Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, ötən məqalədə cəmiyyətin inkişafında müəllimin rolu, müəllim nüfuzu barədə fikirlərimi sizinlə bölüşmüşdüm. Bu məqalədə müəllim nüfuzunun bərpası istiqamətində atacağımız addımlar barədə mülahizələrimi diqqətinizə təqdim edirəm.

Hazırda müəllimlərlə bağlı ciddi problemlərdən biri ümumtəhsil məktəblərində fəaliyyət göstərən, təxminən, 25 min müəllimin, yəni bütün müəllimlərin 15 faizinin pensiya yaşında olmasıdır. Əlbəttə, birmənalı şəkildə iddia etmək olmaz ki, onlar tədrisi yüksək səviyyədə qura bilmir. Lakin aparılan təhlillər göstərir ki, həmin müəllimlərin əksəriyyəti öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilmirlər, yenilikləri və innovasiyaları mənimsəməkdə çətinlik çəkirlər. Belə olan halda keyfiyyətli tədrisdən danışmağa dəyməz. Bununla əlaqədar, düşünürəm ki, onların fəaliyyəti məktəb rəhbərləri, RTŞ-lər tərəfindən fərdi şəkildə öyrənilməli və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul edilməlidir.

Hazırda məktəblərdə işləyən müəllimlərin keyfiyyət tərkibinin yaxşılaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi yollarından biri də attestasiyanın keçirilməsidir. Diqqətə çatdırım ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilmişdir. Müxtəlif səbəblərdən həmin dövrdən sonra attestasiya keçirilməmişdir. Onu da qeyd edim ki, mövcud qaydalara görə hər 5 ildən bir belə attestasiya keçirilməlidir. Düşünürəm ki, Hökumətin qərarı ilə müəllimlərin attestasiyasının keçirilməsi onların məsuliyyətini artırmaqla yanaşı, kadr tərkibinin yaxşılaşdırılmasına da zəmin yarada bilər.

Bununla əlaqədar dünya təcrübəsində olan bir məqama toxunmaq istərdim. Bir sıra ölkələrdə müəllim vəzifəsinin statusu müəyyənləşdirilmişdir, hətta onlar üçün dövlət qulluqçusu statusu müəyyənləşdirən ölkələr də mövcuddur. Yaponiya təcrübəsi ilə tanışlıq göstərir ki, bu ölkədə müəllimlər dövlət qulluqçusu statusu alıblar. Həmin ölkədə belə bir qayda da mövcuddur ki, müəllimlər 6 ildən çox eyni bir məktəbdə işlədikdən sonra rotasiya qaydasında digər məktəblərə göndəriş alırlar. Dövlət qulluqçusu statusu müəllimlərin hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi ilə yanaşı, onların sosial müdafiəsi üçün də əlverişli zəmin yaradır. Hesab edirəm ki, ölkəmizdə də müəllimlər üçün xüsusi statusun müəyyənləşdirilməsi barədə düşünməyin vaxtı gəlib çatmışdır.

Daha vacib məqamlardan biri müəllimlərin öz peşələrinə bağlılığı, müəllimlik keyfiyyətləridir. Müəllim öz ixtisasını dərindən bilməklə, pedaqoji, psixoloji, metodik hazırlığa malik olmaqla yanaşı, peşəsinin vurğunu olmalı, onu sevməli, uşaqlara qayğı ilə yanaşmalı, onları başa düşməli, hər birinə fərdi yanaşmağı bacarmalı, problemlərini, qayğılarını öyrənməli, münasibətləri əməkdaşlıq səviyyəsində qurmalı, davranışı, geyimi, yerişi, duruşu ilə nümunə olmalıdır.

