Vaxt olmayan yer
“Ruhlar şəhəri” silsiləsindən
Ağdam turistlər
arasında maraq doğuran 20 ruhlar şəhərindən
biridir.
Məhəllədə futbol
oynamağa yer olmadığından Əli İbrahimov
küçəsi, 2-də (evimizin nömrəsi 8 idi) yerləşən
Köhnə hamamın Lenin küçəsinə burulan
tinindən milis idarəsinə qədər olan hissəni
stadiona döndərmişdik. “Giriş qadağandır”
işarəsi qoyulduğundan bura başqa maşın girmirdi.
Hətta “uçilişanın” direktoru Xosrov müəllimin
oğlu, əksər “uçilişa” qızlarının
ağ atlı “prins”i Faiqin bütün Qarabağla bir məşhur
“00-01 AQZ” nömrəli, az qala başı elektrik naqillərinə
dəyən yapon antenalı, “Xaç atası” filmindəki məşhur
musiqi çalınan italyan siqnallı, şəhərdə
tayı olmayan limon sarısı rəngində “03”ü də
bizim stadionumuzu toza basa bilməzdi.
Arabir keçən milis
maşınlarını hesaba almasaq, əsl idman
meydançasıydı. Sakit və təmiz bir küçə.
Hamam istixanasının trubasından çıxan qara-qura his
parçaları küçənin havasına qəti təsir
eləmirdi, olsa-olsa anaların təzəcə yuyub
asdığı ağ köynəklərə qonar, ya da uşaqların
alnından axan tərə qarışardı. Sağ olsun
küçə uzunu sıralanan, boyu hamam trubasından da uca
yamyaşıl çinar ağacları, yad qoxuları udar,
havanın keşiyini çəkərdi. Yad qoxular dedim, gedəndə
sol, gələndə sağ səkiylə nazlanan
“uçilişa” qızlarının ətri, mülki geyimli
“OBXSS” milislərin bahalı odekolon qoxusu yad
olmadığından çinar yarpaqları onu udmurdu,
saxlayırdı bizə.
Elə fikirləşməyin
ki, milis küçəsini futbol meydanına çevirmək
asan olmuşdu, yox, bunun üçün uzun zaman mübarizə
aparmışdıq. Əvvəl-əvvəl milislər bizi
qovur, topumuzu alırdılar. Amma biz onlardan qorxmazdıq, dirənib
topu geri alır, oyunumuza davam edirdik. Yavaş-yavaş
özümüzü onlara həzm etdirə bildik. Səs-küyümüzə
adət elədiklərindənmi, çoxsaylı qadağalara
tabe olmamağımıza artıq öyrəşdiklərindənmi,
bilmirəm, küçənin sakit həyatına son qoyan
çığırtımız milisin iş rejimini pozmurdu, əksinə,
onun bir hissəsinə çevrilmişdi.
Yekəpər bir milisi
görəndə isə oyunu özümüz
saxlayırdıq. Bir yerə yığılıb sakit
durmağımız üçün “Aleko dayı gəlir” sözünü
eşitməyimiz kifayət idi. Bir-bir salam verirdik: “Salam, Aleko
dayı!”, “Aleko dayı, salam!”. “Kim udur?” deyə
ortalığa ümumi sual tullayar, heç cavabını
gözləmədən keçib gedərdi. Ondan çəkinməyimizin
səbəbini bilmirdik, bircə bunu bilirdik ki, onu görəndə
bazarda alverçilər “vneştorq” malları gizlədir,
şəhərin bərkgedən cavanları aralı gəzir,
şuluq oğlanlar nəşə “çıxar” deyə ciblərini
tikir, futbol vaxtı şəhər stadionunda bir uşaq da
meydan xəttini keçmirdi. Hamının qorxduğu bu milis
bir dəfə də olsun bizə futbolu qadağan eləmədiyindən
hələ dostlaşmışdıq da. Ucaboyu və dik gəzməsindən
çox vaxt elə bilirdik ki, keçəndə bizi
görmür.
