Orta əsrlər Yaponiyasına səyahət

 

Yaponiya elə bir cazibədar ölkədir ki, onun bugünkü özünəməxsus gözəlliklərini görmək, bir qədər fərqli sivilizasiyasını dərk etmək, son yarım əsrdə qazandığı nailiyyətləri ilə tanış olmaq nə qədər maraq kəsb edirsə, keçmişinə nüfuz etmək, yüz illər bundan əvvəl mövcud olan həyat fəlsəfəsini, mənəvi prinsiplərini, ümumiyyətlə mədəniyyətini öyrənmək də bu ölkəyə ən azı hörmətlə yanaşan adam üçün heç də az əhəmiyyət kəsb etmir.

Sakit okean adalarında yerləşən həmin ölkə ilə tanışlığımız müxtəlif siyasi səbəblər ucbatından əslində fraqmentar xarakter daşımış, qədim tarixə malik olan yaponlar barədə təsadüfən ələ düşən materiallardan istifadə etməklə maraq yanğımızı az-çox söndürməyə çalışmışıq. Sistematik və obyektiv biliklər qazanmaq üçün tutarlı mənbələrə malik olmadığımızdan, nisbətən az sayda olan məlumatlarla kifayətlənməli olmuşuq. Lakin bu heç də marağın azalmasına səbəb olmamış, öz həyat tərzi ilə başqa planeti andıran ölkəyə dərindən nüfuz etmək ehtiyacı daha da güclənmişdir. Rus dilinin köməyi ilə Yaponiya ilə belə ardıcıl xarakter daşımayan tanışlıq mövcud olduğu dövrdə ondan bəhs edən hər kitabı və ya məqaləni acgözlüklə oxuyurduq. Rus yazıçısı İvan Aleksandroviç Qonçarov 1852-ci ildə Sankt-Peterburqdan gəmi ilə yola düşərək Yaponiyaya gəlib çıxmış, yol qeydlərini üzdüyü gəminin adına müvafiq olaraq “Pallada freqatı” adlı kitabında təsvir etmişdi. Ölkə müəllifdə nə qədər böyük təəssürat yaratsa da səyahətçinin xatirələri səthi müşahidə xarakteri daşıyırdı, bu yad diyara onun lazımınca nüfuz edə bilmədiyini göstərirdi. XX əsrin 70-80-ci illərində bir-birinin ardınca Vsevolod Ovçinnikovun “Sakura budağı”, məşhur televiziya jurnalisti Vladimir Tsvetovun “Ryoandzi bağı” əsərləri çapdan çıxdı, onlar kütləvi oxucunun Yaponiya barədə maariflənməsinə kömək etməklə yanaşı, ölkə haqqında həqiqətə daha yaxın olan biliklər almağa şərait yaratdı. Yaponist alimlərin əsərləri isə sırf elmi xarakter daşıdığından elə bir populyarlıq qazana bilmirdi.

Bəzi müəlliflər isə ideoloji cəhətləri əsas götürərək, əsərlərini oxucu üçün az əhəmiyyət daşıyan məsələlərə həsr edirdilər. Konstantin Simonov 1946-cı ildə bir neçə ay ərzində Yaponiyada ezamiyyətdə olmuş, kitabını ölkəyə, xalqa deyil, buradakı mədəniyyətin kiçik bir hissəsini təşkil edən bədii keramika nümunələrinə, dulusçuluq sənətinə həsr etmişdi. Uzun müddət hərbi jurnalist kimi müharibənin dəhşətlərini yaxından müşahidə edən yazıçı yaponlarda onu heyrətləndirən bir cəhəti qeyd edir: rusların və digər slavyan xalqlarının nümayəndələrinin, müharibə başa çatanda aclıqdan əziyyət çəkən almanların taqətdən düşən kimi, cansız göründükləri ilə müqayisədə, bəlkə də daha ağır bəlalara düçar olmuş yaponların görkəmində dözülməz həyat tərzinin nişanələrini görmədiyini qeyd edir və belə qənaətə gəlir ki, bu da yəqin ki, onların daim arıq, yığcam bədənə malik olmaları ilə əlaqədardır.

