Səsin bənövşə duruşu

 

“Məndə yaşayanlar” silsiləsindən

 

Görkəmli elm adamı, folklorşünas-alim kimi tanıdığımız Məhərrəm Qasımlının “Sənə sözüm var” adlı şeirlər kitabını oxuduqdan sonra söz sənətinə dair qənaətlərimdən biri öz yerini məndə daha da möhkəmləndirdi: Deməyə sözün varsa, o söz səni yatmağa, işləməyə qoymayacaq, dinclik-rahatlıq verməyəcək, ovqatını öz oxu ətrafında çarx kimi dolandıracaq, ta ki o söz deyilənə qədər! Deməyə sözün varsa, bulud kimi dolmusan deməkdir, boşalmadıqca poetik-revmatik ağrılar canından çıxmayacaq! Necə ki çoxsaylı elmi-tədqiqat və publisist kitabları nəşr olunsa da, Orxan Paşa (Məhərrəm müəllim öz şeirlərində bu ədəbi təxəllüsü də işlədib) illər, onillər boyu sinəsində gəzdirdiyi, ilk dəfə 1981-ci ildə nəşriyyata təqdim etdiyi, lakin yaşıl işıq yandırılmayan şeirlərini iyirmi üç il sonra şair kimi görüşünə can atdığı oxucuya çatdırmaq ehtiyacı hiss edib, “Gəldim, axır ki gəldim...” dedirdib.

Kitabdakı 120 şeirin bəzisi qırx yaşındadır, bəzisi isə hələ körpədir, qırxı təzə çıxıb. Ancaq məsələ burasındadır ki, şair öz sözünü deyib, ağrılardan-acılardan qurtulub, lakin kitabın içindəki şeirlərin kövrək aurası, saysız-hesabsız misraların titrək ovqatı bu səfər də mənə rahatlıq vermir. Əslində, kitaba adını verən şeirində Məhərrəm müəllim işarə edir ki, “könüldən boylanıb dil aça bilməyən kövrək sözləri”, yəni “sükutu gözlərlə də eşitdirmək” mümkündür. Kitab haqqında haqqı olan geniş və layiqli söz açma cəsarətini göstərə bilməyəcəyim üçün mənə “dinclik verməyən” bir neçə misra haqqında yazıram ki, öz ağrılarımdan xilas olum... Misra dediyimə baxmayın, əgər söhbət əsl şeirdən gedirsə, əgər məqsəd gerçək sənət əsərindən söz açmaqsa, “misra-i bərcəstə kafidir”! Bərcəstə isə, məlumdur, “estetik, lətif, bənzərsiz, zərif, dərin mənalı, yaddaşda asanca kök salan” deməkdir.

Kitabdakı şeirlərdən biri “Səsinin bənövşə duruşu vardı” adlanır. Şeirə adını verən bu misra poetik tapıntıdır. “Yazağzı quzeyi yada gətirən” bu səs bənövşənin duruşunu çağırışdırır. Minlərlə insanın göz, qulaq və beyin yaddaşına həkk olunmuş nakam bir müğənni səsinin eyni anda tərənnümü, təcəssümü və təsvirini verən bu bədii lövhəni yaratmaq üçün təkcə şair olmaq kifayət eləmir. Gərək həm də zəngin sazlı-sözlü ədəbiyyatı sinədəftər edəsən, klassik poeziyanı mükəmməl biləsən, epos mədəniyyətinin dərin qatlarına enməyi bacarasan, poetik sözün çəkisini fəhm edə biləsən:

 

Nədənsə dağları salardıq yada,

O yerlər ki, bizə doğmadı, yardı.

Ən şux mahnıları oxuyanda da

Səsinin bənövşə duruşu vardı.

 

Dördcə kəlməlik sonuncu misradakı mükəmməl təşbihdə möhtəşəm bir bədii mənzərə var. Əvvəla, bənzəyən bütövün özü yox, onun bir parçasıdır, lakin elə bir parçası ki, tamın özü haqqında dolğun təsəvvür yarada bilir. Bu, Məhərrəm müəllimin sənətkarlığından, şeir sənətinə vaqifliyindən xəbər verir. Küll haqqında zərrənin dolğun təsəvvür yaratmasını istəyirsənsə, gərək seçilən zərrə bütövün ən canalıcı xassəsini, keyfiyyətini, əlamətini özündə əks etdirə bilsin. Səs zərrənin, qətrənin rəmzidir. Külli-varlıq – səsin sahibi isə bu qətrənin, zərrənin içindədir.

