Bizim Bəkir müəllim
Həcmcə çox da böyük olmayan bu yazının altından, tərəddüdsüz, “2005-2010” tarixlərini qoya bilərdim. 2005-ci ildə təzə-təzə məskunlaşmağa başladığım Varşavada çağdaş Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin ən tanınmış nümayəndələrindən biri – akademik Bəkir Nəbiyevin anadan olmasının 75 illiyi barəsində xəbəri mətbuatdan oxuyan kimi ilk öncə keçmiş müəllimimə zəng etmək, yaxud təbrik teleqramı göndərmək barədə düşündüm.
Sonra fikirləşdim ki, zəng də, təbrik teleqramı da daha çox şəxsi xarakter daşıyır.
Mətbuat isə istənilən məsələni, istənilən münasibəti ictimailəşdirir. Eyni zamanda, tarixin yaddaşına köçürür və sənədləşdirir.
Həm də sürpriz etmək istəyirdim. Adətən yubiley yazıları sifarişlə yazılır. Yubilyar elə də sanballı adam deyilsə, özü ona-buna minnətçi düşür. Əksinə, sanballı, iş keçən adamdırsa, yazı yazmaq istəyənlər özləri bəri başdan xidmətdə bulunmaq arzularını dilə gətirirlər.
Xoşbəxtlikdən, Bəkir müəllimlə münasibətlərimiz heç zaman bu qəliblərin heç birinə uyğun gəlməyib.
Ona görə də sadəcə, ağsaqqal qələm dostumu xoş bir şəkildə təəccübləndirməyi düşünürdüm. Məsələn, Bəkir müəllim səhər-səhər “Ədəbiyyat qəzetini” açır və nəinki Azərbaycandan, həm də ədəbi aləmdən uzaq düşmüş saydığı keçmiş həmkarının, tələbəsinin yazısını görür.
Amma təəssüf ki, işlərin çoxluğu, ən başlıcası isə yeni mühitə uyğunlaşmağın və təzədən yazı-pozuya qayıtmağın çətinlikləri o zaman niyyətimi həyata keçirməyə imkan vermədi.
“Məqsədim heç də, ənənəvi yubiley məqaləsi yazmaq deyil. Yəqin ki, bunu zəhmətsevərliyi, tükənməz yaradıcılıq enerjisi, daimi nikbinliyi və tükənməz həyat eşqi ilə əslində ədəbi-elmi ictimaiyyətin məmnunluqla qeyd etdiyi 75 rəqəminin üzərinə bir şübhə və inamsızlıq kölgəsi salan Bəkir müəllimin növbəti yubileylərində reallaşdırmaq imkanı olacaq” – təxminən beş il əvvəl yazmağa başladığım məqalənin ilk cümləsi belə idi.
Beş il hiss olunmadan gəlib
keçdi. Çox şadam ki, aradan ildırım sürəti
ilə ötən illər Bəkir müəllimi istər
daxilən, istərsə də zahirən əsla dəyişdirmədi,
ədəbiyyatın, elmin, ictimai fikrin ön səngərindəki
yerindən, mövqeyindən uzaqlaşdırmadı. O,
növbəti yubileyini də həmişəki işgüzar,
dinamik, xeyirxah, yazıb-yaratmaqdan və yaxşılıq etməkdən
doymayan müdrik elm adamı, dost, ata, baba (bilmirəm, bəlkə
də ulu baba?), ziyalı, ağsaqqal kimi kimi
qarşılayır.
Ən başlıcası isə
yaşının 80-ni haqladığı bir vaxtda layiq
olduğu fəxri istirahətdə deyil, iş
başındadır. Filologiya elmimizin flaqmanı sayılan
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru və
çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixinin”
baş redaktorudur, müxtəlif elmi şuraların, ictimai təşkilatların,
qəzet və jurnalların redaksiya heyətinin
üzvüdür, ədəbi həyat faktlarına anında
və həssaslıqla münasibət bildirən fəal
mövqeli tənqidçi, ədəbiyyatşünas və
ictimai xadimdir.
