Oğuz elinin xanımları
“Dədə Qorqud” eposu bizə bəlli olan bütün qəhrəmanlıq və vətənpərvərlik məzmunu ilə birgə Qalın Oğuz elinin düşüncə sistemini də kifayət qədər nümayiş etdirir. Amma məsələ onda deyil ki, hər bir folklor nümunəsi, yaxud folklor abidəsi xalq təfəkürünün canlı inikas formasıdır, həm də məna və mətləb ondadır ki, xalq təfəkkürünün qoruyucusu olan epos mətni xalqın həmin mətndə açıq şəkildə ifadə edə bilmədiyi bir sıra fikirlərin də mühafizə məkanıdır.
“Dədə Qorqud” eposunda qəhrəman Oğuz igidləri ilə yanaşı daha qabarıq formada görünən və bəzi mətləblərin ideya daşıyıcısı olan qadın obrazları da vardır. Onlardan üçünün adı açıqca bəllidir: Burla xatun, Banuçiçək, Selcan xatun. Bir neçəsinin isə adı deyilməsə belə həmin qadınların da eposun strukturundakı yeri və mövqeyi aydınca sezilir. Bu sıraya Dirsə xanın, Dəli Domrulun və Səyrəyin xanımları daxildir. Bəs müxtəlif boylarda nəql edilən hadisə və əhvalatlarla bağlı olan bu xanımlar eposun mətnində öz funksiyaları müqabilində necə təsvir və təqdim olunurlar?
Sayca birinci
olan “Dirsə xan oğlı Buğac” boyunda son dərəcə
qayğılı görünən və ciddi narahatlıq
keçirən Dirsə xan öz xanımını belə vəsf
edir:
“Bərü gəlgil, başum bəxti, evüm təxti!
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğından sarmaşanda qara saçlum!
Qurulu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan
tar ağızlum!
Güz
almasına bənzər al yanaqlım!”
Bu təsvir bir
Oğuz xanımı, yaxud konkret olaraq bu xanımın gözəlliyi
barədə tam və bitkin təqdimata bərabərdir. Başqa
sözlə, həmin poetik parçada Dirsə xanın
xanımının ecazkar bir portreti
cızılmışdır. Adama elə gəlir
ki, şərti olaraq cızılan portretdə xanımın sərv
boyu, qara saçı, çatma qaşı, dar ağzı və
al yanağı açıqca görünür. Hətta Dirsə xanın xanımının qırx
incəbelli qızla oğlunun axtarışına
çıxması faktını da nəzərə alsaq, bu
halda “incə bel” ifadəsini də heç bir tərəddüd
etmədən onun vəsfinə aid etmək olar. Folklor ənənəsinə görə bu təsvir
mətnin hansı hissəsindəsə təkrar edilməlidir
və elə beləcə də olur. Sübut
üçün Qazan xanın xanımı Burla xatunun təsvirinə
diqqət yetirmək kifayətdir:
“Boyı uzun,
beli incə Burla xatun boynilə qulağın aldı,
düşdi.
Güz
alması kibi al yanağın tutdı, yırtdı.
Qarğu kimi
qara saçını yoldı”.
Eposun mətnində
başlanan təsvir ənənəsi, yaxud iki Oğuz xanımının
– Dirsə xanın qadınının və Burla xatunun zahiri
baxımdan oxşarlığı açıq-aydın hiss
edilir: uca boy, incə bel, al yanaq, qara saç. Sadəcə
olaraq, Dirsə xanın xanımının təsvirində
olan “çatma qaş” və “dar ağız” ifadələri
Burla xatunun təqdimatında yoxdur. Dirsə
xanın xanımının təsviri ilə Burla xatunun təsvirinin
müqayisəsində ortaya çıxan bu fərqlilik
(“çatma qaş” və “dar ağız” ifadələrinin
olmaması!) Burla xatunun təsvirinin
natamamlığı da demək deyil. Yəni
bu təsvirlər iki Oğuz xanımının bir-biri ilə
zahiri oxşarlığını sual altına salmır və
onların bənzəyişinə qətiyyən xələl
gətirmir. Yəni Dirsə xanın
xanımının da, Burla xatunun da təqdiminə aid olan hər
iki mətnə bir söyləyicinin
danışığı, yaxud bir söyləyicinin ifası
kimi baxmaq daha doğrudur.
