Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
xalq şairi Rəsul Rzanın yubileyi qeyd olunub
Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunan “Üzü küləyə” adlı ədəbi-bədii mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə R.Rzanı sadəcə ömür yox, tale yaşayan sənətkar kimi səciyyələndirib: “Rəsul Rza heç kəsə bənzəməyən əsl sənətkar ömrü yaşayıb. Mən Rəsul Rzanı özündən əvvəlki sələflərindən böyük Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabirlə müqayisə etmək istərdim. Öz bənzərsiz istedadı, təkrarolunmaz yaradıcılığı ilə o, yalnız adını çəkdiyim bu dahilərlə müqayisə oluna bilər”. Professor çıxışında R.Rzanın ötən əsrin 30-cu illərində ədəbiyyata gəldiyini, sovetlər quruluşunun gərgin ab-havası hökm sürən bir zamanda ədəbi proseslərə qoşulduğunu diqqətə çatdırıb: “Onun yaradıcılığı sovet dövrünə təsadüf edib. Quruluşun düşünən insana qarşı həmişə düşmən mövqedə dayandığı bir zamanda, o dövrün amansız qanunlarına, şərə qarşı mübarizə aparıb, daima üzü küləyə addımlayıb, haqsızlıqların üstünə gedib”. N. Şəmsizadə R.Rzanı Azərbaycan şeirində yeni bir təmayülün banisi kimi qiymətləndirib: “XX əsr Azərbaycan poeziyasında lirik- romantik şeirin baniləri Mikayıl Müşfiq və Səməd Vurğundursa, fəlsəfi-intellektual poeziya təmayülünün banisi Rəsul Rzadır. O, poeziyanı pafos və patetika kürsüsündən endirib həyata yaxınlaşdırıb. Bu baxımdan o, Sabirdən sonra ikinci şairdir. Zəmanəsinin ən haqsız tənqidlərinə tuş olan R.Rzanı daha çox mücərrəd , abstrakt yazmaqda qınayırdılar. Lakin təzyiq və tənqidlərə baxmayaraq o, ömrü boyu öz yaradıcılıq yoluna sadiq qalıb, qəlbindən gələn nəğmələri qələmə alıb”. Professor çıxışında yubilyarın məşhur “Rənglər silsiləsi”ni önə çəkib: “Nazim Hikmət deyirdi ki, Rəsul Rza “Rənglər silsiləsi”ndə özünü ötüb keçib. Mən isə bildirmək istərdim ki, Rəsul Rzanın “Rənglər silsiləsi” əslində rəngsizdir, həm də bir-birinə qarışmır. Bu rənglər təbiətin yox, şairin daxili dünyasının, ovqatının rəngləridir”.
“Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst şeirin banisidir. Rəsul Rzanın “Küləklər”i məni “xəstələndirib”. Eləcə də “Bəxtiyar” şeiri. Mən bütün yaradıcılığım boyu bu iki şeirlə yanaşı dura biləcək şeirlər yazmaq iddiasında olmuşam”. Bu fikirləri tədbirdə Rəsul Rza poeziyasının layiqli davamçılarından olan şair Ramiz Rövşən səsləndirib. R.Rövşən R.Rzanın Azərbaycan şeirinə tamamilə yeni ab-hava, yeni keyfiyyət gətirdiyini çıxışında nəzərə çatdırıb: “Mənim fikrimcə, XX əsrdə Azərbaycan poeziyasında Rəsul Rza, nəsrində İsa Hüseynov, dramaturgiyasında İlyas Əfəndiyev başda gəlir. Onların yaradıcılığı ilə ədəbiyyatımıza yeni insan nəfəsi gəlib”. R.Rövşən R.Rzanın ömrünün həmişə mübarizələrdə keçdiyini deyib: “O, həmişə mübarizələrdə idi. Gah onunla mübarizə aparırdılar, gah da o özü şərə qarşı mübarizə aparıb”. R.Rzanın çoxqatlı poeziya yaratdığını bildirən R.Rövşən şairin “Rənglər silsiləsi”nin üzərində xüsusi dayanıb: “Rəsul Rzanın “Rənglər silsiləsi” Azərbaycan ədəbiyyatında fəlsəfi-intellektual poeziyanın zirvəsidir. O, rənglərin təkcə poetik obrazını yox, ictimai-siyasi rəngini açıb. Rəsul Rzanın şeirlərində aldığı rəngləri kətan üzərində almaq qətiyyən mümkün deyil. Nə qədər dahi rəssam olsa da, bunu bacara bilməz”.
Yubilyarın daha bir layiqli davamçısı şair Çingiz Əlioğlu onun yaradıcılıq axtarışlarının özündən sonrakı nəsillərə olan böyük təsirindən söz açıb: “Keçən əsrin 30-cu illərində ədəbiyyata gələn Rəsul Rzanın yaradıcılığının ən səmərəli dövrü 50-ci illərin ikinci yarısına təsadüf edir. Rəsul Rza ədəbiyyatımızda təzə obrazlar, deyim tərzi, ifadələr, heç kəsin ona qədər işlətmədiyi qafiyələr və neologizmlərlə poeziyamızı zənginləşdirən sənətkardır”.
Tədbirdə tanınmış incəsənət ustalarının ifasında R.Rzanın şeirlərinə yazılmış mahnılar ifa olunub. Teatrın foyesində R.Rzanın kitablarından və fotoşəkillərdən ibarət stend nümayiş etdirilib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 5 may.- S.7.