Yazıçı Yaşarın
gənc ədiblərlə
görüşü olub
Mayın 1-də M. F.Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin rəhbəri, Yazıçılar Birliyinin katibi Rəşad Məcid gəncləri salamlayıb, Nəsimi Milli Mükafatı, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi şeir və hekayə müsabiqəsində qalib gələn GƏM üzvlərini – Cavid Zeynallı, Ayxan Kiçikbəy, Elvin Bakiroğlu, Mövlud Mövlud və Sahilə İbrahimovanı təbrik edib. Sonra məktəbin rəhbəri GƏM-in budəfəki qonağı, “525-ci qəzet”in redaktoru, yazıçı və tərcüməçi Yaşarın yaradıcılığı haqqında məlumat verib. R.Məcid Yaşarı Azərbaycan ədəbiyyatında özünəməxsus yolu olan hekayə ustası kimi səciyyələndirib, onun dünya ədəbiyyatından bir sıra tanınmış qələm sahiblərini əsərlərini məharətlə Azərbaycan dilinə çevirdiyini qeyd edib.
GƏM-in üzvlərindən – Cavid Zeynallı, Sahilə İbrahimova, Orxan Muxtarlı, Səbinə Hacıyeva, Günel Eminli, Günel Rüstəmli, Vüsal Nazimoğlu, Zərdüşt Şəfizadə, Musa Əfəndi və R.S. qrupunun yazıçıya təqdim olunan hekayələrinin müzakirəsi görüşün əsas mövzusunu təşkil edib. Gənc nasirlərin əsərləri haqqında fikirlərini bölüşən Yaşar tövsiyə və iradlarını çatdırıb. Gənclərin yaradıcılığında təxminən eyni tendensiyanın – sadə yazmaqdan qaçıb özünü dolaşdırmağa, çaşdırmağa meylin hiss olunduğunu deyən Yaşar GƏM üzvlərinə daha çox mütaliə ilə məşğul olmağı məsləhət görüb. Yazıçı hər bir əsər haqqında qısa qeydlərini bildirib. O, ümumilikdə gənclərin istedadını dəyərləndirib, eyni zamanda əsərlər haqqında bəzi tənqidi fikirlərini də bölüşüb: “Sahil Hacıyevanın “Qorxu” hekayəsində qorxu hissiyatı yox, görüntüsü var. Sonluq və ortada bir ifadə çox maraqlıdır, qalan hissə söz yığınıdır. Dili pintidir, kələ-kötürdür, cilalanmağa böyük ehtiyacı var. Orxan Muxtarlı hekayəsində maraqlı priyom seçsə də, pafosdan xilas ola bilməyib. Günel Eminlinin tərcümələrinin dili pis deyil, amma bütövlükdə əsər özü məzmunsuzdur”.
Cavid Zeynalının “Qırmızı” hekayəsi haqqında fikir bildirən Yaşar maraqlı süjet seçildiyini, amma əsərdə gözəçarpan qüsurların mövcud olduğunu dilə gətirib: “Hekayədə yetkinləşib özünü tanımaq istəyən oğlan uşağı və vaxtı ötən, qarımq təhlükəsi qarşısında qalan bir qızın əhvalatı təsvir olunub. Maraqlı tandem və süjetdir. Bir qədər “Malena” filmini xatırladır. Təhkiyə normaldır, amma üzdən işlənib. Müşahidələr bədii yox, publisistik informasiya verir. Sonluq bədii həllini tapmır”.
Z.Şəfizadənin “Qarışqa–adam” hekayəsinin yaxşı qələmə alındığını, amma çox uzadıldığını diqqətə çatdıran Yaşar: “Ata, ana, bacının xarakteri açılmalıydı, onlar yoxdur, əvəzində küçədən publisistik reportaj var. Əsl yazıçı cümlələri işlətməsinə baxmayaraq, müəllif o cümlələri hiss eləmir, duya bilmir” – deyib.
Yaşar gənc yazarlardan Vüsal Nazimoğlunun adsız monoloqunda özünü çaşdırmaqdan, düyünə salmaqdan həzz alırmış kimi yazdığını, Musa Əfəndinin, Günel Rüstəmlinin, P.S. qrupunun mütaliəyə ciddi ehtiyacı olduğunu, yazılarında xeyli qüsurların mövcudluğunu nəzərə çatdırıb. Yazıçı ümumilikdə gənclərin nəsr sahəsində təcrübələrini, özlərini axtarış meyllərini yüksək qiymətləndirib, bu istiqamətdə uğurlara nail olmaq üçün Azərbaycan və dünya ədəbiyyatı ilə yaxından tanış olmağın vacibliyini qeyd edib.
Görüşdə GƏM-in üzvlərindən Elvin Bakiroğlu, Mirbəhram Əzimbəyli, Elnaz Eyvazlı, Xudabaxış və başqaları yeni şeirlərini oxuyublar.
SARA
525-ci qəzet.- 2010.- 4 may.- S.7.