Milli Kitabxanada türkoloq Əhməd Zəki Validinin yubileyi qeyd olunub
M.F.Axundov adına Milli Kitabxanada tanınmış türkoloq Əhməd Zəki Validinin 120 illik yubileyinə həsr olunmuş sərgi və beynəlxalq elmi konfrans keçirilib. Milli Kitabxanadan verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və AMEA-nın Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Başqırdıstan və Krımdan gəlmiş qonaqları konfrans iştirakçılarına təqdim edib.
Mədəniyyət və turizm nazirinin müavini, professor Sevda Məmmədəliyeva çıxışında TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirib və qurumun 2010-cu ili Əhməd Zəki Validi Toğan ili elan etməsini də uğurlu addım kimi dəyərləndirib.
Elmi konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva “Professor, doktor Əhməd Zəki Validi Toğanın həyat və elmi fəaliyyəti”, Türkiyə Milli Kitabxanasının direktoru Tuncel Açar “Əhməd Zəki Validi Toğanın həyatı və fikir mücadiləsi”, Başqırdıstan Milli Kitabxanasının direktoru Azad İbrahimov “Ə.Z.Validi adına Başqırdıstan Milli Kitabxanası başqırd xalqının mənəvi-mədəni irsinin qoruyucu mərkəzi kimi” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzə və çıxışlarda Ə.Z.Validinin həyatından və türkoloq alim kimi əvəzsiz xidmətlərindən ətraflı söz açılıb. Onun “Türklərin ümumi tarixinə giriş”, “Oğuz haqqında dastan”, “Quran və türklər”, “Tarixi araşdırmalarda metodologiya”, “Müasir Türküstan və onun yaxın keçmişi” və digər əsərləri türkologiya elmi üçün bu gün də əhəmiyyətini itirməyən böyük töhfələr kimi dəyərləndirilib.
Tədbir çərçivəsində yubilyara həsr olunmuş kitab sərgisinin açılışı olub. Bir həftə davam edəcək sərgidə yubilyarın əsərləri və onun haqqında yazılmış 200-dən artıq kitab nümayiş etdirilir.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2010.- 4 may.- S.7.