ORALARDA KİMLƏR VAR: RƏSUL RZA-4

 

RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA

 

GƏLƏCƏYİN BÖYÜK ŞAİRİ QARA QARAYEV MƏKTƏBİ VARSA  RƏSUL RZA MƏKTƏBİ DƏ VAR...

 

Uzaq... uzaq illərin birində böyük şairimiz Rəsul Rza haqqında heç bir yanda çan etdirə bilmədiyim bir məqalədə yazmışdım: “Əllinici illərdə və bundan sonra ədəbiyyata gələn ədəbi nəslin bir çoxunun bəxti onda gətirdi ki, onların taleyinə Rəsul Rza kimi bir şair havadar oldu. Bu sözün həm fiziki mənasında, həm də mənəvi mənasında. Maraqlıdır indinin özündə də Rəsul Rza barədə yazanda “onun məktəbi” ifadəsini yazmaqdan qorxurlar. Ancaq bu ifadəni biz tənqidimiz üçün, ədəbiyyatşünaslığımız üçün doğmalaşdırmalıyıq. Bu sözdən, onun həqiqi silqətindən çəkinməməliyik. Qorxmamalıyıq. Necə ki, musiqişunaslar çox böyük ürəklə, səxavətlə, inadkarlıqla, layiqincəsinə “Qara Qarayev məktəbi” deyirlər.

“Qara Qarayev məktəbi” bizim musiqimizdə var.

Bu danılmazdır.

Və eyni hüquqla, eyni inadkarlıqla, eyni səxavətlə, açıq ürəklə biz Rəsul Rza məktəbi deməliyik. Əgər sinəmizdə ürək döyünürsə, deməliyik.

Bu danılmaz həqiqətdir!”

Bir şeyi boynuma alım ki, mən həmişə ədəbi və musiqi aləmində paralellik gəzəndə, müqayisə aparanda belə qənaətə gəlmişəm: Rəsul Rzanın əllinci illərdən sonrakı yaradıcılığı ədəbiyyatda hansı mənanı kəsb eləyibsə, hansı rolu oynayıbsa, Qarayev musiqisi də bütünlüklə bəstəkarlıq da o deməkdir. Və yaxud əksinə. Və hətta mən bu iki sənətkarın özlərindən sonra gələn nəslin həyatında Şəxsiyyət kimi tutduğu mövqeləri də eyni səviyyəli hesab eləyirəm. Bu şəxsiyyətlərin hər ikisi neçə-neçə gəncin taleyində həqiqi mənada “ata”, “üz tutulan insan”, “kömək ümidi gözlənilən” adamlar olublar.

Hər ikisi yüksək zövqlü şəxsiyyətlər idi.

Hər ikisi əsl Azərbaycan ziyalısı idi.

Hər ikisi kökə bağlı, milli ənənəyə bağlı, bayatılardan gözləri dolan, ağılardan ağlayan, əsl dost itkisindən əziyyət çəkən insanlar idilər.

 

 

RƏSUL RZA ŞEİRLƏRİ TÜRKİYƏDƏ

 

Azərbaycanın görkəmli şairi Rəsul Rza dünya xalqlarının dilinə tərcümə olunan şairlərdən biridir.

Rəsul Rzanın şeirləri Kanada da çap olunmuş (mən bunu xüsusi olaraq vurğulayıram, ona görə ki, bir azdan da oxuyacağınız kimi Kanadada şeir bir o qədər sevilməz) dünyaca tanınmış çex şairi İrje Taufer tərəfindən tərcümə olunaraq,çex dilində yayınlanmış və Sovetlərdə yaşayan bir çox millətin dilində də bu şairin şeirləri oxunmaqdadır.

Bilmirəm, mənim bu xəbəri yazdığımdan qabaqlar Rəsul Rza şeiri toplu halında,yəni kitab şəklində türkcəyə çevrilib ya çevrilməyib, amma mən bildiyim budur ki, çox şükürlər olsun,belə bir böyük şairin şeirləri onun canı qədər sevdiyi türk dilinə və ya belə deyək, Türkiyə türkcəsinə də tanıdıldı.

