SAAT DAŞI

 

Həmin gün, hər il olduğu kimi, axşamüstü Turan xanımgilə yollandım.

Mən gələndə qohumlardan, dostlardan bir neçə nəfər artıq buradaydı.

Oktyabrın 24-ü idi, Hüseyn Cavidin növbəti ad günü.

Böyük şairin 111 yaşı tamam olurdu.

Həmişəki kimi, Turan xanım atası Cavidin, anası Mişkinaz xanımın, qardaşı Ərtoğrolun əkslərinin yanında 3 şam yandırmışdı.

Deyirdik, danışırdıq, xatirələr söylənirdi, yenə bu kiçik otaqda xudmani bir söz bayramı yaşanırdı.

Bir neçə gün öncə Hacıbaba ustad mənə sonuncu şeirlərini yazdığı balaca bir dəftər vermişdi, baxmışdım ki, hələ boş vərəqləri çoxdur, demişdim: «Bəlkə, dolsun, sonra verəsiniz Qayıtmışdı: «Yox, ayrı dəftərim var, yeni şeirlərimi ora yazacam».

Elə həmin gün dəftərçəni Turan xanıma verərək xahiş eləmişdim ki, bu bir neçə səhifəlik əlyazmanı makinada yazsın.

Həmin ad günü axşamında Turan xanım, birdən nəsə yadına düşübmüş kimi, qalxıb qonşu otağa keçdi, dəftərçəni və makinada nüsxələrlə yazdığı şeirləri gətirdi.

Elə dəftərdəki ilk şeirə – ustadın Kərbəla ziyarətinə yola düşmək ərəfəsində yazdığı misralara işarə edərək təbəssümlə: «Gör Hacıbaba müəllim həyat yoldaşını nə incə məhəbbətlə sevir», – dedi.

Şeiri ucadan oxudum ki, məclisdəkilərin hamısı eşitsin.

 

Uğurlar arzula cana,

Ki səndən ayrılıram,

Ziyarət əzmi ilən mən

Vətəndən ayrılıram.

 

Həmişə hüsnün olub

Gülşənim, gülüm, çiçəyim,

Bəlalı bülbülünəm mən,

Çəməndən ayrılıram.

 

Səninlə ömr edəli

Hər günüm baharə dönüb,

Gör, indi bəslədiyim

Yasəməndən ayrılıram.

 

Əgərçi qismət olar,

Hacı «kərbəlayi» gələr.

Dur, indi gəl, yola sal,

Çünki səndən ayrılıram.

 

Hamı gülüşdü.

Hacıbaba müəllim həmişə arzusunda olduğu Kərbəlaya gedib-gəlmişdi, kərbəlayı olmuşdu, ayrılıq astanasında yazdığı bu şeirdəki xəfif nigarançılıq da artıq lap çoxdan arxada qalmışdı.

Və birdən möcüzə baş verdi.

Evdən mənə zəng çaldılar.

Nə telefonun zəng çalması, nə məni evimizdən axtarmaları möcüzə idi.

Möcüzə o telefon zənginin içərisindəki xəbərlə indi içərisində olduğumuz bu məclisin heyrətli bağlantısı idi.

Adətən, Turan xanımgildə olanda bilərdilər ki, gec gələcəyəm, xüsusi ciddi bir hadisə olmasaydı, məni aramazdılar.

Odur ki, bu zəng məndə təşviş oyatdı.

«Hacıbaba müəllimgildən axtarırlar səni. Deyirlər, təcili onlara gedəsən. Elə bu dəqiqələrdə keçinib…»

Hamımız sustaldıq.

Biz Cavid ocağında, dahi şairin növbəti ad günündə Hacıbaba Hüseynovun vidalaşma şeirini oxuyarkən o zavallı həyatla vidalaşırmış:

 

Uğurlar arzula cana,

Ki səndən ayrılıram.

Ziyarət əzmi ilən mən

Vətəndən ayrılıram.

 

Sevgilisindən, bizdən, Vətəndən, həyatdan ayrılırmış…

Turan xanım ağır-ağır qalxdı, bir şam yandıraraq Cavidlərin əriyib qurtarmaqda olan 3 şamının yanına qoydu.

Tələsik çıxdım.

Azərbaycan, Bakı o vaxt narahat çağlarını yaşayırdı. Ölkə parçalanma, iflas təhlükələrinin məngənəsində çabalayırdı.

Həmişə xoş ovqat şəhəri olmuş Bakı, elə bil, qaraqabaqlaşmışdı. Adamlar axşamlar evdən çıxmağa da ehtiyat edirdilər.

Taksi tapa bilmədim.

Yarıqaranlıq küçələr bomboş idi. Halbuki, sən deyən, gec saatlar da deyildi.

Şəhərin bu hüznlü görünüşü mənim indiki əhvalıma çox uyğun idi.

Azadlıq prospektinin bu başından o başına – Turan xanımın prospektə qovuşan Nizami küçəsindəki mənzilindən Hacıbaba ustadın həmin prospektin Naxçıvani küçəsinin kəsişəcəyindəki evinəcən piyada getdim.

Bu uzun yolu gedə-gedə Hacıbaba ustadı düşünürdüm, bütün ömrü gözümün önündən keçirdi, səsi, sözləri yaddaşımda sayrışırdı, yoxuşu qalxa-qalxa mənə çox əziz olan, tanıdığım insanların ruhca ən zənginlərindən birini daha heç vaxt görməyəcəyimə qüssələnirdim.

 

Mənim bu odlu sinəmin şərari aşikarədir,

Yaxın gələrsə rindlər, bilər, xəyalə bənzəməz.

Zaman olur ki, axtarar zəmanə əhli Hacını,

Və leyk, indi sözlərin biri misalə bənzəməz.

 

Yolu gedə-gedə, 1993-cü ilin həmin tutqun 24 oktyabr axşamında mən artıq onu – itirmiş olduğum Hacıbaba ustadı arayırdım.

