Orta əsrlər Yaponiyasına səyahət

 

(Əvvəli ötən sayımızda)

 

Yaponların hətta detektiv janrında yazılan əsərlərində təsirli bir səmimiyyət, dərdin yaratdığı hisslər olduqca canlı təsvir edilməklə, janrın xüsusiyyətlərini də arxada qoya bilir. Ona görə də bu əsərlər bədbəxt insanların taleyinə həsr olunmuş elegiyanı xatırladır. “Həsir şlyapa” əsərində zənci amerikan əsgərinin müharibə başa çatdıqdan sonra yapon qızı ilə intim yaxınlığından doğulan uşağın bədbəxt taleyi təsvir olunur. Əsgər vətəninə dönərkən yapon qızı onunla getmək istəmir, qara uşağı da saxlamaqdan vaz keçdiyindən bu balaca yeni məkana köçsə də, anasını unutmur. Qəza nəticəsində ölən atanın vəsiyyətinə əməl edərək, o, anasını axtarıb tapmaq üçün Yaponiyaya gəlir və burada bədbəxtliklər seriyası davam edir. Detektiv əsərə xas olan cinayətlərin törənməsi və onların açılması fonunda bu bədbəxt ailənin faciəli taleyi elə təsiredici qaydada təsvir olunur ki, hadisələrin detektiv xətti arxa planda qalır.

Müasir yapon nəsri köhnə ənənələrin təsiri altında bütünlüklə qalmasa da, bu əsərlərdə məhz doğma xalqa xas olan ruh, cəmiyyətin problemlərinin hərtərəfli təhlili, psixoloji analiz aparıcı rol oynayır. Ədəbiyyatın başlıca ifadə vasitəsi olan metaforalar yapon nəsrində çox güclüdür, dəqiq tapılmış təşbihlər isə yalnız bədii təsir gücünün xeyli artmasına kömək edir.

Bir vaxtlar oxucular arasında çox populyar olan Abe Kobonun “Qumlarda yaşayan qadın” romanı sürrealist aləmin dəhşətlərini, insanın azadlıqdan məhrum edilib, cansıxıcı və məhvedici məkana məhkum edilməsi, belə şəraitə düşmüş adamların iztirablarını tükürpədici səhnələrlə canlandırır. Əsərdə realizmlə fantastika aləminin elementlərinin vəhdəti qeyri-adi təsir gücünə yiyələnir.

Yaponiyanın tarixi, dünyaya açılması, daha doğru deyilsə, yaponların dünyanı özləri üçün açması barədəki kitablar bu ölkənin və xalqın keçdiyi yol barədə geniş məlumat verir. Uzun müddət ərzində ətraf dünyadan təcrid olunmuş qaydada yaşamağa üstünlük verən yaponlar, hələ qədim zamandan öz sivilizasiyalarını yaratmışdılar. Onların seçdiyi izolyasiya yolunun mənfi cəhətləri ilə yanaşı, müsbət tərəfi ondan ibarətdir ki, bu sivilizasiya, həmin xalqın mədəniyyəti demək olar ki, yad təsirlərə məruz qalmadan öz bakirə təmizliyini qoruyub saxlaya bilmişdi. Xalqın əxlaq prinsiplərinin formalaşmasında və qorunub saxlanmasında təcrid olunma şəklində yaşamaq olduqca böyük rol oynayır, bu sahədə qədim yaponlar adını belə eşitmədikləri Sparta çarı və bu ölkənin ilk qanun yaradıcısı olan Likurqun təlimlərinə spartalılardan da artıq dərəcədə əməl etmişdilər.

Əlbəttə, bu işdə ölkənin adalarda yerləşməsi də az rol oynamamışdı. Yaponlar qonşuluqdakı materikdə yaşayan çinlilərin mədəniyyətindən çox şeyi əxz etmişdilər, lakin onlar sadəcə təqlidçi kimi deyil, götürdükləri hər şeyə yaradıcılıq, özününküləşdirmə prizmasından yanaşaraq, onları xeyli dəyişdirərək doğmalaşdırmışdılar. Bu xalq qonşuluqda yerləşən Koreyanın və Çinin ərazilərini işğal etmək üçün müharibələr aparsa da, özü heç vaxt real cizgilər almağa müvəffəq olan təcavüz həmlələrinə məruz qalmamışdı. Yalnız 1274-cü və 1281-ci illərdə Çində öz sülaləsini yaradan Monqol xanı Xubilay xan Yaponiyanı işğal etməyə cəhd göstərsə də, hər iki dəfə uğursuzluğa uğramışdı. Monqol işğalçılarının təhlükəsindən qurtulmaqda yaponlara “İlahi Külək” – “Kamikadze” adlandırdıqları tayfun xeyli köməklik göstərmiş, monqolların nəhəng donanmalarını darmadağın etmişdi. Lakin bu o demək deyildir ki, yapon qan tökülməsini, müharibələrin nə olduğunu bilmirdi, ölkədə iri torpaq sahibləri olan daymyolar bir-birinə elə etimadsızlıqla, elə düşmənçiliklə yanaşırdılar ki, əhali xarici düşməndən qorxmadığı halda öz həmvətənlərindən qorxurdu.