“Sabitlik” kəlməsindən
daha cox siyasi termin kimi istifadə edilir. Lakin o da həqiqətdir
ki, təkcə ictimai-siyasi situasiyanın deyil, insanların,
xüsusən də üzdə olan, tanınan, əfkari-ümumi
tərəfindən qəbul edilən insanların sabitliyi cəmiyyət
ücün ciddi mənəvi-əxlaqi dəyərlərdən
biridir. Çünki cəmiyyətin sabitliyi də
ayrı-ayrı fərdlərin fikir və əməllərinin
ardıcıllığı, davamlılığı üzərində
bərqərar olur.
Qırx ilə yaxın bir
müddət ərzində tanıdığım Bəkir
müəllim belə sabit, daha dəqiq desəm, sabitqədəm
insanlardandır. Bu sabitlik onun elmə, dostlara, mənəvi və
ictimai-siyasi dəyərlərə, yazılan və
yazılmayan qanunlara münasibətində özünü
aydın büruzə verir.
Lakin Bəkir müəllimin
nümunəsində sabitlik heç bir halda dəyişməzlik,
durğunluq deyil. Əksinə, o, son dərəcə mütəhərrik,
canli insandır. Həmişə zamanla ayaqlaşmağa
çalışıb, həmişə zamanın nəbzini
tutub, sözün yaxşı mənasında dəyişməyi,
inkişaf etməyi, irəliyə baxmağı və irəlidə
getməyi bacarıb.
Tanışlığımızın,
dediyim kimi, 40 ilə yaxın bir tarixi var. Səhv etmirəmsə,
1973-cü ildə o zamankı Azərbaycan KP MK-sı ədəbi
tənqidin vəziyyəti və bu sahənin gələcək
inkişafı ilə bağlı qərar qəbul etmişdi.
Qərarda gənc ədəbi qüvvələrin, o cümlədən
də tənqidçilərin yetişdirilməsinə diqqətin
artırılması tələb olunurdu. Qərarın
icrası məqsədi ilə tələbəsi olduğumuz
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi
özünün tədris proqramına təcili şəkildə
“Ədəbi tənqid” kursu əlavə etmişdi.
İlk dəfə idi ki,
filoloq-tələbələrə belə dərs keçiləcəkdi.
Universitetin özündə də tanınmış ədəbiyyat
tənqidçiləri olmasına baxmayaraq, nə proqramı,
nə dərsliyi, nə də tədris ənənələri
olan bu fənnin öyrədilməsi o dövr ədəbi tənqidinin
ən parlaq və tanınmış simalarından biri
sayılan Bəkir Nəbiyevə həvalə edilmişdi.
Həftədə bir dəfə
biz – tənqidçi olmaq eşqinə düşmüş 6
nəfər tələbə Nizami adına Ədəbiyyat
Muzeyinə, bizimlə məşğələlər
aparmağa razılıq vermiş Bəkir müəllimin
yanına gedirdik.
Yəqin ki, pedaqogikanın ənənələrindən
çıxış etsək, bu məşğələləri
dərs, Nizami adına Ədəbiyyat Muzeyinin direktorunu isə
universitet professoru adlandırmaq o qədər də dəqiq
olmazdı. Çünki elə ilk gündən Bəkir
müəllimin təşəbbüsü ilə daha çox
universitet auditoriyaları üçün səciyyəvi
sayılan lüzumsuz formallıq və rəsmiyyət aradan
qaldırıldı. Məşğələlərimiz
canlı ünsiyyət, mübahisə,
qarşılıqlı fikir mübadiləsi,
hazırladığımız referatların, oxuduğumuz
kitabların təhlili və müzakirəsi üzərində
quruldu.
Qədim yunan filosofu
Aristotelin tələbələrini “peripatetiklər”
adlandırırdılar və bu söz də yunan dilində təxminən
“gəzə-gəzə öyrənənlər”
anlamını verirdi. Peripatetiklər müdrikliyin sirlərinə
klassik ənənələr əsasında deyil, daha sərbəst
və asudə şəkildə yiyələnirdilər.
Fikrim qətiyyən müəllimimizi
Aristotelə, özümüzü isə onun davamçılarına
bənzətmək deyil. Yaxşı bilirəm ki, hər
cür analogiya nisbi, bəzən isə yanlışdır.
