ORALARDA KİMLƏR VAR: RƏSUL RZA-3
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL
RZA HAQQINDA
GƏLƏCƏYİN BÖYÜK ŞAİRİ
İkinci yazımdan :
...Altmış
altıncı ildir. Pasportumdakı doğum günü
qeydiyyatını doğru sansaq, iyirmi beş
yaşım var. Bu iyirmi beş yaşın on yeddisini Bakıdan
çox uzaq bir kənddə keçirmişəm: orta məktəbdə
oxumuşam, çilingağac oynamışam... pambıq
yığmışam və məktəbimizdə keçirilən
bədii gecələrdə şeir söyləmişəm.
...Bütün bunları ona
görə təkidlə yazıram ki, başqa cür də ola bilərdi. Ancaq ona sevinirəm
ki, gec də olsa dünyada çox şeylərin olduğunu
gördüm. Eşitdim, öyrəndim.
Və gec də olsa (bəlkə də heç
gec olmayıb) mən həqiqi, bədii Ədəbiyyatın nə
olduğunu anlaya bildim.
Anlaya bildim ki, Nazim Hikmət
var, Fet olub, Tutçev olub, Pasternak olub,
Erenburq olub...
Bir də Rəsul Rza var! Və xatırlaya bilmirəm ki, ilk dəfə Rəsul
Rzanın hansı şeiri məni sehirləyib (sehrsiz təqlid
çətindir). Və mən bu şairin
yaradıcılığına üz tutmuşam. Uzun və
qısa Bakı gecələrində, gözəl
Bakının gözəl və qəşəng imarətlərində
yox, səliqəsiz tikilmiş “naxalastoy” deyilən (türkcəsi
belədi: gecəqondu) komalarda İŞIQLI günlər
ümidiylə işığı tez-tez sönən əyri-üyrü
evlərdə bu şairin şeirlərini oxumuşam, oxumaq bir
yana, öyrənmişəm, sonra Bakı çayxanalarında
bu şair üçün dava-dalaşlı mübahisələrə
girmişəm.
Udmuşam.
Uduzmuşam.
Nə
olaydı qayıda biləydim o günlərə.
Altmışıncı
illərə.
Ancaq təəssüflənməyə
dəyməz.
Əlli
dörd yaşlı CAVAN bir şairin şeirləri
haqqında İYİRMİ BEŞ yaşlı kəndçi
balasının (belə deyək) düşüncələri,
yaxşı ki, sonralar işıq üzü görür.
Bunun
üçün mən bu günkü ədəbi
mühitimizin yaxşı, mərd kişilərinə və
yaradıcılığına minnətdaram.
Ədəbi
mühitimizə nəzər saldıqda, ədəbi
mühitimizlə maraqlanan adamların söhbətlərini
dinlədikdə həqiqi mənada adamın gözləri
dörd olur. Ədəbiyyatda səsi olmayan, dərnəklərdə
məşğul olan cavanlardan tutmuş, ta ki, yaşlı
yaradıcılarımızadək heç kəs Rəsul
Rzanın böyük şair olduğunu inkar etmir.
Doğrudur hamı deyir : R.Rza gözəl şairdir. Lakin ondan öyrənməyə gələndə
çoxları etiraz eləyir. Hələ
heç kəs deyə bilmir ki, Rəsul Rzadan nəyi öyrənmək
olar və necə öyrənmək olar? Niyə
görə o çox böyük şairdir? Deyə bilmirlər, ya da demək istəmirlər.
Lakin elə düşünməyin ki, biz bunu
isbat etməyə çalışacağıq. Bizə qalsa ondan öyrənirik.
Nəyi?
Yazılardakı hər
şeyi! Hər cəhəti! Özü də sevə-sevə
öyrənirik...