Jurnalist Ovçinnikovun kitabında bu ölkəni özləri üçün fəth etməyi bacarmış görkəmli şəxsiyyətlərin mülahizələri verilmişdir və bu rəngarəng fikirlər az qala həsr olunduğu ölkənin mənzərələrini əks etdirən rəsmlər albomuna bənzəyir. Müəllif, tətil etdiklərinə görə dərin şaxtanı tərk etməyən mədənçilərin arvadlarının öz ərlərinə həmrəylik naminə onların iş yerlərinə gəlib, bekar dayanmamaq xatirinə vaxtlarını gül dəsti-ikebana düzəltməyə sərf etdiklərini yazır. Burada iki cəhət diqqəti cəlb edir, həmin qadınlar gözəlliyə sitayiş etdiklərini belə çətin anda da büruzə verirlər, digər tərəfdən işsiz dayanmağı, vaxtlarını boş keçirməyi özlərinə rəva bilmirlər. Tsvetov isə əslində şəhər-muzey xarakteri daşıyan Kiotoda yerləşən məşhur daş bağını təsvir edir. Tennis meydançası boyda olan kiçik bir ərazidə yerləşən bu parkda səthi hamarlanmış, dırmıqlanmış qumda azacıq basdırılan on beş daş vardır və onlar beş qrupa bölünmüşdür. Onlara üç tərəfdən baxdıqda (parkın bir tərəfini divar kəsir) yalnız on dörd daş görünür. Bu sadəcə tapmaca deyildir, yaponların düşüncə tərzinə, onların fəlsəfi təfəkkürlərinə uyğundur. Əlbəttə, avropalılar mübahisə edə bilərlər ki, Romadakı Müqəddəs Pyotr meydanında böyük italyan memarı və heykəltaraşı Bernininin dühası ilə yaradılmış, meydanı əhatəyə alan ikitərəfli yarımdairəvi sütunlar sırası iki qat sütunlardan ibarətdir və meydanın ortasından baxdıqda sütunların yalnız biri – qabaqda olanı gözə çarpır. Ryoandzi parkında isə hardan baxsan da daşın elə bil ki, biri öz real mövcudluğunu itirir. Burada təsvir olunan səhnə dənizdəki hansısa qayalı adacığı andırır. Bağ barədəki təsəvvür isə onunla təmasda olduqda birinci növbədə bu müəmmaya heyranlığa əsaslanır. Üstəlik burada sakral assosiasiya yaranır, müqəddəs simvollar poetik düşüncələr əmələ gətirir. Ümumiyyətlə, yapon bağ memarlığında daşlara pərəstiş mərkəzi mövqe tutur.

Yapon bağları bizim təsəvvürlərimizdən kəskin surətdə fərqləndiyinə, Avropaya və Amerikaya böyük təsir göstərdiyinə görə daha ciddi olan diqqətdən kənarda qalmamalıdır. Klassik yapon bağının estetikası bütövlükdə Çinin IX-XII əsrlərdəki bağ sənətindən yaranmışdır. Onun əsasında isə klassik Çin peyzaj rəssamlarının tablolarını yaratmaq məqsədi dayanır. Belə bağın gözəlliyi dörd elementdən yaranır, bunlar su, yerin relyefi, yaşıl bitki və arxitektura qaydasında tərtibatdır. Su gölməçə şəklində olmalıdır, onun klassik forması oval şəklində olmasıdır. Gölməçə elə şəffaf olmalıdır ki, onda sahillə birlikdə adacıq aydın əks olunsun. Sahildə isə kiçik köşk və söyüd ağacları vardır.

