Teatra məhəbbətlə

 

Belinskinin teatr haqqında məqalələrindən biri oxucuya sualla başlayır: “...Siz teatrı sevirsiniz?” Mən də teatra dəxli olan bir oxucu kimi teatr yazılarını oxuyanda öncə onu müəyyənləşdirməyə çalışıram – müəllif teatrı sevirmi, onu yaxından, yenə də Belinskinin təbirincə desək, “mənim kimi bütün qəlbi, varlığı ilə duyurmu?” Bu vasvasılığın səbəbi də var: həqiqətən, teatrdan sevgi nədi, az qala nifrətlə yazan teatrşünasdan, jurnalistdən doğru söz ummaq ən azı sadəlövhlükdür, o pisi çox böyük ləzzətlə, həzz ala-ala yazacaq, şişirdəcək, yaxşını isə görməyəcək, çünki onun gözlərində nifrət pərdəsi var, qəlbi isə yaxşıya münasibətdə möhürlənib. Belə müəllifləri peşə borcu kimi oxuyursan və düşünürsən ki, sevmədiyin, hətta iyrəndiyin predmetin tədqiqatçısı olmaq qətiyyən xoşbəxtlik deyil. Əlbəttə, bu qənaətə qarşı dərhal bir kontr-arqument də qoymaq olar: təqsir teatrın özündədir, elə gündədir ki, onu bu halında sevmək, türkiyəlilər demiş, mümkünsüz. Bu yerdə yenə də Belinskiyə müraciət edək: “...Gəlin teatrı yamanlamayaq, əgər o pisdirsə, günah qətiyyən teatrın özündə deyil.... Rus teatrı deyilən o böyük evdə siz Şekspirə və Şillerə parodiylar da görə bilərsiniz, gülünc və eybəcər parodiyalar... orda sizə faciə əvəzinə oyunbazlıq göstərəcəklər, ora getməyin”.

Yazıya mübahisəli görünə biləcək bir məqamla başlamağım təsadüfi deyil: bu, məmnuniyyətlə oxuyub bitirdiyim teatr haqqında bir monoqrafiyadan aldığım ilk təəssüratın – müəllifin teatra olan səmimi məhəbbətinin nəticəsidir. Bu monoqrafiya görkəmli mədəniyyət və ilk növbədə teatr xadimi, “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri”, “Teatr sənətimiz: dünən, bu gün, sabah...” kitablarının, mədəniyyətimiz, o cümlədən teatrımız haqqında ölkə mətbuatında dərc olunmuş onlarla məqalə və publisistik yazıların müəllifi, sənətşünaslıq namizədi Ədalət Vəliyevin çox lakonik adla nəfis şəkildə nəşr etdirdiyi “Teatr” kitabıdır.

Teatrımızın çox böyük bir dövrünün mənzərəsini cızan fundamental elmi əsər həqiqətən teatra, ilk növbədə Azərbaycan teatrına böyük məhəbbətlə yazılıb. Əgər bu səmimi münasibət kitabın əsas üstünlüklərindən biri kimi dərhal diqqəti cəlb edirsə, ikinci məqam teatr işini bütün xırdalıqlarından böyüklüyünədək bilən teatr xadiminin, peşəkar sənətşünasın, yüksək ranqlı teatr və mədəniyyət məmurunun qələmindən çıxmasıdır.

“Teatr” adı ilə nəşr edilən kitab elmi monoqrafiya formatında işlənməsinə baxmayaraq, böyük maraqla oxunur. Azərbaycan teatrının yarıməsrlik bir dövrünü – 1950-ci ildən başlayaraq əsrin sonunadək olan bir dövrü əhatə edir. Kitaba sadə və iddialı “Teatr” adının verilməsinə baxmayaraq, titul səhifəsində bu lakonik və mücərrəd ad bir qədər konkretləşir və monoqrafiyanın əsas mahiyyətini kodlaşdırır: “Əqidə, Ruh və Teatr”.

