Ümumdünya Söz Azadlığı Gününə
həsr olunmuş dəyirmi masa keçirilib
Dünən Azərbaycan Mətbuat Şurası “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası” ilə birgə 3 may Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirib. Toplantıda “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası”nın “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin də təqdimatı olub.
Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq, 3 may Ümumdünya Söz Azadlığı Gününün yaranma tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1993-cü ildən BMT səviyyəsində rəsmi surətdə qeyd edilən bu tarixin mahiyyətinin Azərbaycan ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Şura sədri Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərin dərinləşməsində beynəlxalq təşkilatların, səfirliklərin rolundan da söhbət açıb. Qeyd edib ki, onların media ilə iş təcrübəsinin öyrənilməsi çox vacibdir: “Belə qurumlardan biri də Türkiyə Respublikasının Azərbaycandakı Böyükelçiliyidir. Ötən illər ərzində səfirliyin Azərbaycan jurnalistləri ilə əlaqələri xeyli genişlənib ki, bu işdə mətbuat müşaviri Bülənt Uğurun əməyi danılmazdır. Hazırda B.Uğurun Azərbaycandakı fəaliyyət missiyası başa çatmaqdadır. Hesab edirəm ki, KİV təmsilçilərimiz onun simasında peşəkar münasibətlərin rəsmiyyətdən dostluğa, qardaşlığa, dərin anlaşmaya keçidinin misilsiz nümunəsi ilə tanış olublar”.
Ə.Amaşov çıxışını başa vurduqdan sonra B.Uğura MŞ-nin təşəkkür məktubunu təqdim edib. Səfirlik təmsilçisi ona göstərilən diqqətə görə, jurnalistlərə təşəkkürünü bildirərək, Azərbaycandakı fəaliyyətinin həyatında böyük önəm daşıdığını söyləyib: “Azərbaycanda çalışdığım dövrü həyatımın çox önəmli məqamı kimi dəyərləndirirəm. Bu günlərdə mənim missiyamın vaxtını daha iki ay uzatdılar. Bu müddət bitdikdən sonra öz ölkəmə dönəcək və sizləri heç bir vaxt unutmayacağam. Azərbaycanda mətbuatın vəziyyətinə gəlincə isə, bildirməliyəm ki, ölkənizdə mətbuat azad və demokratik yolla inkişaf etməkdədir.”
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Ümumdünya Söz Azadlığı Gününün ölkəmizdə qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dövlətinin ifadə və mətbuat azadlığı ilə bağlı proseslərə ciddi önəm verdiyini diqqətə çatdırıb. Bu sahədə son illər dövlət tərəfindən reallaşdırılan tədbirlərdən danışan sektor müdiri mövcud istiqamətdəki fəaliyyətin davamlı olacağını dilə gətirib: “Azərbaycanda söz və mətbuat azadlığının dərinləşməsinə yönələn çoxsaylı layihələr həyata keçirilir. Bu məsələlərlə bağlı müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa üstünlük verilir. Şübhəsiz ki, tədbirlərin faydası var. Amma jurnalistlərin özləri də aktiv olmalıdırlar. Onlar mediamızın mütərəqqi ənənələrinin öyrənilməsinə, inkişaf etdirilməsinə çalışmalı, eyni zamanda peşəkarlıq tələblərinə daha həssas yanaşmalıdırlar”.
BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası”nın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə danışıb. O bildirib ki, koalisiyaya Jurnalistlərin Həmkarlar İttifaqı (JUHİ), “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Demokratik Jurnalistlər Liqası daxildir.
MŞ sədrinin müavini, JUHİ sədri, “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli dəyirmi masa iştirakçılarını layihə çərçivəsində hazırlanan saytla tanış edib. Layihənin Beynəlxalq Jurnalistlər Federasiyası ilə “Söz azadlığı və jurnalist peşəkarlığı kolalisiyası”nın birgə məhsulu olduğunu deyən M.Ələsgərli burada əsas donor qismində Avropa Komissiyasının çıxış etdiyini diqqətə çatdırıb. Bildirib ki, layihə ölkə mediasının dünya standartlarına uyğunlaşdırılması sahəsində “yol xəritəsi” mahiyyətini daşıyır.
