Daş yağan gün
(Əvvəli ötən
saylarımızda)
Roman
Andranik paxırının üstünün açılacağından ehtiyat edib narahat hisslər keçirirdi. Odur ki, Fərmanın yanında rüsvay olmamaq üçün şəhərə belə çıxmaqdan ehtiyat edirdi. Silvanı tapanda xeyli sevindi. Silva atasının bir neçə ay bundan əvvəl gördüyündən də gümrahıdı. Heç bir azar-bezarı yox idi. Atasına teleqram vurmaqda məqsədi başqa idi. Nərmənazik bədəni, cazibədar görkəmi ilə məktəbdə hamını hayıl-mayıl edən, utanıb çəkinmədən oğlanlarla açıq-saçıq danışıb min oyundan çıxan Silva, valideynlərinin xəbəri olmadan, kafedra müdiri və texnika sahəsində nadir ixtiraçı olan Solomon Betker adlı bir yəhudini iki uşaq anası olan arvadı Yelenadan boşadıb ona ərə getmişdi. Betker iki uşaq atası olmasına baxmayaraq, özündən iyirmi yaş kiçik tələbəsi ilə hələ üçüncü kursdan ər-arvad kimi yaşayırmış. Silva sonuncu kursda boynuna uşaq düşəndə hansı yolla olursa-olsun, Yelenanı boşatdırıb Betkerə ərə getmək qərarına gəlir. Və fikrini müəlliminə açıb deyəndə, Betker sarsılıb çıxılmaz vəziyyətə düşür. Silvanın xarici gözəlliyinə bənd olub, onunla eyş-işrətə qurşanmasının nə kimi acı nəticələr verə biləcəyini anlayıb başa düşəndə dəhşətə gəlir. Silvanın qarşısında kiçilib diz çökür, günahlarını etiraf edir və yalvarıb-yaxarır ki, məşuqəsi bu fikirdən dönsün və uşağı tələf etdirsin. Silva isə dediyindən dönmür. Müəllimini, məsələni açıb-ağardacağı, onu zorla bədbəxt etdiyini aləmə car çəkəcəyi, partiyadan, vəzifədən qovduracağı, həm də məhkəmə qarşısında oturdacağı ilə hədələyir. Arvadını boşayıb onunla evlənməyəcəyi təqdirdə özünü intihar edəcəyinə and içir.
Betker vəziyyətdən çıxmaq üçün Silva ilə evlənmək məcburiyyətində qalır. Beləliklə, fizika elmləri doktoru Solomon Betker ərə getməli qızını, evlənməli oğlunu, orta məktəblərin birində riyaziyyat müəllimi işləyən arvadı Yelenanı atıb Silva ilə ailə həyatı qurmalı olur. Andranik Poqosyan bunu biləndə əvvəlcə hirslənib özündən çıxdı və qızının bu özbaşına əxlaqsız hərəkətinə görə pərt oldu. Hətta Silvaya əl qaldırmaq istədi. Lakin biləndə ki, Betker Silvadan yaşlı olsa da, fizika sahəsində tanınmış alimdir, o dəqiqə hirsi soyudu. Ona görə də, ata daha da şad oldu və qızına güldən ağır bir söz demədi. Əksinə, belə bir nikahdan məmnun olub, Silvanın saçlarını sığallayıb onun alnından öpdü. Çünki Andraniki düşündürən qızının uğursuz ailə həyatı yox, hər yerdə sözü ötən ixtiraçı alimlə qohum olması idi. Aydın məsələdir ki, böyük nüfuz sahibi olan Betker, istər-istəməz hər yerdə gənc arvadının mənsub olduğu millətin tərəfini saxlayıb, təəssübünü çəkəcəkdi. Andraniki də cavan qızının gələcək taleyi yox, yaşlı yeznəsinin nüfuzlu alim olması maraqlandırırdı.