Zəmanə əhli isə, ustad düz hiss edibmiş ki, əsl qədir-qiymətini anlayaraq onu xeyli sonra axtarmağa başlayacaqdı…

Müharibədən sonrakı ilk illər yalnız Azərbaycanda deyil, İkinci dünya savaşının zərbələrini dadmış ölkələrin hər birində bütün çətinliklərə, sağalmayan yaralara, çeşid-çeşid sıxıntılara baxmayaraq, ruh yüksəkliyilə, ümidlə, hər şeyin yaxşı olacağı inamı ilə doluydu.

Müharibədən sonrakı ilk yazdan başlayaraq, elə bil ki, dünyanın işığı da, rəngləri də artmışdı və asta-asta dava illərinin qaramatlığını, bozluğunu, sönüklüyünü sovurub aparırdı.

Hər bir insanın ömründə də, sanki, büsbütün yeni bir səhifənin açıldığı təəssüratı vardı. Ən azı, hər kəs bunu özünə təlqin etməyə, buna sidq ürəkdən inanmağa çalışırdı.

Hacıbaba Hüseynov Əhməd Bakıxanovun ansamblında nağaraçı kimi fəaliyyətə başlayanda 1945-ci il idi.

Bu dövrdə və ondan sonrakı bir neçə onildə həmin sənət birliyi Azərbaycanın ən üstün, ən nüfuzlu xalq çalğı alətləri ansamblı sayılırdı və musiqi ilə, şeirlə nəfəs alan bu kollektivdə olmaq Hacıbaba üçün xoşbəxtliyin zirvəsi idi.

Bu mənim şəxsi qənaətim deyil, onun özünün mənə söylədiyi həqiqətdir.

Söhbət eləyirdi ki, müharibə ərəfəsində belə bir qərar çıxmışdı – işə ciddi üzrlü səbəb olmadan 10 dəqiqədən artıq gecikən vəzifəsindən kənarlaşdırılsın.

Çilingər işlədiyi vaxtlarmış.

Bir gün radioda valehi olduğu Zülfünün konserti gedirmiş.

Hacıbaba elə aludəliklə dinləyirmiş ki, aləm eyninə deyilmiş.

Konsert bitincə onu görür ki, ey dadi-bidad, haçandır iş başlayıb.

Gecikir və radioda Zülfünü dinləmək heç vəchlə üzrlü səbəb sayılmadığından onu zavoddan kənarlaşdırırlar.

İki-üç ay işsiz qalandan sonra həm yaxşı mütəxəssis olmasına görə, həm də bir neçə dost-tanışın xahiş-minnəti sayəsində onu yenidən öz yerinə bərpa edirlər.

Musiqiyə belə vurğun Hacıbabadan ötrü Əhməd Bakıxanovun ansamblında olmaq elə Cənnətin tən ortasına düşməyə bərabərdi.

Camaat arasında xırda-xırda oxumağa da həmin ansamblda nağaraçalan işlədiyi çağlarda başlayır.

1946-47-ci illərdə el şənliklərində yaxınları, oxusuna bələd olanlar rica edəndə bir-iki ağız deyərmiş.

Zülfünün dəlisi olduğundan onun yollarını, boğazlarını, az qala, olduğu kimi təkrarlaya bilirmiş.

Zülfü Adıgözəlovun «Rast»ı yazılmış, 1938-ci ildə buraxılan val o dövrdə, az qala, patefonu olan hər abşeronlunun evində varmış.

Hacıbaba bu valı o qədər dinləyibmiş ki, səsbəsəs əzbər bilirmiş.

Əsas işi nağara çalmaq olsa da, hərdən toyda-məclisdə üz vuranda oxumağa da başladığı, həm də buna yalnız xanəndə olmayan yığnaqlarda razılıq verdiyi vaxtlarda bir gün hansısa Bakı kəndində Zülfüylə ilk dəfə rastlaşır.

«Maşın gəldi. Əvvəl Qurban əmi düşdü, ardınca da Zülfü.

Kimsə Zülfüyə deyir ki, bəs o cavanın yaxşı oxumağı var.

Təvəqqe elədi ki, oxuyum.

Oxuyardımmı heç!

Qurban əmi də təkid elədi. Boyun qaçırtdım.

Qazancım bu oldu ki, həmin məclisdə Zülfüylə ilk dəfə salam-əleyk elədik.

Zülfü o vaxtlar musiqi məktəbində dərs deyirdi.

Bir dəfə məni çağırtdırdı yanına ki, eşitmişəm valdakı «Rast»ımı olduğu kimi yamsılayırsan, bir oxu, mən də qulaq asım.

Yenə onun qarşısında oxumağa cürətim çatmadı.

«Sən mənim canım, oxu», – dedi.

Bu sözün qarşısında məcbur qalıb oxudum.

Çox yox ha, cüzi, elə bir neçə nəfəs.

Uğundu getdi. Dedi: «Eşitmişdim pis oxumursan, özü də eynən mənim kimi oxuya bilirsən. Amma təsəvvür edə bilməzdim bu təhər dəqiq oxşadasan».

Bir axşam yenə Bakı kəndlərindən birində toydaydıq. Əvvələn onu deyim ki, Bakının üç-dörd para kəndi var ki, orada Zülfünün oxumasından ötrü əldən-ayaqdan gedirdilər.

Bu kəndlərdən biri Corat idi, biri Binə idi, biri Nardaran idi, biri də Güzdək. Mən danışan əhvalat baş verdi Nardaranda.

İki əkiz qardaş vardı, toylarını eyni gündə edirdilər. Məclisə Zülfünü də dəvət etmişdilər. Mən klarnet dəstəsində idim, ayrı gəlmişdik. Yeri gəlmişkən onu da deyim, bu kəndlərdə Zülfünü o qədər sevirdilər ki, əhd eləyirdilər oğlumuz olsun, adını Zülfü qoyaq.

Toyun qızışan məqamı idi. Zülfü, həmişəki kimi, şahanə oxuyurdu, hamı onun səsinin təsirindəydi.