Milli Tleviziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hazırkı dövrdə medianın cəmiyyətin inkişafında olduqca böyük rol oynadığını söyləyib. Onun sözlərinə görə, indi media ilə bu və ya digər dərəcədə bağlı olmayan sahə yoxdur: “Məhz bu səbəbdən mövcud durum jurnalistlərdən də adekvat münasibət, xüsusən də peşəkarlıq tələb edir. Çünki, cəmiyyət də, dövlət də mediaya böyük diqqət ayırır. Amma elə məsələlər var ki, birbaşa jurnalistlərin özlərindən asılıdır. Bunlardan ən mühümü daha çox fərdi səciyyə daşıyan peşəkarlıqdır. Bu baxımdan mən Mətbuat Şurasının son zamanlar KİV təmsilçilərinin peşəkarlıqlarının artırılması istiqamətindəki fəaliyyəti zəruri hesab edirəm”.
İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin əhəmiyyətindən söhbət açarkən KİV-lərdə hələ də peşə prinsiplərinin pozulmasına geniş rast gəlindiyini bildirib: “Ölkədə söz və mətbuat azadlığı sahəsində kifayət qədər mükəmməl qanunvericilik mövcuddur. Qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi şərait də yaradılıb. Lakin bəzən jurnalistlər tərəfindən dövlətin söz və mətbuat azadlığı ilə bağlı ortaya qoyduğu iradədən sui-istifadə halları yaşanır. Mən ümid edirəm ki, yeni layihə bütün bu kimi neqativ halların aradan qaldırılmasında vacib rol oynayacaq”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışı zamanı İctimai Yayım Şurasının sədri Cahangir Məmmədlinin sözlədiyi fikirlərlə şərik olduğunu diqqətə çatdırıb. O, rəhbəri olduğu qurumun fəaliyyət missiyasının söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsinə yönəldiyini bildirərək, KİVDF-nin həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə hər zaman böyük diqqət yetirildiyini söyləyib. O, bu qayğının daim artan xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayıb: “Bütün bu diqqət və qayğının müqabilində, yaxşı olardı ki, söz azadlığının da müəyyən bir etik çərçivəsi olaydı. Bu olduqca vacibdir. Çünki KİV-lərlə bağlı əksər məhkəmə çəkişmələri məhz etik normalara əməl olunmamasından irəli gəlir. Hesab edirəm ki, təqdimatı keçirilən layihə söylənilən çatışmazlıqların aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edəcək”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə çıxışında KİV-lərin söz azadlığı məsələlərinə həssas yanaşmalarından və ümumiyyətlə bu kimi məsələlərdə mətbuat xidmətlərinin rolundan söhbət açıb. Onların öz fəaliyyətlərini daim təkmilləşdirilməli olduqlarını önə çəkən XİN rəsmisinin qənaətincə, belə layihələr prosesə yardımçılıq baxımından dəyərlidir.
Jurnalist Azər Həsrət layihənin müsbət nəticələr verəcəyinə inandığını bildirərkən ölkədə əvvəlki illərlə müqayisədə bunun üçün tutarlı əsasların mövcudluğunu vurğulayıb: “Uzun illər söz azadlığı məsələsində müəyyən ləngimələr olub. Lakin indiki dövrdə baş verən proseslər, o cümlədən dövlətin KİV-lərə qayğısının təzahürü kimi baş verən hadisələr onu deməyə əsas verir ki, media ilə hakimiyyət arasında bir dialoq mövcuddur. Bu dialoqun baş tutmasının xeyrini bütövlükdə Azərbaycan jurnalistikası görür”.
Dəyirmi masada çıxış edən digər iştirakçılar da yeni layihənin əhəmiyyətindən danışıblar.
Rufik İSMAYILOV
525-ci qəzet.-
2010.- 4 may.- S.2.