Yeri gəlmişkən, peşəkar müəllim şagirdlərlə münasibətləri necə qurmalıdır? Qeyd etməliyəm ki, müasir dövrdə pedaqoji prosesə yanaşmada əsas paradiqmalar dəyişdiyindən müəllim-şagird münasibətləri də buna uyğunlaşdırılmalıdır. Şagirdin obyektdən subyektə doğru inkişafı, ona şəxsiyyət kimi yanaşılmasını, bütün təlim prosesinin şagirdin maraqları, qabiliyyəti üzərində qurulmasını, onun fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Bu gün müəllim qarşısında dərsdə susan, yalnız sual verdikdə cavab verən, heç bir təşəbbüskarlıq göstərməyən dünənki müti şagirddən tamamilə fərqli bir insan dayanmışdır. İndi şagird müəllimlə əməkdaşlıq edir, öz fikir və mülahizələrini sərbəst bildirir, rəy söyləyir, fərqli yanaşma nümayiş etdirə bilir, hətta müəyyən məsələlərdə müəllimlə razılaşmaya da bilir. Müəllim-şagird münasibətləri qurularkən nəzərə alınmalıdır ki, müasir dövrdə müəllim yeganə bilik, informasiya mənbəyi deyildir, şagirdlərin əlində İnternet, kifayət qədər elektron resurslar, digər vasitələr mövcuddur. Şagird hər an yeni informasiya əldə etmək imkanına malikdir.

Təəssüflə qeyd etməliyəm ki, heç də müəllimlərin hamısı bu keyfiyyətlərə malik deyildirlər və müəllim-şagird münasibətlərini də yuxarıda qeyd edilən tələblər əsasında qura bilmirlər. Bu gün təsadüfən müəllimlik peşəsinə gələn, yalnız diplomuna görə müəllim sayılan, şagirdi şəxsiyyət kimi qəbul etməyən, onlarla münasibəti təzyiqlər, avtoritarlıq üzərində quran, davranışı ilə nümunə olmayan müəllimlər də vardır.

Cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz məsuliyyətini hiss etməlidir. Biz vətənpərvərlikdən daim danışırıq, uşaqları bu ruhda tərbiyə etməyə çalışırıq. Fikrimcə, əsl müəllim üçün vətənpərvərlik meyarı millətin gələcəyi olan savadlı, müasir dünyagörüşünə malik, milli-mənəvi dəyərlərə sadiq vətəndaşların yetişdirilməsi işinə bütün imkan və bacarığını sərf etməsidir. Nahaq yerə demirlər ki, hər öyrədən müəllim deyil, o kəs müəllimdir ki, ondan öyrənirlər, onun yanına sevə-sevə öyrənməyə gedirlər. Həm də o müəllim yaxşı öyrədə bilər ki, onu yaxşı öyrədiblər.

Niyə müəllim peşəsi ilə məşğul olanların hamısı yuxarıda sadalanan keyfiyyətlərə malik deyil. Düşünürəm ki, bunun əsas səbəblərindən biri müəllim olmaq istəyənlərin seçim mexanizminin təkmil olmamasıdır. Hazırda ali məktəblərə sənəd verənlərin bir çoxu ixtisas seçimi zamanı pedaqoji ixtisasları siyahının sonunda göstərməyə çalışırlar. Digər ixtisaslar üzrə kifayət qədər bal toplamadıqda pedaqoji ixtisaslara qəbul edilirlər. Digər tərəfdən də müəllimlik ixtisaslarını seçənlərə heç bir başqa meyar tətbiq olunmur, yalnız imtahanda əldə etdiyi nəticə əsas meyar hesab olunur. Etiraf edək ki, ali məktəblərin pedaqoji ixtisaslarına sənəd verənlərin heç də hamısı müəllim üçün zəruri olan keyfiyyətlərə malik deyildirlər. Təəssüf ki, pedaqoji sahəni təsadüfən seçən, qəlbən, ruhən deyil, yalnız diplomuna görə müəllim olanlar da az deyildir. Hesab edirəm ki, bu amillər nəzərə alınaraq, pedaqoji profilli ixtisaslara qəbul qaydaları təkmilləşdirilməlidir.

Uzun illər ali məktəblərin pedaqoji fakültələrinin məzunları sırasından zəif oxuyanların təyinatla məktəblərə göndərilməsi ümumi orta təhsilin inkişafına mənfi təsir edən amillərdəndir.