Lakin fakt
faktlığında qalır və bizim “tənqidçi”
peşəsinin sirlərinə yiyələnməyimizdə də
həmin o “peripatetizmin” müəyyən ünsürləri
vardı. Məşğələlərimiz həmin vaxta qədər
gözümüzün və qulağımızın öyrəndiyindən
tamamilə fərqli şəkildə, bizim üçün
yeni, canlı və maraqlı bir tərzdə, ədəbiyyat
aləminə və tənqidçilik peşəsinin sirlərinə
maraqlı, yaddaqalan səyahətlər şəklində
keçirdi.
İstər Bəkir müəllimin,
istərsə də Bakı Universitetində bizi məsuliyyət
və fədakarlıqla Azərbaycan dilinin və ədəbiyyatının
zənginlikləri ilə
Bəkir müəllimin
yanına gedib-gəldiyimiz bir semestr müddətində ən
azı Nizami Muzeyi vasitəsi ilə ədəbiyyatımızın
keçdiyi tarixi yolu əyani şəkildə izləyə,
hətta deyə bilərəm ki, çoxsaylı eksponatların
və onlara verilən geniş və əhatəli şərhlərin
sayəsində gözümüzlə “görə”
bilmişdik.
Çünki Bəkir müəllim
bizimlə ədəbiyyat söhbətlərini təkcə
öz iş otağında deyil, daha çox muzey
ekspozisiyaları arasında, sənədlərin və
faktların fonunda aparırdı. Bilmirəm, bəlkə də
elə bunun nəticəsi idi ki, həmin məşğələlərə
çağdaş ədəbi proseslə məşğul
olmaq niyyəti ilə getdiyim halda sonralar ədəbiyyatşünaslıq
və ədəbiyyat tarixçiliyi ilə daha çox
maraqlanmağa başladım.
Bir sözlə, həmin o
uzaq 1973-cü ildə bizdən təxminən 20 yaş
böyük olan Bəkir müəllimdə əxz etməyə
layiq çox keyfiyyətlər – yüksək mədəniyyət,
intizam, dəqiqlik, səliqə-sahman, məsuliyyət hissi,
yersiz rəsmiyyətçilikdən uzaqlıq və səmimiyyət,
sadəlik, vətəndaşlıq və vətənpərvərlik
duyğusu, yaxşı mənada peşə təəssübkeşliyi,
ədəbiyyat, sənət yanğısı gördük və
bu baxımdan o, bizə universitetdəki ştatlı, “rəsmi”
müəllimlərimizin bəzilərindən daha
böyük təsir bağışladı.
Hələ onu demirəm ki,
Bəkir müəllimin imtahanından kəsilmək, yaxud
ondan “zaçot” ala bilməmək qorxusu da yerli-dibli yox idi.
Amma məhz səmimiliyi və yaratdığı etimad
mühiti nəticəsində biz də borclu qalmaq istəmədiyimiz
Bəkir müəllimin əslində fakültətiv
xarakterli məşğələlərinə
imtahanlı-yoxlamalı dərslərdən daha ciddi
yanaşırdıq.
Onun təşəbbüsü
ilə hər birimiz maraqlandığımız məsələlərlə
bağlı bir-iki məqalə də yazmışdıq. Həmin
yazıların çapı ilə bağlı real imkan olmasa
da, məşğələlər zamanı onları oxuyub
geniş müzakirə açmış, Bəkir müəllimin
həm xoş sözlərini, həm də tənqidi
mülahizə və iradlarını dinləmişdik.
Ədəbiyyat Muzeyindəki
bu faydalı ünsiyyətdən ilk “universitet tənqidçiləri
desantının” nələri əxz edə bildiyini isə həmin
o 6 nəfərin sonrakı fəaliyyəti göstərdi.
Onların ən azı üç nəfərinin bu gün mətbuat
səhifələrində görünmələri, namizədlik
və doktorluq dissertasiyaları müdafiə etmələri,
kitab və monoqrafiya müəllifləri olmaları, bu səviyyəyə
çatmağımız üçün əziyyət
çəkən digər universitet müəllimləri ilə
birlikdə, Bəkir Nəbiyevin də zəhmətinin hədər
getmədiyini göstərir.
Bütün bunlar, təbii
ki, sonranın işi idi. Həmin dövrdəki ən
böyük qazancımız, heç şübhəsiz, bizə
yeni, tamamilə fərqli bir insan kimi görünən və
şəxsiyyətinin xoş aurası ilə bir neçə
nəfər ədəbiyyat maraqlısı olan gənci müəyyən
mənada dəyişməyə, müsbət dəyərlərə
yiyələnməyə təşviq edən Bəkir müəllimlə
ünsiyyətimiz olmuşdu.
