Daş yağan gün
Roman
(Əvvəli ötən saylarımızda)
Andranik gördü ki, Fərman sadə qəlbli adamdır və onu sidq-ürəkdən evinə dəvət edir, taksi sürücüsü ilə razılaşdı.
Fərman sükanı sağa burub, maşını şəhərin mərkəzindən bir qədər aralıdakı evinə tərəf döndərdi. Onlar səliqə ilə daş döşənmiş küçələrdən keçib, qədim arxitekturası olan çoxmərtəbəli binanın qarşısında dayandılar. Fərman qonaqla birlikdə maşından düşdü və onlar üçüncü mərtəbəyə qalxdılar. Ev sahibi qabağa keçib qapının yan tərəfindəki düyməsini basdı. İçəridən qapı zənginin cır səsi eşidildi. Qapı açılanda onları Fərmanın həyat yoldaşı Mədinə xanım qarşıladı. Orta boylu, cazibədar baxışları, həzin səsi və Azərbaycan qadınlarına xas olan qaydada geyinib-kecinmiş Mədinə xanım əri ilə gələn qonağın kimliyinə varmadan, onları gülər üzlə qarşıladı. Fərman qonağı həyat yoldaşına təqdim edərək:
– Mədinə müəllimə, Suren kirvə bizim tərəfdəndir, – dedi. – Qonşu Kərəvinc kəndindən. Təsadüfən vağzalda rastlaşmışıq. Deyəndə ki, o tərəfin adamıyam, bizim dağlar, meşələr, bulaqlar gəlib durdu gözümün qabağında. Suren kirvə gəlmək istəmirdi. Zorla gətirmişəm. Qəstinsəyə getmək istəyir. Məndən olsa, elə bizdə qalar. Ancaq razı olmur. Ona görə gətirdim ki, tanış olaq, evimizin yerini bilsin. Biz də vətənə qayıdanda Suren kirvəyə qonaq gedərik.
– Ara, Pərman kirvə, belə ki, danışırsan, şad oluram. Ki, bizə qonaq gələrsiniz, məsəb haqqı, gündə bir qoyun kəsərəm. Bir həftə sizi buraxmaram. Yaxşı da bağ-bağçam var. Gözüm üstə yeriniz olacaq. – Andranik Fərmanın dediklərinin müqabilində ürəkdən sevindiyini bildirdi.
Mədinə müəllimə tez qolunu çırmayıb qonağa süfrə açdı. Stola pürrəngi çay gəldi, ləziz xörəklər düzüldü. Fərman ortalığa bahalı içkilər qoydu. Ancaq qonağa üzrxahlıq edərək:
– Suren kirvə, gərək məni bağışlayasan, - dedi, - içən deyiləm. Xatirinə dəyməsin, seyid övladıyıq, ocağımız haram götürmür. Mənim də, ümumiyyətlə, araqdan, çaxırdan, pivədən belə zəhləm gedir. Ancaq iş vaxtı olmasaydı, günaha batsam da, sizin xatirinizə yüz qram vurardım. İndi maşın sürdüyümə görə dilimə vura bilmirəm. Həm də avtoinspektorlar bir bəhanə axtarır. İçdin, qanın getdi. O dəqiqə ilişib adamı abırdan aparırlar. Gərək, həmin gün qazandığının üstünə də filan qədər qoyub verəsən ki, əl çəkələr.
Andranik Fərmanı başa düşüb, onun dedikləri ilə razılaşdı. Özü bir-iki qədəh içdi. Onlar yemək-içməkdən sonra ayağa qalxdılar. Mədinə xanım qonaqla xudahafizləşəndə:
– Suren kirvə, xahiş edirəm,
buranı öz eviniz bilin, – dedi. – İmkan tapan kimi gəlin. Fərman
oldu-olmadı, qapımız həmişə üzünüzə
açıqdır.
Fərman:
– Mədinə müəllimə
düz deyir. Hesab edin ki, bura sizin öz evinizdir,
utanıb-çəkinmədən, istədiyiniz vaxt bu
qapını ərklə aça bilərsiniz.- Həyat
yoldaşının təklifinə əlavə etdi.