Dünyada belə bir qayda da mövcuddur ki, ali məktəbləri bitirən və müəllimlik diplomu alan şəxslər məktəblərdə işləmək üçün imtahan verərək xüsusi lisenziya alırlar. Yəni təsdiq olunur ki, pedaqoji ixtisasa yiyələnmiş şəxs müəllimlik keyfiyyətlərinə malikdir, yoxsa yox. Bu məsələ müzakirə olunarkən bəziləri ali məktəbləri bitirərək diplom almış şəxslərin yenidən sınaqdan keçirilməsini qəbul etmək istəmirlər. Lakin tam məsuliyyətlə demək olar ki, ali məktəbi bitirib müəllim diplomu almış hər bir şəxs müəllim ola bilmir. Elə bu səbəbdəndir ki, pedaqoji profilli ixtisasları bitirmiş məzunların yalnız 30 faizi məktəblərdə fəaliyyət göstərmək üçün müraciət edirlər. Hesab edirəm ki, müəllim fəaliyyətinin reqlamentləşdirilməsi ilə əlaqədar dünya təcrübəsində istifadə edilən müasir yanaşmalar ölkəmizdə də tətbiq edilməlidir.

Məni düşündürən ən ciddi problemlərdən biri də məhz müəllimlərin ilkin hazırlığı ilə bağlıdır. Hazırda Azərbaycanda müəllim hazırlığı 22 ali (10 dövlət, 12 özəl) və 23 orta ixtisas təhsili müəssisəsində aparılır. Əvvəlcə ali təhsil müəssisələrində müəllim hazırlığı barədə. Son illər aparılan təhlillər göstərir ki, yenicə ali məktəbi bitirib ümumtəhsil məktəblərində fəaliyyətə başlayan müəllimlərin hazırlıq səviyyəsi nə şagirdləri, nə valideynləri, nə də məktəb rəhbərlərini qane etmir. Düşünürəm ki, ali məktəbi bitirən məzun məktəbə müəllim kimi gəlməli, ilk gündən pedaqoji prosesi idarə etməyi bacarmalıdır. Təəssüf ki, ali məktəblərin pedaqoji ixtisaslarını bitirən bir çox məzunlar müəllimliyi məktəbdə öyrənməyi düşünürlər. Hesab edirəm ki, ilkin müəllim bacarıqları ali məktəblərdə mənimsənilməli, təcrübə və kamilləşmə isə orta məktəblərdə qazanılmalıdır.

Şübhəsiz, hər bir müəllim ixtisası üzrə kifayət qədər bilik və bacarıqlara malik olmalıdır. Təhlil göstərir ki, bu sahədə də narahatedici məqamlar mövcuddur. 2009-2010-cu dərs ili ərəfəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul zamanı rastlaşdığımız bir məsələni diqqətə çatdırmaq istəyirəm. Məlumat üçün qeyd edim ki, işə qəbul elektron vasitələr tətbiq edilməklə təşkil edilmiş, sənəd vermiş müəllimlərlə imtahan keçirilmişdir. 500 vakant yerə sənəd vermiş 4 min müəllimin əksəriyyəti ali və orta ixtisas məktəblərini yeni bitirmiş məzunlar olmuşdur. Nəticələrin təhlili göstərmişdir ki, həmin məzunların böyük əksəriyyəti sualların 30 faizinə belə cavab verə bilmirlər. Sual olunur, belə biliklə müəllim işləmək olarmı?

Bu problemin həlli istiqamətində Təhsil Nazirliyi tərəfindən yeni konsepsiya və strategiya sənədi hazırlanmış və Hökumət tərəfindən təsdiq olunmuşdur. Artıq yeni kurikulum əsasında ibtidai sinif müəllimlərinin ilkin hazırlığına başlanılmışdır. Müəllim hazırlığı sahəsində xüsusi əhəmiyyət kəsb edən “Təhsilin əsasları” adlı yeni fənn tədris edilməkdədir. Fikrimcə, yalnız ibtidai təhsil üzrə deyil, bütün fənlər üzrə müəllim hazırlığının təkmilləşdirilməsi sahəsində ciddi addımlar atılmalıdır. Ona görə ki, ümumi təhsildə genişmiqyaslı islahatlar aparılır, məzmun, dərslik, qiymətləndirmə sistemi yeniləşir, təlim strategiyaları dəyişir. Buna müvafiq müəllim də hazırlanmalıdır. Artıq ənənəvi müəllim hazırlığından imtina edilməli, müasir tələbləri ödəyən müəllimlər hazırlanmalıdır.