Ə.Vəliyevin kitabında bir oxucu kimi diqqətimi çəkən məqamlardan biri o oldu ki, Azərbaycan teatrının bütöv mənzərəsini görə bildim. Müəllif kitabda 2000-ci ilədək olan əlli illik bir dövrü əhatə etdiyini dəfələrlə vurğulasa da, demək olar ki, teatrımızın 130 illik tarixinə güzgü tutub. Bu böyük zaman kəsimində Azərbaycan teatrının yaranma, formalaşma, inkişaf tarixi, onun keçdiyi sosial-fəlsəfi yol təhlil və təsvirini tapıb, Azərbaycan teatrının nə olduğunu müəllif öz təqdimatında maksimum obyektiv şəkildə sərgiləyə bilib, onun ümumi mənzərəsini yaradıb. Bu zəngin və mürəkkəb mənzərədə teatrımızın inkişafında, var olmasında əməyi olub bütün ölkə teatrlarının, teatr xadimlərinin yeri, mövqeyi, xidməti artırılıb-əksildilmədən obyektiv qiymətini alıb. Əlbəttə bütün bunlar haqqında adda-budda, fraqmentar xarakterdə irili-xırdalı yazılar, məqalələr, tədqiqat işləri, dissertasiyalar, kitablar yox deyildi, amma “Teatr” kitabında olduğu kimi məsələyə cəsarətli və konseptual yanaşma, geniş əhatəli təhlil və təsvir, yanılmıramsa ilk dəfədir meydana çıxır.

Üç böyük fəsildən və altı paraqrafdan ibarət “Teatr” monoqrafiyası 136 yaşlı Azərbaycan teatrının, demək olar ki, bütün nəzəri və praktiki məsələlərini təhlil obyektinə çevirir, köhnə teatrla yeni teatrı, ənənəvi tamaşalarla avanqard tamaşaları, ayrı-ayrı rejissorların yaradıcılıq fərdiyyətlərini açıqlayır, hərdən nəyinsə alınması xatirinə lazımi qədər təşəbbüs göstərə bilməyənləri qınayır, təəssüflənir. Bəzən kitabda mübahisə doğuracaq nəticələrə də rast gəlmək olur. Şübhəsizdir ki, monoqrafiya teatr təsərrüfatımızın bütün sahələrini əhatə edən fundamental elmin həm də praktik əhəmiyyəti olan bir əsər kimi uzun müddət teatrşünasların, sənətşünasların, teatr və mədəniyyət xadimlərinin diqqət mərkəzində olacaq, bir sıra elmi-ədəbi müzakirələrə, mübahisələrə səbəb olacaq, faydalı teatr söhbətlərinə impuls verəcək. Mənsə bir yazıçı, dramaturq kimi kitabda diqqətimi çəkən bəzi məqamlara oxucu səviyyəsində toxunmaq istərdim.

Teatrın məktəbə, tərbiyə müəssisəsinə, hətta məbədə bənzədilməsi teatrı sevən, onun təəssübünü çəkən adam kimi məni həmişə qıcıqlandıran məqam olub. Bu məsələyə haqqında danışdığımız monoqrafiyada xüsusi yer ayrılıb. İlk baxışda ziyansız bir söz, teatrın ictimai-mənəvi məzmununu artırmaq, sosial statusunu qaldırmaq üçün kəşf edilən, rus dilinin “xram” sözündən tərcümə olunmuş və teatr dilinə pərçim edilmiş adi kəlmədir, amma bu kəlmənin arxasında məkrli bir siyasət dayanır: uçurulub yerlə yeksan edilən, yaxşı halda ambarlara, sexlərə çevrilən məscidlərin, kilsələrin əvəzinə ibadətxana səviyyəsinə qaldırılan teatrların məbəd adlandırılması həmin siyasətin nəticəsidir. Müəllifin fikrinə istinad edərək deyək ki, Avropa maarifçilərindən rusların aldığı bu söz inqilabdan əvvəl də teatra münasibətdə işlədilib, amma o ibadət yeri, məbədgah kimi deyil, məhz sənət məbədi kimi nəzərdə tutulurdu. Elə bir az əvvəl adını çəkdiyimiz məqaləsində Belinski teatrı “xram iskusstva” – “sənət məbədi” adlandırılıb. Kitabda Sovetlərin bu ideoloji diversiyası çox gözəl, məntiqi məzmunda qiymətini alıb. Ümumiyyətlə, bir daha qeyd etməyi vacib sayıram ki, “Teatr” ciddi, geniş elmi imkanları və iddiaları olan mürəkkəb məzmunlu əsər kimi yazılsa da böyük emosional təsir gücü olan maraqlı mütaliə kitabı kimi asan oxunur, yadda qalır. A.Tuqanov, A.İskəndərov, M.Məmmədov, T.Kazımov, H.Atakişiyev kimi adları akademik Milli Dram Teatrının, eləcə də bütövlükdə Azərbaycan teatr tarixinə həkk olunmuş böyük şəxsiyyətlərin teatr həyatları, rejissor fəaliyyətləri, sənətkar fəaliyyətləri haqqında müəllif təhlillərini, teatrşünas şərhlərini həyəcansız oxumaq mümkün deyil. Əllinci-altmışıncı illər teatrlarının yazılarında, nostalji ovqatla yoğrulan xatirələrində qalmış “AzDrama”nın bəzi məşhur tamaşalarının üzərindən Ə.Vəliyev əsrarəngizlik niqabını soyuqqanlılıqla qaldırır və əsl olanı, keçmişə qovuşan Azərbaycan teatrının qrimsiz simasını göstərir. İstər-istəməz müəlliflə birgə oxucu da Azərbaycan teatrını öz teatr dili, öz sifəti, öz fərdiyyəti olmayan “imitasiya teatrı” kimi görür, yəni Avropa teatrını yamsılayan Azərbaycan teatrı. Məyus olmamaq çətindir.

