Folklor İnstitutunun
“Dədə Qorqud” elmi-ədəbi toplusu çapdan çıxıb
AMEA Folklor İnstitutunun dövri nəşrlərindən olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun növbəti sayı işıq üzü görüb. AMEA-dan verilən məlumata görə, ildə dörd sayı çapdan çıxan bu elmi-ədəbi toplunun əsas hissəsini qorqudşünaslıq, eləcə də folklorşünaslığa dair yeni araşdırmalar təşkil edir. Burada həmçinin yeni toplanılmış, yaxud digər dillərdən tərcümə olunmuş folklor nümunələri mövcuddur. Ənənəvi olaraq elmi-ədəbi toplunun bu sayı da qorqudşünaslığa dair yeni araşdırmalarla başlayır. A.Hacıyevin “”Dədə Qorqud Kitabı”nın akademik izahlı lüğətinin hazırlanması təcrübəsi”, C.Qasımovun “Dədə Qorqud Kitabı” və milli-etnik yaddaşın repressiyası tarixi” məqalələri bu sıradandır. Topluda folklorşünaslığın ümumi problemləri ilə bağlı olan S.Qəniyevin “Ulu Şirvanın sənətkar oğlu və ya Aşıq Ağalar dünyası”, S.Altaylının “Od-ocaqla bağlı inanclarımızın mifik kökləri”, İ.Sadıqın “Şumer mifləri və “Qız qalası” əfsanəsi”, A.Xəlilin “Azərbaycan andlarının janr səciyyəsi” və başqa məqalələr yer alıb. “Folklorşünas təqvimi” başlığında görkəmli Türkiyə folklorşünas alimi Saim Sakaoğlunun 70 yaşı ilə bağlı məqalə dərc edilib.
SARA
525-ci qəzet.-
2010.- 5 may.- S.7.