On üç günlük həsrət
... Bu da son. Bu da son... Son. Bu
sözləri durmadan öz-özünə təkrar edə-edə
parkda gəzişirdi. Özünün bu qədər aciz, iradəsiz
və müəyyən mənada yazıq olduğuna üsyan
edirdi. Özünü iradəyə, dözümə
çağırırdı: “Fuad... Unut olanları. Bu səndən
asılı deyil. Məsləhət belə imiş. Allah belə
qismət bilib ki, sən ilk baxışdan sevdiyin, sevgisini qəlbində
beş ildir ki, gəzdirdiyin, baxışından əsdiyin,
gülüşündən məst olduğun qadını bir
gün içərisində itirməliydin. . .” İçindəki
ikinci “mən”i ilə söhbət edərək suallara cavab
axtarırdı. Sevinc gedən gündən içindəki
böyük boşluğu heç nə ilə doldura bilmirdi.
Həyatının ilk sevinci olan Sevinclə gəzdiyi park da
ona cansıxıcı gəlirdi. Əvvəllər
düşünürdü ki, şəhərdə bu parkdan
gözəl yer yoxdur. Amma Sevinc gedən gündən hər
şey öz mənasını itirmişdi. Fuada qalan
yalnız ürəyini üzən xoş xatirələr,
yaşadığı günlərin acısı idi. O, hələ
uşaq evində yaşadığı zamanlarda dostu Nizaminin
hansısa kitabdan oxuduğu bir sözü xoşlayardı:
“Deyirlər, insanın hər bir günü dörd fəsilə
bölünür.” Bu fikir onların elə xoşuna gəlirdi
ki, hər gecə gün ərzində yaşadıqları fəsillər
barədə nəticələr çıxarırdılar.
İndi parkın mərkəzində dayanıb Sevincsiz
günlərini fəsillərə bölərək
anlayırdı ki, ancaq qış fəslini yaşayır. Əvvəllər
sevirdi qış fəslini. Amma indi qışdan bezdiyini hiss
edirdi. Keçən ilin qarlı qışını, ayaqdan
başa kimi ağ geyinmiş Sevincini xatırladı. Həmin
gün Sevincin üzündə sanki gəlin məsumluğu
vardı. İçərişəhərdə ağappaq
geyinmiş bu qızla onun heyranı olan oğlan sürüşə-sürüşə,
hərdən lap az qala yıxıla-yıxıla gəzirdilər.
Bir-birinin əllərini hiss etmək üçün əlcəklərini
də taxmırdılar. Sevincin balaca, soyuq əlindən bərk-bərk
tutub buraxmırdı. Ona elə gəlirdi ki, indi Bakıda,
İçərişəhərdə yox, hansısa başqa
bir dünyadadır. Bu dünyada hər şey gözəldir.
Burda nə paxıllıq var, nə yalan... Hər şey
Sevincin geyimi kimi ağ, Sevincin gözləri kimi
işıqlı və şəffaf, qəlbi kimi safdır...
Fuad ötən
qışın həsrəti ilə parkın
ortasındakı həmişə Sevinclə oturduğu
skamyada təkcə oturub düşünürdü: “Hər
şeyin sonu olduğu kimi bu da sənin sonun. 5 ildir ki,
özünü ən bacarıqlı, ən
ağıllı, ən . . . ən ... (çox idi belə “ən”lər)
hesab edirdin. Hər dəfə Sevincin əlindən tutub şəhərdə
gəzəndə yanından ötənlərin
baxışlarını (bəzən də həsəd dolu
baxışlarını) öz üzərində hiss edirdin.
Fəxr edirdin ki, bu sevgi mələyi göndərilib ki, sənə
Yerdə cənnəti göstərsin. Buna görə
özünü böyük və pak bir qəlbin fatehi hesab
edirdin. İndi də düşün ki, hər axmağın
işi deyil 5 il sağ çiynində gəzdirdiyi bu mələyi
bir günün içərisində itirsin. Sən itirdin.
