Bayatılarımız şairin gözü sözü ilə

 

Bu günlərdə ünlü şairimiz Məmməd Aslan mənə telefon açıb: “Bir bizə gəl”-dedi. Bayatılar haqqında yenicə yazıb çap etdirdiyim kitabımdan birini sənə verim, birini baş redaktorun Həsən müəllim üçün yazmışam, aparıb ona çatdırarsan”. Sevincək özümü ustadın ünvanına yetirdim. Son dərəcə nəfis tərtibatda hazırlanmış bərli-bəzəkliBayatı rüzgarıkitabını alıb heyran-heyran oxudum. Amma kitab da kitabdır ha! Oxuduqca aydan-arı, sudan duru bayatılarımıza təzədən vuruldum. Pakizə naxış haşiyələrdən, əlvan şəkillərdən gözümü çəkə bilmədim. Özü , sözü o qədər gözəldir ki, adam əlindən yerə qoymağa qıymır bu kitabı...

Bayatı rüzgarıyaddaşıma həzin bir sığal çəkib mənə 2008-ci ilin bir payız axşamı Musiqili Komediya Teatrında Məmməd Aslanın bələdçiliyi ilə düzənlənən eyni adlı poeziya məclisini xatırlatdı. Həmin axşam şairinəsdirdiyirüzgar ürəklərimizi xəfifcə titrətmiş, zərif duyğulara kökləmişdi. Budur, indi bu mükəmməl kitab qarşımdadır.

Şair elə titul səhifəsindəcə yazdığı təqdimatla oxucunu bir andaələ alır”. “Hər bayatı üstündə minlərlə insan ruhu dolaşır: minlərlə müəllif! O hesabla bu kitabın saya gəlməz qədər müəllifi var!.. Mən Məmməd Aslan onların mübarək ruhuna katiblik eləməyə çalışdım...” Yetərincə təvazökar, ibrətamiz bir yanaşmadır!

KitabNağıllar nağılıadlı özəl bir bölmə ilə başlanır. Burada müəllif, işləndikcə tanrı bərəkəti qazanan tükənməz ədəbi xəzinədən yapdığıbayatı xonçası soyumuzun başına bir təbərrik kimi səpələmək niyyətini açıqlayır. BeləcəÖmrümüzün bayatı rəngi qaynayıb-qarışır, ağzımızıDirilik çeşməsi söykəyib bakirə sözlərə təşnə könlümüzü soyuduruq:

 

Ballarda beçə balı,

Bal bilən seçə balı!

Bir bayatı çağladı:

Endirdi heçə balı...

 

Bu “şirin-şəkərbayatı da, qədim köhnəlməz şifahi xalq ədəbiyyatı örnəkləri ilə bərabər, ara-sıra verilən bəzi nümunələr Məmməd Aslanın özünə məxsusdur. Bu cəsarətə haqqı çatdığını sevimli şairimiz öz yaradıcılığı ilə çoxdan sübuta yetirib. Şəkk eləyənlər onunGüləbird bayatıları”, “Bu dərə- İncə dərəkimi silsilələrinə nəzər yetirsinlər. Elə buradaca əlavə edim ki, ömrü boyusözü-kəlməni səpib-göyərdən”, ruhu ilə başabaş bayatı dünyasına qovuşan şair kitabında Lələ, Qasım, Gülgəz, Xətai, Sarı Aşıq, Vidadi, Dədə Ələsgər, Şəhriyar kimi ulularla yanaşı, tək özünün deyil, digər çağdaş yazarlarımızın bayatı gülşənindən könül açıqlığı ilə tutduğu ətirli dəstələri oxuculara hədiyyə eləyib.

Bayatı zirvəsinin əl-ətəyindəbölməsi yuxarıda adlarını çəkdiyim ustad sənətkarlardan daha öncə bu janrda sözünü demiş Əzizi, Ələmi, Əmani, Bikəs, Gülhüseyni, Məsum, Müqabil, Məcruh kimi könül tərcümanları yad edilib. “Zirvə”lər məhz bu zəmində araya-ərsəyə gəlib.

 

Bikəsəm, gülə damlar,

Gözyaşım gülə damlar.

Dünya dağılsa yeydir,

Solunca gül adamlar.