Andranik ev sahiblərinə
dönə-dönə minnətdarlığını
bildirdi:
– Ara, Pərman kirvə, bir
belə ki, əziyyətimi çəkirsiniz, məni
utandarırsınız. Kaş ki, bu evə gəlməyəydim.
Bilmirəm, bu yaxşılıqların əvəzini
neçə çıxacağam?!
Fərman:
– Nə
danışırsınız, Suren kirvə?! - dedi. - Biz bir
torpağın adamıyıq. Qonşu kəndliyik, sizin kimi əziz
qonağın qulluğunda durub, ona əlimizdən gələn
hörməti etmək borcumuzdur.
Onlar bu xoş sözlərdən
sonra səmimiyyətlə ayrıldılar. Fərmanla Andranik
qol-boyun həyətə endilər. Fərman Andraniki
yanında əyləşdirib düz “Moskva” mehmanxanasının
qarşısına sürdü. Andranik maşından düşəndə
gözucu sayğaca yazılmış on beş rəqəminə
nəzər saldı və
qoltuq cibindən üç beşlik
çıxardıb Fərmana uzatdı. Fərman təəccüblü
baxışlarla Andraniki süzərək:
– Suren kirvə, bu nə
puldur? – Soruşdu.
– Ara, hökumətə plan
verirsən, gərək götürəsən. – Andranik cavab
verdi.
Fərman yarı ciddi,
yarı zarafatla:
– Suren kirvə, bax, burada
korladın! – dedi. – Əşşi, siz mənim əziz
qonağımsınız. Yüz ildə bir dəfə təsadüf
düşüb, bu qərib yerdə rastlaşıb sizi
maşınıma mindirmişəm. Yəni o qədər
kasıb oldum ki, sizin kimi dostdan, qonaqdan da pul
götürüm? Heç sizdən gözləməzdim,lap məni
təhqir edirsiniz. Bəlkə məni
sınayırsınız? Mədinə müəllimə bunu
bilsə, məni evə buraxmaz. Xahiş edirəm, pulu qoyun cibinizə. Bir də
ağlınıza belə şeyləri gətirməyin. Bu
maşın sizə qurbandır. Sizin yolunuzda səhərdən-axşamacan
sürsəm də, ortada pul söhbəti ola bilməz.
Andranik
özünü mərd, səxavətli göstərmək
istəsə də, on beş manatı qatdayıb cibinə
qoymağı qənimət bildı. Andranik üçün
on beş manat az pul deyildi. On beş kilo qənd eləyirdi...
Ona görə də bu pul ona göydəndüşmə kimi
oldu. – Qayıdanda uşaqlara konfetdən, şokoladdan alaram, –
düşündü.
Onlar “Moskva” mehmanxanasına
daxil oldular. Fərman qonağını foyedəki yumşaq
kreslolardan birində əyləşdirib, özü
administratorun otağına keçdi. Və bir neçə dəqiqə
sonra geri dönüb Andranikə:
– Administratorla
görüşüb danışdım. Hazırda yuxarı mərtəbələrdə
boş yer çoxdur, ancaq sizə məsləhət deyil. Suyu
fasilə ilə gəlir, lifti yaxşı işləmir.
İkinci mərtəbədə şəhərə baxan
xudmani olan bir nömrə var, orada xaricdən olan bir qadın
qalır. Bu gün, bəlkə də bir saatdan sonra getməlidir. Həmin nömrə boşalan kimi
administrator sizi çağıracaq. Ad, familiyanızı ona
demişəm. Yer məsələsindən tam arxayın ola
bilərsiniz. Mən indi parka getməliyəm. Nəçənniyimiz
hara isə göndərməlidir. Xahiş edirəm, məni
bu barədə üzrlü hesab edin. Bir də ki, burada
havayı yerə oturub gözləməyin mənası yoxdur.