İtkin mübarək olsun sənin, ay analı-atalı
yetim...”
Analı-atalı
sözünü deyəndə yadına valideynləri,
uşaqlığı düşdü. Ömrünün ilk
on ilini çox xoşbəxt yaşamışdı. Uşaq
evinə düşəndə 10 yaşı var idi.. Hər dəfə
bu günü xatırlayanda atasının qəmli gözləri
dururdu gözünün önündə. Bilmirdi kimi
günahlandırsın. Atasından ayrılıb getmiş
anasını, yaxud da analığını. O
axırıncı dəfə atasını görəndə
heç üzünə də baxmaq istəmirdi. Elə bil ki,
Sevincin ondan ayrılmasında da atası idi günahkar.
Düşünürdü ki, bəlkə də atası onu
uşaq evinə atmasaydı, özü onu güclü, iradəli
bir kişi kimi tərbiyə etsəydi bu sevgini qoruya bilərdi.
Bu “bəlkə”lərlə özünü üzürdü.
Yadına ötən gecə düşdü. Sevincsiz
açılacaq 13-cü günün sabahını
gözünü yummadan gözləmişdi: Otağında
oturub köhnə məktubları oxuyurdu. Hər məktubda
sevdiyinin incə və saf qəlbindən gələn dərin
mənalı fikirləri oxuduqca göz yaşları güc gəlirdi
ona. İndi bunların hamısı onun gözlərini
yaşardan, içini yandıran bir xatirə idi. Əlinin
altındakı ağ vərəqdə şəkil çəkməyə
başladı. Qeyri-ixtiyari olaraq şam şəkli çəkirdi.
Amma bu şəkildəki şam çoxdan əriyib
sönmüşdü. Şəkli çəkib
qurtardıqdan sonra düşündü ki, bu onun ümid
şamı idi. Sevincsiz 13-cü günə keçən gecədə
yandı, əridi və söndü. Bunları
düşündükcə bütün həyata üsyan etmək
istəyirdi. Amma yenə də öz gücsüzlüyünə
sığınıb bunu da bacarmayacağını
anlayırdı. Əlinin altındakı yazılmamış
məktublara baxdıqca heyfislənirdi. Hər dəfə
Sevinclə görüşəndə ona boş bir vərəq
aparırdı. Gələn dəfə görüşə gələndə
Sevinc həmin vərəqə görüşmədikləri
günlərdə yaşadıqlarından, düşüncələrindən
yazırdı. İndi qabağındakı vərəqlərə
baxaraq heyfislənirdi ki, bunların hərəsinə bir tarix
yazıla bilərdi. Bu fikirlər onu dəlilik dərəcəsinə
çatdırırdı. Ağ vərəqləri saymağa
başladı. Vərəqlərin sayı 13 idi. 13 gün.
Kaş ki, bu 13 vərəqin hamısı sevdiyi xanımın
incə barmaqları ilə yazılıb doldurulaydı. O da
bunları oxuyub sevinəydi ki, bu qədər sevilir. Ürəyini
üzən fikirlərlə 13-cü günün günəşini
gözləyirdi Fuad. Əlini atıb köhnə məktublardan
birini götürdü. Oxumağa başladı:
“Salam, Fuad! Necəsən? Mən
elə də yaxşı deyiləm. Yenə də sənsiz
gecəmdə yuxusuzam. Oturub bir az gecənin
qaranlığına baxdım, sakitliyinə qulaq asdım.
Həyatım mənim! Sənin
yanında olub gözlərindəki qığılcımla
gözlərimi alışdırmaq istəyirəm. Ürəyinin
döyüntüsünü eşitmək istəyirəm. Bu
səsi min səsin içindən seçərəm. O səs
nə qədər varsa, mənim qəlbim döyünür.
Allah məni heç vaxt o səssiz etməsin.
Ömrümə məna gətirənim!
