“Yazıçı”nın yeni sayı
Azər Abdullaya həsr olunub
“Oğuz eli” qəzetinin xüsusi buraxılışı kimi işıq üzü görən “Yazıçı”nın bu nömrəsi şair Azər Abdullanın anadan olmasının 70 illiyinə həsr edilib. Dərgi xalq şairi Vaqif Səmədoğlunun Azər Abdullaya yazdığı şeirlə açılır.
“Yazıçı”da xalq şairləri Qabil, Sabir Rüstəmxanlı, yazıçılar Məmməd Oruc, Sara Oğuz, Nəriman Əbdülrəhmanlı, Əlabbas, Xanəmir Telmanoğlu, şairlər Məmməd İsmayıl, Ramiz Rövşən, Vaqif Bayatlı, Tofiq Abdin, Əbülfət Mədətoğlu, Səlim Babullaoğlu, xalq yazıçısı Mövlud Süleymanlı, tənqidçilər Vaqif Yusifli, Cavanşir Yusifli, Bəsti Əlibəyli, professorlar Kamil Vəli Nərimanoğlu, Əsgər Rəsulov və başqalarının yubilyar haqqında fikirləri, ona ünvanlanan təbrikləri yer alıb.
M.İsmayıl yazısında A.Abdullanı “Allahın adamı” adlandırıb: “Azər Abdullayla bir aylıq təmaslarımdan sonra mən özümçün bir allah adamı kəşf etmişdim. Mən çəkilən çilələrin, məhriyyətlərin, sürgünlərin Tanrı tərəfindən əvəzi veriləcəyinə inanan bəndələrdənəm. Bu məsələdə Azər məndən də səbirlidir. Azər Abdulla kimi sənətkarların təvazö örnəyi olub kol dibində gizlənən bənövşə kimi özlərinə çəkilib zamanın həqiqi sənət qabarmasını gözləməkləri var: müdrik zaman “papaq altda yatan” oğulların varlığını əvvəl-axır gün işığına çıxarır... “.
R.Rövşən qələm dostunun təvazökarlığını qeyd etməklə bərabər hələ bundan sonra da uzun illər yazıb-yaratmağı arzulayıb: “Yazdığın hər şeirlə, hekayəylə Allah bilir ürəyindən neçə tikanı, qılçığı çıxarırsan. Amma sənin də, mənim də ürəyimizdə çox tikanlar var. Odur ki, ən azı buna görə hələ yaşamaq və yazmaq lazımdır”.
V.Bayatlı yubilyarı “heç nə istəmədən hər şey edə bilmə bacarığı”na malik insan kimi səciyyələndirib: “Əslində qarşılığını gözləməyən fədakarlıqlar ədəbiyyat tariximizdə, bəlkə də bütün tariximizdə həmişə kölgədə qalıb. Heç kimin paxıllığını çəkməmək, hər şeyi edib heç nə istəməmək istedadını da Tanrı ona hədiyyə edib”.
M.Süleymanlı A.Abdulla ilə çoxdankı tanışlığından, onun insani keyfiyyətlərindən söhbət açıb: “Tələbə yoldaşı olmuşuq, amma uzun müddət şeirlərini gizli saxlayıb. Üzə çıxaranda da mən o şeirlərə təəccüb eləmədim, elə belə də bilirdim; səviyyəli, doğma, orijinal. Azər Abdullanın şeirləri də özü kimi tənhalıq havası içindədi. Elə bil yan-yörəsində şeir-filan yazılıb eləmir. Hər halda Azərin özündən gələn xüsusiyyətdi: kimsəyə dərdini açmaz, azdanışan, dediyindən dönməyən, sərt, sonucda ilıq”.
T.Abdinin təxminən 20 il əvvəl çap olunmuş “Öz həqiqətini gəzən adam” yazısı da buraxılışda yer alıb. Şair burada yubilyarla ilk tanışlığından, onunla bağlı düşüncələrindən söz açıb: “Tanışlığımızın yaşını bilmirəm. Onu bilirəm ki, bir yerdə işləyirik. İçimizin havasına, çölümüzün tərbiyəsinə bələdik. Dilimiz nəyi deyə bilər bərk ayaqda, bilirik. Özümüz necə ola bilərik çətin anlarda, bunu da nisbətən anlayırıq. Bilə-bilə, anlaya-anlaya bütün bunların şərtiliyini də başa düşürük...”
Buraxılışda şairin digər qələm dostlarının da onunla bağlı səmimi arzularına, düşüncələrinə yer verilib.
Dərgidə həmçinin A.Abdullanın müxtəlif mövzularda qələmə alınmış şeirləri və dostlarıyla, doğmalarıyla birgə fotoşəkilləri toplanıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2010.- 1 may.- S.16.