“Rəsul Rza ənənələri
və çağdaş ədəbi proses” Milli Kitabxanada
müzakirə olunub
Ötən gün M.F.Axundov adına Milli Kitabxanada “Rəsul Rza ənənələri və çağdaş ədəbi proses” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Yazıçılar Birliyinin (AYB) Tənqid və Publisistika Seksiyası (TPS) ilə Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) birgə təşkilatçılığı nəticəsində reallaşıb. Tədbiri giriş sözü ilə açan TPS-nin rəhbəri, tənqidçi Bəsti Əlibəyli konfransın keçirilmə zərurətindən danışıb və tədbirin Azərbaycan yazarlarının böyük ustada olan hörmətinin təzahürü kimi keçirildiyini vurğulayıb. Tənqidçi çıxışında R. Rzanın Azərbaycan ədəbiyyatı və fikir tarixindəki mövqeyini önə çəkib: “ Rəsul Rza böyük şəxsiyyət idi. O, Azərbaycan dilinin dövlət dili səviyyəsində qəbul edilməsinin və saflığının qorunmasına çalışan və buna nail olan əsl mücahid idi. Rəsul Rza 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilərək xalqımıza təqdim edilməsində misilsiz xidmət göstərib. Azərbaycan mədəniyyətinin qorunmasında onun digər bir xidməti də Qobustan tarixi mədəni qoruğunun dövlət statusu almasına nail olmasıdır”. B.Əlibəyli nəsimişünaslıqda yeni mərhələnin başlanğıcının R.Rzanın adı ilə bağlı olduğunu diqqətə çatdırıb: “Rəsul Rzanın Nəsiminin qəbrinin aşkarlanmasında və dahi şairin mənəvi statusunun Azərbaycan xalqına qaytarılmasında böyük rolu olub. Məhz o, Nəsimi ilə bağlı əsl gerçəklikləri üzə çıxardıqdan sonra dahi şairimizlə bağlı İsa Muğanna, Qabil və başqa sənətkarlarımız tərəfindən layiqli əsərlər qələmə alındı”. Türkdilli ədəbiyyatın ölkəmizdə təbliği, türkdilli xalqların yaradıcılığının millətimizə çatdırılıb sevilməsində R.Rzanın rolunu qeyd edən tənqidçi onun böyük türk şairi Nazim Hikmətlə dostluğundan bəhs edib. B.Əlibəyli məruzəsində R.Rzanın ötən əsrin 30-cu illərində ədəbiyyata gəlməsini və artıq 50-ci illərdə öz ədəbi məktəbini yaratmasını onun ustad sənətkar olması ilə əlaqələndirib: “Azərbaycan poeziyasında eksperimental-modern-avanqard şeir məktəbinin əsasını qoyan Rəsul Rzanın yaradıcılığı bizim milli ədəbiyyatımıza, soy-kökümüzə sıx bağlıdır. Bəzi tənqidçilər, araşdırmaçılar Rəsul Rza şeirinin Mayakovskidən başladığını bildirirlər. Ancaq mən demək istərdim ki, onun doğma dilə və milli ədəbi ənənələrə söykənən poeziyası Mayakovskidən yox, “Kitabi-Dədə Qorqud”dan başlanır”. Məruzəçi çıxışında R.Rzanın Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə, Mövlud Süleymanlı və başqa yazarlara böyük mənəvi dəstək olduğunu, yeni ədəbi nəslin yetişməsində böyük xidmət göstərdiyini xüsusilə vurğulayıb.
YYSQ-nin sədri, yazıçı-kulturoloq Aydın Xan prezident İlham Əliyevin sərəncamı ilə xalq şairinin 100 illik yubileyinin respublikanın hər yerində təntənə ilə qeyd edildiyini vurğulayıb. Həmçinin başçılıq etdiyi qurumun illik kulturoloji tədbirinin – bu ilin mayın 27-də M.F.Axundov adına Milli Kitabxanada keçiriləcək X Bakı Kitab Bayramının da Azərbaycan Xalq Cümhuriyyətinin 92 illiyi ilə bərabər, R.Rzanın 100 illik yubileyinə həsr olunduğunu bildirib.
R.Rzanın həyat və yaradıcılığı haqqında növbəti məruzə ilə çıxış edən filologiya elmləri doktoru Füzuli Bayat yubilyarı Azərbaycan ədəbiyyatında intellektual-fəlsəfi şeirin yaradıcısı kimi səciyyələndirib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli R.Rza ilə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb: “Rəsul Rza mənim tanıdığım şairlərin heç birinə bənzəmirdi. O həm yaradıcılıq, həm insani baxımından bənzərsiz şəxsiyyət idi. Onun bütün bu keyfiyyətləri xalq yazıçısı Anarın “Sizsiz” romanında parlaq və dolğun şəkildə öz əksini tapıb”. V.Bəhmənli R.Rzanı “ürəklə ağılı poetik müstəvidə tam sərbəst şəkildə birləşdirən sənətkar” kimi xarakterizə edib, təzyiqlər qarşısında heç vaxt sınmadığını, əyilmədiyini önə çəkib: “O təzyiqlərə, basqılara baxmayaraq həmişə nikbin görünürdü. Ancaq onun daxilən sıxıntı çəkdiyi həmişə hiss olunurdu. Ömrü boyu mübarizə apardı, sovet rejiminə sınmadı, əyilmədi. Rəsul Rza həmişə millətinin, dilinin bütövlüyü uğrunda qələmi ilə döyüşüb”.
Tənqidçi Vaqif Yusifli R.Rzanın onun çox sevdiyi şairlərlə – Füzuli, Nəsimi, Sabir, Vaqif, Səməd Vurğun, Əli Kərimlə bir sırada dayandığını deyib. O, R.Rzanın “Rənglər silsiləsi”ni “Azərbaycan ədəbiyyatından Avropaya açılan pəncərə” adlandırıb: “Rəsul Rza poeziyamızda assosiativ şeirin ilk nümunələrini yaradıb”.
Konfransda çıxış edən alim və tənqidçilərdən Rahid Ulusel, Rüstəm Kamal, Oqtay Rza və başqaları XX əsr Azərbaycan poeziyasında estetik sənət məktəbi yaratmış R. Rzanın yaradıcılıq yolu, ədəbi məktəbi, poeziyamıza gətirdiyi yeniliklər barədə məruzələrlə çıxış ediblər.
Sonda R.Rzanın oğlu, AYB sədri, xalq yazıçısı Anar şairin xatirəsinə göstərilən ehtirama görə həm ölkə rəhbərliyinə, həm də bu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Konfransda R.Rzanın şeirlərindən nümunələr səslənib, ona həsr olunan əsərlər oxunub, şairin kitablarından ibarət stend nümayiş etdirilib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 7 may.- S.7.