Orta əsrlər Yaponiyasına səyahət
(Əvvəli ötən
saylarımızda)
Yapon da öz hərəkətinə haqq qazandıra bilərdi. Necə olur ki, onun evində yaşayan bir adam ev sahibinin düzgün sayılan istəyinə əməl etməsin. Yaponiyada davranış qaydalarına əməl etmək çox vacib sayıldığından hamı ehtiyatlı hərəkət etməyə borclu idi. Digər tərəfdən yadellilər barbar sayılmaqla onlara münasibət də o qədər ürəkaçan deyildi. Gəminin və onun göyərtəsində olan topların müsadirəsindən böyük qazanc və nüfuz əldə edəcəyi gümanı ilə Edodan mülkiyyəti olan kəndinə gələn daymyo Yabu da ingilislərin çoxunu mavi gözlərinə görə Siam pişiklərinə bənzətmişdi. Ümumiyyətlə, yaponlara görə mavi göz və kürən saç İblis əlaməti idi. Həm də onlar barbarlara iy vermələrinə və natəmizliklərinə görə nifrət edirdilər, bu adamların ət yemək adətlərindən, səfeh dinlərindən, cəhalətlərindən və iyrənc qaydalarından yaponların zəhləsi gedirdi. Böyük daymyo Toranqanın yanına gələn qüdrətli düşməni İşido da, balaca oğlan uşağı da Bləksornu ilk dəfə burada görəndə ikrahla onu eybəcər adlandırmışdılar.
Lakin portuqaliyalılar Yaponiya torpağına qədəm basa bilmişdilər və kommersiya ucbatından yaponlar onları öz ölkələrinə buraxmışdılar. Bu ölkə ilə qonşuluqda yerləşən Çin onlarla heç bir ticarət aparılmasına icazə vermirdi. 1542-ci ildə ilk dəfə buraya gələn portuqaliyalılar, yaponlarla çinlilər arasındakı ticarət əlaqələrində vasitəçi olmaqla, bu əməkdaşlığı canlandırdılar. Çin öz ipəyini gümüşə satırdı. Yaponiya isə bol gümüş ehtiyatlarına malik idi. Həm Çin, həm də yapon dilində danışmağı öyrənən missioner keşişlər hesabına portuqaliyalılar onların arasında vasitəçi rolunda danışıqlar aparır, həm də tərcüməçilik edirdilər, bunlar isə ticarət aparmaq üçün zəruri şərt idi. Portuqaliyalılar həm də yaponları muşket və güllə barıtı ilə tanış etmişdilər, bu ölkəyə 20 top və beş min top mərmisi gətirmişdilər.
Xristianlığı qəbul etmiş çox sayda mühüm daymyolar və yüzlərlə xristian yaponlar Çinlə sərhəddə yerləşən və ən cənub ada olan Kyuşuda yaşayırdılar, burada o vaxtkı portuqaliyalıların dörd əsr sonra üzərinə atom bombası atılması ilə məşhurlaşan Naqasaki limanı da mövcud idi. Praqmatik xalq olan yaponlar holland gəmisinin heyəti barədə də belə qərara gəldilər ki, barbarlar, güman ki, bizim üçün ölü olmaqdansa diri kimi daha faydalı olacaqlar. Axı gəmidəki toplar da hakimiyyət və nüfuz uğrunda gedən münaqişələrdə az əhəmiyyət kəsb etməyəcəkdi. Zəhərdən, xəyanətdən silah kimi istifadə edən adamlara daha dağıdıcı silaha da sahib olmaq vacib idi. Lakin yaponlar vuruşmağı da bacarırdılar. Burada müharibə aparmaq üsulu demək olar ki, ritual xarakter daşıyırdı, bu vaxt fərdi əlbəyaxa mübarizə gedirdi. Qılınc ən yüksək hörmətli silah hesab olunurdu. Tüfəngdən istifadə qorxaqlıq və şərəfsizlik sayılırdı və bütünlüklə samuray kodeksi olan buşidoya zidd idi. Buşido isə “Döyüşçünün Yolu” demək idi, samurayı şərəflə vuruşmağa, şərəflə yaşamağa və şərəflə ölməyə sövq edirdi. Qorxmadan ölmək, hətta bunda öz xidmət yolunu aramaq – kiminsə adı naminə iftixar hissi keçirmək və bu adın təhqir olunmasına yol verməmək idi. Bəzi hallarda harakiri adlandırılan seppuku öz qarnını yarıb bağırsaqlarını çölə tökmək yolu ilə özünə sui-qəsd ritualı olub, samuray üçün yeganə yol hesab olunurdu. Biabırçılıq baş verəndə, günahkar olanda və ya şərəflə əlaqədar səhvə yol verəndə bu özünü cəzalandırma növü tətbiq olunurdu. Ona görə seppuku yeganə olaraq samuray kastasının preroqativi hesab olunurdu. İstər kişi, istər qadın olmasından asılı olmayaraq bütün samuraylar körpəlikdən özləri üçün bu aktı icra etmək və ya sekundant kimi mərasimdə iştirak etmək üçün hazırlaşırdılar. Qadınlar seppukunu yalnız boğazlarına bıçaq soxmaqla icra edirdilər.