Şəhərin “uşaq
milisi” Pənah Qasımovuydu. İşə bizim küçədən
gedirdi, gah sarı “Jiquli”siylə, gah da piyada. Hündürboy,
nəhəng kişiydi. Sifətdən milisə yox, həkimə,
ya da müəllimə oxşayırdı. Bəlkə də
ona görə şəhər uşaqları “uşaq milisi” əvəzinə,
sifətdən elə milisə oxşayan Aleko Novruzovdan
qorxurdu. Pənah müəllimin özü kimi uşaqları
da sakit idi. Oğlu Nazim mənlə yaşıd olardı,
qızının adını bilmirəm. Küçəni
sakit keçirdilər, bu həm də yaxşı oxuyan
uşaq anlamını verirdi. Qəribəydi, Ağdamda
yaxşı oxuyan, əlaçı uşaqların
hamısı sakit olurdu...
Bir sözlə, məhəlləmizin
milislərinə söz ola bilməzdi. İndiki polislərlə
müqayisədə o vaxtkı milislər daha humanist idilər,
məncə. Təsəvvür edirsənmi, dostum oxucu, sənin
vurduğun top polisin başına, kürəyinə dəyə,
o da bir söz deməyə (biz eşitmirdik deyə ürəyində
dedikləri sayılmır), sadəcə, topun dəydiyi yeri
çırpıb keçə? Hələ top zərbələrindən
qapısı əyilən maşınları demirəm. O
milisləri sonralar polis olub əlində dubinka adamları
qovan, tutub təpikləyən, yıxıb döyən təsəvvür
edə bilmirəm.
Nazirlikdən gələn
olanda, yaxud nəsə fövqəladə hal baş verəndə
bunu hiss edirdik və küçənin ortasında futbol yox, səkidə,
daha balaca meydanda xokkeyə başlardıq. Bəzən xokkey
yarışı bir həftə çəkirdi, amma sonra yenə
futbola qayıdırdıq.
lll
Oyunda ən çətin
iş milis rəisiylə hakimin ailəsinin
yaşadığı həyətə düşən topu
götürmək idi ki, bu missiyanı mən yerinə
yetirirdim. Hakimin arvadı Həvva Burcayeva mənə rus dili dərsi
dediyindən məhrəm adam kimi o həyətə girməyə
ancaq mən ürək eləyirdim. Sadə
davranışıyla bütün məktəb və məhəllə
uşaqlarının sevimlisinə çevrilən Həvva
müəllimə məni ilk kəs futbol oynayan görəndə
fikirləşmişdim ki, avara, küçə
uşağı kimi danlayacaq. Amma səhəri gün dərsə
qaldıranda, “Gəl görüm, məhləmizin Pelesi”
demişdi. Hər dəfə maşından düşüb
evinə gedəndə ona hörmətimizi oyunu dayandırmaqla
izhar edirdik. Cavan rəhmətə getdi. Sinfimizin bütün
qızları ağlamışdı, biz də kövrəlmişdik.
Öz yurdlarında, Zaqatalada dəfn elədilər. Allah rəhmət
eləsin!
“Stadion”umuzun o biri yanı
hamamın həyəti idi. Topumuz buraya düşəndə
isə ta əvvəlki kimi dalınca hamımız
qaçmırdıq. Pəncərəyə
dırmaşıb, rənglənmiş şüşənin
boyası qopan yerindən çimənlərə
baxmırdıq. Böyümüşdük, yekə kişi
olmuşduq.
Bir neçə il
keçdi, biz bir barmaq da boy atdıq və artıq “milis
stadionu” bizə darlıq eləməyə başladı. Odur
ki, məhəlləarası yarışlarımız
Şuşa dayanacağının yanında, sonralar, lap dəqiqi
1985-ci ildə Xan Şuşinski adına Ağdam Muğam Məktəbinə
verilən Qara bəyin malikanəsinə bitişik, el
arasında “mexanizasiya” deyilən Texniki-Peşə Məktəbinin
stadionunda, sinifarası oyunları isə gah 1 nömrəli məktəbdə
(“zavuç”umuz Ənvər müəllim olmayanda), gah da məktəbin
arxasındakı Ceyran bağında (Ənvər müəllim
məktəbdə olanda) keçirirdik.
lll
Hərənin futbolçu və
xokkeyçi şəkilləri
yapışdırdığı dəftəri vardı.