Təbii ki, sovet şəraitində
görülən avral xarakterli işlərin əksəriyyəti
kimi Mərkəzi Komitənin qərarı da mövsümi
xarakter daşıdığından cox tezliklə unuduldu. Bizə
qalan Bəkir müəllimlə tanışlıq və
ünsiyyətimiz oldu. Həmin vaxtdan, harada
çalışmağımızdan, nə iş görməyimizdən
asılı olmayaraq Bəkir müəllimin diqqətindən
uzaq düşmədik. Biz onun simasında bir semestrlik məşğələlərini
başa çatdırandan sonra tələbələrlə həmişəlik
vidalaşan rəsmiyyətçi müəllim deyil, xeyirxah
insan və məsləhətçi tapmışdıq. Odur
ki, müxtəlif tədbirlərdə, toplantılarda, teatr
tamaşalarında ərklə Bəkir müəllimə
yaxınlaşa, onunla səmimiyyətlə
görüşüb-söhbətləşə bilirdik. 18-19
yaşlı tələbələr üçün bu, həmin
illərdə yaddaqalan bir hadisə, bəzən hətta
özünəməxsus qürur mənbəyi, kimlərlə
“oturub-durduğunu” nümayiş etdirmək istəyi idi. Bəlkə
də indi inkarçılıq duyğusu, keçmişi bəyənməzlik
ədası çox yayıldığından bu hisslər
çağdaş gənclərə o qədər də
aydın, anlaşıqlı görünməyə bilər.
Bir semestr başa
çatdı və Nizami muzeyindəki xüsusi həvəslə
getdiyimiz məşğələlərə də son qoyuldu.
Amma əvvəlki kimi nizamlı olmasa da, ara-sıra yenə Bəkir
müəllimi ziyarət edirdik. O da öz növbəsidə
diqqətini, xeyirxah məsləhətlərini əsirgəmirdi.
MEA Nizami adına Ədəbiyyat
İnstitutunun aspirantı olandan sonra həm özümün,
həm də elm yolunu tutmuş digər həmyaşıdlarımın
taleyində akademik Bəkir Nəbiyebin qayğı və
xeyirxahlığını dönə-dönə hiss etdim. O,
təbiətindən və tərbiyəsindən irəli gələn
bir nəcibliklə hamının, ilk növbədə isə
keçmiş tələbələrinin uğurlarına
sevinirdi, gücü və imkanı çatdığı hər
məqamda məmnuniyyətlə onlara yardım əli
uzadırdı.
Namizədlik dissertasiyamın
müdafiəsində ən səmimi söz söyləyənlərdən
biri Bəkir müəllim oldu. 1985-ci ildə o zaman “SSRİ
Yazıçılar İttifaqı” kimi möhtəşəm
ad daşıyan yaradıcılıq qurumuna üzvlük
üçün mənə zəmanət verdi. Doktorluq
dissertasiyası müdafiə edəndə də Bəkir
müəllimin xeyirxahlıq və qayğıkeşliyini
gördüm. Rus dilində nəşr olunan “Rusiya şərqşünaslığında
Azərbaycan məktəbi” monoqrafiyamın elmi redaktorluğunu
öz üzərinə götürdü. Birlikdə səfərlərdə,
ədəbi tədbir və yığıncaqlarda, xeyir və
şər məclislərində olduq. Bəzən sıx
ünsiyyət saxlamaq, tez-tez hal-əhval tutmaq imkanları
azalsa da, düşünürəm ki, aradan keçən illər
bir şəxsiyyət və insan kimi Bəkir müəllimə
bəslədiyim yüksək hörmət və ehtiramı
daha da artırıb.