Şoqun isə Yaponiyada həyatda əldə edilən ən yüksək rütbə hesab olunurdu. Şoqun Ali Hərbi Diktator demək idi. Yalnız bir daymyo həmin vaxt bu titula sahib ola bilərdi. Və yalnız İmperial Əlahəzrəti – hakimiyyətdə olan İmperator, Göyün İlahi Oğlu öz imperial ailəsi ilə Kioto şəhərində təcrid olunmuş qaydada yaşamaqla yanaşı, bu titulu verə bilərdi.
Şoqun təyin olunma mütləq hakimiyyətə yiyələnməyə aparıb çıxarırdı. İmperatorun möhürü və mandatı ilə Şoqun onun adından idarə edirdi. Bütün hakimiyyət imperatordan gəlirdi, çünki o, mənşəyini birbaşa Allahlardan götürürdü. Bununla yanaşı Şoquna müxalif olan hər bir daymyo avtomatik qaydada taxt-taca qarşı qiyamda iştirak etmiş kimi qiymətləndirilirdi. Və elə həmin vaxt o, sürgün edilir və onun torpaqları müsadirə edilirdi.
Hökmranlıq edən İmperatora ilahi qüvvə kimi sitayiş edilirdi, çünki o, öz mənşəyini Günəş İlahəsi Amaterasu Omikamidən qırılmayan xətt əsasında götürürdü, İzanaqi və İzanami adlı Allahların uşaqlarından biri idi. Onlar Yaponiya adalarını göy qübbəsindən əmələ gətirmişdilər. İlahi hüquqa görə hökmranlıq edən İmperator bütün torpaqların sahibi idi və ona heç bir şəkkə yol vermədən itaət edirdilər. Lakin praktiki olaraq altı əsr ərzində, 1867-1868-ci illər inqilabına qədər real hakimiyyət taxt-tacdan kənarda qalmaqla, Şoqunlara məxsus idi. Ümumiyyətlə, hakimiyyət bu ölkədə yeganə vacib şey hesab olunurdu.
İmperator və bütövlükdə İmperial saray bütünlüklə təcrid olunmuş qaydada saxlanırdı, Kiotodakı divarlarla əhatə olunmuş kiçik ərazidə yerləşən, bağları olan saraylarda yaşayırdı. Onların ömrünün çoxu ehtiyac içərisində keçirdi və fəaliyyətləri isə yalnız Yaponiyanın daimi animistik dini olan Şintonun davam edən rituallarını seyr etməklə məhdudlaşırdı. Əqli əyləncələrə gəldikdə onlar kalliqrafiya ilə, rəsm çəkməklə, fəlsəfə və poeziya ilə məşğul olurdular. Bəzi imperatorlar isə öz imzalarını ərzaq almağa dəyişirdilər, belə qəribə barter əməliyyatı aparmağa məhkum idilər. Çox vaxt hətta tac qoyulması mərasimi üçün də pul çatışmırdı. İmperator daha çox daymyoların yaratdığı şəxsə çevrilirdi. Axırıncılar o qədər qüdrətli idilər ki, Kiotonu da fiziki qaydada öz mənsubluqlarına keçirə bilərdilər. İmperatorlar Şoqunatın istəyi ilə evlənir, taxt-tacdan əl çəkir və ya taxt-taca yüksəlirdilər.
Beləliklə Şoqun devrilənə qədər olduqca böyük qüdrətə sahib olurdu. Lakin onlar da təhlükəsiz həyat yaşamırdılar. Şoqun İkaua Yukkinsin aşpazlarını min gümüş parçası məbləğindəki rüşvətlə ələ alıb onu zəhərləmişdilər.