Nardaranın hörmətli adamlarından biri həmin toyun sərpayısı idi.

Sən demə, o, Zülfü ilə küsülüymüş.

Bunu kəndin ağsaqqalları da bilirdi.

Daha barışmaq üçün bundan münasib girəvə olmazdı ki!

Sərpayıya dedilər ki, get öp Zülfünün üzündən.

Çox da sərpayı idi, məclisin ağası idi. O da ağsaqqal sözünə tabe idi, həm də bu tapşırıq lap ürəyincə idi.

Dinməz-söyləməz gedib öpdü Zülfünü.

Zülfü bir «Orta segah» başladı.

O, nə oxusa, əla idi, ancaq «Orta segah»ından olmazdı.

İndi də deyə bilmirəm, qəhərlənirəm. Onun «Orta segah»ı adamın ürəyini yerindən qoparırdı.

Oxuyurdu, həm də elə bir şeir oxuyurdu ki, o vaxtacan həmin şeiri heç bir başqa xanəndədən eşitməmişdim. Belə başladı ki:

 

Dilbər, sənin ol gülşən ü gülzarına qurban,

On dörd gecəlik ay təki rüxsarına qurban.

Əyri qaşına, türre-yi tərrarına qurban,

Süzgün gözünə, nərgis-i xummarına qurban.

 

Zülfü Adıgözəlov ki qarabağlı idi, bunu Qarabağ ləhcəsində bir az da şirin deyirdi:

 

Dilbər, sənin ol gülşən ü gülzarınqa qurban,

On dörd gecəlik ay təki rüxsarınqa qurban,

Əyri qaşınqa, türre-yi tərrarınqa qurban,

Süzgün gözünqə, nərgis-i xummarınqa qurban.

 

Ey sevgili yarım,

Ey türfə nigarım,

Sənsən gülüzarım,

Yox səbr ü qərarım,

Xəllaqınqa, peyğəmbərinqə, tanrınqa qurban.

 

Özümü saxlaya bilmədim, gözlərim yaşardı.

Zülfü oxuyub qurtarandan sonra mənə dedilər ki, indi sən götür qavalı.

Nə illah elədim ki, mən peşəkar xanəndə olan məclisdə oxumuram, onda qalmış Zülfi kimi ustadın məclisi ola, xeyri olmadı. O biri tərəfdən, Zülfü də israr elədi ki, camaatın sözünü yerə salma.

Mən Vahidin bu qəzəlini başladım:

 

O can alan nə bilir aşiqin pənahı nədir,

Ona bu hüsnü verən qüdrət-i ilahi nədir?!

 

Bu, geniş yayılmış, az qala, hər xanəndənin oxuduğu qəzəl idi.

Zülfünün bir adəti vardı – kepkasını gözünün üstünə çəkib mənalı-mənalı baxardı. Yenə helə baxdı. Bu baxışın bir eyhamı da vardı ki, o şeirin qabağında bu nədir oxuyursan?

Mən bu sənətdə az-çox nə öyrənmişəmsə, Zülfü Adıgözəlova, Seyid Şuşinskiyə, Əhməd Bakıxanova borcluyam. Sonralar 12 il Bəhram Mansurovla yoldaşlıq etdim. Onun bütün nəsli musiqiçi olub. Təbii ki, o özü də muğamı mükəmməl bilirdi. Ondan da çox şey öyrəndim. Mən haqqı deməliyəm».

 

Bu son sözləri Hacı müəllim təsadüfən dilə gətirmirdi.

Çünki illərcə yoldaşlıq etdiyi Bəhram müəllimlə günlərin birində araları dəymişdi.

Axıracan da barışmadılar.

Amma nahaq.

Bundan hər ikisi itirdi, lakin daha çox sənətimiz itirdi.

Olsun ki, Bəhram müəllimin çalğısında, ifasındakı qıvraqlıq, cazibə, yapışıq digər tarzənlərinkindən fərqli idi. Amma kiməsə az görünən qıvraqlığın, cazibənin, yapışıqlığın əvəzində Bəhram ustadda başqalarında olmayan qədimlik, dürüstlük, çoxlarının bixəbər olduğu şöbə və guşələri canlandırmaq məharəti vardı.

Həmin bilinməyən, unudulmuş şöbə və guşələr Bəhramın solo ifasında bir güc idisə, Hacıbaba oxusu ilə qovuşub avazlaşanda on gücə çevrilirdi.

Hacıbaba ustadsa o «təzə» şöbə və guşələrlə səsini pərvazlandırmaqdan ötrü yeni üfüqlər əldə edirdi.

Aralarından su keçmədiyi əyyamlarda Bəhram Mansurova şeir də həsr etmişdi:

 

Biz məqamat əhliyik, həm vardır əldə camımız,

Tarsız, neysiz, kamansız olmayır aramımız.

Yoxdu Cabbar kim, Ələsgərdən soruşsun Seyyidi,

Zülfü tərk etmiş bizi, Xanla keçir əyyamımız.

Gərçi Qurban ayrı salmış tarını mizrabdan,

Tarını dilləndirən vardır bizim Bəhramımız.

 

Peyğəmbərin hədisidir ki, biliyin ardınca get – lap o, Çində olsa da.

Yəni, ən uzaqda, ən çətinliklə irişilən məkanda bulunsa belə, biliyə doğru yollar daşlı-kəsəkli olsa da, əziyyətlərdən çəkinmə, onların ardınca qoş.

Peyğəmbər aşiqi, müqəddəs simaya neçə şeirini həsr etmiş Hacıbaba ustad bilik ardınca bu cür can atanlardan idi.

Zülfüdən ilk dəfə eşidərək ifasına gətirdiyi, sonradan çoxlarının Hacıbaba Hüseynovdan öyrənərək oxuduğu cığalı müxəmməsin müəllifinin kimliyini bilib-bilmədiyini soruşmuşdum ondan.

«Xəbərim yoxdur», – demişdi.