Rəsul Rza
bizim təsəvvürümüz, bizim düşüncəmiz,
dünyagörüşümüz üçün son illərdə
doğulmuş şairdir. Rəsul Rza öz ətrafında
söz-söhbət yaratmağıyla üzərinə
çox böyük məsuliyyət götürmüş
oldu. Bu məsuliyyət nədir? Məncə, yeni yaranan ədəbiyyatın və
onu yaradacaq gəncliyin hərtərəfli inkişafı
üçün yol açmaqdır. Rəsul
Rzanın son illərdəki yaradıcılığı
heç bilirsinizmi nəyi xatırladır? BUZQIRAN GƏMİNİ. Doğrudur,
buna dodaq büzənlər də olar. Əlbəttə,
biz istehza ilə dolu olan bu şansı başa
düşürük. Bu bizə Rəsul
Rzanın çox gözəl, çox mənalı,
vaxtında yazılmış şeirini xatırladır.
Dəliyə bax, dəliyə
Baharlanıb,
çöl-bayır.
Dəliyə bax, dəliyə
Xalq gülür, o
ağlayır...
...Aydın həqiqətdi
ki, gənclik öyrənməliydi. Ancaq kimdən
öyrənməliydi? Hər kəs öz
istədiyi şairdən. Bu da
aydındı. Çoxları üçün öyrənə
biləcək adam var idi. Lakin
çoxu üçün yox. Bəs elə isə bu
“yoxluğu” kim doldurmalı idi? Bunu bir nəfər eləməliydi. Kim
olur-olsun!
O bizdən irəlidə
olmalı idi, xalqın ardınca yox, onun qarşısıyla
getməliydi.
Bəli, biz Rəsul
Rzadan öyrənirik. Rəsul Rza irəlidə dediyimiz kimi, ədəbiyyatda
buzqıran gəmi rolunu oynadı.Bəzən qalın
buzların dərinliyindən çox şeyləri görmək
olmur.Buz örtüyü, əlbəttə, çox qalın
olduqda. Rəsul Rza bizimlə həyat
arasındakı buz örtüyünü qırdı və həyata
açıq gözlə baxmağı bəxş etdi.
Diqqətlə baxıb gördük ki, ilahi, nələr
varmış, nələr! Öz-özümüzə
nifrət elədik. Bu uzun illəri,
Rəsul Rza
açıq gözlərin korluğunu sağaltdı. Aydın həqiqətdir
ki, indi kor gözləri sağaldırlar. Lakin faciəlidir
ki, açıq gözlərin korluğundan çoxumuzun xəbəri
yoxdur...
Gənclik bu
şairin “kəşf etdiyi notlar”ın səsi altında nəsihətçilikdən,
hay-küydən, çığır-bağırdan,
boğazdan yuxarı tərifdən uzaqlaşdı. Hər
şeydən əvəl Rəsul Rza həm öz
yaradıcılığını, həm də gəncliyini
yaradıcılığını qəflət yuxusundan
ayıltdı.
Onun şeirlərinin
ən gözəl cəhətlərindən biri
danışıq dilinə yaxın olmasıdır. Onları danışıq
dilindən ayırmaq çətindir. Rəsul
Rza yaradıcılığında dəfələrlə
eşitdiyimiz ifadələrə yox, tamamilə yenilərinə
rast gəlirik. Daha elə bir şey
qalmayıb ki, İliç lampalarını ona bənzətməsinlər.
Lakin Rəsul Rza görün onları nəyə
bənzədir.
Dənizin gecəsinə bənzəmir
sahil gecələri.
Sahildə qatar-qatar
düzülüb
günəş nəğməsinin
hecaları.
Qəti surətdə inanmaq
lazımdı ki, Rəsul Rzanın
yaradıcılığından öyrənən hər bir adam itirmir, əsla itirmir, əksinə
qazanır: savad, yeni düşüncə, yeni duyğu, yeni
insan.
