Ağdaşda III Kitab Bayramı
Ağdaş rayon mədəniyyət evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə III ənənəvi Kitab Bayramı keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbiri giriş sözü ilə Ağdaş rayon mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əliyev açaraq respublikada keçirilən kitab bayramlarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edildiyini bildirib. O, kitab bayramının əhalinin kitaba, kitabxanaya, biliyə, mütaliəyə marağının artırılması məqsədi ilə təşkil edildiyini qeyd edib. Tədbirdə çıxış edən rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Seyfəddin Feyzullayev kitabın tarixən keçdiyi inkişaf yolundan, onun insanların həyatındakı rolundan bəhs edən məruzə ilə çıxış edib. Kitab bayramında balaca istedadlar “Bacarıqlı əllər” sərgisini də təqdim ediblər. Sonra tədbir iştirakçıları “Zamanın lideri”, “Əbədiyaşarlıq zirvəsi”, “Gənclər vətən uğrunda”, “Böyük Qələbə-65”, “Yazılsın tarixə bir qızıl xətlə”, “İncəsənətdə müharibə mövzusu”, “Ədəbiyyatımızın nəsri” kitab sərgiləri ilə tanış olublar.
SARA
525-ci qəzet.-
2010.- 6 may.- S.7.