Nə lazımdır, həll etmişəm. Baxmayaraq
administrator dostum, qonşumdur, sizə görə cibinə bir
konyak pulu da qoydum. Götürmürdü, onu da zorla verdim.
Andranik ayağa qalxıb Fərmana
bir daha minnətdarlığını bildirdi. Fərman foyedən
çıxmaq istəyəndə Andranik onu arxadan
çağırdı. Fərman geri çönüb ona tərəf
yönələndə Andranik:
– Pərman kirvə, – dedi. –
Bir məsələ yadımdan çıxdı. Ona görə
yolunuzdan elədim. İndi həftənin beşinci
günüdür.
Fərman əvvəlcə tərəddüd
etdi. Andranikin təkidli təklifindən sonra: – Yaxşı, gələrik,
– dedi.
Fərman qonaqla şərtləşib
qapıdan çıxmaq istəyəndə, Andranik eyni təkidlə:
– Pərman kirvə, – dedi, –
Bazar günü sizi səbrsizlikla gözləyirəm, ha!
Mütləq gəlin! Məsəb haqqı, ki, gəlməsəniz,
sizdən küsərəm.
– Suren kirvə, xatircəm
olun, söz danışıqdan keçər. Ürəyinizi
buz kimi saxlayın. Dediyiniz vaxt ailəlikcə burdayıq. - Fərman
onu arxayın saldı.
Onlar razılıq mənasında
bir-birinə əl etdilər.
Andranik sadə, səmimi
davranışı, xoş sözləri ilə Fərmanla Mədinəni
necə ovsunlamışdısa, onların dilindən
düşmürdü. Şam yeməyindən sonra Fərmanla
Mədinə yenə də Surendən
söhbət saldılar. Valideynlərini diqqətlə dinləyən
Namiqlə Sevilin də qəlbində Suren kirvəyə
qarşı rəğbət hissi yaranmışdı. Və
Surenlə görüşü, ata-analarından betər,
balacalar səbrsizliklə gözləyirdilər.
Fərman:
– Taksi meydançasında
çoxlu maşın dayanmışdı, – dedi. – Sən bir
qismətə bax, Suren bir heylə taksini qoyub düz mənim
üstümə tərəf gəldi.
– Yəqin torpaq həsrəti
onu sənə urcah eliyib. – Mədinə dilləndi. – Erməni
olsa da, hamımız bir bulağın gözündən su
içmişik. Yəqin elə o bulağın suyu sizi bir-birinizə
tuş gətirib.
– Surenlə
görüşüb tanış olanda bütün Şurnuxu
meşələri, Məzrə düzləri, Gorus şəhəri,
Şahverdi kəndi, Üçtəpə yaylaqları gəlib
durdu gözümün qabağında. – Bunu da Fərman dedi.
– Ata, kəndə gedəndə
Suren kirvəni qonaq çağırarsan, yaxşı?! –
Balaca Namiq titrək bir səslə dilləndi.
– Əlbəttə, əlbəttə,
elə o da bizim yolumuzu gözləyir. Kəndə
ayağımız düşəndə bizi qonaq
çağıracaq. Özü də dedi ki, Fərman, bizim Kərəvincə
gəlsən, səni ailəlikcə bir həftə buraxan
deyiləm. Gündə qabağında bir qoyun kəsəcəyəm,
– Fərman oğluna cavab verdi.
Mədinə bu söhbətdən
vəcdə gələrək:
– Fərman, – dedi. – Bazar
günü Surenin yanına əliboş getməyək.
Yaxşı olar, qızına qızıl sepdən-zaddan bir
şey alaq. Gedəndə də özün aparıb
vağzaldan yola salarsan. Arvad-uşağına da adımıza
layiq hədiyyə düzəldərik.
Namiq həvəslə:
– Ana, – dedi, – Mənə pul
ver, bazar günü Suren əminin yanına gedəndə
burada oxuyan qızı üçün bir dəstə gül
alım aparım.