Bu şeirin bütövünü Salman Mümtazın «El şairləri» kitabında birinci dəfə 1928-ci ildə çap etdirdiyini, müxəmməsi Dəli Bəbir adlı unudulmuş bir söz ustasının qoşduğunu söyləmişdim, xahiş etmişdi ki, mətni yazıb verim ona.

Amma sabahacan dözməyə səbri çatmamışdı, elə həmin axşam zəng vurmuşdu ki, şeirin bilmədiyi bəndlərini telefonla diktə eləyim, yazsın.

…Bir neçə həftə sonra Kürdəxanıya toya dəvətli olan bir dostum «bəlkə, gedəsən mənimlə, Hacıbaba oxuyur orda », – dedi.

Vaxtım da vardı, həvəsim də.

Getdik.

Abşeron toylarının bir ənənəsi də çox ürəyimə yatır və örnək götürüləsidir.

Qonaqlar əvvəlcə bir başqa çadırda yeyib-içir, sonra keçirlər digər çadırda musiqi dinləməyə.

İki yeməyi bir-birinə qatmırlar, rəva görmürlər ki, qarın qidasının hay-küyü mənəviyyat qidasına xələl gətirsin.

Biz çadıra daxil olanda Hacıbaba müəllim oxuyurdu.

Məclis ustası olduğundan dərhal elə gendəncə gözü məni tutdu.

Başqa bir qəzəl ifa edirdi.

Salamlaşmaq, hörmətimi bildirməkçün ona sarı irəliləyirdim.

Girişdən toy mağarının çalğıçılar əyləşmiş yuxarı başınacan 30-35 metr olardı.

Mən bu yolu qət edənəcən Hacıbaba ustad yalnız ona xas qeyri-adi məharətlə gözlənilməzcə «Orta segah»a keçdi və bir vaxt Zülfünün onu seyr etdiyi kimi, mənalı-mənalı mənə baxaraq belə oxudu:

 

Çün dərdim olub ruz-i əzəldən sənə məlum,

Mövzun bayatıyla qəzəldən sənə məlum,

Yoxdur üzümün fərqi xəzəldən, sənə məlum,

Çəkməz əlin üşşaq gözəldən, sənə məlum.

Ey dilbər-i tənnaz,

Ey surət-i şəhbaz,

Etmə Bəbirə naz,

Gəl ol mənə həmraz,

Xəllaqına, peyğəmbərinə, tanrına qurban.

 

Hacıbaba belə Hacıbaba idi.

«Sən gəlmisən, indi başqa cür oxuyacam», – dedi.

Oxudu və o axşam oxuduqlarının hamısını diktofona yazdım.

Ustadın bu sözündə də böyük peşəkarlığın əlaməti vardı.

O, auditoriyadan-auditoriyaya, dinləyicidən-dinləyiciyə fərq qoymağı, harada nəyi oxumağı izahsız bir fəhmlə duyurdu.

Hər kəsə istəyəcəyi payı verməyi bacarırdı.

Bir dəfə zarafatla soruşdum ki, toyda sizə pul uzadıb sifariş verəndə vəcdə gəlməyinizə təsiri olurmu?

Tam ciddiliklə: «Əlbəttə! – dedi. – Toyda xanəndəni, çalğıçını pul kimi cuşə gətirən qüvvə olmaz».

O da pulu sevirdi. Amma onu ən müxtəlif məcislərdə saysız dəfə müşahidə edəndən sonra gəldiyim bir nəticə də budur ki, Hacıbaba üçün qarşısında anlayanın, duyanın, əsl dəyərini dərk edənin olması onu hər şeydən çox ilhamlandırırdı.

O öz oxumağından zövq alırdı – buna söz yox. Lakin dinləyənin onun oxusundan aldığı ləzzət Hacıbaba ustada daha çox həzz bağışlayırdı.

Bir şeirində bunu təsdiq də edir:

 

Deyillə eşq mülkünün gədası, şahı birdilər,

Nə xoş məkandır ol məkan, həmən məkanı kim bilər?

Məqam-i şeirə, Hacı, gər yığılsa əhl-i zövqlər,

Tərəf-müqabil olmasa, təb-i rəvanı kim bilər?

 

Tələbəliyimdə, lap əvvəlinci görüşümüzdə Hacıbaba müəllim söhbət əsnasında eşitməmiş olduğum bir qəzəlin mətləsini – ilk beytini söyləmişdi, soruşmuşdum ki, bu şeirin məqtəsi necədir?

Başqa mətləbdən danışmağa başlamışdı, elə bil, həmin suala cavab vermək yadından çıxmışdı, handan-hana bir də xəbər almışdım ki, Hacı müəllim, bayaq oxuduğunuz qəzəlin axırıncı beyti, təxəllüs işlənən sətirləri necədir, o şairi tanımaq istərdim.

Bu dəfə cavab vermişdi.

Üstündən illər ötəndən sonra həmin görüşü yada salaraq etiraf etdi: «Mən daim imkan olduqca hərədən nəsə əxz etmişəm. Heç vaxt bilməməkdən utanmamışam. Elə səninlə ilk görüşümüzdə «məqtə» demişdin, bilməmişdim nədir. Gözləmişdim, bəlkə, söhbətin gedişində özün mənə bir ipucu verdin.

Bu yolla sənin xəbərin olmadan səndən bir biliyi mənimsəmişdim.

Heç yadımdan çıxmaz. Qonşuluğumuzda Qasım adlı bir oğlan vardı. Mirzə Mansurun yanına gedib tar dərsi alar, muğamları öyrənərdi. Tez-tez baş çəkərdim həmin oğlangilə. Oxuyardı ki: «Maye-yi əsl-i nəcəb əz gərdiş-e dövran zərəst». Soruşardım: «Bu nədir Deyərdi: «Üşşaq».

Belə-belə, illər boyu bilmədiyimi öyrənmişəm, öyrəndikcə də bu sənətə həvəsim artıb. Bircə söz də olsa, öyrəndiyim adama həmişə minnətdar olmuşam».