Odur ki, Andranik bu sevdanı eşidəndə qanadı olsaydı, uçardı. O, düşünürdü ki, Silva xanımın xatiri xoş olsun deyə, qoca kürəkən neçə-neçə ermənini qanadına alıb onlara himayədarlıq edəcək. Solomon Betkerin təkcə institutda deyil, Kremlin özündə belə bir sözü iki deyildi. Andranik qızının dərrakəsinə heyran qalmışdı. Bir də ki, axı, Solomon Betker yaşlı adamdır. Bu gün-sabah başını yastığa qoyandan sonra ixtiralarından əldə etdiyi külli-varidatın yeganə sahibi Silva xanım olacaqdı. Varlı bir xanım üçün sinov gedən cavan-cavan oğlanlara nə gəlib?! Bir sözlə, Andranikin də, Silva xanımın da bəxti hərtərəfli gətirmişdi. Uzaqgörənliklə onu yaxşı anlayan Andranik Solomon Betkerlə yeganə qızı Silva Poqosyanı ürəkdən təbrik etdi. Gec də olsa, onların nikahı şərəfinə elə evdəcə xudmani bir məclis düzəldib, hər ikisinə xeyir-dua verib, xoşbəxtlik arzuladı.
Andranikin Solomon Betkerin dəmdəsgahlı evində günü xoş keçirdi. Ondan olsaydı, yeznəsinin evində aylarla qalardı. Ancaq Fərmanla təsadüfən qarşılaşa biləcəyini nəzərə alıb, bazar günü yola düşmək qərarına gəldi. Çünki ovcunun içi kimi bilirdi ki, “Moskva” mehmanxanasında vəd etdiyi qonaqlığına görə, Fərman bazar günü işə çıxmayacaq. Fərmanın gözünə görünməmək üçün belə bir fürsəti əldən vermək olmazdı. Odur ki, Fərman ailəlikcə “Moskva” mehmanxanasının foyesində dayanıb səbrsizliklə onun yolunu gözlədiyi məqamda, Andranik “Moskva-Yerevan” qatarına əyləşib yola düşdü. O, arxası üstə uzanıb, Moskva səfəri barədə təəssüratını xatırladı. “Silva ağıllı iş görüb. Cibində siçan oynayan gədə-güdələrdənsə, Betker kimi yaşlısı yaxşıdır. Bir də ki, cavana gedən yumruq yeyər, qocaya gedən quyruq. Həm də yəhudilərin hər yerdə sözü keçir. Betker kimi məşhur bir alim bizə lazımdır. Harda olsa ermənilərin tərəfini saxlayacaq. Ondan olanlar da əmdiyi südə çəkəcək, ermənilərin sözünü deyəcək. Qoy bizim hər yerdə, hər yerdə, dünyanın bütün ölkələrində təəssübkeşlərimiz olsun. Eh Silva! Silva! Mənim ağıllı-kamallı qızım! Doğrudan da atana çəkmisən. Ata-babaların kimi uzaqgörənsən. Biz azsaylı xalqıq. Lakin dünyanın əksər dövlətlərinin başında duranların cilovu əlimizdədir. Gün doğandan gün batana hər yerdə erməni barmağı var, bizə zaval yoxdur. İndən belə mənim Silvam barmağını hara tutsa, Betker üzünü ora cevirməlidir.
Andranik “Moskva-Yerevan” qatarında yırğalana-yırğalana bunları düşündükcə Silvanın nikahını təqdir edib özündə bir qürur duyurdu. O, birdən hiyləgərcəsinə gülümsündü. – Ay Pərman! Ay Pərman! Sənin yox başına pırlanım. – Andranik daxili istehza ilə – dünənini unudan sadəlövh müsəlman. Bu gün ata-babalarını qılıncdan keçir, kənd-kəsəyini viran qoy, sabah nəvə—nəticəsi səni əzizləyib süfrəsinin başına keçirəcək. Ay Pərman! Ay Pərman! Siz müsəlmanların başına pırlanım. Hi...hi.. Yəqin arvad-uşaqlı hələ də qəstinisədə dayanıb məni gözləyirlər...Hi...hi... Pərman şofer adamdı, nə qanır ki, ermənilərlə türklər yüz il bir qazanda qaynasalar da, qarışa bilməzlər.