Yaponlar yalnız tarixdə ilk dəfə 1945-ci ildə yadelli xalqlar tərəfindən məğlubiyyətə uğramışdı. İkinci Dünya müharibəsində Asiyanın xeyli hissəsinə hökmranlıq etmək eşqinə düşən yapon militarizmi müharibənin Sakit okean teatrında Birləşmiş Ştatların ağır zərbəsinə məruz qalmış və Yaponiya qeyd-şərtsiz sülh müqaviləsini imzalamağa məcbur edilmişdi. Müharibə həm də imperator Hirohitonun özünün mifik ilahiliyindən imtina etməsi ilə nəticələndi. Müharibədən sonra ABŞ-ın göstərdiyi maddi və siyasi yardım hesabına Yaponiya dövləti dirçəlməyə başladı, onun yeni konstitusiyası ölkədə demokratik cəmiyyət qurulmasına yol açdı. Müharibənin yaralarını qısa müddətdə sağaltdıqdan sonra, Yaponiya böyük inkişaf və tərəqqi yoluna qədəm basdı, 1960-cı illərdə isə ölkənin sənayesinin nəhəng inkişaf sürətinə qiymətdən yaranan “yapon möcüzəsi” barədəki həqiqətə tam uyğun olan ideya bütün dünyaya yayıldı.

Yaponiyanın tarixinin öyrənilməsi ölkədə Meyci bərpasına qədər altı əsr ərzində hakimiyyəti ələ keçirmiş şoqunat üsul-idarəsinə də marağı artırır. Balzakın sözlərinə istinad edərək demək olar ki, bəzən bədii əsərlər öz təsvir gücü ilə neçə-neçə tarixi kitabları kölgədə qoyub, tədqiq olunan, daha doğrusu, təsvir olunan dövr haqqında oxucuya daha əhatəli məlumat verə bilir. Bu nöqteyi nəzərdən mərhum amerikan yazıçısı Ceyms Klavellin “Şoqun” romanı (rus dilində “syoqun” kimi səslənir) 1600-cü ildə Yaponiyada baş vermiş hadisələri canlandırmaqla, təsadüfən bu ölkəyə düşmüş ingilis dənizçisinin macəraları əsasında insan talelərini, hakimiyyət uğrunda gedən ölüm-dirim mübarizəsini, coşan ehtirasları təsvir edir. Ölkədə daymyolar arasında addımbaşı çıxan münaqişələrə samurayların cəlb edilməsi, hakimiyyət uğrunda arası kəsilməyən toqquşmalar daim, müasir dillə desək, elektrikləşdirilmiş mühit yaradır. Bunların fonunda müəllif ölkədə hakim kəsilən İerarxiya qaydalarını və prinsiplərini təsirli səhnələrlə açıb göstərir.

Həmin əsər əsasında 1980-ci ildə Hollivudda yazıçının öz prodüserliyi ilə eyni adlı film çəkilmişdi və filmdə məşhur amerikan aktyoru Riçard Çemberlenlə birlikdə tanınmış yapon sənətkarları da iştirak edirdi. Öz növbəsində yaponlar filmdə nümayiş etdirilən orta əsr mühitinin yaradılması üçün lazım gələn hər şeyi etmişdilər. Ona görə də çoxseriyalı film də olduqca maraqlı alınmışdı. Bu yaxınlarda fransız kanalında nümayiş etdirilən bu ekran əsərini ikinci dəfə gördükdə kitabı oxumaq həvəsim artdı və yalnız İnternetin köməyi ilə onunla orijinalda tanış olmaq imkanı qazandım.

Bundan əvvəl mən həmin yazıçının “Tay-Pen. Honkonq haqqında roman”ını oxumuşdum. Kitabda Tiryək müharibəsindən sonra Çin imperatorunun Honkonq buxtasının ingilislərə verməsi və bu liman şəhərinin yaranıb, inkişaf etməsi geniş təsvir olunur. Bu cəhət də müəllifin başqa əsərinə marağımı artıran amilə çevrilmişdi.