O, tələbələrinin,
aspirantlarının çoxu kimi mənim də təkcə
elmi fəaliyyətimdə deyil, şəxsi həyatımda da
çox xeyirxah və yaddaqalan rol oynayıb. Xoşbəxt və
səmimi ailə qurmağımın əsas səbəbkarlarından
birinin də Bəkir müəllim olduğunu desəm, qətiyyən
mübaliğəyə yol vermərəm. Mərhum qaynanam
Cahan Vəzirova 60-cı illərdə onunla birlikdə
“Kommunist” qəzetində işləmişdi. Mənim “məsələm”
ortaya çıxanda ana narahatlığı ilə, birincilər
sırasında Bəkir müəllimə üz tutmuş, rəyi
ilə maraqlanmışdı. Bəkir müəllim isə,
sonradan öyrəndiyim kimi, haqqımda çoxlu xoş
sözlər söyləmiş və öz tərəfindən
bu işə xeyir-dua vermişdi.
1991-ci ildə həyatımda
çox faciəli bir hadisə baş verəndə dərhal
öz yardımını təklif edən, ağsaqqallıq
missiyasını üzərinə götürən nəcib
və etibarlı dostların sırasında Bəkir müəllim
birincilərdən idi...
Bəkir Nəbiyevin “Ədəbiyyat
qəzeti”ndə ilk məqaləsi 1951-ci ildə çap
olunub. Və həmin vaxtdan ötən altmış il ərzində
o, yorulmadan, yüksək peşəkarlıq və məsuliyyət
hissi ilə taleyinə yazılmış bu şərəfli ədəbiyyat
marafonunu davam etdirib.
Bu gün özü ədəbi
tənqid və ədəbiyyatşünaslığımızın
nüfuzlu, mötəbər ağsaqqalı kimi haqlı
şöhrət qazanan Bəkir müəllimin ilk tədqiqat əsəri
Azərbaycanda bu işin “baniyi-karı” kimi tanınan
böyük alim və böyük vətəndaş Firudin bəy
Köçərliyə həsr olunmuşdu.
Düşünürəm ki, burada adi təsadüfdən
daha çox bir qanunauyğunluq var. Çünki istəyə
və iradəyə əsaslanan həmin seçim bir tərəfdən
Bəkir müəllimin təbiəti üçün
çox səciyyəvi olan qədirşünaslığı,
o biri tərəfdən isə görkəmli alimimizin
hansı irs, hansı ənənələr üzərində
kök atdığını göstərir.
Kökdən, əsl-nəcabətdən
söz düşmüşkən, Bəkir Nəbiyevin XX əsrin
əvvəlləri baxımından yalnız
doğulub-böyüdüyü Ağdaş üçün
deyil, ümumən Azərbaycan üçün ziyalı
meyarına tam cavab verən nəsil-şəcərə
kökləri də onun gələcəyin humanist alimi və
ziyalısı olaraq yetişməsində mühüm rol
oynamışdı. 1937-ci ilin “böyük terroru” ölkəmizdəki
minlərlə ailə ocağı kimi Nəbiyevlər soyunu
da üzərində boy atdığı ənənələrdən
qoparmağa, nəsillər və mədəniyyətlər
arasındakı bağı birdəfəlik qoparıb
atmağa çalışmışdı. Bəkir Nəbiyevin
– yeddi yaşından “xalq düşməninin oğlu” kimi kədərli
və perspektivsiz gələcəyə məhkum edilmiş
arxasız gəncin vətəndaş hünəri
bütün digər keyfiyyətləri ilə yanaşı
bir də onun əvvəlcədən cızılmış bu
tale ilə, nəslinə və xalqına
çıxarılmış qəddar hökmlə
barışmamasında idi. Nəticədə o, təkcə
qırılan ailə ənənələrini bərpa etmədi,
“dağılan tifaqı” yenidən qurmadı, həm də
üzərində ucaldığı ailə-ocaq ənənələrinə
əsaslanaraq mənsub olduğu millətin elm və mədəniyyət
xəzinəsinə özünün layiqli töhfələrini
verdi.