Andranik düşüncələr aləmində yuxuya getdi. Hərdən bir Eduard Çiburdanidzenin, təkərlərin taqqıltısına qarışan tikanlı sözlərini xatırlayıb sayıqlayırdı:
– Ara, Eduard! Eduard!
Yalvarıram! Yalvarıram! Burada mənə dediklərini
başqa yerdə açıb-ağartma! Danışsan,
xaç sənə qənim olsun. Ey Eduard! Eduard! Bəyənmədiyin
o müqəddəs ada ləkə yaxma. Dinimiz sənə qənim
olar. Andranik, Nijdeh, Dro, Mikoyan, Şaumyan fəxrimizdir. Onlara
qara yaxma. Sən gürcü yox, əclafın əclafısan.
O kim ki, səni vəzifədən qovub, onun başına
dönüm! Əlacım olsa, o müsəlmanlar kimi sən
Eduard Çiburdanidzenin də başını bədənindən
üzərəm.
Kupenin qapısı
tıqqıldadı. Dəmiryolçu qiyafəsində olan və
saçları oğlansayağı qısaldılmış
gombul qadının kal səsi eşidildi:
– Vətəndaşlar, tələsin!
Çatmışıq! Artıq Yerevandır.
– Sən əclafsan! Səndə
xaçpərəst qanı yoxdur! Eduard! Eduard! Yəqin bir
gün əlimə düşərsən! Onda
hesablaşarıq. Başını müsəlman başı
kimi əzməsəm, anamın südü mənə haram
olsun...
– Vətəndaş, nə
Eduard, nə Çiburdanidze? Kimin başını əzirsən?
Artıq Yerevandır, şəhərə
çatmışıq.! – Yol bələdçisi hələ
də sayıqlayan sərnişini təkrar-təkrar xəbərdar
edib, növbəti kupeyə keçdi. İstidən qan-tərə
batmış Andranik – Ha!.. Ha!... – deyib hövlnak yuxudan
ayıldı. Onu xəbərdar edən Eduard Çiburdanidze
yox, bələdçi qadın idi.
Andranik tər basmış
dolu sifətini kupenin əl-üz dəsmalı ilə silib,
yerindən dikəldi. Tələsik
yır-yığış etməyə başladı.
...Andranik İrəvan dəmiryolu
vağzalında qatardan düşüb, Gorus tərəfə
gedən maşınların birinə əyləşdi və
gecə yarı evinə çatdı. Arvad-uşaq onu sevinclə
qarşıladı. Həyat yoldaşı Haykanuş əvvəlcə
Silvanı soruşdu. Andranik Poqosyan:
– Silvanın kefi
yaxşıdır, – dedi. – Düzdür, bizimlə
razılaşmamış ərə gedib. Ancaq
ağıllı iş görüb. Sən demə, ona dərs
deyən Solomon Betker adlı yəhudiyə ərə gedib. Əri
yaşlı olsa da, adlı-sanlı alimdir. Çoxlu
ixtiraları var. Pulunu qoymağa yer tapmır. Bizim Silvanı
yağ içində böyrək kimi bəsləyir. Əlini
ağdan qaraya vurmağa qoymur. Ev işlərini görmək
üşün qulluqçu tutublar. Altında da bahalı
maşın. Bizim o lüt erməni dığalarındansa, elə
o yaxşıdır. Topdağıtmaz evləri var. İki
gün onlarda kefə baxmışam. Betkerin Kremlə qədər
barmağı girir. Silva mənə danışdı ki,
Betkerin əli ilə, çoxlu ermənini nazirliklərdə,
Kremlin özündə belə böyük-böyük vəzifələrə
düzəltdirmişəm.