Bundan əlavə sürətlə dağdan aşağı enən və köpüklənən su axını və şəlalələr düzədilirdi. Xüsusilə qiymətli cəhət o hesab olunurdu ki, bağ dağ fonunda yerləşsin, oradan təbii və süni şəlalələr tökülsün. Adacıq adətən süni qaydada üst-üstə yığılmış daşların olduğu tökmə təpəcik şəklində olurdu. Belə təpəciklər sahildə də mövcud idi. Klassik orta əsr bağındakı bitkilər sırasına ancaq çiçəklənən kollar və ağaclar daxil idi, axırıncılar da hökmən həmişəyaşıl, budaqları qəribə şəkildə əyilmiş yapon şamı olmalıdı idi. Bağda heç bir çiçəyin olmasına icazə verilmirdi, beləliklə, rəng qamması olduqca kasad və ciddi olurdu – şamların tünd yaşıllığı, sarı rəngə çalan qum, açıq su, mamırla örtülmüş boz daşlar. Adacıq kifayət qədər böyük olsa onun özündə, yaxud da sahildə hökmən söhbət köşkü olmalı idi ki, buradan şəffaf sudakı əks olunanlara və ya dağdan ağ köpüklə aşağı enən su axınına heyranlıqla tamaşa etmək mümkün olsun.

Belə bağın gözəlliyi əsasən xətlərin məharətlə seçilməsi və bəzən hətta simvolik harmoniyası hesabına meydana gəlirdi. Bu xətlər hissələrin ciddi mütənasibliyinə – ağacların düzümünə, şamın əyriləndirilmiş budaqlarına, qəribə formalı daşlara, gölməçənin parlaq səthinə əsaslanırdı. Əlbəttə, belə bağlar fasilə verməyən qulluq tələb edirdi, çünki yerində bitməmiş kol, azacıq yerindən oynamış daş – bütün bunlar həmin xətlərin şərti harmoniyasını poza bilərdi.

Sonralar digər növ esterikanın təsiri altında yapon bağlarının sərt sadəliyi pozulmağa başladı. İlk pozuntu bu bağlara çiçəklənən ağacların daxil olması idi. Axı Yaponiyada çiçəklərə məhəbbət geniş yayılmışdı, yabanı albalının – sakuranın çiçəkləməsi demək olar ki, ümummilli bayram hesab olunur. Yaponlar çiçəklənən albalıya, qlisinə, xrizantemə baxmaq üçün xüsusi olaraq parklara gedirlər və bu hətta “hanami” – “çiçəklərə baxıb həzz almaq” kimi xüsusi ad qazanmışdır.

Bütün bu “seyr etmələr” demokratik qaydada şeir qoşmaqtək, çox geniş yayılmışdır. Şeir qoşmaqla isə yaponların ən müxtəlif sosial zümrələrinin nümayəndələri məşğul olurlar. Yaponların XX əsrin əvvəllərində Kaliforniyaya gəlib, orada məskunlaşmasından bəhs edən “Golden hill” – “Qızıl təpə” povestində bu xalqın amerikanlardan tam fərqli olan məişət və davranış qaydaları geniş təsvir edilməklə yanaşı, Yaponiyada uşaqdan tutmuş ahıl yaşlı adamlara qədər hamının şeir yazdığı bildirilir, ölkədə əvvəlcə məhəllələrdə, sonra rayonda, şəhərdə, nəhayət bütün ölkə üzrə ümummilli yarışlar keçirilir. Orta əsrlərdə üç sətirli, on yeddi hecalı hayku (və ya hokku) və renqa (haykay poeziyası da adlanır) yazmaq xüsusən geniş yayılmışdı. Əgər hayku 5-7-5 hecalarından, üç sətirdən ibarət idisə, buna iki yeddi hecalı sətir əlavə olunduqda onlar birlikdə “tanka” şeir növünü əmələ gətirir. Bu sonluğa ikinci başlanğıc yazılır, bu başlanğıcın isə özünün sonu olur. Beləliklə, bu zəncirdə hər başlanğıc iki sonluğa, hər sonluq isə iki başlanğıca malikdir. Bu zəncir də renqa adlanır. Şeirə ümumi vurğunluq sərgərdan poeziya müəllimlərini meydana gətirmişdi, onlar şəhərdən şəhərə, kənddən kəndə keçib öz müştərilərinə hayku yazmağı öyrədirdilər, buna görə haqq alır və ya sadəcə olaraq daldalanmağa yer və qida əldə edirdilər.