50-yə yaxın kitab,
yüzlərlə məqalə, onlarla namizədlik və
doktorluq dissertasiyasına rəhbərlik, neçə-neçə
beynəlxalq elmi toplantılarda iştirak... Bunlar Bəkir
müəlimin gördüyü genişmiqyaslı işlərin
yalnız bir hissəsidir. Şübhəsiz, bura orta məktəblər
üçün yüksək səriştə və
zövqlə hazırlanmış ədəbiyyat dərsliklərini,
tərtib və tərcümə kitablarını, muzey bələdçilərini,
tematik müntəxəbatları da əlavə etmək
lazımdır. Bu kitabların yalnız Azərbaycanda deyil,
Rusiyada, Türkiyədə, İranda nəşr olunması,
ayrı-ayrı elmi məqalələrin müxtəlif
dünya dillərinə çevrilməsi akademik Bəkir Nəbiyev
yaradıcılığının coğrafiyası və
milli mədəniyyətimizi tanıtma arealının
genişliyi haqqında təsəvvür yaradır. Nəhayət,
alim həmkarımın yaradıcılığının
coğrafi genişliyi və janr-üslub zənginliyi ilə
bir sırada tarixi dərinliyi və əhatə dairəsi də
ayrıca vurğulanmalıdır.
XX əsr Azərbaycan ədəbiyyatında
çox az tanınmış sima var ki, Bəkir müəllim
onun yaradıcılığı haqqında fikir bildirməsin,
şəxsiyyəti və ömür yolunu
araşdırmasın. Firudin bəy Köçərlidən
başlanan bu estafet sonralar “Sovet dövrü ədəbiyyatı”
kimi tanınan 1920-1990-cı illər ədəbiyyatının
mövzu, şəxsiyyət və problemlərinə
münasibətdə ardıcıllıqla davam etdirildi.
İlk dəfə akademik Bəkir Nəbiyev milli ədəbiyyatşünaslıqda
“müharibə və ədəbiyyat” kimi qlobal bir mövzunun
tədqiqinə girişdi, İkinci Dünya müharibəsinin
Azərbaycan ədəbiyyatında inikasına həsr
olunmuş sanballı tədqiqat əsəri meydana qoydu.
Mədəni irsimizin Firudin bəy
Köçərli qədər nakam sayıla biləcək Əhməd
Cavad, Almas İldırım kimi görkəmli nümayəndələri
haqqında Bəkir müəllimin son illərdə çap
etdirdiyi kitablar onun yarım əsr bundan əvvəl
başladığı qədrşünaslıq
missiyasını indi də davam etdirdiyini göstərir. Belə
tədqiqatların dövrün ruhuna, siyasi və mənəvi
ab-havasına dərindən bələd olan, bəzi faciələri
öz şəxsi bioqrafiyasında yaşayan müdrik və təcrübəli
elm adamı tərəfindən qələmə
alınması onların dəyərini daha da artırır.
Ədəbi tənqidin
çox dar bir dairə içərisində
çapaladığı, tənqidi fikrə polemika ilə,
qarşı fikirlə deyil, müxtəlif instansiyalara
yazılmış şikayət ərizələri, bəzən
hətta donoslarla cavab verildiyi dövrlərdə də Bəkir
müəllim öz yaradıcılıq kredosuna sadiq
qalmışdı. Yəni inandığı həqiqətlərə
tapınmışdı, ondan gözləniləni deyil, ürəyinin
diqtə etdiyini, ağlının daha düzgün və məqbul
saydığını yazmışdı. Məncə, onun
yalnız fiziki deyil, ədəbi
uzunömürlülüyünün sirlərindən biri də
elə bundadır.
Azərbaycan ədəbiyyatının
ilk tarixçisi kimi şöhrət qazanmış Firudin bəy
Köçərlinin tədqiqatçısı akademik Bəkir
Nəbiyevin də üzərinə bu gün oxşar missiya
düşüb – o, XXI əsrdə işıq üzü
görəcək ilk çoxcildlik ədəbiyyat tariximizin əsas
müəlliflərindən biri və baş redaktorudur.
Şübhəsiz, bu çox ağır, amma eyni dərəcədə
də şərəfli işdir. Şübhə yoxdur ki,
iqdam etdiyi bütün işlər kimi bu böyük vəzifə
də Bəkir müəllimin yüngül əli və
ağır zəhməti ilə özünün layiqli həllinin
tapacaqdır.