Amma həmin
nümunələrdə nəzərə çarpacaq və
ciddi xarakterdə olan fərq də açıq-aşkar
görünür. Bu əsas və əhəmiyyətli fərq
isə zahiri effektə aid olsa belə daha çox daxili məzmun
və mahiyyət daşıyır. Söhbət
Burla xatunun adının qarşısında bütün mətn
boyu işlədilən “boyu uzun” ifadəsindən gedir. Həm
müqayisə, həm də aydınlıq üçün
qeyd edək ki, Burla xatundan fərqli olaraq Selcan xatunun
adının qarşısında işlədilən “sarı
donlu” ifadəsi kifayət qədər dayanıqlı və
sabit deyil. Belə ki, “Qanlı qoca oğlu Qanturalı” boyunda 5
dəfə “Sarı donlu Selcan xatun”, 5 dəfə “Sarı
donlu qız”, 10 dəfə isə ayrıca olaraq “Selcan xatun”
ifadəsinə rast gəlinir. Amma “Boyu uzun Burla xatun” ifadəsi
“Dirsə xan oğlu Buğac” boyunda 4 dəfə, “Qazan bəg
oğlı Uruz bəgin tutsaq oldığı” boyda isə 3 dəfə
eyni forma və qəlibdə təkrar edilir. Hətta
bu məsələ ilə bağlı daha maraqlı cəhət
“Qam börənin oğlı Bamsı Beyrək” boyunda
müşahidə olunur. Burada da “Boyu uzun
Burla xatun” ifadəsinə eynən əvvəlkilər kimi bir
yerdə rast gəlinir. Sonra isə 2 məqamda Burla xatun
adı “boyu uzun” ifadəsindən təcrid olunur və bu, o
zaman baş verir ki, Qazan xan öz bəyliyini bir günlük
Beyrəyə həvalə etmişdir.
Beləliklə, tam təsdiq
edilir ki, “Boyu uzun Burla xatun” müraciətində söyləyicinin
məsələyə açıq və birbaşa münasibəti
qabarıq şəkildə özünü göstərir və
“uca boy” mənasını verən “boyu uzun” ifadəsi Qazan
xanın xanımı və Bayandur xanın qızı Burla
xatunun birinci xanım statusuna malik olmasına işarədir. Yəni Burla xatunun adının qarşısında
“boyu uzun” ifadəsinin ardıcıllıqla və sistemli şəkildə
işlədilməsi təsadüfi səciyyə
daşımır və mətndəki təsviri çalar
Burla xatunun həm ailədəki, həm də cəmiyyətdəki
mövqeyini kifayət qədər sərrast ifadə edir.
Bəs
Banuçiçəyin və Selcan xatunun təsviri, yaxud təqdimi
necədir? Bu
məqamda Beyrəyin Banuçiçəyə üz tutub
söylədiklərini xatırlayaq:
“Qarğu kibi
qara saçın yoldınmı, qız?!
Qara gözdən
acı yaş dökdinmi, qız?!
Güz
alması kibi al yanağın yırtdınmı, qız?!”
Beyrək həqiqəti
bilmək üçün Banuçiçəyə verdiyi
sualları təsvirin alt qatında yerləşdirir. Yəni Banuçiçəyin
qara saçlı, qara gözlü,
“Qarğu kibi
qara saçum yolduğum çoq.
Güz
alması kibi al yanağım yırtdığım
çoq”.
Banuçiçəyin
təsvirində ənənədən gələn, yəni
Dirsə xanın xanımının və Burla xatunun təsvirindən
sıyrılıb qalan bəzi məqamlar təkrar edilir. Amma bu təsvirdə
“sərv boy”, “çatma qaş”, “dar ağız” ifadələrinə
rast gəlinmir.