Yaponlar tez-tez bədbəxtliklərlə üzləşməli olurdular, zəlzələlər böyük dağıntılarla və insan itkisi ilə müşayiət olunurdu. Bu dövrlər vaxtaşırı bu xalqın üstünü alırdı, ən qorxulusu aclıq illərinin baş verməsi idi. Ərzaq çox qıt idi, demək olar ki, hamı əsgər idi. Banditlər bataqlıq ağcaqanadı kimi çox olmaqla əhaliyə əziyyət verirdi. Kəndlilərin imtiyazı isə balıq tutmaq, torpaq əkib-becərmək, məhsulu yığmaq və bir də vergi ödəmək idi. Bir kəndlinin böyük qızı altı yaşına çatanda gözəl olduğundan onu satmaq üçün əlverişli imkan yaranmışdı. Yaponlar üçün ümumiyyətlə həyatın heç bir dəyəri yox idi. Tarixi qanun belə idi. Oğlan uşağı on beş yaşına çatanda o, artıq yaşlı və varis hesab olunurdu.
Yaponiyaya ilk dəfə gələn yad adamların birinci vəzifəsi buradakı davranış qaydalarını öyrənmək idi. Ölkə əhalisi həmişə qaydalara əməl etməyə və nəzakətə çox yüksək qiymət verirdi. Etiketin böyük əhəmiyyət kəsb etdiyi bu ölkədə davranışda azacıq ehtiyatsızlıq təhqiramiz hərəkət kimi qəbul oluna bilərdi, bu isə öz növbəsində həyatı itirməyə də aparıb çıxarırdı. Onlar ümumiyyətlə barbarları nəzakət qaydalarından xəbəri olmayan, qeyri-adi adamlar kimi qəbul edirdilər, xristian dininin mənəvi prinsiplərini də bəyənmirdilər. İisus Xristin “Bir-birinizi sevin” çağırışına istehza edir, çünki bu normada adamlara borc və şərəf haqqında heç nə öyrədilmədiyini, yalnız sevginin təbliğ edildiyini vurğulayırdılar. Xristianların dini cərəyanlara görə bir-birlərinə düşmən kəsildiyindən təəccüblənsələr də, özlərindəki buddist sektaları da bir-birilə düşmənçilik edirdilər.
Daymyo Yabu qardaşı oğlu Omiyə dənizçilərlə necə lazım bilirsə elə davranmağa icazə verdikdən sonra ona həvalə etdi ki, onlardan faydalı bir şey öyrənə bilsə, məlumatı ona çatdırsın. Beləliklə, Bləksorn kənddə digər yoldaşlarından ayrı məskunlaşdırıldı. Onun müşahidə imkanları daha böyük idi, çünki ona kənddə sərbəst gəzməyə icazə vermişdilər. Samurayların özlərini necə apardığını gördükdən sonra belə qənaətə gəldi ki, xidmət onların borcudur, borc özü samuray deməkdir, Samuray-ölməzdir. Onu təəccübləndirən xüsusiyyətlərdən biri, burada heç bir zəncirin, qandalın və heç bir qulun olmaması idi. Qərblilər Şərqi nə qədər qəddar adamlar məskəni kimi qələmə verməyə çalışsalar da, tarixçilər sübut etmişlər ki, Şərq ölkələrində quldarlıq ötəri xarakter daşıyırdı, inkişaf etməmişdi, hətta iri imperiya olan Çinin özündə də çox az sayda qul var idi. Avropada isə quldarlıq qədim tarixə malik idi. XVII əsrdən başlayaraq isə qul ticarəti Afrika zəncilərinin Amerikaya daşınması hesabına yeni vüsət aldı, həmin biabırçı ticarət və quldarlıq praktikası yeni tarixin ən qara səhifələrindən biri hesab olunur.
Lakin adamlara qarşı haqsızlıq, zorakılıq bu ölkədə öz xüsusiyyətlərinə, öz standartlarına malik idi. Yaponiyada ən aşağı dərəcəli samuray belə, istənilən samuray olmayan adamı, kişi, qadın və uşaq olmasından asılı olmayaraq öldürə bilərdi. Bu vaxt hansısa səbəb ola da, olmaya da bilərdi. Bütövlükdə samuraylar hindlilər kimi kastalara bölünürdü. Samuray yüksəkdə dayanırdı, kəndlilər isə mühümlük ierarxiyasında sonrakı pillədə idi. Yalnız kəndlilər torpağa sahib ola bilərdi. Lakin samuraylar istehsal edilən məhsulun hamısına sahib olurdu. Onlar düyünün bir hissəsini kəndlilərə geri qaytarırdılar. Yalnız samuraya əvvəllər icazə verilirdi ki, özü ilə ox gəzdirsin. Sonra onu əvəz edən qılınc samurayın ruhu, könlü idi, onu yaddan çıxarsa və ya itirsə o, heç vaxt bağışlanmazdı.
Yaponların qidalanması da avropalılarınınkından tam fərqli idi. Onların hamısı çiy balıq, şirin sirkədə saxlanmış çiy tərəvəz yeyirdilər.