Monoqrafiyanın bir bölməsi Azərbaycanda 70-80-ci illərdə teatr avanqardının formalaşmasına həsr edilib. Vəziyyətin kifayət qədər əhatəli, obyektiv və səriştəli təhlili, avanqard teatrın canlı mənzərəsi fonunda prosesə elmi yanaşma dərhal diqqəti çəkir. Oxucu kimi məni razı salan məqamlardan biri görkəmli rejissorumuz Vaqif İbrahimoğlunun teatr yaradıcılığının qabaqcıl və yenilikçi ruhunun düzgün və həssas təqdimatı, eləcə də bir dramaturq kimi teatr yaradıcılığımda mühüm rol oynamış mərhum Hüseynağa Atakişiyevin Şəki teatrındakı böyük uğurlarının yada salınması və bu qiymətli kitaba daxil edilməsi oldu. Bu yerdə Ə.Vəliyev görkəmli sənətşünas alimimiz Aydın Talıbzadənin H.Atakişiyevin yaradıcılığı haqqında yazdığı “Bir qırıq ömür və ya Çəmbərəkənd rapsodiyası” adlı gözəl oçerkindən bir sitat gətirir: “...Adamın adamı” pyesi Hüseynağanın quruluşunda Sovetlər Birliyinin teatr olayları sırasında mövsümün birinci, yəni ən yaxşı tamaşası sayılacaq... Əgər həmin çağların Sovet teatrında hansı soyadlara (Tovstonoqov, Efros, Lyubimov, Yefremov) pərəstiş edildiyini sadalasam, bu uğurun Azərbaycan teatr mədəniyyəti üçün əsl milli bomba olduğu aydınlaşacaq...” Və bu sitatın dalınca “Teatr”ın müəllif A.Talıbzadənin qeyd etdiyi milli bomba effekti verən hadisəni yekunlaşdırır: “Həqiqətən, Azərbaycan teatrının tarixində belə bir uğur 70-ci illərə qədər (yeni H.Atakişiyevə qədər – Ə.Ə.) heç bir teatra, heç bir rejissora nəsib olmayıb. Deməli, Azərbaycanın teatr avanqardı Şəki teatrı timsalında Avropa teatr mədəniyyətinə bir pəncərə açıb və bu pəncərədən Hüseynağa Atakişiyevin tamaşaları dünya teatr məkanına daxil olurdu”. Çox haqlı fikir və az-az dilə gətirilən, az qala unudulan teatr hadisəsidir, amma haqqın, ədalətin gec-tez özünü göstərməsi qaçılmazdır. Bu yerdə Ə.Vəliyevi və A.Talıbzadəni alqışlamamaq mümkün deyil.