Selcan xatunun təsvirinə gəldikdə
isə Qanturalı onun gözəlliyi haqqında
aşağıdakıları söyləyir:
“Yalab-yalab
yalabıynan incə tonlum!
Yer basmıyıb
yürüyən,
Qar üzərinə qan
tammış kibi qızıl yanaqlım!
Qoşa badam dar
ağızlum!
Qələmçilər
çaldığı qara qaşlım!
Qurması
qırq tutam qara saçlım!”
Artıq burada
Banuçiçəklə müqayisədə “al yanaq”, “dar
ağız”, “qara qaş”, “qara saç” ifadələri bərpa
olunur, hətta belə demək mümkünsə, Dirsə
xanın xanımının təsvirinə də tam
yaxınlıq hiss edilir. Amma istər Dirsə xanın
xanımının, istər Banuçiçəyin, istərsə
də Selcan xatunun təqdimində Burla xatuna aid olan “boyu uzun”
ifadəsindən olduğu kimi istifadəyə son dərəcə
ehtiyatlı yanaşılmış, əslində isə həmin
ifadə istifadəsiz qalmışdır. Bu isə,
şübhəsiz, Burla xatunun statusu ilə bağlı məsələdir.
Təhlillər
göstərir ki, Oğuz elinin xanımlarının təsvirində
müşahidə olunan parlaq bir təşbeh müəyyən
fərqlərlə həmişə təkrarlanır və
bütün xanımlara aid edilir. Bu,
1. “Güz almasına bənzər
al yanaqlım!” – bu, Dirsə xanın
xanımına aiddir.
2. “Güz alması kibi al
yanağın tutdı, yırtdı” – bu, Burla xatuna aiddir.
3. “Güz alması kibi al
yanağın yırtdınmı, qız?!” – bu,
Banuçiçəyə aiddir.
4. “Qar üzərinə qan
tammış kibi qızıl yanaqlım!” – bu,
Selcan xatuna aidir.
Ehtimal etmək
olar ki, xanımların yanağının bəzən güz
(payız) alması, bəzən də qışda qar üzərinə
dammış qanla müqayisəsi mövsümi xarakterlə
bağlıdır. Yəni söyləyicinin mətni payızda,
yaxud qış aylarının birində söyləməsindən
irəli gəlmişdir.
Beləliklə, Oğuz eli xanımına aid təsvirin ETALON
variantını bərpa etmək olar:
“Bərü gəlgil,
başum bəxti, evüm təxti!
Evdən çıqub
yüriyəndə incə belli, boyu uzun, səlvi boylum!
Topuğından sarmaşanda
qurması qırq tutam qarğu kibi qara saçlum!
Qələmçilər
çaldığı, qurulu yaya bənzər qara qaşlum,
çatma qaşlum!
Qoşa badam sığmayan
tar ağızlum!
Güz
almasına bənzər, qar üzərinə qan tammış
kibi al, qızıl yananqlım!”
Yeni bir sual meydana
çıxır: Bəs bu təsvirlər eposun
poetikasında hansı anda, hansı məqamda meydana
çıxır? Bəri başdan qeyd edək
ki, həmin təsvirlər xoş əhvali-ruhiyyə vəziyyətlərini
xatırlatsa da, əsl həqiqət tamamilə
bambaşqadır.
İlk boydan bəlli
olur ki, Dirsə xan digər Oğuz bəyləri ilə birlikdə
Bayundur xanın məclisinə gəlibdir. Amma burada gözlənilməz
hadisə baş verir: Dirsə xanı qara otağa aparırlar
və beləliklə, ağ və
qırmızı otaqda oturan bəylərlə müqayisədə
Dirsə xan bir növ təhqir edilir. Səbəb
isə onun övladının olmamasıdır. Məsələnin ciddiliyi ondan ibarətdir ki, Dirsə
xanın övladsızlığı indiyə qədər
yada düşmədiyi üçün heç bir vaxtda
narahatçılıq törətməmişdir. Dirsə xanın övladsızlığının
qabarıq şəkildə üzə vurulması normal
görünən vəziyyəti tamamilə dəyişir və
Dirsə xan həyatla ölüm arasında qalır. Məhz
belə bir vaxtda – həyatla ölümün mübarizəsi
son dərəcə kəskinləşdiyi zaman Dirsə xan
xanımı ilə qarşılaşır və yuxarıda
xatırladığımız təsvir onun öz dilindən
söylənir: “Bərü gəlgil, başum bəxti, evim təxti...”
