiəratı
elmlər akademiyası üzvü Artur İlqren “Dünyada
islam” adlı kitabında belə yazır: orta əsrlərdəki
Məsihi (xristian) alimlər riyaziyyat müsəlmanlardan
öyrəndilər, amma çox keçmədən öz
müəllimlərindən qabağa keçdilər.
Ən mühüm müsəlman
riyaziyyatçıları bunlardır:
Əl-Xarəzmi
(Muhəmməd bin Musa, miladi 780-850-də yaşayıb)
üsturlabı ixtira edib. Muhəmməd əd-Bətani
(miladi 972-də ölüb), Günəş və Ayın hərəkətlərini
hesablayıb və qeyd edib. Abbas ibn Fiynas
bülluru düzəltmiş, ayrıca bir təyyarə
düzəldərək, havada bir qədər məsafədə
uçmuşdur. Heyətşünaslardan Əbu
Yunus və Əbülabbas Fərqanidən də bəhs
olunur.
Vil Durant Xarəzmi
haqqında deyir ki, onun beş elm sahəsinin
inkişafında böyük xidmətləri olub. Əvvəldən ərəb və hind rəqəmlərini
tədqiq edib, kosmoqrafiya cədvəli hazırlayıb.
Ən əski
triqonometri (məsəlləsat) cədvəlləri onun əsəridir. 69 alimin həmkarlığı
ilə coğrafiya ensiklopediyasını Məmun xəlifə
üçün yazıb. İkinci dərəcə
maddələrin (tənlik) təhlil və həndəsi həll
etmə yollarını öz cəbr və müqabilə
kitablarında göstərib. Bu kitabın ərəbcə
mətninin itməyinə baxmayaraq, onun latınca tərcüməsi
miladi 12-16-cı əsrlərdə Avropa universitetlərində
dərslik kitabı və mənbə sayılırdı.
Beləliklə, cəbr kəlməsi aljebr
şəklində Avropa kitablarına girib. Cəbrin həndəsəyə tətbiqi də
9-10-cu əsrdə Qaraoğlu Sabit tərəfindən
aparılıb. Professor Gotiyer deyir ki, islam
mədəniyyətinin inkişafı durandan sonra biz
avropalılar islam mədəniyyətinin verdiyi məlumat və
gətirdiyi vasitələrdən faydalanaraq yeni mədəniyyəti
qurmağa başladıq. Bu da bizə əski
yunanda (olimpiya yarışı) müqəddəs məşəlin
əldən-ələ keçməyini yada salır. Vil Durant triqonometri (məsəlləsat) haqqında
yazır ki, Bətani Batlimiusun mürəbbe həll yolu yerinə
məsəlləsi həll yolunu təklif etdi və vətən
(hipark) yerinə cieybi (sinus zaviyəsi) qoydu və bu gün
raic olan nisbətləri təqdim etdi.
Heyət
(astronomiya) elmində də müsəlmanlar tədqiqatlarında
tərəssüd müşahidə və təcrübəni
əsas qəbul etdilər, böyük nailiyyətlər
qazandılar.
Heyət elmi müsəlman alimlərinin diqqətini
cəlb edən ilk elm sahəsi olub.
Vil Durant Əbu Reyhan Biruni
haqqında belə yazır: “Bu alim Yerin yuvarlaq olduğuna
inanırdı, Yerin cazibəsini kəşf və sübut
etdi. Onun fikrinə görə, heyətin əsasını
Yer kürəsinin vəzi və dövranı hərəkəti,
yəni Günəşin dövrəsinə
dolaşmağına əsaslanmaqla və ya əksinə izah və
tərcih etmək olar.
Rislerə
görə, üsturlab müsəlmanlar tərəfindən
ixtira edilib və düzəldilib, 10-cu əsrdə Avropaya gətirilib,
17-ci əsrdə qədər dənizçilər tərəfindən
işlədilib.
İslam alimlərinin
kitabları İspaniyada ərəbcədən latın
dilinə tərcümə edilərək əsrlərcə
avropalıların dərslik kitabları oldu.
