Sehirli qutudan səslər
(“Bu gün dünəndən
başlayır” silsiləsindən)
“Radio mənim taleyimdə” verilişi üçün aşağıdakı müsahibəni alanda respublikamızın Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayev yorğun görünürdü. Səsində də bu hiss olunurdu. 41 illik ömrünü Ağsu orta məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Akademik Milli Dram Teatrında, Azərbaycanfilm kinostudiyasında, Dövlət Teleradio Verilişləri Komitəsində zərrə-zərrə, qram-qram əritmişdi. Amma uca qamətinə, şişman can-cüssəsinə, bitib-tükənməz səbədələrinə şahid olanlar onun canını haqlamış gizli xəstəlikdən xəbərsiz idilər. Axır vaxtlar xeyli arıqlamışdı. Hətta buna sevinərdik ki, nə yaxşı formaya düşüb Səməndər. Heç özünün də deyəsən xəstəliyi barədə məlumatı yox idi. Çünki özünə fikir vermək, həkim müayinəsindən keçmək həvəsi də ona yad idi. Ömründə bir kərə də başı yastıq görməmişdi, heç istirahət nə olduğunu da bilmədi Səməndər. Çalışdı, vuruşdu, sənət yollarında bir ömrü “bada” verdi. Bada sözünü dırnaqda ona görə yazıram ki, çoxlarına, hətta doyunca ata üzü görməyən övladlarına elə gəlir ki, Səməndərin ömrü hədər getdi. Əslindəsə Səməndər Rzayevə elə bir aktyor taleyi yaşamaq qismət oldu ki, üstündən yüz illər ötsə belə gələn nəsillər bircə kəlməsindən, qeyri-adi məhrəm, ürəyə yatımlı səsiylə söylədiyi bircə sözündən onu tanıyacaq, sevəcək, yaşadacaq...
1985-ci ilin
noyabr ayı idi. Studiyaya dəvət elədim. Radionun taleyində oynadığı roldan danışsın deyə.
Biz dostları xəstəliyindən
hali idik. Dönə-dönə özünə
fikir verməyi tövsiyə edirdik. Kimə deyirsən, öz işindəydi. O gün də bir xeyli deyib-güldük.
Əvvəlcə Məhluqə
xanımla “Bulaq”ı oxudular. Məhluqə xanımı yola salandan sonra aşağıdakı müsahibəni
onun dilindən lentə aldım. Arada dedim Səməni,
gəlsənə, səni
aparım İsmayıllıya,
bir az havan
dəyişər, ova çıxarıq.
Sən oturarsan Girdiman çayının
qırağında, təbiəti
seyr eləyərsən,
biz də ovçu dostlarla ov eləyib
qayıdarıq. Çöl
donuzunun yaxşı vaxtıdı indilər. Sən də ki, onun bazı.
Əvvəlcə razı
oldu. Studiyada işimizi qurtarıb pilləkənləri düşəndə
qayıtdım ki, sabaha hazırlaş,
Bu sözləri
deyərkən əvəzsiz
aktyorumuzun bizləri tərk etməyinə dörd ay qalırdı. İndi əziz oxucum, aşağıda Səməndər Rzayevdən
vaxtilə aldığım
müsahibəni onun səsini xəyalında canlandırıb da oxu ki, həm
onu bir daha
göz önünə
gətirəsən, həm
də ruhunu şad edəsən.
S.RZAYEV: “Mən
bunu dəfələrlə
demişəm, yenə
də təkrar edirəm. Mənim hazırda pis-yaxşı aktyor olmağımın əsas səbəbi radio olub. Lap uşaqlıqdan saatlarla radionun yanın kəsdirib qulaq asardım. Ən çox sevdiyim verilişlər şübhəsiz ki, ədəbi verilişlər
idi. Xüsusən səhnələşdirmələr, radio tamaşaları. Rayonda yaşadığımdan Bakıya
tez-tez gəlmək, teatr tamaşalarına baxmaq mənə müəssər olmurdu, odur ki, necə
deyərlər, “acığımı”
radionun o sehirli qutusundan çıxırdım.
Yalan olmasın oradan ədəbi-bədii
verilişlər eşidəndə
az qalırdım o balaca qutunun içinə girim. Aktyorları, rejissorları,
hətta dramaturqları
mən radio vasitəsilə
tanıyırdım. Radio mənim
bir növ ikinci məktəbim idi. Dərsdən sonra hər dəfə gəlib çörək yeməzdən
öncə də radionun qabağını kəsdirib ona qulaq asırdım, səhər yuxudan duranda da. Ən
çox sevdiyim aktyorsa Ələsgər Ələkbərov idi. Maksim Qorkinin “Arxip baba və
Lyonka” hekayəsinin
radio səhnələşdirməsinə
qulaq asandan sonra daxili bir
təlatüm keçirdim,
bəlkə də o verilişə qulaq asdığım an mənim
gələcək taleyimi,
yəni indiki taleyimi həll elədi. İndinin özündə də mən o radio yazısının
köçürməsini saxlayıram,
demək olar ki, hər gün
qulaq asıram. Və qulaq asdıqca
da böyük sənət ustaları Ələsgər Ələkbərovun,
Barat Şəkinskayanın
səsləri mənə
əlçatmaz, ünyetməz
bir dünyadan xəbər verir.
Bundan başqa
radio mənə Azərbaycan
dilinin incəliklərini,
bulaq suyu kimi saf dilimizi
öyrədib, sevdirib.