Yeni kitab isə XVII əsrin əvvəlindəki Yaponiya barədə geniş məlumat verməklə, əslində bu ölkə həyatının rəngarəng panoramını yaratmağa müvəffəq olmuşdur.

Əsərin qəhrəmanı, “Erazm” adlı holland gəmisində şturman işləyən və uzun müddət okeanlarda üzdüyündən sifəti köhnə palıd rəngində olan ingillis Con Bləksorn naməlum ölkəyə gəlib düşdükdən sonra, onun həyatla ölüm arasındakı ardı kəsilməyən mübarizəsi daha real cizgilər almağa başlayır. Onlar Atlantik okeanında üzərkən ölümcül təhlükə gözlədikləri ispan gəmilərinin hücumundan qorunmaq üçün Magellan boğazından keçib, Sakit okeanla Honsyu adasındakı daymyo Toronaqanın paytaxtı olan Edo şəhərindən yüz mil aralıda olan Anciro buxtasına gəlib çıxmışdılar. Holland gəmisinin heyəti ticarət yolu ilə qızıl əldə etmək, varlanmaq məqsədini güdürdü, lakin reallıq onlara eybəcər sifətini göstərməyə başladı. Sahilə qədəm basdıqdan sonra əvvəlki arzularından əsər-əlamət də qalmadı, yeganə qayğı həyatlarını qoruyub saxlamaq oldu. Kəndin valisi onları dustaq kimi saxladı ki, yalnız kəndin sahibi daymyo Yabudan göstəriş aldıqdan sonra gəmi və onun heyəti haqqında nə etmək lazım olduğunu bilsin.

Bləksorn yerli adamlarla ünsiyyətdə tərcüməçilik edən portuqaliyalı iezuitin də onlara loyallıqdan çox uzaq olan münasibəti ilə üzləşdi. İspanlarla hollandların və ingilislərin düşmənçiliyi uzaq yad ölkədə də özünü büruzə vermək imkanı əldə etmişdi. Bu vaxt Portuqaliya İspaniyanın tərkibində olduğundan və dünyada katolik dinini yaymaq missiyasını öz üzərinə götürən ambisiyalı iezuitlərin protestant ingilislərə və hollandlara nifrəti tərcüməçi keşişin timsalında özünü qabarıq şəkildə göstərirdi. Protestant niderlandlılar dörd onillikdən çox bir müddətdə katolik İspaniyasının ağalığından xilas olmaq üçün onunla müharibə aparmalı olmuşdu. İngilislər isə vətənlərini işğal etməyə gəlmiş məğlubedilməz İspan Armadasını biabırçı məğlubiyyətə uğratmış, onlara da yaponlar kimi qasırğa çox kömək etmişdi.

Portuqaliyalı keşiş onların tezliklə öldürüləcəklərini bildirdi və o, özü də bunun reallaşması üçün əlindən gələn hər şeyi etməyə hazır idi. Axı iezuitlər bu gəmi heyətini Yaponiya ilə ticarətdəki inhisarlarına təhlükə hesab edir və onları dəniz quldurları kimi qələmə verirdilər.

Hiddətlənən ingilisin keşişin boynundan asılmış xaçı qırıb yerə atması onun intiqam hissini daha da gücləndirmişdi. Həm də keşişin hədyanlığına cavab olaraq bildirdi ki, Hollandiyada ağalıq edən ispan Alva bu ölkə üçün bir vəba idi və katolik keşişlər özlərini necə qələmə versələr də, o, yaxşı bilir ki, onlar nə Allahın qulağına malik deyillər, nə də onun səsi ilə danışa bilməzlər. Axı ingilis öz vətənində də katolik dininə mənsub olan kraliça qanlı Mariya Tüdorun protestantları təqib və edam etdirməyinə görə biabırçı şöhrət tapdığını yaxşı bilirdi və həmin vaxt onun əri gələcək ispan kralı Qəddar Filipp adlanan II Filipp idi. Yalnız kraliça Elizabet taxt-taca yiyələndikdən sonra İngiltərədə bu Valpurgiya gecəsinə son qoyulmuşdu.