Dövrü mətbuatdan
oxuyanda ki, şairimizin səsi uzaqlardan gəlir, sevinirik. Bəzən hər hansı
bir qəzetimiz yazanda ki, Kanada, Çili və s. ölkələrdə
azəri şairi Rəsul Rzanın şeirlər kitabı
çap olunub, əlbəttə, buna da
sevinirsən. Və həmin günün səhərisi
görürsən ki, bir nəfər özündən
müştəbeh qələminin ucunu yontayıb həmin
şeirləri tənqid edir. Özü də
necə tənqid? Soruşan gərək, a
balam, niyə başqalarını özünüzə
güldürürsünüz? Axı
ayıbdır.
İndi fəxr
etdiyimiz adamları barmaqla saymaq olar. Biz bu adamları sevə-sevə
öyrənməliyik, dinləməliyik, oxumalıyıq.
Özümüzü tərbiyə etməyi
bacarmalıyıq. Halbuki arxaikliyimizlə
özlərinə dərs veririk.
Adətən,
Rəsul Rzanı və o cümlədən, ondan öyrənən
gəncləri bəzən guya ənənəni davam etdirilməsi
üstündə günahlandırırlar. Lakin başa
düşmək olmur ki, bunlar hansı ənənədən
danışırlar. Hansı ənənənin
tərəfdaşlarıdırlar? Rəsul
Rza və onun şeirlərindən öyrənən gənclər
məhz bizim şeirimizin ən gözəl ənənələrini
davam etdirirlər. Əlbəttə, bu,
davam etdirməkdi, ənənəçilik deyil. Mən dəfələrlə eşitmişəm, Rəsul
Rza etiraf edir ki, Sabirdən daha çox öyrənir.Əlbəttə,
Rəsul Rza satirik şair deyil. Lakin biz onun
Sabirdən öyrəndiyini və necə öyrəndiyini
çox yaxşı başa düşürük. Sabir kimi şeir yazmaq, onun şeir formasından
istifadə etmək ənənəni davam etdirmək deyil, daha
dəqiq desək, ənənəçilikdir. Digərinin yolunu gözü yumulu getmək ənənə
deyildir. Biz ənənəni bu gün
borş yeməklə pozmuruq, darbalaq şalvar geyməklə
pozmuruq. Buna görə də bu gün Rəsul
Rza sərbəst vəzində şeir yazırsa, bu o demək
deyil ki, onun şeirləri azəri şeirinin ənənələrinə
yaddır.
Biz Rəsul Rza
şeirinin ənənəni davam etdirməsini onun vəznində
deyil, şeirlərinin siqlətində, ritmində, mənalarında,
fikirlərin genişliyində, hadisələrə münasibətiylə
yanaşılmasında axtarmalıyıq. Ənənə
Rəsul Rza şeirinin misralarında gizlənir, epitetlərində
gizlənir. Əgər Rəsul Rza azəri şeirini və
poeziyasını bugünkü oxucuların səviyyəsinə
qaldırırsa, deməli, bu poeziya dünənki:
Məzlumların göz
yaşı
dərya olacaqmış
Dəryaları,
ümmanları
neylərdin, ilahi.
poeziyasının doğma balasıdır. Qanı onun qanındandır. Görümcə
ata öz oğluna oxşamaya bilər. Bu
böyük həqiqəti inkar eləmək olmaz. Lakin bu o demək deyil ki, oğul atasının
familiyasını daşımır. Rəsul
Rza şeiri Füzuli, Sabir şeirindən forma cəhətdən
fərqlənirsə də, tutum, dəyər mənalarına
görə onların davamıdır. Elə
buna görə də Rəsul Rza şeirlərində ənənə
axtararkən həmin şeirlərin mənasına enməliyik.
Rəsul Rza
müəyyən hadisələrə və obyektlərə
yanaşarkən heç də onlar haqqında öz
hökmünü vermir. Bütünlüklə o yanaşdığı obyektin
fövqündə dayanır və ona adi adam
və sənətkar gözləriylə yanaşır. Məsələn, biz indi onun iki şeirini misal gətirəcəyik.