Haykanuş ərinin
sözünü kəsərək fəxrlə:
– Silva mənim qarnımdan
çıxıbsa, o, bilir ki, neynəmək lazımdır.
– Onu da biləsən ki,
yaxın günlərdə mən baba olmalıyam, sən də
nənə. Nəvəmizin də yarısı erməni,
yarısı da yəhudi. –Poqosyan bunu deyib güldü.- Ancaq təzə
doğulacaq nəvəmiz ermənilərin yolu ilə getməlidir.
Bəli, bəli, kəlləsi yəhudi, əqidəsi erməni.
– Zarafatyana əlavə etdi.
lll
Andranik səhər-səhər
gün çıxmamış atlanıb dağlara qalxdı.
Üçtəpə yaylağına çökən
topa-topa ağ buludlar seyrəldikcə, yurd yerlərində
qurulan boz alaçıqlar, yaşıl örüşlərə
yayılan qoyun-quzu sürüləri, qaramal naxırları
aydınca görünürdü. Andranik hələ Moskvaya
getməmişdən qabaq, Armenakla Akopun ona vəd etdiyi
zoğal arağı yadında qalmışdı. Odur ki, əvvəlcə
yolunu Qanlıcadan saldı. Bir-iki Yurd yerlərinə baş
çəkdikdən sonra, atının başını
Armenakın, Apokun, Nəcəfin aralıdan görünən
sürülərinə tərəf döndərdi. Onlara
çatanda atının cilovunu çəkib dayandı.
Salamsız-kəlamsız əl-qolunu ölçə-ölçə
səsini qaldırıb çobanlara hədə-qorxu gəlməyə
başladı:
– Mən burda olmayanda
biçənəkləri otarmısınız, noxud əkinlərinə,
taxıl zəmilərinə ziyan vurmusunuz. Sizdən akt
yazmışam. Cərimə verməlisiniz. Belə getsə,
rayonun bütün qırmızıpapaqlılarını
buraya tökməliyəm. Siz üçünüz də
yaramazsınız! Vicdansızsınız! Dövlətə xəyanət
eləyirsiniz! Xalqın düşmənisiniz! Mən bunu
sübut edərəm! Sizə iki gün vaxt verirəm. Rədd
olun, köçün burdan! Getməsəniz,
alaçıqları özüm sökəcəyəm.
İt uşağı, it! Hamınız avarasınız!
Bütün rayon bilir ki, mən namuslu adamam. Doğma
qardaşım olsa da, qanunu pozan gözümün düşmənidir.
Sizi məhkəməyə vermək lazımdır. Mən
namuslu adamam! Cibimdə partiya bileti gəzdirirəm. Kommunist
vicdanım yol verməz ki, sizin kimi avaralar bu dağlarda at
oynatsın. Gecələr zəmilərə heyvan buraxırsınız,
biçənəklərdə istahat qalmayıb. Xəlvətə
salıb noxud oğurlayırsınız. Mən namuslu adamam!
Belə-belə haqsızlığa göz
Nəcəf dəyənəyinə
söykənib susmuşdu. O, ermənicə təmiz bilməsə
də, Andranikin hərzə-hədyanlarını başa
düşürdü. Çobanlar Andranikin hədə-qorxusu
qarşısında quruyub qalmışdılar. Elə bil
Andranik həmişəki adam deyildi. Bu üç-dörd
günün içində tamam dəyişib başqa məxluq
olmuşdu. Yaşca çoban yoldaşlarından böyük
olan Armenak irəli yeriyib ərklə dağbəyinin mindiyi
atın cilovundan yapışdı:
– Andranik əmi, sizdən
ötəri bilirsən necə darıxmışıq?!