Müşviqin (Qənizadə Müşviq indi Kazanda
yaşayır, milis polkovnikidi) dəftəri
hamımızınkından qalın idi. Onda hər kəsdə
olmayan çox maraqlı şəkillər vardı. Sinfin ən
yaxşı iki oyunçusundan biri kimi (O biri ən
yaxşı futbolçumuz isə İlqar idi – sonralar
Ağdamın peşəkar “Şəfəq” komandasında
oynayacaq İlqar Məmmədov) futbol dəftərinin də ən
yaxşısının onda olması təbii
görünürdü. Amma onun bu şəkilləri hardan
tapması sirr idi. Bu sirrin üstü onlara gedəndə
açıldı. Sən demə, dünyada “Futbol-Xokkey”
adlı qəzet varmış və Müşviq də bundan xəbərdar
imiş. Səhəri gün SSRİ boyda ölkəyə
milyonlarla tirajda yayılan bu qəzetin alıcısı bir nəfər
də beləcə artdı.
lll
Yerli “Şəfəq” Azərbaycan
futbol çempionatının oyunlarını İmarət
stadionunda keçirirdi. Hər səhər şəhərə
darvazamızın ağzından keçib gedən
araşdırmaçı German “Əzizbəyov küçəsi,
ev 57” kitabında bura haqqında belə yazır: “İmarətin
tarixi XVII əsrin sonlarından başlayır. Vaxtilə burada
Xurşidbanu Natəvan yaşayıb. Qarabağ
xanlarının cıdır meydanlarından biri də burda
yerləşirmiş. Sonralar cıdır meydanının
yerində Ağdamın mərkəzi stadionu inşa edilib.
Stadiona hamı “İmarət” deyirdi. Ərazisi böyük
olan İmarətin bir hissəsində Qarabağ
xanlarının ailə məzarlığı yerləşirdi.
Burda Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı
xanın, Mehrəli bəyin, Natəvanın, onun
övladlarının və başqa ailə üzvlərinin qəbirləri
vardı. Son araşdırmalar təsdiq etmişdi ki, bu məzarıstanın
tarixi daha qədimdi. Burdan üzərində alban yazı və
işarələri olan qəbir daşları
tapılmışdı”.
Natəvan çoxdan ölsə
də, yaddaşlarda diriydi. “Xan qızı”
çağırırmışlar, öləndə tabutunu
Qarabağ camaatı yerə qoymadan əllərdə
Şuşadan gətiribmiş. Odur ki, “Natəvan” qızlar
bayramı sovetin bir çox bayramlarından təbii
alınırdı. Tədbirlər Çörək Muzeyi, Mədəniyyət
Evində olsa da, bayrama İmarətdə yekun vurulurdu.
“Xarı bülbül” beynəlxalq musiqi festivalı da burda
başlayar, Şuşada, Cıdır düzündə sona
çatardı. 1989-cu ildə, sonuncu festivalda dünyanın
cürbəcür yerindən 60 ansambl gəlmişdi. Ən
maraq doğuran meksikalılar idi. Uşaqlar onları
braziliyalı bilib “Zikonun yerliləri” deyə
çağırırdı.
Stadiona məhəlləmizdən
getmək üçün Bakı-Qazax magistralının
Yevlax şəhərinin içindən keçən hissəsindəki
dairədən başlayan, Bərdənin baş prospektini kəsib
Stepanakertdə dirənən yolun Ağdamı ikiyə bölən
28 aprel küçəsi adlanan (sonra bütün aprellər
kimi o da may oldu) hissəsiylə yol alıb, “Çörəksatan”
Kamilin (hələ dava başlamayıb, hələ oğlu
Şamil şəhid olmayıb) dükanından keçib,
Ağdam Dram Teatrının qabağındakı meydanı
arxada qoyub, Lenin bağının tinindən yolu adlayıb
sovet illərində regionun işləyən yeganə məscidiylə,
indiki dillə desək, analoqu olmayan Çay Evinin arasından Ət
Kombinatına sarı üz tuturduq.