Qazan xanın
xanımı Burla xatuna gəldikdə isə məlumdur ki, o,
kafirlər tərəfindən əsir
götürülür. Şöklü Məlik əsirlikdə
özünü gizlədən Burla xatunun 40 incə bel qız
içərisindən tapılıb müəyyənləşdirilməsi
üçün tapşırıq verir ki, Uruzun ətindən
qovurma bişirib qızların qarşısına qoysunlar, hər
kim yeməsə, o, Burla xatundur. Deməli,
Burla xatun (daha geniş mənada Qazan xan və Oğuz eli!) həyatla ölüm arasında qalır.
Məhz belə bir vaxtda onun gözəlliyinin təsviri və
təqdimi meydana çıxır: “Boyı uzun, beli incə
Burla xatun boynilə qulağın aldı, düşdi”.
Yaxud Banıçiçəyin
təsvirinin vaxtı və zamanı o ana düşür ki,
Banuçiçəyi başqa birisinə ərə verirlər
və 16 il əsirlikdə qalan Beyrək
toy mərasiminə gəlib çıxır. Əslində
toy mərasimi Beyrəklə Banuçiçəyin həyatla
ölüm arasında qalmağı deməkdir. Bu
qarşılaşma geniş mənada Doğru ilə
Yalanın qarşı-qarşıya gəlməsidir və
Oğuz eli üçün həlledici məqamdır.
Məhz elə bu məqamda da Beyrəyin dilindən
Banuçiçəyin təsviri verilir: “Qarğu kibi qara
saçın yoldınmı, qız?!”
Və yaxud
Qanturalı ilə Selcan xatun aid olduqları boyun
axırında üz-üzə gəlirlər. Hətta iki
sevgilinin bir-biri ilə vuruşmaq məqamı da yaranır.
Başqa sözlə, onların hər ikisi həyatla
ölüm arasındadır. Məhz elə bu vaxt
Qanturalının dilindən Selcan xatunun tərifi eşidilir:
“Qar üzərinə qan tammış kibi qızıl
yanaqlım!”
Xatırladaq
ki, həm Dəli Domrulla xanımı, həm də Səyrəklə
xanımı arasında da həyatla ölümün sərhəddi
görünür. Belə ki, Dəli Domrul
ölümqabağı xanımı ilə halallaşmaq istəyir,
Səyrək isə xanımını gərdəkdə qoyub
qardaşını xilas etməyə, bir növ ölümə
gedir. Yəni hər iki məqam həyatla
ölüm arasında qalmaq məqamıdır. İndi nəticə çıxarmaq olar ki, Dəli
Domrulun da, Səyrəyin də öz xanımını təsvir
etmək, tərifləmək üçün bədii şərait
var imiş, amma onlar bu şəraitdən istifadə etmirlər.
Nədənsə, söyləyici də belə
bir şansı əldən ötürür.
Üçüncü sual: Bəs
bu xanımlar əslən kimləri təmsil edirlər və
onlar haradan Oğuz elinə gəlin gəlmişlər?
Dirsə xanın
xanımı Dirsə xana üz tutaraq deyir:
“Azğun dinlü kafərə
bən varayım,
Yaralanub Qazlıq atımdan
enməyincə,
Yenümlə alca qanım
silməyincə,
Qol-bud olup yer üstinə
düşməyincə,
Yalnuz oğul
yollarından dönmiyəyim”.
Kafərlərin
açıqca yamanlanmasından bəlli olur ki, Dirsə
xanın xanımı kafər düşərgəsindən
deyil.
Yenə də xanımı Dirsə
xana söyləyir:
“Xan babamın
göygüsi!
Qadın anamın sevgisi!
Atam-anam verdigi,
Göz açuban
gördigim,
Könül
verib sevdigim, a Dirsə xan!”