 

...İstər-istəməz rüzgara qoşulub gedirsən.Türk boylarının bayatı örnəkləri səni elə sehirləyir ki, Anadoludan olan soydaşlarının, Krım tatarlarının, qaqauzların, ahıskalıların ürək çırpıntılarını lap özününkü kimi eşidirsən, ehtizazlarını özcə damarında, qanında hiss edirsən.

 

Ay dağlar, dağlarsan;

Daşdan kəmər bağlarsan.

Gül səndə, çiçək səndə,

dərdin var, ağlarsan?!

 

KitabınGülgəzdən örnəklər”, “Lələ”, “Bayatı-ibrətnamələr”, “Məmləkətimizin söz qalaları”, “Dağ bayatıları”, “Güllü bayatılar”, “İnsanı ovqat yaşadır”, “Cinas bayatı”, “Bayatının qohum-qardaşıkimi bölmələri o qədər maraqlıdır ki, oxumaqdan doymur, elə hey duyğulanır, qürurlanırsan. Bir cümləsindən belə vaz keçmək olmur. Şairanə tədqiqat başqa şeymiş!

Təhrifə məruz qalmış bayatılar”dan ayrıca danışmağa dəyər. Şair qeydlərində təəssüflənir ki, bunların əksəriyyəti çox məşhur bayatılardır. Sadəcə, fərqinə varmamışıq, ya da özümüzü o yerə qoymamışıq. Məsələn, şairin fəhmin gücünə cinas qafiyələrlə bərpa etdiyi, necə deyərlər, “sınıqlarını bitişdirdiyiməşhur bayatı indi gör necə gözəl səslənir:

 

Səyyada bax, səyyada,

Torun qurmuş sayada.

Toruna bir ov düşmüş,

Yox kimsəsi oyada...

 

Sarı Aşıqbölməsi oxucuya çox unudulmaz təsir bağışlayır. Burada bayatının möhürünü vurmuş, şifahi poeziyamızın Füzulisi sayılan Aşığın bənzərsiz nəfəs hörgüləri, cinaslı deyimləri, Yaxşı adlı bir qıza olan nakam eşqindən yoğrulmuşYaxşı Yetimdastanı bərədə böyük məhəbbətlə söhbət açılır, sənət gülzarından seçmələr təqdim edilir:

 

Mən Aşıq, o da giryan,

Çöl giryan, oda giryan.

Dedim: qıraqdan isin,

Demədim: oda gir, yan...

 

Kitabında müəllif bildirir ki, Aşıq Ələsgər bayatı yazmasa da, onun saysız-hesabsız cığalı təcnislərindən ayrıca çinləyərək bayatı kimi bir güldəstə bağladım. Bunlar sanki bir başqa mətndən qoparılmayıb, elə bu şəkildə yaradılıb:

 

Mən aşığam, ay ağa,

Piltə yanar, a, yağa.

Mərd sözün üzə söylər,

Heç yapışmaz ayağa.

 

Bu bölmədə həmçinin sönməz ocağın tanınan şairləriDədə Ələsgərin ləfzi, zənguləsi, ahəngi ləngəri mükəmməl olan qardaşı oğlu Növrəs İmanın, nəvəsi Haqverdi Talıboğlunun, Göyçə nisgilli qardaşı nəvəsi İsmixan Didərginin haqqında müəllifin qələmə aldıqları, onlardan misal gətirdiyi bayatılar da adlarına layiq məqamda yer alıb:

 

Göyçə yana,

Üz çevir Göyçə yana.

Dünyanı gəz, tapmazsan

Göyçədən göyçək ana!

 

Məmməd Aslan bayatını nalə şikəstələrinə görəbülbül boyda möcüzə adlandırır, yığcam biçiminə görə ədəbiyyatımızınçeçələ barmağıda. Onun təqdimatında Həzrəti-Bayatı bəzən baş barmaqdan böyük görünür, kəramətli olur. Özü demişkən, ulu məqsədləri, mərtəbələri ünvanlaşdırır. Şairin fikri gəzişmələri, bədii açmaları, orijinal incələmələri, bax, beləcə, oxucunu sehirləyir, xoş birBayatı rüzgarı”nın qanadlarına alıb uzaqlara aparır.

 

 

 Əli NƏCƏFXANLI

 

525-ci qəzet.-2010.- 6 may.- S.7.