Musiqi dəxi
İslamın altun dövründə inkişaf etdi və
riyaziyyatın bir şöbəsi kimi tədqiq edildi. Avropa müəlliflərinin
çoxları İslam musiqisinin qaynağını qədim
Türküstan musiqisi və qaraçıların musiqisi
bilirlər.
5-ci əsrdə
Beşinci Bəhramın dəvəti ilə bir çox
qaraçılar Hindistandan İrana gəldilər, bu şəkildə
qaraçı musiqisi İrana gəldi, 9-cu əsrdə əsli
Musul kürdlərindən olan məşhur müsəlman
musiqişünası Zəryab bu musiqini Qurtubaya apardı. 10-cu əsrdə əsli
türk (oğuz) olan böyük islam
filosofu və musiqişünası Fərabi (Əbunəsir
Muhəmməd bin Tarxan bin Özluq) bu məqamları elmi
şəkildə tədvin etdi. Fərabi “Əl-musiqi”
kitabında Fisağorisin yanlış olan musiqinin asimanı
(cosmotic) mənşəyini (ulduzlar və göy kürələrinin
ahəng məqamati) rədd edir və musiqi səslərinin
icadını havanın titrəməyinə və bu titrəmələrin
dalğa uzunluğuna bağlayır. Təcrübəyə
əsaslanan bu kəşfin nəticəsində musiqi alətlərinin
qayırılmağında ehtiyac olan qaydaların sübutuna
müvəffəq olur. Bu nailiyyətlərin
nəticəsində müsəlman İspaniya və Portuqalda
musiqi inkişaf etdi.
Vil Durantın
yazdığına görə, müsəlmanlar 7-ci əsrdən
sonra qaydaya dayanan musiqi əsərləri yazmağa
başladılar, səslərin ucalıq və uzunluğunu da
sübut etdilər. Belə əsərlər 12-ci əsrin
sonuna qədər Avropada tanınmamışdır. Ona
görə də Avropa musiqisi 12-ci əsrdən sonra islam musiqi təsiri altında yaranıb.
Ədəbiyyat
barədə vəziyyət eynidir. İngilis müəllifi Şarl
Miller “Muhəmməd (s.səlləm)in
tarixi” kitabında belə yazır: “Ədəbiyyat İtaliya
və İspaniya yoluyla Avropada yayıldı. İspaniyada
əski romanlar tamamilə islami fikirlər təsirilə
yazılıb. Fransız xalq şeirindəki
eşq cazibəsi, düşüncə və duyğunun həmahənglik,
adət və ənənələrin əfsanəvi incəliyi
və qadınların səciyyəvi xüsusiyyətləri
şərq şeirindəkinin eynidir. Qafiyə
daxi islami şeirlərlə Qərbə gəlib.
Şovalye
dastanlarında daxi islam qəhrəmanlarından ilham
alınıb”.
J.Barru 1842-də çıxan “Müsəlman millətlərin
tarixi” adlı kitabında yazır ki, islam
mərdlik ruhunu din ilə birləşdirdi, bu mərdlik ruhu
bütün müsəlman millətlərin ədəbiyyatında
təcəlli etdi, onların vasitəsilə avropalılara
aşılandı.
Risler bu barədə
deyir ki, Əndəlüsdə şeir ümumi bir adət kimi
yayılmışdı, hətta hakim və əmirlər də
şeir söyləyirdilər. 8-ci əsrdən sonra
platonik eşq və duyğu ərəb şeirinin əsas
temalarını təşkil edib. 11-ci əsrin
sonlarından bu temalar Fransanın cənubundan Avropaya gəldi.
Fransız xalq şairləri qurtubalı və zəccacəli
müğənnilərini təqlid edirdilər.
İspaniya həmasi
romanları və Don Kixot dastanının mənşəyi də
islami imiş.