“Teatr” kitabında böyük bir dövrün teatr hadisələrinə, ayrı-ayrı teatrların fəaliyyətinə, Azərbaycan teatr sənətinə yeni nəfəs gətirən, öz yaradıcılıqları ilə teatral epoxa yaradan rejissorların düzgün, üzgörənlik olmadan, hər kəsin öz yerinə, çəkisinə görə cəsarətlə qiymətləndirilməsi çox əhəmiyyətli hadisədir. Bu da görünür müəllifin həm də mədəni-ictimai-siyasi statusu ilə bağlıdır. Rəhbər vəzifə tutan insanların sənət haqqında diletant səviyyədə deyil, əsl peşəkar, yüksək şünas müstəvisində fikir deməsi, hadisələrin mahiyyətini elmi əsaslarla təhlil edib qiymətləndirməsinin böyük əhəmiyyəti, ictimai rezonansı şəksizdir. Bu məqamda haqqında söz dediyimiz kitabda adı tez-tez çəkilən Cəfər Cəfərovu yada salmaq yerinə düşər. Bu gün həmin missiyanı Ədalət Vəliyev uğurla davam etdirir.

Teatr təsərrüfatımızın, demək olar ki, bütün dövrlərini təhlil predmetinə çevirən bu kitabda dəfələrlə adlarına rast gəldiyimiz A.İskəndərov, M.Məmmədov, T.Kazımov, H.Atakişiyev, A.Nemətov, V.İbrahimoğlu, B.Osmanov, N.Ağayev kimi müxtəlif istedad və çəki dərəcələrində olan rejissorların teatr sənətimizdəki xidmətləri az və ya çox dərəcədə söhbət mövzusuna çevrilir, amma “Yuğ” teatrının yaradıcısı və bədii rəhbəri Vaqif İbrahimoğlunun fəaliyyətinə haqlı olaraq xüsusi önəm verilir. Görkəmli rejissorun yaradıcılıq yolu, əvvəlindən başlayaraq, 2000-ci ilədək kifayət qədər ətraflı, hövsələ və “Yuğ”a məhəbbətlə göz önünə gətirilir və belə təəssürat yaranır ki, əsl milli Azərbaycan teatrı məhz bu formatda, bu məzmunda olmalıdır, yəni Rusiya vasitəsilə Avropadan aldığımız peşəkar teatrın Azərbaycan versiyasının teatr dili təxminən “Yuğ”un dilinə oxşamalıdır və ya bu, yəni “Yuğ”un təcrübəsi variantlardan biri olmalıdır. Kitabda birbaşa deyilməmiş bu fikrə mən də qoşuluram, amma monoqrafiyanın müəllifini narahat edən başqa bir fikirlə də şərikəm: bu dil xeyli mürəkkəbdir, onu anlamaq, ən əsası isə ondan zövq almaq üçün müəyyən intellektual səviyyə, hazırlıq, bu dilə köklənmək istəyi, ümumilikdə yüksək teatr sənətinə yaxın bələdlik tələb olunur. Odur ki, “Yuğ”un tamaşaçı auditoriyası xeyli məhduddur (əslində spesifik fərdi üslubu olan hər bir sənət növünün tamaşaçısının məhdud həddə olması təbiidir). Ən müxtəlif dövrlərdə, müxtəlif səhnələrdə rejissorun səhnəyə gətirdiyi tamaşaları yüksək professionallıqla təhlil və bəzən də təsvir edən müəllif V.İbrahimoğlunun Azərbaycan teatr mədəniyyətindəki yerini, onun rejissor fərdiyyətini, orijinallığını dəqiq və düzgün qiymətləndirir. Necə ki, “teatr zaman içərisində mövcud olan sənətdir, onu müasirləri qiymətləndirməsələr, gələcəyə ümid bağlamaq havayı istəkdir” deyən Ə.Vəliyev hər bir teatr hadisəsinin zamanında qiymətləndirilməsinin vacibliyini bir daha vurğulayır və dediyinə əməl eləyir. Qiymətləndirmə isə hər şeydən əvvəl başa düşülməkdir, axı yaradıcı insan nə edirsə, nə yaradırsa, başqaları üçün – tamaşaçı və oxucu üçün edir. Yaradıcılıq prosesi nə qədər gözəl və həzverici olsa da, zirvə nəticədir, yəni təqdim edilən məhsulun bəyənilməsi! “Teatr” kitabı əslində Azərbaycan teatrının qiymətləndirilmə missiyasını yerinə yetirir.