Yazdığımı bir az qırağa qoyub pəncərədən
bayıra, uzaqdan gələn işığa baxdım. Sanki,
bu mənim gələcəyə ümidimdir.
Nə isə... Daha heç
nə yazmaq istəmirəm. Çünki fikirlərimin ifadəsi
üçün söz çox acizdir indi. Əsas əməldir.
İmza_ Səni sözü və əməli ilə sevən
Sevincin...”
Fuad məktubu oxuyandan sonra
kağızı gözlərinə sıxıb uşaq kimi
ağladı: “İlahi, necə ola bilərdi ki, bu cür saf və
gözəl münasibət bitsin.... Yox. Yox. Yox... Ola bilməz.
Bu ayrılıq elə 13 günlük idi. Günəşin
çıxması ilə hər şey dəyişəcək.
Səhər açılan kimi Sevinc ona hər səhər
olduğu kimi “Sabahın xeyir ” yazacaq. Onlar yenə
görüşəcəklər. Yenə qışı ancaq
qış fəslində yaşayacaqlar. Yaşadıqları
günlər yalnız bir fəsildən, bahardan ibarət
olacaq, əl-ələ tutub bütün şəhəri gəzəcəklər,
yanlarından ötüb keçən cavanlar onlara həsrətlə
baxacaqlar. Yenə Fuad özünü dünyanın xoşbəxti,
ən güclü adamı hesab edəcək. Yenə və
yenə...”
Bu ümid dolu fikirləri ilə
başını qaldırıb pəncərəyə baxanda
günəşin doğduğunu gördü. Günəşin
şüası gözlərindəki iki damla yaşı
parıldatdı. Bu günəş elə bil onun həyatında
doğmuşdu. Bu 13-cü günün günəşi ona hədsiz
ümidlər verirdi. Günəşə baxaraq sevindiyindən
uşaq kimi içini çəkib ağlamaq istəyirdi. Amma
inanmırdı bu ümidlərin doğrulacağına. Fikirləşirdi
ki, bundan sonra Sevincsiz 113-cü, 513-cü, 1013-cü sabahının
günəşinin çıxmasını gözləyəcək.
İtkisinin yubileyini belə keçirəcək. Ömrü
başdan-başa qışdan ibarət olacaq, qəlbi isə
bu soyuqdan buza dönəcək.
Fikirlərindən
ayrılmaq üçün Yataqxananın dəhlizinə
çıxdı. Dəhlizdə stolun üstündəki
çörəkqabını açıb bir tikə
çörək götürüb ağzına qoydu.
Çörək xarab olmuşdu. Çörəkdən gələn
qoxu onu keçmişinə, uşaqlığına
qaytardı. Yadına anası düşdü. Xoşbəxt
günlərini xatırladı: “Bir dəfə anası evdəki
sonuncu pulları qonşuya borc verdiyinə görə
çörək ala bilməmişdilər. Anasının
onun qabağına qoyduğu xarab olmuş, kif qoxusu gələn
çörəyi heç nə demədən yeyirdi. İstəmirdi
ki, anası çörək pulunun olmamağından pərişan
olub özünü günahlandırsın. Fuad çörəyini
yeyə-yeyə çox şeyləri dərindən dərk
edə bilməyən uşaq ağlı ilə vəziyyətə
qiymət verib anasını peşman etmədiyi
üçün özünü xoşbəxt hiss edirdi.”
İndi Fuad
uşaqlığının qoxusu gələn çörək
tikəsini ağzında saxlayıb
uşaqlaşmışdı. İstəmirdi bu anlar bitsin.
