"Azərbaycan"ın yeni sayı
JURNALIN BU NÖMRƏSİ TOFİQ ABDİNİN
“DÖVLƏT ÇEVRİLİŞİ” POVESTİNİN VƏ
VİLAYƏT QULİYEVİN TƏRCÜMƏSİNDƏ
CORC ORUELİN “1984” ROMANININ DƏRC EDİLMƏSİLƏ ƏLAMƏTDAR
SAYILA BİLƏR
“Azərbaycan” jurnalının
2010-cu ildəki ikinci sayı “Poeziya” bölməsilə açılır. Bu bölmədə
xalq şairi Nəriman Həsənzadənin
“Nuru paşa” poeması ilə yanaşı, Xasay Mehdizadə, Tamella Pərvin, Süleyman İsmayıl, Mahcamal, Rahil Məmməd, Rafiq Oday, Əjdər
Fərzəli, Güloğlan
Dünya, Cəfər
Mehman Əliyev, Rafiq Dağlı və Kərəm Kürqıraxlının şeirləri
dərc olunub.
“Tərcümə”
bölməsində ingilis
yazıçısı Corc
Oruelin məşhur
“1984” romanından bir hissə, görkəmli alim və publisist,
tanınmış diplomat Vilayət
Quliyevin orijinaldan tərcüməsində oxuculara
təqdim olunub. Burada mütərcimin əsər
haqqında fikirləri
əks olunan “Totalitarizmi vahiməyə salan kitab” adlı
yazısı da yer alıb. Məqalədə V.Quliyev
romanla bağlı elmi-publisistik düşüncələrini
özünəməxsus, oxunaqlı
bir dillə qələmə alıb:
“ABŞ-da nəşr
olunan “Taym” jurnalı əsərin ilk
nəşrinin 60 illiyi
münasibətilə öz
redaksiya məqaləsində
“1984”ü son altmış ildə
ingilisdilli ədəbiyyatın
ən diqqətəlayiq
nümunəsi adlandırıb.
Altmış il ədəbiyyat üçün çox böyük tarix olmasa da, “1984” antiutopiyasının zamanın
sınağından çıxdığını
əminliklə söyləmək
mümkündür. Roman indiyə qədər 70-dən
çox dilə tərcümə olunub.
Bu, bir müəllifin
əsərinə müraciət
baxımından ingilis
ədəbiyyatı üçün
rekord göstərici sayılır”. Tərcüməçi öz məqaləsində
əsərin adı ilə bağlı mülahizə və faktlara da toxunub.
V.Quliyev bu əsərin daşıdığı bədii-fəlsəfi
mündəricə, humanist qayə ilə çağdaş Azərbaycan
oxu mədəniyyətində
öz yerini tutacağına inandığını
vurğulayıb. Xatırladaq ki,
buna qədər C.Oruelin “Heyvanıstan” adlı romanını da məhz V.Quliyev
orijinaldan dilimizə tərcümə edib.
Şair Tofiq Abdinin “Dövlət çevrilişi”
publisistik povesti də jurnalın bu sayında işıq üzü görüb. Tanınmış şairin yaddaş
görüntülərinə əsaslanaraq qələmə
aldığı “Dövlət
çevrilişi” povestində
gəncliyi ilə bağlı bir sıra maraqlı faktlar əks olunub. Türkçülük ideyalarına sadiq
şairin, Sovetlərin
qılıncının dalının
da, qabağının
da kəsdiyi vaxtlarda, yazdığı
millətçi şeirlər
səbəbindən DTK əməkdaşları
tərəfindən dindirilmə
səhnələri xüsusilə
maraq doğurur. T.Abdin əsərdə qorxunc DTK-nın cəngindən necə qurtarması ilə bağlı düşüncələrini
də yazıb: “Hansısa sehrli əl bizi qoruyurdu.
Hansısa sehrli bir insan bu işin
içindəydi və
özünü göstərmədən
bunu eləyirdi. Mən bu adamın Heydər Əliyev olduğunu düşünürdüm”.
Gülxanım Fətəliqızı “Ömürdən
yarpaqlar” yazısında
mərhum həyat yoldaşı, xalq şairi Məmməd Arazla bağlı xatirələrini qələmə
alıb.
Dərginin bu sayında nəsrsevərlər
Aydın Talıbzadənin
“Marfuşa”, Yaqub Əlioğlunun “Güllələnmə”
və Vüqar Tapdıqlının “Ağaclar
susanda” hekayələri
ilə tanış ola bilərlər.
Lalə Əfəndiyevanın “Qarabağ
mövzusu rus ədəbiyyatşünaslığında” araşdırması jurnalın
“Tənqid və ədəbiyyatşünaslıq” bölümündə öz
əksini tapıb.
Dərginin “Söz meydanı”nda bu dəfə Nisə Bəyimin “Bütün həqiqət
sözlərdədir” məqaləsi
çap olunub.
“Söz xəzinəmizdən”
başlığı altında
“Əlyazmalar İnstitutunun
nəşrləri” Paşa
Əlioğlunun təqdimatında
verilib.
“Kitablar,
rəylər” rubrikasında
İfrat Əliyevanın
“Tərcümə problemlərini
elmi şərhi”, Südabə Ağabalayevanın
“Elindən xəbərin
varmı”, “Allah yaxın,
Vətən uzaq”, “Udulmayan döyüş qalıb” yazıları yer alıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2010.- 30 mart.- S.7.