«Qatar»ı, «Heyratı», «Mənsuriyyə»ni, «Qarabağ şikəstəsi»ni müxtəlif nəsillərin təmsilçiləri olan ən qabil xanəndələrimiz oxuyublar və həmin oxular arasında misilsizləri də az deyil.

Görən, Hacıbaba Hüseynov bunları oxumalı olsaydı, necə alınardı?

Heyiflər ki, Hacıbaba Hüseynovun o qədər zəngin içəri dünyasının, ifa məharətinin müqabilində səsinin qanadlanma dairəsi məhdud idi.

Cabbar Qaryağdıoğlu səs imkanları geniş olan xanəndəymiş. Bununla belə, söyləyibmiş ki, Ələsgərin nəfəsi məndə olsa, göydə uçan quşu saxlardım.

Bir kərə bunu Hacıbaba müəllimə xatırladaraq soruşmuşdum ki, heç sizin xəyalınızdan keçməyib ki, filan səs məndə olsaydı, nələr edərdim?

Cavab vermişdi ki, Cabbarın bu sözünü Qurban Pirimovdan da eşidib.

Filarmoniya bağında oturublarmış. Qurban əmi, Xan, Bəhram, Hacıbaba…

Qurban əmi həmin söhbəti edir, Hacıbaba da qayıdır ki, ay Xan, nolar, səsini bir neçə günlüyə mənə borc ver də.

Xan bir az incik: «Niyə, məgər mən oxuya bilmirəm, – deyir.

«Yox e, onu demirəm. Sən ömrün boyu bu səslə oxuyub doymusan. Bu səs məndə olsa, çıxaram dama, üç gün fasiləsiz oxuyaram. Ürəyimdə o qədər oxumaq istədiyim muğamlar, təsniflər var, eləmək istədiyim gəzişmələr, keçidlər, boğazlar var ki, heç kəsin ağlına gəlməz onları mən necə edə bilərəm. Neyniyim ki, qismətimə düşən səs budur».

Hacıbaba Hüseynovun göydə uçan quşu yerə yatırdan səsi yoxdu.

Amma dinləyənin könül quşunu hər an ovlaya, ofsunlaya bilən, əsirinə çevirməyi bacaran elə bir avaza və oxu tərzinə malik idi ki, ona ən heyrətli zilləri fəth edən xanəndələr də həmişə həsəd apardılar və gələcəkdə də aparacaqlar.

Hacıbabanın özününsə heç vaxt böyük iddiası olmadı.

Nə xanəndəlikdə, nə şairlikdə.

 

Büsat-i eşqə gəlib, ey dil, öz məqamivü bil,

Çalış ki, əldə qədəh, başda mey havası ola.

Bəsindi, Hacı, əgər cüzi təb-i şeirin var,

Məbadə səndə böyük şair iddiası ola.

 

Şeirlə yatıb, şeirlə duran Hacıbaba Hüseynova Azərbaycanın ən tanınmış söz ustalarının ithafları vardı və bu qələm sahiblərinin hər biri üçün haçansa Hacının onların hansısa qoşqusunu ifa etməsi fəxarət idi. Yalnız şeirlərini ifa etməsi yox. Onların bir çoxunun arzusu balalarının toyunda Hacıbabanın oxuması idi.

Tofiq Bayram Hacıbabaya xüsusi məhəbbət bəsləyənlərdən idi. Ömür vəfa etsəydi, istəyi idi ki, üç oğlunun üçünün də məclisini Hacıbaba aparsın:

 

Üç oğul toyuna intizaram mən,

Üç gəlin axtarır gözüm nə vaxtdır.

Bu şair əllərim tutub əlindən

Səni o toylara aparacaqdır.

 

Lakin ustada bu şeiri həsr etməkdə Tofiq Bayramın əsas məqsədi heç də balalarıyla bağlı niyyətini, ailəsinin arzusunu ifadə etmək deyildi.

Bunu elə sözgəlişi söyləyirdi.

O, Hacıbabaya pərəstiş edənlərdən idi və şeirində onun ustadlığını, bu ustadlığın məziyyətlərini açmağa çalışırdı:

 

Səndən öyrənsinlər şeirə təzimi,

Dəstə bağladırsan söz gülzarından.

Ölməz Füzulini, Seyid Əzimi

Hər gün qaldırırsan öz məzarından.

 

Tək Füzulini, Seyid Əzimi, Vahidi məzarından qaldırmırdı ki!

O sovet onillərində ki Molla Hüseyn Dəxilin, Mirzə Məhəmmədtağı Qumrinin, Hacı Əbülhəsən Racinin, Məhəmməd Əmin Dilsuzun, Hacı Rza Sərrafın… adları ortada yox idi, o vaxtlar ki dini düşmən sayan sovet ideolojisi mərsiyəni, nohəni, sinəzənləri dilə gətirməyi elə hökumət əleyhinə işləmək kimi qəbul edirdi, o çağlarda Hacıbaba Hüseynovun oxumalarını sadəcə ifaçılıq kimi dəyərləndirmək böyük bir xidmətin əsl mahiyyətini görməzliyə vurmağa tay olardı.

Hacıbaba ustad, sən deyən, uzaq yüzillərdə yaşamamış və adları xeyli cəhətdən dini ədəbiyyatla bağlı olmuş qiymətli sənətkarların yadigarlarını ifasına gətirməklə onları ehya edirdi, adlarını, imzalarını hafizələrdən biryolluq silinməyə qoymurdu.

Axı bu şairlərin heç birinin əsərləri nəşr edilmirdi, onlar haqqında radio-televiziya susurdu, ədəbiyyat tarixi kitablarında haqlarında kəlmə kəsilmirdi.

Füzuli kimi dahinin «Hədiqət üs-süəda»sı sovetin yasaqlığa ürcah etdiyi əsərlər cərgəsində idisə, bu qəbil «ikinci dərəcəli» şairlərə qoyulan qadağa əcaib görünmür.