Sevincsiz olandan hər şey onu kövrəldirdi. İndi də
bu uşaqlıq xatirələri baş qaldıranda
anasını düşündü. Anası atasından
ayrılandan daha heç vaxt maraqlanmadı onunla. Uşaq evinə
bir dəfə də olsun gəlmədi. Amma bütün
bunlara baxmayaraq o, anasını çox sevirdi. Hər gecə
yatağında soyuq ayaqlarını isidə bilməyəndə
anasını xatırlayırdı. Uşaq vaxtı anası
onu yatıranda soyuq ayaqlarını qarnının
üstünə yapışdırıb isidirdi. Artıq
bütün bunların üstündən 13 il
keçmişdi. Fuadın 23 yaşı var idi. Amma o hələ
də anasının bişirdiyi qoğalın dadını
heç yerdə tapa bilmirdi. Uşaq evində bazar günləri
onlara şirin kökə veriləndə Fuad gözlərini
xeyli yumub anasının bişirdiklərini
xatırlayırdı. Bundan sonra heç nə o dadı əvəz
edə bilməz. Necə ki, Sevinci heç bir qadın əvəz
edə bilməz. Yenə də Sevinc. Sevinc və Sevincsizlik.
Yayın ortasında yaşanan 13 günlük qış. Bu
idi son 13 günün həqiqəti. . . Anasını itirdiyi
13 ilin içərisində yaşanan 13 gün...
Düşünəndəki nə vaxtsa Sevincsiz 13-cü ilini
yaşayacaq, Allahdan səbr və dözüm istəyirdi.
Bəzən əzabdan
qurtulmağın yolunu yalnız ölümdə
görürdü. Amma, yadına Sevincin sözləri
düşürdü: “Bir gün mənsiz olsan
özünü öldürməyə tələsmə...”
Görəsən, Sevinc
bununla nə demək istəyirdi? Fuad buna cavab tapa bilmirdi. Təkcə
buna yox, çox suallara cavab tapa bilmirdi. Hərdən istəyirdi
ki, zəng etsin sevdiyinə, bütün suallarını versin
ona. Amma indi bu mümkün deyildi. Sevinc son sözünü
demişdi ona. 13 gün bundan qabaq elə bu parkda baş verən
son görüşləri Fuadın ən incə detallarla
yadında idi. Sevincin soyuq və hədsiz incə əlləri,
uzun, şabalıdı, parlaq saçları,
saçlarının arasından boylanan dərin mənalı
gözləri, sehrli dodaqları, üzündən heç
vaxt əskik olmayan təbəssümü Fuadın
gözünün önündən bir an olsun belə çəkilmirdi.
... Artıq hava
qaralmışdı. Sevincsiz 13-cü günün sonuna az
qalırdı. Fuad qolundakı saata baxdı. Saat 21:09-u göstərirdi.
21 və 9 rəqəmləri onların çox sevdikləri rəqəmlər
idi. Çünki Fuad 9-u, Sevinc isə 21-i tarixdə anadan
olmuşdular. Hər ayın bu günlərini bayram kimi qeyd
edirdilər. Fuad indi 21 və 9 rəqəmlərini öz
elektron saatının ekranında yanaşı görəndə
gözlərini idarə edə bilmədi. İçindən
Sevinc deyib var gücü ilə qışqırmaq istəyi gəldi,
amma...
Ayın işığı,
parkdakı lampaların işığına
qarışıb çox romantik bir aura yaratmışdı.
Fuad beynindəki qarışmış fikirlərini rəflərə
düzürdü. Sevincin ona dediyi “Sən mənsiz də
xoşbəxt ola bilərsən” sözləri indi içini
yandırırdı. Ruhi xəstələr kimi
öz-özü ilə bərkdən danışmağa
başladı: “həmin anda sanki, kimsə mənim səsimi
almışdı, nitq qabiliyyətimi itirmişdim. Ona cavab
verib deyə bilmədim ki, mən onsuz heçəm, onsuz
olmağım oksigensiz olmağım deməkdir. Niyə deyə
bilmədim ki, bu incə əllərinin təması, dərin
baxışların, ağıllı söhbətlərin,
sehrli gülüşün olmasa yaşaya bilmərəm, mənim
əzizim...? Bu cür sonu heç gözləmirdim. Ümidlərim
bu gecə çəkdiyim şəkildəki şam kimi
sönüb. Hətta sabahkı günümə belə
heç bir ümidim yoxdur. . .”