Çox böyük qəlb yanğısı ilə radio verilişlərində
iştirak edir, radio yaradıcılığımı bəlkə də başqa yaradıcılıqlardan
daha üstün tuturam. Hələ “Bulaq” verilişi! Mənə respublikamızda
ən böyük populyarlığı o veriliş
gətirmədimi?! Ömrüm
boyu radioya minnətdar olacağam, ona borcluyam”.
2007-ci il
martın 1-də Teleradio
Verilişləri QSC-nin
kadrlar idarəsinin rəisi Mansur Bayramov mənə telefon açıb bildirdi ki, bəs,
yeni qaydaya görə pensiya yaşına çatanlar ərizə yazıb istirahətə getməlidir.
Bu qayğıya görə
təşəkkür edib
ərizə yazaraq işdən azad olunsam da istirahət
eləməyə “qoymadılar”.
Tezliklə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində işləmək
üçün dəvət
aldım və Universitetin rektoru, professor Timuçin Əfəndiyevin
əmri ilə Mətbuat katibi və nəşriyyat şöbəsinin müdiri
vəzifəsinə təyin
olundum. Yenə qələm, kağız,
yenə dost-doğmaca
peşəm. Üstəlik
də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
radio jurnalistikasının əsasları
fənnindən tələbələrə-gələcək
həmkarlarıma dərs
deyirəm. Doğma radiomla da əlaqələrim
davam edir, vaxtaşırı da olsa efirimiz üçün
verilişlər hazırlayıram,
bir zamankı redaksiyadaşlarım məni
sevir, unutmur və mən də özümü heç zaman onlarsız təsəvvür
etməyəcəm...
Beləcə, radio öz
pərəstişkarlarının taleyinə ağlı-qaralı,
əlvan naxışlar
vura-vura bir zaman məni də öz ağuşuna almışdı
və 1973-cü il martın 21-dən 2007-ci ilin
martın 1-nəcən ona
xidmətdə bulundum.
Düz 33 il on bir ay, on gün. İstəsəydim daha 20
gün də qalıb bu illərin
sayını 34-ə çatdırardım,
yəqin ki, xahişimi qəbul da edərdilər. Amma mən gördüm
ki, qapının ağzını başqa talelər, başqa münasibətlər kəsdirib,
bir ayrı dövrün, mərhələnin
küləkləri əsməkdədir.
Başlıcası isə
gənclik gəlir. Və mən onları ləngitmək, qapı dalında saxlamaq istəmədim. İndi mənə söz demək, illərin döyüb bərkitdiyi, bəzən sancdığı, sındırdığı,
bəzənsə yarasına
məlhəm qoyduğu
taleyimin sön sözlərini (bəlkə
də son) söyləmək,
yazmaq üçün
yeni bir məkan, şərait gərək idi. Və mən o məkana əli, ürəyi boş getmirdim, zaman-zaman Azərbaycan radiosunda topladığım təcrübəylə,
gözümün önündə
baş vermiş dürlü-dürlü olayların
təəssüratı, başlıcası
isə radionun insan taleyində oynadığı və insanların da radio həyatında oynadıqları
rolların canlı şahidi kimi yollanırdım. Deməyə,
yazmağa bir aləm sözüm vardı. Zənnimcə anadan jurnalist doğulan üçün
vacibi də elə məsələnin
bu tərəfidir. Yəni ürəyin son vurğusunacan deməyə,
yazmağa sözün
olmaqlığı. Vay
o kəsin halına ki, söz meydanına
yad, bərəkətsiz
toxum kimi düşüb, söz bazarı kasaddır...
Radioda ötüşən
jurnalist ömrüm boyu çox talelərə baş vurdum, saysız-hesabsız
insanlarla görüşdüm,
söz-könül mülklərindən
hali oldum. Radioefir məkanına “Nağıllı-dastanlı axşamlar”,
“Sorğular, cavablar”,
“Şəbəkə”, “Astana”, “Qayğı”, “Qız qardaşım”, “Yeni üfüqlər”, “Üçbucaq”,
“Sovqat”, “Dan yeri”, “Vaxt”, “Yol”, “Dayaq”, “Axtarış”, “Duyğu” kimi onlarla veriliş, sonralar iri həcmli
proqramlara çevrilmiş
yüzlərlə rubrikalar
gətirdim. O verilişlərdə
ölkəmizin sayılıb-seçilən
yüzlərlə sənət,
elm, siyasət, mədəniyyət
xadiminin səsləri
qalmaqdadır. Bu illər
ərzində dəfələrlə
müxtəlif mətbu
orqanlarından, televiziyalardan
işləmək üçün
dəvətlər alsam
da ana radiomuza
“xəyanət” eləmədim.
Çünki qanımda,
canımda, deməli taleyimdə radionun oynadığı rolun əhəmiyyətini hiss eləmişdim.
Əhatəsində yaşadığım,
bəzən sənətimin
diqtəsiylə müdaxilə
elədiyim talelər mənim şəxsi taleyimdə də öz sözünü demiş, rolunu oynamışdı. Bu mənim
taleyim idi, onu dəyişməyə
lüzum yox idi...
Allah bilir
“Bu gün dünəndən
başlayır” silsiləmin
ömrü də nə qədər sürəcək. Mənsə
sonunu görmürəm.
10 mart 2010
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2010.- 1 may.- S.26.