Yaponlar indi də dəniz məhsullarına başqa xalqlara nisbətən üstünlük verirlər. Dünyada yapon restoranlarında və öz adı altında yayılan xüsusi barlarda çox satılan suşi də belə qədim ənənəyə əsaslanır. Qiymətli okean balığı olan tunesin dünya üzrə ovunun bütün həcminin 80 faizini yaponlar istehlak edirlər. Müxtəlif qadağalara baxmayaraq balina ətinə də həvəs bu ölkədə azalmır.
Buna görə onlar avropalılara həm də ət yemələrinə görə nifrət edirdilər. Düyü yaponların həyatında mühüm rol oynayırdı, əsas ərzaq idi. İlahə Amaterasu öz nəvəsini göndərmişdi ki, yaşıl düyü tarlaları olan ölkəni idarə etsin. Düyü bu adamlara yeyilmək üçün qida, yatmaq üçün tatami (həsir), ayağa geyinmək üçün səndəl, yağışdan və soyuqdan qorunmaq üçün paltar verirdi. Küləşdən düzəldilən dam yaponların evlərini isti saxlayırdı, düyü həm də yazmaqdan ötəri olan kağız istehsalı üçün xammal verirdi. Onlar düyüsüz mövcud ola bilməzdilər.
Həmin dövrdə Yaponiya çox əhalisi olan ölkə hesab edilə bilərdi. Bütün İngiltərədə bu vaxt üç milyondan artıq adam yaşamadığı halda, burada 12 milyon adam var idi. Kyuşu adasında isə əhalinin sayı 3-4 milyona çatırdı. Çində isə o vaxtkı bütün dünyada olduğundan daha çox əhali yaşayırdı.
Bləksornun bəxti onda gətirmişdi ki, tayfun vaxtı ölümdən xilas etdiyi ispan dənizçisi Rodriges və Osakada dustaqxanada olarkən məhbus avropalı rahib yerli xalq barədə çox şeylər danışmış, onu bəzi məsələlər barədə agah etmişdilər. İspan şturmanı ona demişdi ki, yaponların altı sifəti və üç ürəyi vardır. Əlbəttə, ispan da yaponları eyni qaydada təqlid edərək əvəzində onlara yuxarıdan aşağı baxdığına görə bu qənaətə gəlmişdi. Öz fikrini izah etmək üçün əlavə etmişdi ki, belə deyirlər ki, onlar bütün dünyanın görməsindən ötrü ağızlarındakı saxta ürəyə, tam xüsusi dostlarına və ailələrinə göstərmək üçün döş qəfəslərindəki digər bir ürəyə və həm də özlərindən başqa heç kəsə məlum olmayan, gizləndiyi yeri yalnız Allahın bildiyi, real, həqiqi və gizli bir ürəyə malikdirlər. Bununla yanaşı xəbərdar edirdi ki, yaponlarla sən kral kimi hərəkət etməlisən. Öz ləyaqətinin qayğısına qalmayanları onlar heç adam hesab etmirlər. Onların səsi isə intonasiyanı və daxili mənanı büruzə verən fövqəltəbii bir güzgüdür. Yaponların dilində “l” səsi yoxdur.
Həmin il iki böyük daymyo – Toranaqa və
İşido şoqunluğa yüksəlmək uğrunda
bir-birilə kəskin mübarizə aparır, amansız
düşmənçilik edirdilər. İşidonun təsiri
yanğın kimi yayılırdı. Toranaqa isə Makiavelli
kimi ağıllı, hun sərkərdəsi Attila kimi rəhmsiz
idi. O, düşmənlərini və
dostlarını yaxşı tanıyırdı. Əvvəlki
ağalarına xəyanət etməklə, cəbhədən
cəbhəyə keçməklə şoqunluğun
kandarına gəlib çıxmışdı. İşido
isə güman edirdi ki, öz düşmənlərini
hökmən əzəcəkdir. Qəti qələbə
çalmaq üçün yalnız bircə vacib həmlə
qalırdı, ölkənin səkkiz əyalətinə nəzarət
edən Toranaqa yeganə maneə idi. Ona görə
də iki düşmən Osakada görüşdükdə
İşido özünü nəzakətdən kənar
apardıqda, onu vurmaq üçün irəli yeriyən
mühafizəçi samurayı ev sahibi Toranaqa ona aid olmayan
söhbətə qulaq asdığına görə cəzalandırmağı
qərara aldı: “Bu Adam səhvən samuray kimi
doğulmuşdur. Onun adına son qoyulmalıdır”. Ən
yaxın silahdaşının kürəkəni olan bu samuraya
seppuku etməyə icazə verildi və onun körpə
oğlu da cəzanın bir hissəsi kimi
öldürüldü.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2010.- 7 may.- S.6.