Yaponlara gəldikdə, buddizm onları tolerantlığa öyrətsə də, onlar insan ömrünə qənim kəsilməyi elə bir ciddi şey hesab etmirdilər. İngilisin sahildə aldığı ilk təəssürat onu bu qənaətə gətirib çıxarmışdı. Bu ərazinin sahibi olan daymyonun qardaşı oğlu və kəndə görə məsuliyyət daşıyan Omi-san barbar hesab etdiyi bu adamı qorxutmaq üçün kəndlilərdən birinin ona lazımi səviyyədə baş əymədiyini hiss etdikdə, qılıncın bircə zərbəsi ilə onun başını bədənindən ayırdı. Öz növbəsində o, Bləksornu da bu ölkədə ən dözülməz təhqir sayılan bir qaydada alçaltdı, lakin dənizçi gözləri önündə baş verən hadisəni yadına salıb, həm də yoldaşlarının taleyini düşünərək həmin təhqirə dözməyi qərara aldı. Axı o, günahsız bir adamın belə qəddarlıqla qətlə yetirilməsini heç vaxt görməmişdi və bunu heç ağlına da gətirə bilməzdi. Yerli adamların əhatəsində piqmeylərin yanındakı nəhəng kimi görünən ingilis beləliklə, şəraitə görə təhqirlə barışmalı oldu.

Gəmi heyətinin başçısı kimi, kapitan ölümcül xəstə idi, həm də portuqal dilini bildiyindən ona nisbətən yaxşı münasibət bəsləyirdilər və onu bir kəndlinin evində ayrıca yaşamağa göndərdilər. Ev sahibi ilk növbədə ondan hamam qəbul etməyi tələb etdi, ingilis onun təklifinə əhəmiyyət vermədi, həm də o çox yorğun idi, yatmaq istəyirdi. Yapon isə təkidlə bildirdi ki, əvvəlcə hamam qəbul etməklə özünü təmizlə, yalnız bundan sonra yata bilərsən. Əlavə etdi ki, bütün portuqaliyalılar kimi səndən də iy gəlir və bir daha ona evindəki hamama girməyi əmr etdi. Dənizçi onun göstərişinə əməl etmədikdə yapon cudo və karate qaydasında ona zərbə endirdi. O, huşunu itirib yerə yıxıldı və sonra ev sahibinin göstərişinə əməl etməli oldu.

Yaponların hamam qəbul etməsi onların həmçinin geyzer fəvvarələrindən yaranan isti su gölməçələrində – onsendə çimmək ənənəsinin yaranmasına və bunun indiki dövrə qədər gəlib çıxmasına səbəb olmuşdur.

Yaponun ona tanış olmayan qaydada zərbəsinə gəldikdə, 1588-ci ildə hakimiyyətdə olan şoqun Yaponiyada əhali arasında silahların çox yayılmasından ehtiyat edərək, samuray olmayan kəndlilərin hamısının silahlarını müsadirə etmişdi. Həmin silahlar samuraylara və döyüşçülərə verildi. Bu vaxt əllərindən qılıncları alınmış kəndlilər silahsız döyüş növləri ilə məşğul olmağa başlamışdılar.

Samuraylar isə üstlərində iki qılınc gəzdirirdilər, bunlardan biri uzun döyüş silahı, ikincisi isə gödək xəncər idi. Bundan əvvəlki dövrlərdə isə samurayların silahı ox idi.

Samurayların digər imtiyazları da var idi, belə ki, yalnız bu zümrədən olanlar çayın üstündən salınmış körpüdən keçə bilərdilər, kəndlilər isə çayın o biri tərəfinə bərələrdə keçməli idilər. Samuraylar müharibə üçün doğulmuşdular. Bu borc və öz ağalarının iradəsinə itaət olanların həyatının mənasını təşkil edirdi. “Samuray” yapon dilində “xidmət etmək” mənasını verirdi. Sədaqətli samurayları o ailələrdən seçirdilər ki, orada oğul öz valideynlərinə qayğı göstərir. Bunlarla yanaşı digər qəribə cəhətlər də göstərirdi ki, Yaponiya tam başqa bir dünyadır, ikinci kainatdır.

Bləksornun hamam qəbul etmək istəməməsi də onun həyat təcrübəsindən gələn səbəblərlə bağlı idi. Digər şimal xalqları kimi ingilislər də yuyunmaq üçün çimməyi xəstəlik mənbəyi hesab edirdilər, axı şimalın soyuq havasında çimməkdən sonra adama soyuqdəymə ehtimalı, sətəlcəmlə xəstələnmə təhlükəsi xeyli artırdı.

Hətta kraliça Elizabetin sarayında işləyən bir məmur yazırdı ki, o, ömründə bircə dəfə çimmişdir. Evlənəndə arvadının çimdiyini görüb, o da bunun sadəcə olaraq nə olduğunu bilmək istəmişdi.

 

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2010.- 6 may.- S.6.