...Axır ki, gözlənilən
vaxt gəlib çatdı. Bazar günü səhərin
gözü açılmamış onlar yuxudan sevinclə
qalxıb əl-üzlərini yudular, nahar yeməyindən
sonra toya hazırlaşırmış kimi səliqə ilə
geyinib-kecinib həyətə endilər. Fərman, Mədinə
xanım, onların hələ məktəb yaşına
çatmamış iki övladı maşına əyləşib
qızıl boyunbağı almaq üçün
dükan-bazarı bir-birinə vurdular. Axır ki, son dəbdə
olan bir qızıl boyunbağı tapıb aldılar. Və
Surenin dediyi vaxtdan bir neçə dəqiqə qabaq “Moskva”
mehmanxanasında oldular. Andranik gözə dəymirdi. Fərman
saatına baxaraq:
– Hələ vaxta var, – dedi.
– Suren harda olsa, indilərdə gələr.
Ata-ana uşaqların əlindən
tutub foyedə sakit-sakit gəzməyə başladılar.
Namiq tez-tez əlindəki gül dəstəsinə
baxırdı. Vaxt keçsin deyə Fərmanla Mədinə xanım gəzişə-gəzişə
divarlardan asılmış
müxtəlif şəkilləri, rəssamların əsərlərini
maraqla seyr edirdilər. Fərman yenə saatına baxdı.
Artıq Andraniklə vədələşdiyi vaxtdan bir saat
keçmişdi.
Fərman:
– Yəqin xəstələnib-eləyib.
Bəlkə də qızının arxasınca gedib,
qayıtmayıb. Yoxsa Suren bu hövsələnin sahibi deyildi.
– Daxilən düşündü.
Mədinə isə ilk dəfə
gördüyü foyenin səliqə-sahmanına
baxırdı. Namiqlə Sevil isə tez-tez soruşurdular:
– Ata, bəs Suren əmi
hardadır?
Uşaqların verdiyi suallar
Fərmanın əhvalını korladı. İstədi
yuxarı mərtəbəyə qalxıb, Surenin hansı
otaqda qaldığını öyrənsin. Sonra fikrini dəyişdi.
Küncdəki divanı Mədinə xanıma işarə edərək:
– Beş dəqiqəliyə
orada əyləşin, bu saat gəlirəm, – deyib
administratorun kabinetinə tərəf döndü.
Qapını şəstlə açıb içəri daxil
oldu. Administratorla görüşüb, hal-xoş eləyəndən
sonra soruşdu:
– O üç gün bundan
qabaq yer üçün sizdən xahiş etdiyim yoldaşla
görüşməliyəm. Ulubabyan Suren Aramais oğlu. Səhv
etmirəmsə, adını hara isə yazmısınız. Zəhmət
olmasa, yoxlayın görüm, o, hansı otaqda qalır? Mən
bilən ona ikinci mərtəbədə yer verməli idiniz.
– Hə, hə,
yadımdadır. Ancaq o adamdan baş açmadım. –
Administrator başını yana əyib dodağını
büzdü.
– Necə bəyəm? - Fərman
təəccüblə soruşdu.
– Necəsi odur ki,
düzdür, mənə tapşırdığınız
Ulubabyan Suren Aramais oğlunun adını burada qeyd etmişəm.
– Administrator qarşısındakı qeydiyyat dəftərçəsini
göstərdi. – Siz gedəndən cəmi beş-on dəqiqə
sonra anket doldurmaq üçün onun pasportunu alıb nəzərdən
keçirəndə çaş qaldım. Düzü,
gözlərimə inanmadım. Sizin mənə dediyinizlə,
şəxsiyyət sənədində göstərilən
ad-familiya uyğun gərmirdi. Pasportda ayrı ad-familiya idi –
Poqosyan Andranik Vazgen oğlu. Təəccüb məni
götürdü. Soruşdum ki, vətəndaş, sizi
tapşıran adamın dediyi ad-familiya, pasportla düz gəlmir.
Bu, nə hoqqadır?! Açığını deyim ki, bir qədər
əsəbləşdim də. O, suçlu adamlar kimi
özünü itirdi. Burnunun ucuna qədər qızardı.