Assosiasiya və simvolizm yapon bağının yaranmasında və qiymətləndirilməsində başlıca rol oynayır. Landşaftın miqyasının bağ ölçüsü səviyyəsində kiçildilməsi məntiqi olaraq elə bir nöqtəyə gətirib çıxardı ki, bu vaxt məcməilərdə miniatür bağlar düzəldilməyə başlandı. Onlar bir kvadrat fut ölçüdə olmaqla torpaq üzərindəki bağlar kimi gölməçələrdən, su axınlarından, adalardan, təpələrdən, körpülərdən, bağ evlərindən və real ağaclardan ibarətdir. Bu ağaclar inadkarlıqla nəzərdə tutulan ölçülərdə becərilir. Bu kiçik, səyyar bağlar Şərq bağçılığının rəsm ənənəsindəki xüsusiyyətini əks etdirir. Yapon bağları Qərbə də öz nəcib təsirini göstərmişdir, xüsusən Birləşmiş Ştatlarda onlar geniş yayılmışdır.

Xarakterik yapon üslubuna iki növ – Mücərrəd bağlar və çay bağları daxildir. Mücərrəd bağın ən məşhur nümunəsi yuxarıda söhbət açdığımız Kiotodakı Ryoandzi (ingilislər Ryoanci kimi tələffüz edirlər) bağıdır.

Kiotodakı qeyri-adiliyinə görə məşhur olan bağlardan biri də Mamır bağıdır. Alçaq çəpər arxasındakı bu ərazidə mamırların məxmər səltənəti uzanır. Buradakı iti ucları olan daşlar mamırla örtülmüşdür. Günəşin şəfəqləri altında bu mənzərə gah qara, gah yaşıl görünür. Bağın ərazisində kiçik çay evləri vardır. Buranı seyr etməyə gəlmiş adamlar bağın gözəlliyindən həzz almaqla yanaşı, yorulduqda onlarda istirahət edirlər.

Bütün bunlardan sonra belə qənaətə gəlmək mümkündür ki, yapon dünyası musiqini dərk etmək kimidir. Yapon poeziyası özlüyündə bir rəngkarlıqdırsa, rəngkarlıq bu poeziyadır.

Yapon ədəbiyyatına marağa gəldikdə sonralar onun daha mükəmməl nümunələri ilə tanışlıq imkanı yarandı. XVII əsrdə yaşayıb-yaratmış məşhur yapon şairi Matsuo Basyo hayku üslubunun ustası hesab olunur. O, öz məktəbini yaratmış, sonra isə guşənişin həyat tərzinə keçmişdi. Zen Buddizmin təsirinə məruz qalan şair, sonralar uzun müddətli səyahətə çıxmış və bu səfərlərini təsvir edən şeir kitabını yazmışdı. “Şimalın içərilərinə doğru dar yol” adlanan bu kitab 1689-cu ildə çap olunmaqla poetik nəsrin və haykunun qarışığından ibarət idi. O, təbiətin hər xırda varlığından, nişanəsindən ilham alırdı. O, təxəllüsü “Basyo” sözünü də həyətində əkdiyi banan ağacının ana dilində olan adından götürmüşdü. Buludların parıltısı, bambukun titrəməsi, sərçələrin cikkiltisi, küçədən keçən adamların sifəti – bütün gündəlik xırda şeylərdən o, həzz almaq imkanı tapa bilirdi. Lakin əhəmiyyətsiz şeyləri sevmək üçün xırda məsələrə görə də iztirab çəkməlisən. Onun zahirən bəlkə də primitiv görünən məşhur bir haykusunda deyilir:

 

Köhnə gölməçə

Tullandı qurbağa –

Suda şappıltı.