Orta ixtisas təhsili müəssisələrində müəllim hazırlığında da bir sıra ciddi nöqsanlar mövcuddur. Təhlil göstərir ki, postsovet ölkələri istisna olmaqla, digər ölkələrin məktəblərində yalnız ali təhsilli müəllimlər fəaliyyət göstərirlər, ümumiyyətlə orta ixtisas təhsilli pedaqoji kadrlar hazırlanmır. Əlbəttə, Azərbaycanda müəyyən obyektiv səbəblərdən pedaqoji profilli orta ixtisas təhsili müəssisələri yaranmışdır. Qazax Müəllimlər Seminariyası, Azərbaycan Dövlət Pedaqoji Kolleci müəllim hazırlığı sahəsində müstəsna xidmətlər göstərmişdir.

Lakin hazırda kifayət qədər kadr potensialı və ənənələri olmayan orta ixtisas təhsili müəssisələrində də kütləvi şəkildə müəllim kadrları hazırlanır. Belə bir tendensiya da mövcuddur ki, həmin təhsil müəssisələrinin fəaliyyət göstərdiyi regionlarda ümumtəhsil məktəblərində orta ixtisas təhsilli mütəxəssislər az qala müəllimlərin 80-90 faizini təşkil edir, həmin məktəblərə ali təhsilli müəllimlərin işə qəbul olunması müşkül məsələyə çevrilir. Digər tərəfdən isə, bəzi istisnalarla bu müəssisələrdə hazırlanan müəllim kadrlarının səviyyəsi daha aşağı olur. Bununla əlaqədar Təhsil Nazirliyi növbəti illərdə yalnız ənənələri, təcrübəsi və kifayət qədər kadr potensialı olan orta ixtisas təhsili müəssisələrində müəlim hazırlığının aparılmasını, digərlərində isə bu işin maksimum dərəcədə məhdudlaşdırılmasını planlaşdırır. Eyni zamanda müəllimlərin işə qəbulu zamanı ali təhsilli müəllimlərə üstünlük veriləcəkdir. Bakı şəhərində isə imkan daxilində orta ixtisas təhsilli müəllimlərin işə qəbulu aparılmayacaq.

Xüsusi vurğulamaq istəyirəm ki, müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmin tətbiqini zəruri edən bir sıra ciddi amillər olmuşdur. Belə ki, aparılmış təhlillər aşkara çıxarmışdır ki, bir sıra hallarda yerli təhsil orqanlarının laqeyd münasibəti, məsuliyyətsizliyi üzündən uzun illər kadr siyasətində ciddi nöqsanlara yol verilmiş, yerlərə göndərilən gənc mütəxəssislərin əksəriyyəti ehtiyac duyulan məktəblərə təyin olunmaqdansa, rayon mərkəzlərində yerləşdirilmiş, nəticədə həmin məktəblərdə sıxlıq, ucqar məktəblərdə isə böyük tələbat əmələ gəlməsinə suni şərait yaradılmışdır.

Bİr sıra hallarda süni müəllim sıxlığı yaradıldığından məktəblərdə az dərs yükü ilə işləyən müəllimlərin sayı xeyli artmışdır. Belə ki, ölkə üzrə müəllimlərin 21 faizinin dərs yükü bir stavkadan aşağıdır. Ayrı-ayrı rayonlar üzrə bu göstərici daha narahatedicidir. Ağdaş, Balakən rayonlarında müəllimlərin 80 faizinin, Naftalanda 60, Zaqatalada 43, Bərdədə 41 faizinin dərs yükü bir stavkayadəkdir.

Təcrübə göstərir ki, müəllimlərin dərs yükünün aşağı olması keyfiyyətə bilavasitə təsir edən amilə çevrilir. Bir qayda olaraq, az dərs yükünə malik olan müəllimlər məktəbə bağlı olmur, pedaqoji prosesə xüsusi həvəs göstərmirlər, hətta dərslərinə də ciddi hazırlaşmırlar. Beləliklə onların fəaliyyətinin səmərə və keyfiyyəti də istənilən səviyyədə olmur. Təsəvvür edin həftədə 5-7 saat dərsi olan müəllim tədris mühitinə uyğunlaşa bilərmi?