Tez pasportunu əlimdən qapdı. – Administrator gülə-gülə:
– Bəli almadı, qapıb, üstəlik məndən
üzr istədi. Dedi ki, siz haqlısınız. Bu, mənim
yox, xalam oğlunun pasportudur. Səhvən dəyişik
düşüb. Mənə bir saat möhlət verin, öz
pasportumu götürüb gəlim. Mən də
razılaşdım. Bir saat
oldu on saat, gəlmədi. Sizə görə gecənin
yarısına qədər ikinci mərtəbədə bir
adamlıq nömrəni ona saxladıq. Gördüm, gəlmədi,
daha verdik başqasına. Nə məsələdirsə, o
adam buralara üzükmür. Siz onunla
rastlaşmamısınız?
– Xeyr, – Fərman
könülsüz cavab verdi.
– Axı, siz
özünüz onu mənə tərifləyirdiniz ki, bağ
belə, bostan belə. Yaxşı adamdır, bir yerliyik,
qonşu kəndliyik, yaxın dostumdur... – Administrator bunları
deyib baxışlarına təmkinli ifadə verdi və
soruşdu:
– O adamı hardan
tanıyırsınız?
– Elə həmin gün, ilk
dəfə vağzalda rastlaşmışıq. Maşına
oturanda tanış çıxdı. Evimə apardım. Bir
yerdə çay içdik, çörək yedik. Bazar
günü burada görüşməliydik. Özü
xahiş etmişdi. – Fərman bunu deyib təəccüblə
çiyinlərini çəkdi.
Altmışa yaxın yaşı olan administrator stulunda yırğalanaraq:
– Eh, Fərman! Fərman!
Qonşu, özün bilirsən ki, uzun müddət paqon gəzdirmişəm.
Otstavkaya çıxandan sonra buralarda başımı girləyirəm.
Əslində gəlib-gedənlərə göz qoymaq
üçün buranın özünə də çekist
lazımdır. Yoxsa mənim qara qaşıma, qara
gözümə bənd olublar? Gəl dərinə getməyək.
Elə şeylər var ki, açıb-ağartmaq olmaz. Bir
sözlə, onu bil ki, çekistlər tükü-tükdən
seçir. Bu işdə saç ağartmışam. O adam dedi
ki, guya pasport onun deyil. Dəyişik düşüb. Qələt
eləyir!! Gözünün içinə qədər yalan
danışırdı. Axı, mən çekistəm. Bəs
şəklə nə söz?! Pasportdakı şəkil
özününkü idi. Poqosyan Andranik Vazgen oğlu. Sizə
dediyi Ulubabyan Suren Aramais oğlu uydurma ad-familiyadır. Nə məqsədləsə
ad-familiyasını düz deməyib, o adam sizi aldadıb.
Fərman tora düşdüyünü hiss
edib, söhbəti uzatmadan administratorla xudahafizləşdi. Pərt
halda arvad-uşağının yanına gəldi və
uşaqlaqrın yanında özünü sındırmamaq
üçün Mədinə xanıma:
– Sən demə, Suren kirvənin
qızı ölüm ayağında imiş.
Sağalacağına ümid olmadığı
üçün həkimlər məsləhət
görüb ki, rayona aparsınlar. Suren kirvənin başı
qarışdığından bizimlə görüşə
bilməyib. Dünən xəstə qızını rayona
aparıb. – Fərman arvad-uşağına bu sözlərdən
başqa heç nə demədi. Onlar kor-peşman
mehmanxananı tərk etdilər.
Namiqin əlindəki tər
çiçəklər, atasının Suren kirvəyə
olan inamı, ehtiramı kimi getdikcə solub təravətini
itirirdi. Bu tər çiçəklər bəlkə də
Fərmanın sadəlövhlüyü, qəlbinin paklığı ucbatından,
inanıb kirvə dediyi Surenin felinə düşməsinin xəcalətini
çəkirdi...
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 5 may.- S.6.