 

Bu haykuda dərin məna, təbiətin gözəlliyinin kvintessenssiyası, şairin könlünün və ətraf dünyanın sakitliyi və harmoniyası çox qısa şəkildə əks olunmuşdur.

Bağdakı köhnə gölməçəyə hoppanan qurbağa yüzillik kədəri dağıtdı. Yazıçı Akutaqava Basyonun bu kiçik şeirinin fəlsəfi məzmununu çox ustalıqla açıb təhlil edir. Axı nəzərə almaq lazımdır ki, köhnə gölmçədən tullanan qurbağanın özü də yüzillik kədərə malikdir. Deməli, istənilən baxışda Basyonun özünün də həyatı həm də iztirablar həyatı idi. Gülümsəyərək həzz almaq üçün gülümsəyərək də iztirab keçirmək lazımdır.

Yapon poeziya nümunələrinin hamısı müəyyən fəlsəfi yükə malikdir. Ona görə də burada bədii söz təkcə fiziki ölçülərdə çərçivəyə salınmaqla kifayətlənməyib, həm də həyatı, təbiət hadisələrini anlamağa, dərk etməyə, izah etməyə kömək edən məna yükünü daşımalıdır. Yapon şeiri təzadların təsvirindən ibarət olmaqla hər bir kəpənəkdə, hər bir yarpaqda əks olunan kosmosun sirlərinə bələd olmağa cəhd göstərmək yoludur.

Akutaqava Ryunoskenin novellaları insan talelərinin tədqiqinə həsr olunmuş kiçik həcmli, ancaq böyük bədii dəyərə malik olan yazılardır. Nobel mükafatı laureatı KavabataYasunarinin Kioto həyatından bəhs edən povestləri, xüsusən “Köhnə paytaxt” əsəri şəhər həyatının keşməkeşli reallıqlarını göz önündə canlandırırdı.

“Meydzin” romanında isə milli Qo oyununun məşhur ustasının ölümündən əvvəl öz peşəsinə sədaqəti, axırıncı oyunu ilə əlaqədar keçirdiyi hisslər təsvir edilir. “Dağ ölkəsi” adlı romanında isə paytaxtdan əyalətə gəlmiş adamın tanış olduğu iki qadının tənhalıqdan qaçmaq üçün etdiyi əbəs cəhdlər və onlardan birinin – geyşanın yanan evin balkonundan yıxılıb ölməsi hadisəsi qələmə alınmışdır.

Digər Nobel mükafatı laureatı Kendzaburo Oenin “Məni könlümə qədər su ilə islatdılar” romanında oğlu ilə birlikdə zahidlik həyatına qurşanmaq istəyən yaşlı adamın maqnitafonda yazılmış quş səslərini dinləməkdən həzz alması göstərilir. Bu yolla o, özünü xilas etməyə çalışırdı. Bunu müəllif səkkiz ayaqlı ilbizin özünü yeməsi ilə müqayisə edir. Onun ayaqları xarici qüvvə tərəfindən kəsildikdə yenidən böyüdüyü halda, özü özünü yedikdə bərpa olunmur.

Matsumoto Seytenin “Torpaq-səhra” əsərində cavan qızın portretini çəkən rəssamın qəflətən özünü öldürməsi nəql olunur.

 “Narayama əfsanəsi” adlı qəmli bir hekayədə isə aclıqdan əziyyət çəkən ailələrin yeyən ağızların sayını azaltmaq naminə öz qoca anasını belində aparıb dağ üstündə ölmək üçün tənha qoyan oğulun ağır düşüncələri təsvir edilir. Əsərdəki qəm, kədər səhnələri oxucunun da laqeyd qalmasına imkan vermir.

 

 

Telman ORUCOV 

 

525-ci qəzet.- 2010.- 5 may.- S.4.