Bənövşə qoxulu payız
Tofiq Yusif 1950-ci ildə anadan olub. İki ali təhsil
alıb. Hansı ixtisasın sahibi
olmasına baxmayaraq, qəlbi həmişə poeziya ilə döyünüb. İndiyədək Tofiq Yusifin 8 kitabı çapdan çıxıb. O, cəsarətli
jurnalist, gözəl nasir, sevilən şairdir. Nə yazırsa yazsın,
öz dəsti xətti ilə seçilir. Onun erməni xislətini açıb göstərən
“Vəhşilər” poeması
necə oxunaqlıdırsa,
tarixi faktlara əsaslanan, Qarabağ müharibəsində iştirak
edən türkiyəli
soydaşımız İsmayıl
Tuncun döyüş
fəaliyyətindən danışan
“Qan iyi”, “Ölümlə üz-üzə”,
“Tərtər şəhidləri”
sənədli nəsr
əsərləri də
o qədər yaddaqalandır.
“Mənsizləşmə fəlakəti”ndə isə
yazarın publisist yazıları toplanıb.
Hazırda o, Tərtər şəhərində
yaşayır və “Yeni Tərtər” qəzetinin redaktoru vəzifəsində işləyir.
Bu il istedadlı jurnalist, şair, nasir Tofiq Yusifin
60 yaşı tamam olur. Yubiley ərəfəsində oxuculara onun poeziya dünyasından, “Ömrümün payızı”
kitabından söhbət
açan bu yazımı təqdim edirəm.
Tofiq Yusifin şeirlər kitabı “Ömrümün
payızı” adlansa da, bu payız
öz çiskini, dumanı, yağışı
ilə nə müəllifi nə oxucuları qorxutmur. Çünki yaz ətirli, bənövşə qoxulu
bir payızdır şair ömrünün payızı.
Tofiq Yusif haqqında yazmaq istəyəndə çox fikirləşdim,
necə deyərlər,
“yüz ölçdüm,
bir biçdim”, çalışdım ki,
onun qeyri-adiliyini, acığını, hirsini-hikkəsini,
kövrəkliyini, duyarlığını
necə var, eləcə oxuculara təqdim edim. Ancaq şagird
üçün müəllim
haqqında söz demək çox çətin olduğundanmı,
bu məsuliyyətin ağırlığındanmı bir fikri oxuculara
deməyi unutmuşam.
Unutmuşam ki, deyim: Tofiq Yusifin
ömrünün payızı
solğun, xəzanla dolu bir payız
deyil. Bu payız
gül-çiçəkli, təravətli bir payızdır. Və bu
gün Tofiq Yusif tanınan, sevilən bir şairdir.
“Əziz Tofiq Yusif! Şeirləriniz xoşuma gəldi.
Sizdə təbii şairlik istedadı var. Xüsusən, aşıq
poeziyasına xas olan axıcılıq, şirinlik hiss olunur”
Hüseyn Arif
“Onun (Tofiq Yusifin) xalq poeziyasından faydalanması, təbiət
lövhələrini həssaslıqla
qələmə alması,
təbiiliyə meyl etməsi yaxşıdır”
İsa İsmayılzadə
“Əzizim Tofiq, “Getdi” rədifli qoşmanı oxudum. Son bir neçə ildə bu şirinlikdə şeir oxumamışdım”
Məmməd Aslan
Oxucuların böyük məhəbbətlə,
sevə-sevə oxuduqları,
imza müəlliflərinin
neçə illər
öncə səmimiyyətlə
yazdıqları bu sözlər Tofiq Yusifin fitri istedadına
verilən yüksək
qiymətdir. Məcrasına sığmayan dağ
seli kimi “dəli ürəy”in çırpıntıları, qeyri-adi istəkləri, yaşantıları kövrək
misralara dönərək
ömrünün payızına
yaz günəşi gətirir.
Sayca şairin
beşinci kitabı olan “Ömrümün payızı”nda ömrünün
təlatümləri, təbiətə,
məhəbbətə qeyri
adi baxış, Azərbaycan musiqisinə heyranlıq, xalqın qanını soran zəli xislətli vəzifə sahiblərinə
qarşı nifrət,
ictimai-siyasi məzmunlu
müxtəlif şeirlər
və iki poema verilmişdir.
Tofiq Yusifin poeziyasının öz şirinliyi var. Onu oxucuya sevdirən
nədir? Ürəyinin dil açması.
Ürəyin dili isə səmimiyyətdir. Şair təbiəti,
onun füsunkar gözəlliyini, torpağa
olan məhəbbətini
özünəməxsus duyumla
təsvir edir.
Çökən duman gündüzlərin gecəsi,
Buz bağlayar yayda çoban keçəsi.
Yay qurtardı, payız oldu köçəsi.
Yaşılını saxla yaza, geyin ağ,
Dəlidağ.
Təbiəti necə
ürəkdən sevirsə,
musiqi aləmi də şair üçün o qədər
doğma və əzizdir:
Musiqi leysanı
yağır otağa,
Qolunu qaldırıb oynayır uşaq.
Ana kəlməsini
söyləyə bilmir,
“Vağzalı” havası “sındırır” ancaq.
Tofiq Yusifin şeirində bədii təsvir vasitələri, sözə
poetik baxımdan yanaşma çox güclüdür. İstər kövrək sevgi
nəğmələrində, istər başqa şeirlərində bunu
biz aydın görürük.
Gəlmisən...
Gözümdə yaş gilələnib,
Soruşma: “Gözlərin
nə dolur belə?”
Sənin yoxluğundan
donmuş intizar
Mehrindən əriyib, yaş olur belə.
Tofiq Yusif poeziyasının dərdə, qəmə, kədərə baxışı
kimi təbiətə,
insana, sevgiyə, məhəbbətə baxışı
da qeyri-adidir. Ömrünün
payızında axtarır,
arayır, fikrə dalır, təəssüflənir...
Tofiq Yusif düşünən,
düşündürən şairdir. O, yaşadığı
mühitdə də baş verən hadisələrə şair
təfəkkürü ilə
qiymət verir, haqqın tapdalanmasına dözmür.
Onun “Çıx
get tay-tuşunla sülənməyinə”,
“Mağarada yatan baba”, “Tutuquşuya dil öyrədən uşaq”, “Cəllad kötüyü”, “Üzəngi”,
“Pərsəng” şeirləri
dərdlərimizi bir daha gözlərimiz qarşısında canlandırır.
Kitabda iki poema da verilib: “Bir taleyin göynəmləri” və “Vəhşilər”. Bu əsərlər də maraq doğuran, diqqəti çəkən bədii nümunələrdir.
Mən Tofiq Yusifin titullarını da saya bilərəm: Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Mətbuat Şurasının üzvüdür, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatıdır. Ancaq bu titullardan ən böyüyü onun qazandığı oxucu məhəbbətidir, sevilən insan olmasıdır.
Tofiq Yusif indi ömrünün bənövşə qoxulu payızıyla qolboyundur. Qoy bu barlı-bərəkətli, bəhrəli payızın günləri uzun olsun! Çünki düşündürən fəsildir payız...
Svetlana ƏZİZOVA
525-ci qəzet.- 2010.- 30 mart.- S.7.