Digər tərəfdən isə tədris yükünün çox sayda müəllimlər arasında bölüşdürülməsi müəllimlərin əmək haqqının aşağı olmasına, sosial problemlər yaşamasına gətirib çıxarır. Eyni zamanda məktəblərdə müəllimlərin sayının optimal olmaması ixtisasartırma tədbirlərinin səmərəli təşkilinə də imkan vermir.

Təhlil göstərir ki, həm sovet dövründə, həm də müstəqillik illərində müəllimlərin sayı artmışdır. Belə ki, 1941-1942-ci tədris ilində ümumtəhsil məktəblərində müəllimlərin sayı 20 min, 1978-1979-cu tədris ilində 94 min, 1981-1982-ci tədris ilində 101,4 min nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, həmin dövrlərdə müəllim artımının əsas səbəblərindən biri məktəb şəbəkəsinin genişlənməsi və mərhələlərlə icbari ümumi orta təhsilə keçidlə bağlı olmuşdur. Məlumdur ki, 1927-ci ildən icbari ibtidai təhsilə, 1930-1931-ci tədris ilində icbari yeddillik təhsilə, 1966-1967-ci dərs ilində isə icbari orta təhsilə keçilmişdir.

Onu da qeyd edək ki, 1992-ci ildə qəbul edilmiş Təhsil Qanununa müvafiq olaraq ümumtəhsil məktəblərində pedaqoji işçilərin həftəlik tarif stavkasının 18 saatdan 12 saata endirilməsi, əslində, mütərəqqi addım idi və müəllimlərin dərs yükünün optimallaşdırılmasına, təris prosesinə daha yaxşı hazırlaşmasına, öz peşəkarlıq səviyyəsinin artırılması imkanlarının genişləndirilməsinə, eyni zamanda, mövcud qanunvericilik çərçivəsində dərs yükünün artırılması vasitəsilə onların sosial müdafiəsinə yönəlmişdi.

Lakin bu mütərəqqi addım bir sıra yeni problemlərin yaranmasına gətirib çıxardı. Belə ki, məktəblərə kütləvi surətdə yeni müəllimlərin işə qəbuluna şərait yaradıldı. Əksər hallarda ixtisaslı kadrlar olmadığı üçün qeyri-ixtisaslı, hətta qeyri-pedaqoji təhsillilər də məktəblərdə müəllim işləməyə başladılar. Ölkədə müəllimlərin sayı kəskin şəkildə artdı, müəllim-şagird nisbəti aşağı endi. Əgər 1991-1992-ci dərs ilində ümumtəhsil məktəblərində 130 min müəllim fəaliyyət göstərirdisə, 1995-1996-cı dərs ilində onların sayı 20 mindən çox artaraq 158 mini ötmüşdü. Sonrakı illərdə də artma tendensiyası davam etmişdi.

Ölkədə müəllim-şagird nisbətinin ildən ilə aşağı düşməsinin əsas səbəbi tədris yükünün düzgün bölüşdürülməməsi, ehtiyac olmadan müəllimlərin işə qəbul edilməsi ilə bağlıdır. Hansı arqumentlə izah etmək olar ki, son iki ilədək şagirdlərin sayının kəskin azalması fonunda müəllimlərin sayının artma tendensiyası müşahidə edilirdi. 2008-ci ildən başlayaraq Təhsil Nazirliyi bu prosesi nəzarətə götürərək tənzimləməyə başlamışdır, ölkənin ümumi təhsil sistemində süni müəllim artımının qarşısının alınması istiqamətində daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bir məsələni də qeyd edim ki, paradoks olsa da, ölkəmizdə bir tərəfdən müəllim artıqlığı müşahidə olunursa, digər tərəfdən peşəkar, səriştəli, əsil müəllimlərə ehtiyac hiss olunur. Bu gün cəmiyyətə elə müəllimlər lazımdır ki, şagirdləri inkişafa doğru apara bilsin, bütövlükdə cəmiyyətin aparıcı qüvvəsinə çevrilsin. Elə müəllimlərə ehtiyac var ki, onlar hər bir şagirdin qəlbində elm, bilik, savad məşəli yandırmaqla yanaşı, vətənə, torpağa, millətə sevgi hissləri ilə alışıb yanan, onu düşmən tapdağından azad etməyə, qorumağa hazır və qadir olan vətənpərvər şəxsiyyətlər yetişdirə bilsin.