Neçə gündür yolunu gözləyirik ki, Dəvə
daşın altındakı bulağın üstündə
ocaq qalayaq, kabab tüstülədək, zoğal arağı
vurub kefə baxaq. Sən də heç nədən
başlamısan ki, biçənəklər belə oldu, zəmiləri
otarırsınız... O tərəflərə ayaq basanın
atasına lənət! Biz dəliyik ki, dağların göy
otunu qoyub, qoyunlara qılçıqlı sünbül yedizdirək?!
Hansı mərdiməzarsa sizi başdan çıxarıb. Bu
barədə dediklərinin hamısı başdan-ayağa
böhtandır. Paxıllığımızı çəkən
əclafların sözünə qətiyyən inanmayın.
Andranik bulaq başı,
kabab, araq sözlərini eşidəndə fısı
yatdı. Qızarmış sifətinə
çökmüş qəzəb sanki Qanlıca
yaylağının sərin mehinə rərq oldu və:
– Ara,
üçünüzün də xətrini bu dağlar qədər
istəyirəm. Amma gərək sizdən pis-pis sözlər
eşitməyim. Əsəbləşdiyim üçün
üçünüzü də danladım. Gərək məni
bağışlayasınız. Atanız yerində kişiyəm.
Son vaxtlar əsəblərim korlanıb. Ona görə məndən
inciməyin. Sizin barənizdə məni ayrı cür
başa salmışdılar. Mən də hövsələdən
çıxdım. İndi hara deyirsiniz gedək.
Andranik yumşalıb,
atını Daş dəvəyə tərəf sürdü.
Armenak da çoban yoldaşlarına tapşırıq verdi
ki, sürünü onların getdiyi tərəfə döndərsinlər,
sonra da alaçıqlara dönüb yemək-içmək gətirsinlər.
Daş dəvənin
altından qaynayıb çıxan bulaq öz-özü ilə
xəlvətcə danışırmış kimi sakit-sakit
pıçıldayırdı. Bəlkə də xəfif
pıçıltısında kimə isə
qarğıyır, kimdənsə giley-güzar eləyir, kimi
isə lənətləyirdi. Bu sehrli-sirrli çeşmə bəlkə
də vaxtilə arandan dağa, dağdan arana
ağır-ağır yüklər çəkib aparan, Zəngəzur
el-obasının dəfi dönəndən sonra daş
olmuş dəvənin göz yaşı idi. Bu dağlarda
fironluq edən Andranik Poqosyan və onun pişvazında duran
çobanlar isə heç nəyin fərqinə varmadan
bulağın başında dəstərxan açdılar. Bir
göz qırpımında ocaq tüstüləndi,
şişlərə kabab çəkildi. Ortalığa təzə
pendir, isti çörək, zoğal arağı gəldi.
Poqosyan arağın spirtlik dərəcəsini yoxlamaq məqsədilə
qalın çay stəkanını ağzınacan doldurub
çəkdi başına. O, sir-sifətini turşudub
ağzını-burnunu qırışdıraraq:
– Ara, bu, can dərmanıdır.
Məssəb haqqı, ölüyə versən dirilər.
İrəvanın tərifli konyakı bunun yanında kəllə
suyudur, – dedi. – Bundan çox olsaydı, bir-iki şüşə
də Moskvaya göndərərdim, təzə yeznəmə.
Ara, sizin başınız xarab olub. Bayaqdan bəri heç
biriniz soruşmursunuz ki, Andranik, neçə gündür
görünmürsən. Dağlar səndən ötrü qəribsəyib.
Yayın bu cırhacırında Moskvada nə itin
azmışdı?!
– Mən elə soruşmaq
istəyirdim, xeyirdimi? İlin-günün bu vaxtı Moskvaya
niyə getmişdin? – Armenak soruşdu.
– Ara, Silvanı ərə
verirdim. Əvvəlcə mənim razılığımı
bilmək istəyirdilər.
– Andranik əmi,
oğullu-qızlı olsun. Yeznəniz kimdir?!
Ağıllı-başlı adamdır? Sizn Silvaya layiqdirmi?
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 7 may.- S.7.