Doğrudur, bu şeirlər o qədər də
seçilən deyil, hər halda onlar haqqında
danışmağa dəyər. Bunlardan
biri “Susuzluq” adlanır. Artıq yuxarıda
dediyimiz kimi, burda müəllif yandım, of yandım, su, su –
deyə qışqırmır. Məhz bu
misralar dodaqların cadar-cadar olduğunu söyləyir.
Şeirə müraciət
edək:
Ağ hörümçək
toru sallanıb havadan
Bulud qara, yer qara, tor ağ,
Yarpaqlar titrəşir,
pıçıldaşır
Yağış yağ, yağ.
Mənə elə
gəlir ki, hər şey aydındı. Digər bir
şeir “Vaxt” haqqındadır. Yuxarıdakı
şeir üçün dediklərimizi buna da aid edə bilərik.
Burada da müəllif ah-vay etmir ki, zaman gedir,
yaman gedir, tutun saxlayın zamanı. Yox.
Bu şeirdə hər şey çox dəqiq
ölçülüb, müxtəlif ömürlərin yolu
bir vərəq üzərində səpələnmişdir.
İlkin gördüm onu
saçlar nə saç!
Gözlər nə göz!
Dodaqlar nə dodaq!
İnsan şəklinə
girmiş
alovlu bir qadın ehtirası
Dantenin, Beatriçası,
Tisiyanın Venerası,
Füzulinin Leylası
...Rast gəldim
Saçlara,
gözlərə,
dodaqlara baxdım.
hey, hey
hanı o bir qüvvət,
hanı
Canlandıra yenidən
Beatriçanı,
Veneranı,
Leylanı.
Bəli, məhz
bizim poeziyamız belə bir həqiqət üçün
borcludur.
Rəsul
Rzanın bütün şeirləri, hətta ən zəif
şeiri belə danışmaq üçün imkan verir. Poeziya da onun
üçün yaranır ki, onun haqqında danışasan,
mübahisə edəsən, onu alqışlayasan, inkar edəsən!
Dünən
uzaqlarda hardasa bir insan öldürdülər. Ölümünü
üzünə oxudular. O isə sakit-sakit uzaqlara
baxdı. Onun ölümünə səbəb
olan nə idisə, ona həmin uzaqlardan əl elədi. Və
təəssüfləndi: “Mən səni belə
düşünməzdim. Səni gözləyirdim,
lakin sən çox tez böyüdün və yox oldun. Nə etmək olar, sən hardasa olduğunu kiməsə
bildirdin, bildirdin ki, sən də var imişsən”.
Mən Rəsul
Rzanın “Novruz gülü” şeirin oxuyarkən,
aşağıdakı sətirləri düşünməyə
başladım. Bu şeir mənə o saat Xosrov Ruzbehi
xatırlatdı. Halbuki mən Xosrov Ruzbeh
haqqında çox şeirlər oxusam da onu xatırlaya
bilmirdim. Ruzbeh mənim üçün bir
Novruz gülü ömrünü yaşadı. Gəlin şeirə diqqət edək. Xosrov
Ruzbeh hamımızın yadındadır:
Ot quzu qırpımı.
Novruz gülü səpələnib
hər yana
Yaşıl məxmər
üstünə tökülmüş
mirvari dənələri kimi
Elə bil ağ
buluddan
damla-damla tökülüb
hər yandan novruz gülü.
Bəlkə də sabah
Bir şaxta yandıracaq onu
O xəbər verdi
Baharın
yaxın olduğunu.
Şaxta məhv
etdi gülü. Nə edək axı, bu Novruz güllərinin
ömrü bizim əlimizdə deyil. Nə edək
axı!
Deyəsən, dan yeri
qızarır...
Bir azdan səhər
açılacaq...
(Davam edəcək.)
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 1 may.- S.27.