Məni narahat edən daha bir məsələyə toxunmaya bilmərəm. Belə ki, son illərdə kütləvi informasiya vasitələrində təhsillə bağlı yazıların təhlili göstərir ki, bu yazılar daha çox müəllim əməyinin əhəmiyyətinin aşağı salınmasına, müəllim adının müxtəlif neqativ məsələlərlə bağlı hallandırılmasına, təhsilalanın, valideynin müəllimlə konfliktə çəkilməsinə yönəlmişdir. Etiraf edim ki, kiçik istisnalar olmaqla, son illərdə KİV-lərdə müəllim haqqında sanballı yazılara, radio və televiziya verilişlərinə rast gəlməmişəm. Halbuki, müəllim nüfuzunun yüksəldilməsində, cəmiyyətdə müəllimin təbliğ olunmasında KİV-lərin rolu əvəzedilməzdir.

Müəllim nüfuzunu necə yüksəltməyin yolları barədə ciddi düşünməliyik. Lakin, ilk növbədə, müəllimlər özləri bu məsuliyyəti dərindən hiss etməli, daxilən saflaşmalı, müəllimlik peşəsinin müqəddəsliyini dərk etməlidirlər. Düşünürəm ki, hər hansı bir peşə sahibi səhv edə bilər və onun səhvindən ziyan çəkənlər də olar, lakin bu səhvi aradan qaldırmaq olar. Amma müəllimin səhvi çoxlu sayda insanların həyatını və gələcəyini təhlükədə qoyar. Bu mənada, nüfuz və hörmətin qazanılması, hər şeydən əvvəl müəllimin özündən asılıdır.

Onu da qeyd edim ki, son illərdə Təhsil Nazirliyi tərəfindən müəllim nüfuzunun bərpasına xidmət edən müəyyən addımlar atılmış, məktəblərin infrastrukturunun yeniləşdirilməsi, əlverişli təlim mühitinin yaradılması, təhsil işçilərinin ən yüksək dövlət təltiflərinə, fəxri adlara layiq görülməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Ölkənin təhsil tarixində ilk dəfə olaraq dövlət səviyyəsində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi də müəllim nüfuzunun yüksəldilməsinə ciddi təsir etmiş, onları daha əzmlə işləməyə ruhlandırmışdır. Müsabiqədə iştirak statistikasına diqqət yetirsək, görərik ki, 2008-ci ildə 393, 2009-cu ildə 450, 2010-cu ildə 460 müəllim “Ən yaxşı müəllim” adına iddialı olmaqla, iştirakçıların sayının artması tendensiyası müşahidə edilib. 2008 və 2009-cu illərdə qalib adını qazanmış 100 məktəbin və 200 müəllimin yüksək məbləğdə pul mükafatı ilə mükafatlandırılması cəmiyyətdə çox böyük və əlamətdar hadisə kimi qiymətləndirilməklə, məktəblər və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyətə istiqamətlənmiş yaradıcılıq və təşəbbüskarlıq meyillərini gücləndirməklə nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə müstəsna dərəcədə müsbət təsir göstərmişdir.

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyi bu müsabiqənin təşkili və keçirilməsinə böyük məsuliyyətlə yanaşır, müsabiqəyə sənəd vermiş hər bir müəllimin obyektiv qiymətləndirilməsinə səy göstərir. Tərkibi 23 nəfərdən ibarət olan Təşkilat Komitəsi son mərhələdə hər bir müəllimin təqdimatını diqqətlə dinləyərək ədalətlə qiymətləndirir. Xüsusi vurğulamaq istərdim ki, son 3 ildə keçirilən müsabiqələrdə həqiqətən öz peşəsinin ustası olan, yüksək səviyyəli, müasir tələblərə cavab verən müəllimlər aşkar olunmuşdur. Belə müəllimlər təhsil tariximizin qızıl fonduna daxil olmağa layiqdirlər.

Eyni zamanda müəllim nüfuzunun artırılmasına yönəlmiş tədbirlərdən biri də müəllimlərin ixtisasının artırılması sahəsində yeni mexanizmin hazırlanması və növbəti dərs ilindən yeni kurikulumu tətbiq edəcək ibtidai sinif müəllimlərinin ixtisasartırması sahəsində tətbiq edilməsidir. Yen model keyfiyyətli ixtisasartırma tədbləri ilə yanaşı, müəlimlərin karyera inkişafını, əməyinin stimullaşdırılması məsələlərini də əhatə edir.