Bu da sovet repressiyalarının bir başqa şəkli idi.

1920-30-cu illərdə sovet dövləti həbs etdiklərinin, gülləyə tutduqlarının, «xalq düşməni» elan edərək xatirələrini yaddaşlardan da qovmaq istədiklərinin kitablarını da məhv edir, adlarını dərsliklərdən çıxarırdı.

Yalnız 1956-cı ildən – rəsmi bəraətlərdən sonra o «düşmən»lərin – Cavidin, Cavadın, Müşfiqin, Sanılının, Mümtazın… adları 20 ilə yaxın sürən fasilədən sonra tədricən çəkilməyə, əsərləri ehtiyatla, məfkurə baxımından mühafizəkarcasına saf-çürük edilərək yarımçıq halda da olsa işıq üzü görməyə başladı.

Üstünə mərsiyəçi, nohəçi, qəsidəçi, qatı dindar damğası vurularaq unuduluşa məhkum kəsilmiş bir silsilə şairəsə bəraəti Hacıbaba Hüseynov verirdi.

Onların şeirlərini Hacıbaba ustad «nəşr edirdi».

Qəzeti-jurnalı, mətbəəsi, çapxanası yoxdu, amma səsi vardı, el şənlikləri kimi meydanı vardı.

Oxuyurdu, insanlar bu yanıqlı sözləri, riqqət oyadan misraları doğurmuş şairlərin kimliyiylə maraqlanırdılar, niyə bu adları bilmədiklərinə təəccüblənirdilər, əvvəl adları, eşitdikləri şeirləri yadda saxlayırdılar, sonra başlayırdılar o şairlər haqqında əlavə bilgilər axtarışına, yazdıqlarını soraqlamağa.

Hacıbaba Hüseynovun rəsmi diqqət və qayğıdan uzun müddət qıraqda qalmasında onun bu etirazçı fəaliyyətlərinin mütləq təsiri vardı.

Onun oxusunda din-iman vardı, əsil-nəcəb, kök-qaynaq vardı, azərbaycanlının sovet adamı olmasına maneçilik törədən dürlü-dürlü milli hissiyyatlar vardı.

Hökumətin nöqte-yi nəzərindən o, «bizim adam» deyildi.

Bədxahları onun bu «zəif» nöqtəsindən lazım olanda mərdimazarlıq törətməkçün istifadə edirdilər.

Düşməni ona «dərviş» deyirdi və elə bu, sovet çağlarının təbiriylə, qatı dinçi, sənəti ilahiyyat, mövhumat səmtə döndərən demək idi.

Hacıbaba müdafiə olunmağa cəhd edirdi, dərvişin, dərvişliyin heç də pis məfhum olmadığını, Füzulinin də özünə «dərviş» deməsini misal gətirirdi:

 

Rəhm et, ey məh, mən-i dərviş çəkən ahlərə

Ki, gəda ahi əsər etməz olur şahlərə.

 

Bunu deyirdi və radioda-televiziyada tək-tük çıxış etmək imkanı yarananda elə bu qəzəli də oxuyurdu ki, onu dərvişlikdə ittiham edənlər eşidib nəticə çıxarsınlar.

Əksinə, bundan da əleyhinə əlavə bir dəlil kimi istifadə edirdilər: «Görürsünüz, toyda-yasda oxuduqları azmış kimi, dərviş olmasını efirdə də nümayişkarcasına söyləyir».

Hacıbaba Hüseynovun 70 yaşının tamam olması və ona həmin vaxtlarda əməkdar artist fəxri adının verilməsi ilə əlaqədar əslən Güney Azərbaycandan olan Kamil Sərbəndinin ustada göndərdiyi təbrik şeirində belə misralar vardı:

 

Əməkdar oldun axır ki, şükürlər olsun Allaha,

Gün olsun ki, adın Gün tək fələkdə bərqərar olsun.

Səni, hərçəndi, adsız da sevir sidq ilə öz xalqın,

Fəqət istedad əhlində gərəkdir iftixar olsun.

Var haqsızlıq kimi təbin həyatda çünki cəlladı,

Ədalət yoxsa istedad, çətin ki, aşikar olsun.

Bu ad layiq idi çoxdan sənə, ey bülbül-i xoşxan,

Onu təxirə kim saldı, ona min dəfə ar olsun!

Dünənki körpə ad alsın bu gün, billah, deyil insaf,

Otuz il Kufədə qazi olan kəs şərmsar olsun.

Bu ondandır ki, var eldə hələ minlərcə bivicdan,

Gülə qanqal bitən yerdə çətindir ruzigar olsun.

Müsibətdir əgər arif çəkir nadan əlindən dad,

Fəlakətdir əgər aslan qoyun dəstində zar olsun.

Budur bir «mötəbər» müxbir səni dərvişə bənzətmiş,

Gəda hardan muğamatı qanıb vaqif-i tar olsun?

Əgər İranda dərvişi pəsənd etmirsə bu axmaq,

Gərəkdir Ərdəbil şəhri dağılsın, tar ü mar olsun.

Bəyənmir bülbülü bayquş, tamaşa eylə dövrana,

Belə əyyamda bülbüllər nə cür bəs nəğməkar olsun?

Bəşər övladına ondan bətər dərd yoxdur aləmdə

Ki, yüksəlsin başı üstə gədalar tacidar olsun.

Əgər mövqedə rəhbər kəs olursa naşı vü nadan,

Ağıllı kimsə, müşküldür, o yerdə bəxtiyar olsun.

 

O günəcən Hacıbaba ustadla bircə dəfə də görüşməmiş müəllif bu şeiri vurğunu olduğu sənətkara məktubla göndərmişdi və Hacı müəllim də ürəyindən tikan çıxaran həmin naməni təbərrük kimi saxlayırdı.