Monoqrafiyada alınan əsas nəticələrdən biri, nə qədər məyusedici olsa da, Azərbaycan teatrının imitasiya xarakterli olmasının müəllif tərəfindən təsdiq edilməsidir. Niyə məyusedicidi? İmitasiya, yamsılama heç vaxt əsl sənət səviyyəsinə qalxa bilməz. Mənə elə gəlir ki, müəllifin imitasiya haqqında qənaəti bir qədər mübahisəlidir, hər halda mən bu fikri axıra qədər qəbul edə bilmirəm. Biz Avropa teatrını mənimsəyib, yenisini, təkrarı olmayan yeni teatr yarada bilməzdik, velosiped olan yerdə təzədən onu kəşf eləmək rasionallıqdan uzaq bir şey olardı. SSRİ miqyasında Sovet teatrına ton verən gürcü teatrını və kinosunu necə qiymətləndirək? Əsl sənət olan yerdə imitasiya sözü heç yada düşmür, istər Avropada olsun, istərsə də Azərbaycanda. Biz heç vaxt teatr sənətinə bizə yad, ögey kimi yanaşmalı deyilik, əks halda çoxdan bizə doğmalaşmış bir sıra sənət növlərindən də əl çəkib, şəbehlə kifayətlənməli olarıq.

Azərbaycan teatrının “imitasiya xisləti” olduğunu deyən müəllif əslində bu fikri sonadək, qeyd-şərtsiz qəbul etmir: “...Azərbaycan teatrı imitasiya xislətli olsa da, onun seyrçiləri həmişə olmuşdur. Elə bu kontekstdə artıq biz seyrçini imitator adlandıra bilmərik, deməli bu faktor imitasiya payını minimallaşdırır. Çünki teatr və seyrçi münasibətləri heç zaman imitasiya ola bilməz”. Çox haqlı fikir, haqlı qənaətdir. Azərbaycan teatrının tamaşaçısı həmişə olub, bu başqa söhbətdir ki, zamandan, sosial şəraitdən, iqtisadi vəziyyətdən asılı olaraq teatr tamaşaçısı gah artıb, gah ga azalıb, amma heç vaxt tamam yox olmayıb, həmişə var olub, indi də var. Bu yerdə söz elə həmin tamaşaçı zövqündən gedə bilər. Monoqrafiyada bu problem də öz şərtini tapıb. Müəllif haqlı olaraq teatrın məhz tamaşaçı istəyinə, zövqünə deyil, məhz istəyinə köklənməli olduğunu bildirir. Əgər tamaşaçı bilet alıb teatra gəlirsə, o istədiyini görməli, istədiyi kimi əylənməlidir, amma necə? Təbii ki, yüksək keyfiyyətli məhsulla. O da təbiidir ki, heç bir alıcı, indiki halda çox vaxt aşağı zövqünə görə qınaq yiyəsi olan tamaşaçı əla keyfiyyətli tamaşa gördüyünə görə nə inciyəcək, nə də gileylənəcək. “Məşədi İbad” güldürür, zövq verir, əyləndirir, ən müxtəlif zövqlü tamaşaçını razı salır, hələ tərbiyə də edir. Əgər tamaşaçıya yüksək keyfiyyətli məhsul verə bilməsən, onu itirəcəksən, nəticədə şit-şoular əsl sənəti üstələyəcək. Ə.Vəliyevin söylədiyi kimi, Şekspir də kassaya işləyirdi, amma necə? Bu suala cavab verməmək də olar, çünki cavab sualın özündə və əsrləri adlayıb günümüzədək gəlib çatmış Şekspir əsərlərindədir. Amma mən bu “Necə?” sualına cavab deyərdim ki, məsuliyyətlə, istedadla, yüksək zövqlə, ən əsası isə işinə, sənətinə, tamaşaçısına məhəbbətlə. Teatrı yaradan, teatrdan yazan, teatrı özünə peşə məkanı seçən hər kəs teatrın təəssübünü çəkməli, teatrı sevməlidir, “Teatr” kitabının müəllifi kimi.

Qeydlərimin sonunda onu da deyim ki, 136 illik inkişaf yolunu qət eləmiş peşəkar Azərbaycan teatrının dünəni, indisi və yaxın gələcəyi haqqında kifayət qədər geniş və yüksək keyfiyyətli məlumat almaq üçün təkcə “Teatr” adlı bu maraqlı və unikal kitabla tanış olmaq da bəs edər.

 

 

Əli ƏMİRLİ,

yazıçı-dramaturq

 

525-ci qəzet.- 2010.- 20 mart.- S.20.