Servantesin fikrinə görə, dastanın əsli
ərəbcə yazılıb. Dante daxi “İlahi
komediya”sındakı bir çox gözəl səhnələri
yazıb-yaradarkən ilhamını islam
filosof və mütəsəvvifi İbn Ərəbidən
alıb. Bu ədəbi mənzumədə calib
və əfsanəvi behişt və cəhənnəm
parçaları islami ədəbi obrazlarla doludur.
Memarlıqda
daxi qərb islama borcludur. Məscid ilk islami sənətin
nümunəsidir.
Məscidin ilk
nümunəsini Peyğəmbər (s) Mədinədə
verib. Səadət məscidi peyğəmbərin nəzarəti
ilə 50 metr mürəbbəlik (kvadrat) bir yerdə tikildi.
Memarlıq sənəti məscid və başqa binaların islam ölkə və şəhərlərində
tikilməyilə inkişaf etdi.
Professor J.P.Ru (Raux) “Qərbdə
islam” adlı kitabında islam memarisinin
böyük kilsələrdə izləri barədə belə
yazır: “İspaniyada Toledu şəhərində tikilən
Santa-Mariya Blanka kilsəsinin binasında islam memari şəkilləri
işlənib. Bu ölkə də islam
memarisini təqlid edərkən kilsə və tarixi
binaların tikilməyində müsəlman əsirlərdən
də istifadə edilib. Məscidlərin minarələrindən
kilsələrin zəng bürclərini yapmaq
üçün faydalanılıb. Belə
nəzərə gəlir ki, Avropanın əsgəri memarisi
daxi islami əsgəri memarisi təsiri ilə vücudə gəlib.
Səlib müharibələrin bu işdə
böyük rolu olub. Məsələn,
Oqumurt istehkamatı Misirdə tikilən Dimat istehkamatından
ilham alınaraq tikilib. Şəhər
memarisində də avropalılar müsəlmanlardan çox
şeylər öyrəniblər, məsələn, apartman və
çoxmərtəbəli binaların tikilməyində, evlərdə
sərin hava və sulama sistemini qurmaq işlərində
müsəlmanlar önayaq olublar.
Geyim və
zahiri qiyafət işində də qərblilər Şərqdən
təqlid edib bir çox şeylər alıblar. Əski
yunanlılar və romalıların geyimi Quzey Afrikada olduğu
kimi uzun köynək (ihram) imiş. Kot.
şalvar, çəkmə, botun, börk
Orta Asiyadan Avropaya gedib. Bu tarixi həqiqət
19-cu əsrdə Türküstanda qazıntı işləri
görən ingilis, fransız və alman mühəqqiqlər
heyəti tərəfindən kəşf edilib. Türküstandakı əski məbədlərin
divarlarındakı şəkillər (nəqqaşlıq) bu
gün Avropada qadın və kişilərin geyimlərinin
bütün xüsusiyyətlərini göstərməkdədir.
Professor Fon Lecoke (Lökok) bu şəkillərin
nümunələrindən rəngli atlas düzəldərək
1925-ci Berlində nəşr edib.
Davamlı təmas
və mədəni münasibətlər nəticəsində
Qərb dillərinə islami dillərdən bir çox
sözlər və terimlər keçmişdir ki, alkol, əlcəbr
və digərləri onlardan nümunələrdir. Biz məqaləmizi
uzatmamaq üçün verdiyimiz nümunə və misallara qənaət
edirik. Bütün bunları nəzərə alaraq, belə
nəticəyə gəlirik ki, bugünkü Qərb mədəniyyəti
əski yunan və roma mədəniyyətinin ihyası
(oyanışı) və ya tamamilə şəxsi təşəbbüsləri
olmayıb, bəlkə daha çox islam mədəniyyətinin
davamı olub. Bizim ulu babalarımızın
Quran və İslamdan ilham alaraq qurduğu mədəniyyət
Avropaya gedib, orada işlənib, inkişaf edib, bugünkü mərtəbəyə
yüksəlib.
Professor-doktor
Cavad HEYƏT
525-ci qəzet.- 2010.- 19 mart.- S. 7.