Hesab edirəm ki, uzun illərdən sonra “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də müəllim nüfuzu və statusunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir. Belə ki, Qanunda təhsilverənlərin sosial müdafiəsi sahəsində geniş tədbirlərlə yanaşı, onların vəzifələri daha dəqiq ifadə edilmişdir:

–təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

–təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

–təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

–şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

–pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

–təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

–uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

–ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;

–qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

–qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Onu da qeyd etmək lazımdır ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra əksər müəllimlər öz fəaliyyətinə yenidən nəzər salmış, müstəqil Azərbaycanın tərəqqisi naminə daha əzmlə işləmək üçün səylərini artırmışlar. Dərk etmişlər ki, ölkəmizin gələcək perspektivləri onların bugün necə fəaliyyət göstərmələrindən birbaşa asılıdır.

Bunlarla yanaşı, müəllimdən asılı olan və olmayan aşağıdakı məsələlərə də diqqət yetirilməsini vacib hesab edirik:

1.İlk növbədə, müəllim öz peşəkar fəaliyyəti, qüsursuz davranışı, düzgün münasibəti, yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməlidir. Bu, müəllimin daxili aləmindən gələn bir təşəbbüs olmalıdır.

2.Müəllim öz ixtisasını dərindən bilməlidir, şagirdlərinin nəzərində ucalığını qoruyub saxlamalıdır.

3.Müəllimin sosial müdafiəsi təmin edilməli, onun üçün layiqli yaşayış şəraiti yaradılmalıdır ki, ailəsi və cəmiyyət qarşısında qürurunu sındırmasın.

4.Müəllimin statusu müəyyənləşdirilməlidir. Status müəllimin cəmiyyət tərəfindən alekvat qəbul edilməsinə zəmin yarada bilər.

5.Məktəblər müəllim adını doğrultmayan, bu yüksək ada ləkə gətirən təsadüfi müəllimlərdən təmizlənməlidir. Bunun üçün qanunvericilik bazası təkmilləşdirilməlidir.

6.Müəllim peşəsinə qəbul prosesində ciddi seçim aparılmalıdır. Yalnız bu peşənin ağırlıqlarını çiyinlərində daşıya biləcək, müəllimlik xüsusiyyətlərini özündə cəmləşdirəcək şəxslərin müəllim kimi yetişməsinə imkan yaradılmalıdır.

7.Müəllim fəaliyyəti lisenziyalaşdırılmalıdır. Hətta müəyyən səbəblərdən qəbul zamanı seçim aparılması mümkün deyilsə və ali məktəbi bitirib müəllimlik diplomu almışsa belə, məzun müəllim işləmək üçün xüsusi lisenziya almalıdır.

8.Müəllim hazırlığı yalnız ali təhsil müəssisələrində aparılmalıdır.

9.Ali məktəblərdə müəllim hazırlığının keyfiyyəti yüksəldilməlidir, buraxılış ciddi nəzarətə götürülməlidir ki, peşəyə yiyələnə bilməyən və müvafiq keyfiyytlərə malik olmayanlar müəllimlik diplomu ala bilməsinlər.

10.Məktəblərdə işləyən müəllimlərin fəaliyyəti müntəzəm olaraq qiymətləndirilməlidir, şagirdlər, valideynlər arasında rəy sorğuları keçirilməlidir.

Hörmətli oxucular, kiçik bir yazıda müəllim haqqında, onun çətin və şərəfli fəaliyyəti, insanın formalaşmasında və cəmiyyətin inkişafında rolu barədə hər şeyi demək, təbii ki, mümkün deyildir. Təəssüf ki, müəllimin fəaliyyəti tarixdə yazılı şəkildə qalmır, insanların qəlbində, yaddaşlarında həkk olunur, əməllərində öz təzahürünü tapır. Bu mənada şərəfli peşə sahibi olan müəllimlər haqqında daha çox yazılmalıdır ki, onların adı və fəaliyyəti tarixdə qalsın.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat  elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 8 may.- S.10-11.