Rəşid Faxralının
“Seçilmiş əsərləri”nin təqdimatı olub
Atatürk Mərkəzində şair-publisist Rəşid Faxralının 55 illik yubileyi və üçcildlik “Seçilmiş əsərləri”nin təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirin aparıcısı Azadə Taleh mərasimi açaraq R.Faxralının təqdim olunan üçcildliyinin məziyyətlərindən danışıb. A.Taleh çıxışında R.Faxralının 20-dən artıq kitab müəllifi olduğunu vurğulayıb: “Rəşid Faxralı “Diqqət, diqqət”, “Səngərdən əbədiyyətə”, “Zaman, biz və kişiliyimiz”, “Goranboy əməliyyatı”, “Müharibə nə vaxt qurtaracaq?”, “Ömrün üfüqləri”, “Ərgünəşə qar yağırdı”, “Zabit olacam, ana!” kimi qiymətli kitabların müəllifidir. O, həm şair, həm yazıçı, həm də jurnalist kimi bu kitablarla imzasını təsdiqləyib”.
Tədbirdə çıxış edən professor Nizami Cəfərov R.Faxralını 55 illik yubileyi münasibətilə təbrik edərək, ona xoş arzularını bildirib. O, yubilyarın kitablarında həyatda keçdiyi şərəfli yolun öz dolğun əksini tapdığını deyib.
Filologiya elmləri namizədi Knyaz Aslan R.Faxralının ömür və yaradıcılıq yolundan söz açıb, insani keyfiyyətlərini önə çəkib: “Onun yaradıcılığı real həyata əsaslanır. Rəşid uzun illər əynində hərbçi forması ilə cəbhə bölgələrini qarış-qarış dolanıb, qəhrəmanlarımızın şərəfli ömür yolunu şeirlərə, poemalara, publisistik yazılara köçürüb. Qarabağ uğrunda gedən döyüşlər onun yaradıcılığında bədii əksini tapıb. Onun əsərləri əsl vətənpərvərlik dərsliyidir. Rəşid Faxralı yaxşı vətəndaş olmaqla bərabər, sadiq dostdur”.
Mərasimdə şair Abbas Abdulla, professor Şamil Vəliyev və başqaları çıxış edərək yubilyarın əsərlərinin yüksək poetik istedadla qələmə alındığını bildiriblər.
Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını ifadə edib. Qeyd edək ki, yubilyarın təqdim olunan üçcildliyində şeir, poema və publisistik yazıları toplanıb.
SARA
525-ci qəzet.-2010.- 1 may.- S.17.