Əlyazısı ilə ustadın gözlərinə əziyyət verməməkçün Kamil Sərbəndi şeirini makinada çap etdirmişdi və indi baxıram ki, o vərəqlərdə məhz elə makina çapı olduğundan hərfləri qatışdıra bilməsə də, hər halda, aşkarca sezilən bir neçə ləkə var.

Hacıbaba ustadın vərəqlərə düşmüş göz yaşlarının izi.

Yox, bunu qətiyyən ustadın, guya, qocaldıqca kövrəkləşməsinin ayağına yazmayın.

Şair pərəstişkarı ustadı daim göynətmiş, qəmləndirmiş bir acını dəqiq tutaraq doğru ifadə etmişdi.

O «mötəbər» müxbir də məchul bir varlıq deyil ki, adını məxfi saxlayaq.

Tarix yazırıq, hər söz, hər ad yaxşısı və yamanıyla yerində olmalıdır.

Həmin şəxs artıq həyatda yoxdur.

Lakin onun adını ona görə indi tərəddüdsüz çəkə bilərəm ki, hələ sağ olduğu vaxtlarda belə bəd əməllərinin cavabını yazılarla da vermişdim və Azərbaycan radiosunda da «Axşam görüşləri» verilişinin dörd buraxılışında heç bir musiqi savadı olmadığı halda özünü «musiqişünas» deyə təqdim edən «Şuşinski» ləqəbli Firidun Həsənovun bu qəbil umulmaz işdəklərini 30-dan artıq görkəmli musiqiçimizin – Habil Əliyev, Sara Qədimova, Əlibaba Məmmədov, Kamil Əhmədov, Canəli Əkbərov, Ramiz Quliyev, Rəhilə Həsənova, Arif Babayev, Alim Qasımov, Akif İslamzadə və digərlərinin iştirakı ilə araşdıraraq qınamışdıq, nəticə də bu olmuşdu ki, onun əksər istedadlı Azərbaycan musiqiçilərinə təhqir, böhtan, söyüşlə dolu ziyankar kitabı rəsmi məhkəmə qərarı ilə ləğv edilmişdi.

Əslində, Hacıbabaya qarşı bu qərəzin də özəl bir tarixçəsi var, o da ayrı söhbətdir.

Hacıbaba Hüseynovun danışığı da, şeir söyləməsi də bir ayrı cazibədar tamaşa idi.

Çünki o, iştahla – nitqindən, aydın, doğru tələffüz etdiyi sözlərdən, kəlmələrin düzümündən zövq ala-ala danışırdı, şeiri deklamasiya etməyi, misraları oxuduqca arada izahat verməyi, hansısa sətirləri təkrarlayaraq anlamlarını vurğulamağı elə muğam oxumaq qədər sevərdi.

Başqa Azərbaycan şairlərinə ya türkcə, ya farsca nəzirə yazanlar, təzmin edənlər çox olub.

Hacıbaba ustadsa Hafiz Şirazinin farsca qəzəlinə ana dilində bənzətmə yazmışdı. Hacıbaba ustad bu təxmisi ilə çox öyünürdü və girəvə düşəndə onu söyləməyi xoşlayırdı.

Bu da xatirimdədir ki, birinci dəfə həmin şeiri Hacı müəllimin dilindən Əkrəm Cəfərlə onlara qonaq getdiyim günlərdən birində eşitmişdim və belə sözlərin xiridarı olan Əkrəm müəllim dərhal diqqəti Hacıbaba müəllimin «taxt», «vaxt», «baxt» qafiyələrinə yönəltmişdi ki, qəzəliyyatımızda bunların sənin kimi səsləşməsini yaradan olmayıb.

Həm də Əkrəm müəllim Hafiz Şirazinin 1967-ci ildə Əbülfəz Hüseyni tərəfindən Azərbaycan dilinə tərcümə edilərək buraxılmış kitabının redaktoru olduğundan işin içərisindəki bir şəxs kimi Hacıbaba ustadın Hafiz ruhunu necə sərrast tuta bilməsinə heyran idi.

 

 

Gərçi bu dəhrdə hicr ilə dili bərbadəm,

Leyk pərvanə kimi yanmada bifəryadəm,

Sanmayın aləm-i nasutdə biimdadəm,

«Faş miquyəm o əz qofte-ye xod delşadəm,

Bənde-ye eşqəm o əz hər do cəhan azadəm».

 

Dil ki asudə idi, düşdü o aləmdən iraq,

Zərrə bilməzdi qəm-i eşqinə etməzdi maraq,

Zahida! Yarımı sən qılma bu aləmdə soraq,

«Tayer-e qolşən-e qodsəm, çe dəhəm şərh-e fəraq?

Ke dər in damgəh-e hadese çon oftadəm».

 

Bildi əhvalımı söz ilə bu gün bərbət ü ud,

Ləhn-i Davudlə eylərlə həqiranə sücud,

Belə viranədə könlüm ola bilməz xoşnud,

«Mən mələk budəm o ferdous-e bərin cayəm bud,

Adəm avərd dər in deyr xərababadəm».

 

Gəldi əyyam-i gül ü güldü bu gün bağ-i bahar,

Düşdü həm yadə daha ləl-i ləb-i laləüzar,

Yoxdu canım ki edəm canımı cananə nisar,

«Nist bər lövh-e deləm coz əlef qamət-e yar,

Çe konəm? Hərf-e degər yad nədad ostadəm».

 

Görməmişdim, nə bileydim nədi qəmxane-yi eşq,

Olmamışdım nə də Məcnun kimi divane-yi eşq,

Pir-i meyxanə ki, verdi mənə peymane-yi eşq,

«Ta şodəm həlqebequş-e dər-e meyxane-ye eşq,

Hər dəm ayəd ğəmi əz no be mobarəkbadəm ».

 

Quracaqdırmı bu sevdadə nigarım mənə taxt?

Görəcəkdirmi könül mürğ-i vüsalin, de nə vaxt?

Olacaqdırmı görən halıma həm yar ola baxt?

