Görkəmli rəqs ustası Əminə Dilbazi dünyasını dəyişib
Azərbaycanın xalq artisti, tanınmış rəqqasə Əminə Dilbazi dünən səhər saatlarında 91 yaşında vəfat edib. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva APA-ya bildirib ki, mərhumla vida mərasimi mayın 1-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Xalq artisti ilə vida mərasimi saat 13:00-dan 14:30-dək davam edəcək. Ə. Dilbazi II Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-cu ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxıb. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb. Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və “O olmasın bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib. O, Azərbaycanda peşəkar rəqs sənətinin ən böyük ustalarından biri, bu sahənin Azərbaycanda inkişaf etməsinə böyük töhfələr vermiş görkəmli sənətkar kimi tariximizdə özünə əbədi yer qazanıb. Allah rəhmət eləsin!
525-ci qəzet.-
2010.- 1 may.- S.16.