Yenə də
Dirsə xanın xanımının özünü xan
qızı kimi nəzərə çarpdırması
Dış Oğuzdan deyil, məhz İç Oğuz
qızlarından olmasının təsdiqidir. Deməli, Dirsə
xanın xanımı İç Oğuzun özündəndir.
Burla xatuna gəldikdə
isə bu xanımın da İç Oğuzdan olması
gün kimi bəllidir, çünki o, Bayındır xanın
qızıdır.
Beyrəyin
xanımı Banıçiçəyin kimliyini müəyyənləşdirmək
üçün “Qam börənin oğlı Bamsı Beyrək”
boyunun əvvəlinə diqqət yetirmək lazımdır. Buradan
aydın olur ki, İç Oğuzla Dış Oğuz bəyləri
Bayındır xanın söhbətinə
yığışmışlar. Baybörə
bəy nisgillidir, çünki onun oğlu yoxdur. Bəylər bir ağızdan dua edirlər ki, onun
oğlu olsun. Bu zaman Baybican bəy də
qız arzusunda olduğunu bildirir və söyləyir ki,
qızı olsa, onu Baybörənin oğluna verəcəkdir.
Qeyri-səlis məntiqə görə Baybörə
oğul istədiyinə görə o, İç Oğuzdan,
Baybican bəy qız arzusunda olduğuna görə o,
Dış Oğuzdan olmalıdır.
Digər tərəfdən
boyun ortasında onların artıq böyümüş
oğlu və qızı – Beyrək və Banuçiçək
qarşılaşırlar: “Çağırdılar Beyrək
gəldi. Banıçiçək
yaşmağlandı, xəbər sordı. Aydır:
“Yigit, gəlişin qandan?” Beyrək dedi: “İç
Oğuzdan!” “İç Oğuzdan kimün nəsisən?”
–dedi. “Baybörə bəg oğlı Bamsı Beyrək dedikləri
mənəm”,-dedi. Qız aydır: “Ya nə məsləhətə
gəldin, yigit?”-dedi. Beyrək aydır: “Baybican bəgün
bir qızı varmış, annı görməgə gəldim!”-dedi”.
Burada Banıçiçəyin “İç
Oğuzda kimlərdənsən?” sorğusu
Banıçiçəyin məhz İç Oğuzdan
olmamasına işarədir. Bu ehtimallar
boyun sonuna qədər davam edir və həqiqət tam şəkildə
aydınlaşmır. Lakin epos mətninin
başqa bir yerində bu sirrin açılışı
vardır. Belə ki, sonuncu boyda Aruz deyir: “Bəglər,
Beyrək bizdən qız almışdır, güyəgümizdir.
Əmma Qazanın inağıdır. Gəlsün, bizi Qazanla barışdırsun.
Deyəlüm, gətürəlim; bizə müti olursa,
xoş! Olmaz isə, bən saqqalını tutayın, siz
qılıc aşurın parələn! Aradan
Beyrəgi götürəlim. Andan sonra Qazani lə
işümiz xeyir ola!”.
Bu üçüncü məqamda
məsələ ilə bağlı heç bir qaranlıq yer
qalmır: Banıçiçək Dış
Oğuzdandır! Ona görə də köbəkkəsmə
olmasına baxmayaraq, Banıçiçəyin alıb gətirilməsi
işində müyyən şərtlər meydana
çıxır. Şərtlərin
çətinliyi bəlli olandan sonra elçiliyə Dədə
Qorqud gedir və Dəli Qarcarın tələbləri yerinə
yetirilir. Amma çətinlik bunula da
qurtarmır. Belə ki, Baybecan
qızını kafər düşərgəsindən olan
Bayburd hasarının bəyinə verəcəyini xeyli əvvəl
bildirdiyi üçün bu hadisədən xəbər tutan
kafərlər Beyrəyi əsir aparırlar. Yalnız 16
il keçəndən sonra Beyrəklə
Banıçiçək bir-birlərinə qovuşurlar.
Bəs Selcan
xatun barədə nə demək olar?