İmarətə girmək
üçün Fred Asifgilin darvazasının ağzından
keçirdik. O Asifin ki, mən onu tərəddüd etmədən
Ağdamın ədalət simvolu adlandırardım... 1965-ci
ildə məşhur Ceyms Bonda parodiya kimi çəkilmiş
“Birinci sən vur, Freddi” adlı Danimarka filmi bütün
SSRİ-də olduğu kimi Ağdamda da gənclərin sevimli
kinosuna çevrilibmiş. Filmə baxan şəhər
uşaqları Fredin simasında 18 yaşlı Asifi
görürlər. O da Asif kimi yeriyir, dalaşanda
açıq əllə vurur, hətta ayaqqabının
dabanını da onun kimi əyib geyinirmiş, sir-sifəti,
boy-buxunu da oxşarmış. Səhəri gündən
hamı onu Fred Asif çağırdı. Haqsızlıqla
barışmayan, zəifin, fağırın arxasında duran
adam kimi ad çıxardı. Elə bu xasiyyətinə
görə dəfələrlə həbsxanalara
düşdü. Dava başlayanda onu sevənləri
başına yığıb batalyon yaratdı.
Döyüşdü. Sağlığında “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görülənlərdən
biri, amma bu addan imtina edib, “Qəhrəmanın
torpağında düşmən at oynatmaz. Ölkə
işğal olunub, qız-gəlin əsir düşüb, mən
sinəmə medal asıb “qəhrəmanam” deyə bilmərəm”
deyən tək adam oldu. Danışırdılar ki, türmədə
“avtoritet” adından da imtina edibmiş: “Bu oğru adları mənlik
deyil, bizdə yaxşı kişiyə ağsaqqal deyirlər”.
“Azərbaycan” qəzetində
işləyəndə xəstəxanada onunla
görüşmüşdüm. Döyüşdə
ağır yaralanmışdı. Ciyəri para-para imiş.
Cidd-cəhdlə gizlətməyə çalışsa da,
ağır xəstə olduğu bilinirdi. Müsahibə qəzetin
7 oktyabr 1992-ci il sayında dərc olundu. O dövr
üçün bəlkə də naqolay sayılacaq
sualıma gör necə cavab verdi, dostum oxucu:
– Xalq hərəkatındakı
şəxsiyyətlərin hansına inanırsan?
– (Duruxur). Əbülfəz
bəyə inanmaq istəyirəm. Amma səhvləri ona
göstərmək lazımdır. Yüksəkdə
duranı ləkə tez götürür. Göydəki Ay
kimi. Ayın ləkəsi ona görə görsənir ki, o
yüksəklikdədir.
O vaxt Əbülfəz
Elçibəy prezident idi.
İmarətdəki
oyunları təsvir eləməyə Əziz Nesin qələmi
lazımdı. Bircə onu deyim ki, bu stadionda “Şəfəq”in
məğlub olması yadıma gəlmir. Əlbəttə,
1980-ci ildə Qarabağa yoldaşlıq oyunlarına gələn
“Neftçi”nin SSRİ çempionatında yarışan
Stepanakert “Qarabağ”ını 6:0 udması fonunda 0:1
hesablı məğlubiyyət qələbəyə bərabər
idi.
Bu stadionda keçirilən
oyunlardakı qələbələrdə oyunçularla
tamaşaçıların payı yarıbayarıydı. Bir
dəfə Masallının “Viləş”i gəlmişdi. Birinci
hissənin 0:3 qonaqların xeyrinə bitməsi hamını dəli
eləmişdi. Qaynamağa yaxın suyun canında bir tərpəşmə
olur ey, bax eləcə stadion qaynaşırdı. Balaca
uşaqlar beş-beş, on-on qruplara bölünüb hərə
rəqibin bir oyunçusunu hədəf almağa
hazırlaşırdı. Stadion hər oyunçuya bir ayama
qoşmuşdu və bir azdan bir ağızdan
bağıracaqdı.
İkinci hissənin start fiti
çalınmaqla stadionun uğuldamağı bir oldu.
Tribunadakıların bağırtısı (Əziz Nesinin
yerliləri hələ indi öyrəniblər stadionda
bağırmağı), xəttin qırağındakı
uşaqların qışqırtısı topu rahat ram eləməyə
imkan vermirdi, rəqib oyunçular topu dərhal itirirdilər.
Qapıçı bilmirdi oyunu izləsin, topa baxsın, yoxsa
qapının arxasındakı uşaqları güdsün.