«Koukəb-e eşq-e məra hiç monəccem nəşenaxt,

Ya rəb əz madər-e giti be çe tale zadəm

 

Nola təsir edə axırda pərizülfə bu əşk,

Tağ-i əbruyə düşə tac-i zər-i zülfə bu əşk,

Sən kimi yarə deyər Hacı tər-i zülfə bu əşk

«Pak kon çohre-ye Hafez bes ər-e zolf ze moşk,

Vr nə in seyl dəmadəm bekonəd bonyadəmə».

 

O farscadakı Hafiz beytləri örtülü qalmasın deyə onların Əbülfəz Hüseyni tərcümələrini də bura əlavə edirəm. Mənanı təxminən düzəyaxın verməyə müvəffəq olub. Lakin həm də istəyirəm onu görəsiniz ki, bir peşəkar şair və tərcüməçinin əməyinin məhsulu şeirdə, tərcüməçilikdə həvəskar sayılan Hacıbaba ustadın işiylə müqayisədə necə solğundur:

 

Faş edib sirrimi, oldum dediyimdən dilşad,

Eşqə qul olmaq edibdir məni daim azad.

 

Gülşən-i qüds quşuydum, nə deyim hicrandan

Ki, nə cür burda məni bəndə vurubdur səyyad?!

 

Mələk idim, vətənim nazlı, gözəl Cənnət idi,

Gətirib saldı məni bu viranəyə Adəm, ey dad!

 

Tərk edib huriləri, Cənnəti, Tubanı tamam,

Vəslinin eşqi ilə oldu könül onlara yad.

 

Nəqş edib sinəmə dildarın əlif qamətini,

Başqa söz, mən nə edim ki, deməyibdir ustad.

 

Heç münəccim tanımaz taleyimin ulduzunu,

Bəs nə taleylə anam doğdu məni, ey bidad!

 

Eşq meyxanəsinə qul olalı aləmdə

Ürəyimdə yeni qəm dəmbədəm eylər fəryad.

 

Qəlbimin qanını içməkdədir öz göz bəbəyim,

Nə şikayət ki, özüm yarımı etdim cəllad.

 

Hafizin göz yaşını sil, gözəlim, zülfün ilə,

Yoxsa bu sellər ömür qəsrini eylər bərbad.

 

«Vəsiyyətnamə» adlandırdığı bu şeir Hacıbaba Hüseynovun axırıncı qoşqusu deyil. Şeirlərinin altında tarix qoymadığından bunu hansı gündə, hansı ayda, hansı ildə yazdığını da müəyyənləşdirmək müşküldür. Amma bu şeir, hər halda, yekundur. Onun həyat və yaradıcılıq fəlsəfəsinin yekunu:

 

Bir gün gələcək, cismim olur xak ilə yeksan,

Əlbəttə ki, dünyada deyil baqi hər insan.

Qanun-i təbiətdi ki, dünyaya gələnlər gedəcəklər,

Bizdən sora bu əmri gələnlər biləcəklər.

Hər kəs ki gələn nəslinə iz qoymuş özündən,

Alimsə, ya rəssam isə, şairsə sözündən,

Xoş halına ol şəxsin, onu yad eləyərlər,

Qəbr içrə, yəqin, ruhini həm şad eləyərlər.

Şeir aləminin kim ki həvəskarı olubdur,

Mən bikəs-i biarın o kəs yarı olubdur.

Nafəhmlər, əlbəttə, bu aləmdən uzaqdır,

Yoxdur oların zövqü, olar bizdən iraqdır.

Gör bir nə yaratmış qəzəl ustadı Füzuli,

Seyid Əzimin, Sabirin əcdadı Füzuli.

Qeyrətli olanlar qəzəliyyatı unutmaz,

Hərgah qəzəliyyatı sevibdirsə, muğamatı unutmaz.

Şair qəzəliyyat ilə məşhur-i cahandır,

Eşq əhlinə hər bir qəzəli afət-i candır.

Seyid Əzimin, Hacı, sözü dürr-i dəhandır,

Ölmüb, hələ də dəhridədir, tazə cavandır.

 

Son xarici səfərindən qayıdanda Hacıbaba müəllim mənə bir divar saatı gətirmişdi. Evdə mənə bağışlanmış başqa masaüstü saatlar da olduğundan və açığı, onları heç izləmədiyimdən xəbərim olmayıb ki, Hacı müəllimin yadigarı neçə müddətdir dayanıbmış.

Dedilər, işlək saatın dayanması yaxşı əlamət deyil, daşını dəyişmək lazımdır.

Əlamətlərə, cürbəcür falçılıqlara inanmasam da, Hacıbaba müəllimin yadigarının hərəkətsiz dayanmasını rəva görmədim, saatın işləmədiyindən agah olandan az sonra daşlarını dəyişdim.

Əqrəblər yenidən hərəkətə gəldi.

Saat canlandı.

Adam ki belə deyil.

İnsanın mühərriki, insana ömür verən həyat daşı tükənəndə hər şey bitir, daha onu yenidən hərəkətə gətirmək mümkünsüz olur.

Amma Hacıbaba ustad özü həyatın faniliyini qəbul etmirdi axı.

Hətta bu faniliyini qəbul edənləri çiy, naşı sayırdı:

 

O fələk kim düzər əvvəlcə təməl daşımızı,

Həmən o daş ilə axırda əzər başımızı.

…Bu cahan fani deyil, fani deyən fani olub,

Vaxt olur Hacı görüb qandırar o naşımızı.

 

Bəlkə, elə haqlı bu misralardır?

İnsanın həyat saatının daşı ömrünü başa vursa da, cahan qalır, cahanda insanın heç bir fənaya uğraya bilməyən izləri qalır.

Dayanmış saatları işə sala bilən daşlar kimi, bu izlər də insanı fanilikdən xilas edə, dirildə bilir.

Hacıbaba ustad hər şeiri ilə, hər oxusu ilə hər gün dirilmirmi?

 

 

Rafael HÜSEYNOV

 

525-ci qəzet.- 2010.- 20 mart.- S.15-18.