Onunla
bağlı boyda nəql olunur ki, Qanturalı evlənmək
istəyir. Lakin ona İç Oğuzdan və Dış
Oğuzdan qız tapılmır. Atası məcbur
olub Trabzona gəlir və
Deməli,
İç Oğuzdan deyil, həm Dış Oğuzdan, həm
də kafər düşərgəsindən gətirilən gəlinlər
üçün ciddi şərtlər qoyulur. Amma hər iki
halda İç Oğuzun igidləri – Beyrək və
Qanturalı qalib gəlir.
Bəs elə
isə Dəli Domrulun və Səyrəyin xanımları
haqqında nə demək olar?
Dəli Domrulun
ata və anası övladları üçün
canlarından keçə bilmədikləri halda, Dəli
Domrulun xanımı öz canından keçməyə
hazırdır və bununla Dəli Domrulsuz həyatın
boş və mənasız olduğu barədə qənaətini
bildirir. Amma Dəli
Domrulun qadının kimliyinə gəldikdə isə bu barədə
aydın təsəvvürü Dəli Domrul özü
yaradır: “Əzrayil aydır: “Mərə, dəli qavat! Dəxi nə aman dilərsən? Ağ saqqallu baban yanına vardın, can vermədi.
Ağ birçəklü anan yanına
vardın, can vermədi. Dəxi kim
versə gərək?!” –dedi. Dəli Domrul aydır: “Həsrətim
vardır, bulışayım”,-dedi. Əzrayil aydır: “Mərə
dəli həsrətin kimdir?” Aydır: “Yad qızı həlalım
var, andan mənim iki oğlancığım var, əmanətim
var, ısmarlaram anlara, andan sonra mənim canım alasan”,-dedi”. “Yad qızı” ifadəsi Dəli Domrulun
xanımının kafər düşərgəsindən
olmasını tam sübut edir.
Səyrəyin
xanımına gəldikdə isə əvəlcə
“üç” və “altı” rəqəmlərinin eposdakı
funksiyasına diqqət yetirək və bəri başdan qeyd edək
ki, üç rəqəmi və onun əsasında yaranan digər
rəqəmlər Oğuzu simvolizə edir:
1.”Qazan aydır: “Üç
yüz yigidlən oğlu Uruz mənim evim üstünə
tursun”,-dedi”.
2.”Qaracıq
çoban kafərin üç yüzini sapan taşilə yerə
bıraqdı”.
3.”Salur Qazanla
Qaraca çoban çapar yetdi. Çobanın üçyaşar
tana dərisindən sapanının ayasıydı,
üç keçi tüyindən sapanının
qollarıydı... Üç yıldaq
taşı düşdigi yerin otı bitməzdi”.
4.Uruz dustaqlıqan xilas ediləndə
“Üç yüz yigit oğuzdan şəhid oldu”.
5.”Üç yüz
altmış altı alp ava binsə, qanlu
keyik üzərinə yüriş olsa, Bəkil nə yay
qurardı, nə ox atardı”.
6.Yenə Bəkil haqqında deyilir:
“Oğlanı tonatdılar. Atasilə-anasilə
gəldi görüşdi. Əllərin
öpdi. Üç yiz yigidin yanına
bıraqdı, meydana vardı”.
7.Əgrəg səfərə
çıxanda “üç yüz say cidalu yigit bunın yanına cəm oldı”.
“Altı” rəqəminə
gəldikdə isə bu rəqəm və onun törəmələri
Aruzu çıxmaq şərti ilə (“Altmış ərkəc
dərisindən kürk eləsə, topuqlarını
örtmiyən, altı ögəc dərisindən külah
etsə, qulağlarını örtmiyən... At ağızlu
Uruz qoca çapar yetdi”) bütün hallarda kafərlərə
xasdır:
1.“Şökli Məlik
aydır: “Altı yüz kafər varsun, qoyunı gətürsin”,-dedi”.
2.“Nagahandan Qaracıq
çobanın üzərinə altı yüz kafər
qoyuldı”.
3.“On altı bin qara tonlu kafər
ata bindi. Qazanın üzərinə alğar
yetdi. Baqdılar gördilər altı
bölük toz endi”.