Çünki hücum anında arxadan elə səs qopurdu ki,
deyirdin bəs, gələn monqol-tatar qoşunudu. İmarət
ləngər vururdu. Stadiondakı bir-iki min azarkeşin
bağırtısı, yalan olmasın, on minlərlə
“Marakana” tamaşaçısının səsini
batırardı, inan! Həmin gün stadionun səsi
Çahargah üstündə köklənmişdi. “Şəfəq”in
şöləsi projektor olub rəqibin gözünü
tutmuşdu.
Fit çalınıb oyun
bitəndə lövhədə 5:3 yazılmışdı.
Hakim canı qurtarırmış kimi xoşbəxt təbəssümlə
qalib komandanı təbrik edir, rəqib oyunçularsa
başlarını bulayıb qaçırdıqları
şansa heyfsilənirdilər.
Həmin gün şəhərin
iaşə obyektləri planı birə beş dolduracaqdı.
Böyüklər “stalavoy”lara, balacalarsa çayxanalara – qələbəni
“yumağa”, oyunun müzakirəsinə gedirdi. Söhbətin əsas
mövzusu Ağdamın nə qədər güclü komanda
olması, kimin necə oynamasıydı: “Görən, Braziliya
Ağdamı İmarətdə uda bilər?” Məclisin sonunda
bir yekdil cavab olurdu: “Yox!” Amma heç kim demirdi ki, bütün
ev oyunlarını udduğumuz kimi, əksər səfər
oyunlarını da uduzuruq.
Komandanın ağsaqqalı
Allahverdi Bağırov (sonra dava başlayanda çoxsaylı
özünümüdafiə batalyonlarından birinin komandiri
oldu, ermənilər bilirdilər ki, Ağdama yol bu komandirlərin
meyiti üstündən keçir, elə də oldu, biri də
sağ qalmadı. Ölümündən sonra Milli Qəhrəman
verdilər) olmasaydı, belə çətin oyunlarda stadion əhlinin
qabağını kəsmək mümkün olmazdı. Bir dəfə
hələ komandasının adı “Damcılı” olanda
Qazaxda Ağdamın oyunçularını döyüb,
avtobusun şüşələrini
sındırmışdılar. Bütün şəhər
cavab görüşü səbirsizliklə gözləyirdi.
Allahverdinin bir kəlmə andına rəqib oyunçulara bir
çırtma belə dəymədi. Oyundan sonra yedirdib-içirdib
yola salmışdılar. Bir neçə il sonra artıq
adı “Göyəzən” olan Qazax komandasına SSRİ
çempionatının ikinci divizionuna keçməsi
üçün zəruri olan 2 xal da elə Ağdamda verildi.
Ən prinsipial oyun gəncəlilərlə
olurdu. İstər onlar, istərsə də başqa
komandalarla oyun nə qədər sərt keçsə də,
hər şey dostluqla bitirdi.
İndi mənim küçəmdəki
stadionum böyüyüb, Ağdamın özü boyda
stadiona çevrilib. Bir vaxtlar anamın aldığı oyuncaq
stadionda öz-özümlə oynadığım kimi indi orda
düşmən də özü-özüylə oynayır.
Bir yanda tanklar, o biri yanda BTR-lər düzüb, top oynadır.
Amma mənimkindən fərqli olaraq, bu “stadion” oyuncaq deyil,
poliqondu. Nə vaxtsa Braziliyanı belə udmağa iddialı
görünən şəhərdə indi oyunlar bizsiz
keçir. Uduzub çıxmış kimiyik.
“Lazım gəlsə”, bir də
girəcəyik oyuna. “Lazım gəlsə” hələ gəlməyib,
deyirlər gedib top almağa...
Gecə yarı oldu, mən də
getdim yatmağa, “lazım gəlsə” gələndə məni
oyadarsan, yaxşımı, dostum oxucu!? Vaxtında oyat, gecikməyim!
...Boğazım quru, bədənim
tərli... özümü hovuzun başına güclə
çatdırdım. Ağzımı krana dirədim. Su yerinə
Vaxt axırdı. Axıb getməsin deyə hovuzu doldurub Vaxta
baş vurdum. Çıxanda məndən Vaxt damırdı.
Qurulanıb vaxt olmayan yerə getdim...
Vahid QAZİ
525-ci qəzet.- 2010.- 20 mart.- S.8.