Bu gün Bəkir müəllim
həm yaş, həm təcrübə, həm də
gördüyü işlər və tutduğu vəzifə
etibarı ilə Azərbaycan ədəbiyyatşünaslığının
və ədəbi tənqidinin ağsaqqalıdır. Ona
görə bu amillərin hamısını birlikdə
sadalayıram ki, yalnız yaşın çoxluğu hələ
ağsaqqallığa dəlalət etmir. Yaşı çox
olanlar uzunömürlülərdir. Ağsaqqallar isə
insanların taleyində iz qoyan, lazımi anda məsuliyyət
yükünü öz çiyinlərinə götürən,
yaxşılıq etməyi,yol göstərməyi bacaran nəcib,
xeyirxah, zəngin daxili dünyası və böyük ürəyi
olan insanlardır. Ağsaqqallıq missiyasını yalnız
yaşın gətirdiyi siqlətlə deyil, hələ
cavanlıq illərindən öz çiyninə götürən
Bəkir müəllim də belə insandır.
Uzun ömrün sirri nədədir?
Bunu genetika ilə, insanın həyat şərtləri ilə
və başqa amillərlə əlaqələndirirlər. Məncə,
başqa, çox mühüm amillər də var: bu da
insanın sevdiyi, qəlbən bağlandığı və
zövq aldığı işlə məşğul
olmasıdır, hər bir şəxsin içərisindəki
daxili işıqdır, təmizlikdir, xeyirxahlıq etmək
bacarığıdır. Sevincə də, kədərə də
şərik olmaq istedadıdır. Təkcə özün,
ailən üçün deyil, hamı üçün
yaşamaq istəyi və qabiliyyədir. Bəkir müəllim
zəngin, mənalı ömrünün 80 ilini belə
yaşayıb.
Və irəlidəki illəri
də məhz belə yaşayacağı ilə bağlı
hamıda möhkəm inam, ən başlıcası isə təmiz,
mənalı ömür yolu, yaradıcılığı və
əsərləri ilə əsaslı zəmin, təminat
yaradıb.
Ümummilli lider, vaxtı ilə
akademik Bəkir Nəbiyevi də yüksək uğurlarına
və elmi-ictimai fəaliyyətinə görə “Şöhrət”
ordeni ilə təltif edən mərhum Heydər Əliyev
başqa bir tanınmış mədəniyyət
işçisinə – Üzeyir Hacıbəylinin ev-muzeyinin
direktoru Ramazan Xəlilova, anadan olmasının 95 illiyi
münasibətilə, eyni ordeni təqdim edəndə dediyi
sözlər indi də yadımdadır. Yubilyarın
çoxillik fəaliyyətini yüksək qiymətləndirən
H.Əliyev sonda dedi: “Mən bu gün, burada sizə çox
ciddi bir tapşırıq verirəm: gərək yüz il
yaşayasınız. Bilirsiniz ki, mən çox yubileylər
keçirmişəm. Amma heç vaxt həyatda olan bir şəxsin
yüz illiyini qeyd etməmişəm”.
Bəkir müəllimin gələcək
yubileylərində, eləcə də, rusların ifadəsi
ilə desəm, dağlar arxasında olmayan yüz illiyində
iştirak etmək də onun nisbətən gənc
dostlarının, keçmiş tələbələrinin
arzusudur.
P.S. Bəkir müəllim
haqqındakı yazını Varşavada tamamladım.
Bakıya gələndən sonra, sadəcə maraq xatirinə,
onun 75 illiyi münasibəti ilə nəfis şəkildə
çap olunmuş “Akademik Bəkir Nəbiyev. Soraq kitabı” nəşrini
gözdən keçirərkən Nizami adına Ədəbiyyat
Muzeyində uzun müddət birgə
çalışdıqları ədəbiyyatşünas-alim
Məhəbbət Mehdiyevanın da hələ beş il bundan əvvəl
öz yazısını “Bizim Bəkir müəllim”
adlandırdığı diqqətimi çəkdi.
Düşünmürəm ki, kimsə məni ad
plagiatlığında günahlandırsın. Əksinə,
Bəkir müəllimi yaxından tanıyan iki nəfərin
bir-birindən xəbərsiz onu “özününkü” hesab
etməsi bir daha göstərir ki, 80-nin arxasını hünərlə
yerə vurub, ömrünün doqquzuncu onilliyinə qədəm
qoymaq ərəfəsində olan Bəkir müəllim
hamımızın dostu, müəllimi, xeyirxahı,
yolgöstərənidir, millətin mənəvi sərvət
xəzinəsinə böyük töhfələr vermiş
xoşbəxt yaradıcı şəxsiyyətdir.
Vilayət QULİYEV
525-ci qəzet.- 2010.- 20 mart.- S.24-25.