Rəsul Rza Sovetlerin burum-burum vaxtında, hələ qlavlitin meydan oxuduğu və türk şairlərinin Azərbaycanda demək olar ki, yasaq olunduğu illərdə heç kimsəyə boyun əymədən onların şeirlərini azəri türkcəsinə çevirən bir sənətkardır. Azərbaycanın bir çox şair və ziyalısının Türkiyəyə qarşı sevgisinin oyanmasında Rəsul Rzanın xidmətləri əvəzsizdir və çox zaman da həyatı bahasına başa gəlmişdir bir çox şeylər. Bu gün bunları beləcə söyləmək bir mahnı oxumaq kimi bir şeydi. Amma, illər öncəsi belə şeyləri eləmək bir qəhrəmanlıq kimi dəyərləndirilirdi və Rəsul Rza da heç kəsdən mükafat gözləmədən bunu eləyirdi.

O illərin şərtlərində belə şeyləri eləmək hər adama nəsib olmurdu. Rəsul Rza vətəni Azərbaycanda ölümündən sonra da gənclik və ədəbiyyatı dəyərləndirən adamlar tərəfindən son dərəcə böyük hörmətlə sevilən bir şairdir və ziyalıdır sözün həqiqi mənasında.

Yenə də təkrar edirəm: mənim bildiyimə görə gec də olsa, belə bir gözəl addım atılmış və özünün görə bilmədiyi bir gerçək həyata keçirilmişdir.

Rəsul Rzanın şeirlərini Türkiyə türkcəsinə çevirmək bir o qədər də zorluq tələb eləmir. Çünki Rəsul Rza elə azəri türkcəsində yazanda sanki öztürkcədə yazırdı və onun şeirlərinin çevrilməsi məncə bir o qədər də çətin deyil.

Türkiyədə çap olunan kitabda belə bir ön söz var. Bu fikirlər bizim oxucular üçün tam bəlli olsa da, mən bu sözləri bizim türkcəyə çevirmədən oxuculara çatdırmaq istəyirəm.

Ön sözdə yazılır:“ Rəsul Rıza’nın şiirleri insan severlik emelinde bizim bakımdan fütürist və muhteva bakımından toplum çizgisindedir. Dili oldukça zengin və varlıklıdır. Önceki şairlerin diline göre, kavram, ses ve mana bakımından önemli ayrılıklar taşır. Azeri şiirine kısa və besit görünüm kazandırdı. Resul Rıza’nın şiirlerinde vezin, kafiye ve belirlenmiş diger kurallara yer vermemesi çok tartışıldı... ”

Kitabda bizə məlum olan bu fikirlərə yer verən tərcüməçi dünyaca tanınmış bir çox sənətkarın da sözlərinə yer vermişdir.

Onlardan bir neçəsi:

Çingiz Aytmatov: “Aziz Resul Hoca, dönemimizin en fazla sayğı duyduğu şairlerden birisiniz, ilham dolu düşünceler ve imgeleriniz için sağolun.”

Kara Karayev(Azeri bestekar): “Resul Rıza eserleri köhnelik korkusunu taşımayan sanatçılardandır. Hergün dündən daha iyi ve varlıklı”.

Dizon Karter (Kanada): “Kanadada şiir az okunur. Şiir kitabları seyrek durumlarda yeni baskılar yapar. Oysa Resul Rızanın şiirleri gerek Kanadada, gerek Amerikada onbinlerce okurla buluştu”.

Bu ifadələrdən də anlaşıldığı kimi Rəsul Rza şeirin yeni, təkrarsiz bir ismi olaraq yaşadı. Yenilikçi və təkrarsız idi. Rəsul Rza güclü bir şair olaraq şeir dilini danışıq dilinə yaxınlaşdırmağı bacarmışdı. Bu heç də şeirin klassik dəyərini düşürmək kimi anlaşılmamalıdır.

Rəsul Rza yaşadığı illərin bütününü mübarizə və təlaşda keçirmiş, ən vacibi isə bir xarakter olaraq heç zaman əyilməmiş və dönməmişdir. Azərbaycanda aydın bir cəmiyyətin yetişməsində böyük və əvəzsiz xidmətləri olan bu şair, nə yazıq ki, heç rahat olmadı ölənə qədər.

Türkcə səslənən Rəsul Rza şeirlərinin birindən örnək:

 

Ben yolcuyum

Ben yoldayım

Od ne çekti

Küle sorun

Hangi şiirim

Benden sonra

Yaşayacak

Ben bilemem

Halka sorun...

 

Qənatimizə görə bu sətirlər Rəsul Rzanın ən sıxıntılı günlərində yazılmış sətirlərdəndir. Heç zaman rahatlıq nə olduğunu bilməyən bu şair,ölümündən sonra yaşaya biləcəyini bildiyi halda belə, yenə də üzünü öz xalqına tutur.