4.Qanturalı barədə deyilir ki,
“Altı cəllad ənsəsinə gəldilər”.
5. Yenə Qanturalı üzərinə
hücum etməyə hazırlaşan təkur haqqında
söylənir: “Məgər xanım, Təkur peşiman
oldı. “Üç canvər öldürdigiçün bir
qızcığazımı aldı-getdi”,-dedi. İçin
qara teonlı, gög dəmürli altı yüz kafər
seçdi, Gecə-gündüz yortdılar. Nagahandan yetdilər”.
6.”Ol qələnin
bir Təkuru var idi. Adına Arşun oğlı Dirək təkur
deərdilər. Ol kafərin altmış
arşun qaməti vardı. Altmış batman gürz
salardı”; Yaxud: “Ol altmış batman gürzlə
Qazılıq qocaya dəpərə tutıb çaldı.
Yalan dünya başına tar oldı”.
7.Kafərlərin Səyrəyə
qarşı hücumu barədə belə söylənir: “Kafər
təkur aydır: “Qatlan, mərə qavat oğlı, mən
İndi əsirlikdə
qalan xanımını xilas etməyə yollanan Səyrəklə
xanımı arasındakı dialoqu xatırlayırıq. Səyrəyin
xanımına söylədiklərinə şeir formasında
nəzər salaq:
“Qız, sən
mana bir yil baqğıl!
Bir yildə gəlməzsəm,
iki yil baqğıl!
İki yildə gəlməzsəm,
üç yil baqğıl!
Gəlməzsəm,
ol vəqt mənim öldügimi biləsən.
Ayğır atım
boğazlayub, aşum vergil!
Gözün
kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl!”
Üç rəqəmi
oğuzlara aid olduğuna görə Oğuz igidi Səyrək
də məhz sayıb-sayıb üçdə dayanır:
“İki yildə gəlməzsəm, üç yil
baqğıl! Gəlməzsəm, ol vəqt mənim
öldügimi biləsən”.
İndi isə Səyrəyin
xanımının sözlərinə, daha doğrusu, onun Səyrəyə
cavabına diqqət verək:
“Yigidim mən
Bir yil də gəlməzsən,
iki yil baqam.
İki yildə
gəlməzsən, üç-dört yil baqam.
Dört yildə gəlməzsən,
beş yil, altı yil baqam.
Altı yol
ayırdına çadır dikəm.
Gələndən-gedəndən
xəbər soram.
Xeyir xəbər gətürənə
at, ton verəm,
Qaftanlar
geydürəm.
Şər xəbər
gətürənin başın kəsəm.
Ərkəg
sinəgi üzərimə qondırmıyam.
Murad ver, murad al, andan get,
yigidim!”.
Maraqlıdır ki, Səyrək
3-də dayanmasına baxmayaraq, Səyrəyin xanımı 6 rəqəminə
qədər davam edir və 6-da dayanır: “Dört yildə gəlməzsən,
beş yil, altı yil baqam. Altı yol
ayırdına çadır dikəm”. Beləliklə,
Səyrəyin xanımının düşüncə
sistemində 6 rəqəmi əsas yer tutur. İndi qəti şəkildə demək olar ki, Səyrəyin
xanımı da məhz kafər düşərgəsindəndir.
Beləliklə,
Dirsə xanın xanımı və Qazan xanın
xanımı Burla xatun İç Oğuzdandırlar. Banıçiçək
Dış Oğuzdan, Selcan xatun və Dəli Domrulla Səyrəyin
xanımları isə kafər düşərgəsindən
İç Oğuza gəlmişlər. Dış Oğuzdan
və kafər düşərgəsindən İç
Oğuza gəlin gələn qızlar bu düşərgələr
arasındakı barışığı simvolizə edirlər
və barışığın karrantıdırlar. Deməli, “Dədə Qorqud” eposu vuruş və
davanın deyil, məhz barışıq və vahid dünya
modelinin eposudur.
Kamran ƏLİYEV
525-ci qəzet.- 2010.- 1 may.- S.24-25.