“Qobustan” sənət toplusunun yeni sayı işıq üzü görüb
Toplunun ilk səhifəsində fəlsəfə elmləri doktoru Rahid Uluselin “İntibah dəyərləri və çağdaş yaradıcı düşüncə” məqaləsi yer alıb. Yazıda müəllif dövrümüzdə İntibah və onun dəyərlərinə dərin maraq göstərilməməsinin səbəblərini araşdırıb. Jurnalda sənətşünas Məleykə Alıqızının milli teatr və kino sənətimizin nadir və əvəzsiz simalarından biri olan Ələsgər Ələkbərovun xatirəsinə həsr etdiyi “Bənzərsiz Otello” yazısı öz əksini tapıb. Sənətşünaslıq namizədi Lalə Hüseynovanın yazdığı “Vaqif Mustafazadə: caz dünyasının sadiq və bənzərsiz cəngavəri” məqaləsində XX əsr milli musiqimizə yenilik gətirən görkəmli sənətkarın sənət taleyindən söhbət açıb. “Məhəbbət fəlsəfəsi və muğam” məqaləsində sənətşünaslıq doktoru Rafiq İmrani musiqi tonlarının emosional təsirini və onların xarakterik xüsusiyyətlərini açıqlayıb. Topluda Vəfa Xanoğlanın “İlyas Əfəndiyevin teatr görüşləri” və musiqişünas Şahin Qarayevin “Tofiq Quliyev və onun yaradıcılıq fenomeninin bəzi sirləri” məqalələrində ədəbiyyatımızın klassiki, xalq yazıçısı İlyas Əfəndiyevin Azərbaycan teatrındakı xidmətləri və Azərbaycan bəstəkarlıq məktəbinin ən istedadlı nümayəndələrindən biri olan, caz və estrada musiqimizin yaradıcısı Tofiq Quliyevin yaradıcılığı nəzərdən keçirilib.
Jurnalda həmçinin şair və rəssam Sadiq bəy Əfşar, rəssam Valeh Kərimov və xalq rəssamı Rafis İsmayılovun yaradıcılıqlarından bəhs olunur. AMEA-nın müxbir üzvü, profesor Zemfira Səfərovanın bəstəkar Sevda İbrahimova haqqında “Əzizlərin xatirəsi” başlıqlı təəssürat yazısı da topluya daxil edilib.
Jurnala daxil edilən yazılar içərisində memarlıq namizədi Nardanə Yusifovanın “İslam memarlığında riyazi-əməli təfəkkür” məqaləsi də var. Sənətşünaslıq namizədi, dosent Nailə Rəhimbəylinin “Aşıq Qərib dastanında “Kürdü-Gəraylı” havasının musiqi təhlili” yazısında sənətşünas “Kürdü-Gəraylı”nın lad quruluşu, melodik xüsusiyyətləri,metro-ritmik xüsusiyyətləri və onun musiqi forması haqqında geniş məlumat verib. “Azərbaycan teatrında romantik aktyor axtarışları” məqaləsi ADMİU-nun dosenti, əməkdar artist Gülsabah Quliyevanındır. Professor Malik Quliyev və dosent Rasim Quliyevin birgə yazdıqları “Mahnı ustadı” məqaləsi bəstəkar Səid Rüstəmova həsr olunub.
Jurnalda usta skripkaçı Bəhram Məmmədzadə “Ömrün müdriklik çağları”, Beynəlxalq Rəssamlar Federasiyasının üzvü rəssam Əsgər Məmmədov “Günəşdən nur alan sənət” yazısı ilə diqqət mərkəzinə çəkilib. Gənc bəstəkar Ceyhun Allahverdiyev və məşhur balabançı Əli Kərimovla bağlı yazılar da jurnalın bu sayındadır. Əməkdar jurnalist Məmməd Məmmədov Şərur yallılarının, Bilal Alarlı Küfeyli əmək nəğməsinin tarixinə nəzər yetirib. Topluda Firuzə Məmmədlinin və Bədirxan Laçının şeirlərinə də yer verilib.
Günel MUSAYEVA
525-ci qəzet.- 2010.- 4 may.- S.7.