Belə yazır tərcüməçi:

“O dünün kızıllığını yarınlarda aydınlığa devşirmekle uğraşıyordu... ”

Türkcəsi “Ortadoğu” qəzeti 7 fevral 1995

 

 

ONLAR NƏ DEDİLƏR ORXAN ARAS (Almaniya)

 

Türkiyədə tələbəykən Türk Ədəbiyyatı dərgisinə abunə idik.O dərgidə zaman-zaman Azərbaycan ədəbiyyatından örnəklər verilirdi.Bəxtiyar Vahabzadəni, Məmməd Aslanı ilk dəfə o dərgidə o oxumuşduq.O sıralar sərbəst şeirə bir o qədərdə sevgi ilə baxmazdıq.Çünki Yahya Kemal, Mehmet Akif, Necip Fazıl kimi gənc tələbələrin örnək aldıqları şairləri sevir və onların şeirlərini əzbərləyərək toplantılarda oxuyurduq. Sərbəst şeirə biganə olmamızın bəlkə də ən böyük nədəni, o dönəmlərdə dövlət tərəfindən sürəkli tənqid olunan Nazım Hikmətin sərbəst və ideoloji şeirləriydi. Halbuki onun fikrinin qarşısında olan Sezai Karakoç da sərbəst şeir yazırdı, amma biz onu da çox sevgi ilə oxumurduq.

Bir gün Türk Ədəbiyyatı dərgisində Rəsul Rzanın da bir şeiri yayınlandı. İndi hansı şeir olduğunu xatırlamıram. Amma şeir məni eynən Necip Fazılın şeiri kimi sarmış və bir neçə gün o şeirin misralarını ağlımdan çıxarmamışdım.

Sonralar onun şeiri ilə yaxından tanış oldum və şeirlərini anladıqca çox sevdim. Onun şeirləri ilk oxunuşda insana çox bəsit görünə bilər.Amma şeirlərin dərinliyinə varanda bəsit dillə söylənmiş şeirlərin dərin fəlsəfəsinin və lirizminin olduğu həmən ortaya çıxır.

Məsələn “Rənglər“ silsilə şeirlərini uzun illər öncə oxumama baxmayaraq çox misralar hələ də yaddaşdımdadır:

 

,qara, sarı, yaşıl, qırmızı

Hərəsi bir sınaqla bağlıdır

Biri həsrətimizi xatırladır

Biri dərdimizi, biri arzumuzu...

 

Bu misralar nə qədər bəsit görünsələr də, dərin bir həqiqətləri anladır.

Gerçəkdən də nə zaman anam xəyalımda gözlərimin önünə gəlsə, elə hey başındakı bəyaz örtüsü, babamı da gecələri başına qoyduğu sarı papağıyla xatırlayıram.

 

“Rənglərin də musiqi

kimi ahəngi var

Ağrının, sevincin,

ümidin də rəngi var”‘

 

Nə qədər gözəl söylənmiş sözlərdir bunlar! Xalqımız hər rəngə bir məna verməmişmi? Hətta xaqanların isimlərini belə ‚Ağ Xan, Qara Xan kimi isimlərlə tanıtmamışlarmı?

Rəsul Rza bəzən bir misra ilə belə geniş bir qavramı təsvir edə bilən bir şairdir. Məsələn:

Yuxulu bir körpənin təbəssümü, ümid! misrası bir romançıya nələr anladır, nələr...

Rəsul Rza şeirindəki sadəlik əslində insanın sürəkli röyası olmuş, sadə bir həyatın da təsviri və ya xəyalıdır.Üç misra ilə anladılan həyat, qarmaşadan, kirlilikdən və ümidsizlikdən təmizlənmiş bir həyatdır:

Baharlı düzlər, dağlar

Üstünə işıq süzülən dalğalar.

Onun təbiəti, insanı, duyğuları təsviri bir neçə kəlimə ilədir. Duyğulu olan insan üçün bu üç, beş kəlmə bir romandan daha gözəl, daha dərin və daha təsirlidir.

Onun eşqə baxışı da belədir.

 

Söylə nədir bu ədalar

Bu işvə, bu naz

Vallah, ay qız bu gözəllik

Sənə də qalmaz!

 

Bu qısa və vurucu sözlər gün olmuş hansımızın qəlbindən keçməmiş ki?

Son

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2010.- 8 may.- S.27.