Öz-özü ilə
danışa-danışa parkdan çıxıb
dayanacağa getdi. Yataqxanaya qayıtmaq lazım idi.
Yataqxanaya çatıb
içəri girən kimi işığı yandırmadan
otağın küncünə keçdi. Yerə oturub dizlərini
qucaqladı, başını dizlərinin üstünə
qoydu. Fuad bu anda nə vaxtsa özünün çəkdiyi
bir şəkilə bənzəyirdi. O şəkildə də
oğlan başını qollarının üstünə,
qollarını da dizlərinin üstünə qoymuşdu. Bu
şəklə baxanda elə bir təsəvvür
yaranırdı ki, bu oğlan bütün dünyadan gizlənmək
istəyir. Elə Fuadın da bu anlarda arzuladığı
hamıdan, hətta özündən belə gizlənmək
idi. Bir neçə dəqiqə belə vəziyyətdə
oturub qaldı. Sonra ayağa qalxıb işığı
yandırdı. Gecədən stolun üstündə 13
yazılmamış məktub, çəkdiyi yanıb ərimiş
şam şəkli, Sevincin köhnə məktubları,
özünün Sevincə yazdığı, amma ona vermədiyi
məktubları qalmışdı. Sevincin məktublarını
bir-bir götürüb oxumadan burnuna
yaxınlaşdırırdı. Onların hamısından
sevgi ətri gəlirdi.
Stol arxasında oturub
küçəyə baxırdı. Yolların sayrışan
işıqlarına tamaşa etdikcə öz həyat yolunu
düşündü. Canı sıxıldı. Qələmi
əlinə alıb Sevincə verə bilmədiyi 13 ağ vərəqdən
birini götürüb yazmağa başladı:
Bu qeyri-adi bir
bağlılıqdır. Həyatda heç nə əbədi
olmadığından hər şeyin günlərin birində
bitəcəyini bilirdim. Ancaq indi yox. Sevincim, ən qəribəsi
bu idi ki, mən sənə ilk baxışdan, dəlicəsinə
vurulmaqla yanaşı həm də səni özüm
üçün yaratmışam. Səndə heç kimin
görməyəcəyi bir dünyam var. Bu dünyada bəzi
şeyləri ideallaşdırmağa haqqım da olub hər
zaman. Amma sən bir sevgili kimi də, ruhdaş kimi də o
idealın özüsən ki varsan... Sən indi fiziki cəhətdən
uzaq olsan da ruhun mənimlədir.
Sənsiz sanki vakuuma
düşmüşəm. Boşluq, mənasızlıq,
çəkisizlik, nə etdiyimi, hara getdiyimi, nə istədiyimi
bilmirəm. Xilas olmaq istəyirəm bu vakuumdan...”
Fuad adəti üzrə
kağızın boş qalmış hissəsinə şəkil
çəkməyə başladı. Bu dəfə o yanar
şam çəkmişdi. Səbəbini özü də
anlamırdı.
Birdən onun telefonuna mesaj gəldi.
İlahi! İnana bilmirdi. Mesaj Sevincdən idi. Əlləri əsə-əsə
mesajı açdı: “Sənsiz sanki vakuuma
düşmüşəm... Saat 09:21-də bu gün
bütün gününü keçirdiyin parkda səni
gözləyəcəyəm... Onlar bizi qəbul etməyə
məcbur olacaqlar. Son qərarımı vermişəm. Sənsiz
yaşamayacağam...”
Fuad gözləri
yaşlı donub qalmışdı. Yanar şam çəkməyinin
səbəbini indi anladı. İlahidən gələn
eynilikdir bu...
PƏRVİN
525-ci qəzet.- 2010.- 20 mart.- S.29.