İkincisi, təşbihdə bənzəyən üçün seçilən xassə səsdir, unudulmaz müğənni Nəzakət xanım Məmmədovanın könüllərdə yaşayan səsi! Səsin növləri də, şəkilləri də, məziyyətləri də çoxdur. Məsələn, dilçilikdə səsin variantı, invariantı, fonemi, assonansı var. Leksik-semantik prizmadan səsin vıyıltısı, ciyiltisi, şırıltısı, hənirtisi, fısıltısı, pıçıltısı və s. və i.a. çalarları mövcuddur. Musiqi sənətində səsin tenor, soprano, bas, minor, major və s. ton və tembrlərindən bəhs edilir. Şairin bu misrasındakı səs müğənninin “bayrama yetişən yazı”, “köklənmiş sazı” xatırladan “ərköyün”, “səslərə qoşulub arabir gülsə” də qəmlə, kədərlə həmavaz olan səsidir.

Üçüncüsü, bənzədilən “ən şux mahnıları oxuyanda belə” duruşu ilə xatırlatdığı, çiçəklərin ən dərdlisi, qəmlisi və sınıq qəlblisi bənövşədir. Burada da bütövün – bənövşənin özü yox, onun şifahi xalq ədəbiyyatında və müasir poeziyamızda onlarla şeirə mövzu olmuş məlul duruşu, buruqluğu, tənhalığı, boynubüküklüyü təşbihtə bənzədilənin tərəf müqabili olaraq seçilmişdir.

Nəhayət, bənzədənə – yəni təşbihin kaşifinə gəlincə, bu kəşfin sahibi poetik sözün tutumunu bilən, bir misraya yüklənməsi mümkün olan bütün leksik-semantik siqləti və estetik gözəlliyi naxışlayan sənətkar Məhərrəm Qasımlıdır.

Şairin poetik ovqatında Nəzakət xanımın səsi göyqurşağı rənglərinin mahir bir rəngkarın tablosundakı duruşu qədər zərifdir. Bu səsin “həmişə tərsinə axanı”, “ötəri, xəfif nəsim olanı”, “hansı xalındasa giley gizlənən bayatı boylusu”, “səslərə qoşulub güləni” var. Amma bütün hallarda, bu səs boynubükük bənövşə duruşludur! Bulaq kimi qaynar və büllur olan bu səs sahibinin ifasında aşağıdakı mahnıya hər dəfə qulaq asanda adamı iç sızıldadan, qəlb göynədən nisgilli bir ovqat bürüyür:

 

Axşam düşür, şər qarışır,

Sahil bağı aşır, daşır,

Hamı küsənlər barışır,

Heç küsməyin yeridirmi...

 

Bənövşə çiçəyi həm də nəğmədir, ancaq estrada mahnısı deyil, zəminxarə ladına köklənmiş bəstədir. Bu çiçəyə diringə mahnılar yaraşmır, çiyinatdıran rəqslər ona görə deyil! Yumulması da, açılması da ağayanadır, “heyvagülü”dür, başdan-başa hüzndür, qəm-kədərdir, ayrılıqdır, hicrandır... M.Qasımlının bu beş bəndlik poetik lövhəsində Nəzakət xanımın səsi ”əlinə bircə yol saz almasa da” aşıq (aşiq!) səsidir, çeşmədən axan dumduru sudur. Ancaq çağlayıb səs salan şəlalə deyil, başında oturub baxışlarını suya dikənlərin öz dərd-qəmiylə qol-boyun olmasına imkan yaradan həzin dağ çayıdır.

Şeirdə misraların pıçıldadığı daha bir incə mətləb var: Hər qadın kimi Nəzakət xanımın özü də bir çiçəkdi. Ancaq onun həyatı nə qızılgülə, nə qərənfilə, nə də laləyə bənzəyirdi. Bənövşənin yarpaqları ürək şəklindədir və asimetrikdir, nizamsızdır. Bu, onu digər çiçəklərdən ayıran ən bariz fərqlərdən sayılır. Və burası da maraqlıdır ki, təxminən 400-dən artıq növü, 10-a yaxın rəngi olan bu çiçəyin bədii ədəbiyyatda izdüşümü evdə də yetişdirilə bilən saxsı çiçəyi yox, dağ gülü, yabani çöl bənövşəsi şəklindədir, rəngi də ağ, sarı, qırmızı, çəhrayı deyil, öz rəngindədir, yəni bənövşəyi... Başqa bir deyişlə, müğənninin özünə də, səsinə də, asimetrik qısa ömür salnaməsinə də ən çox yaraşanı bənövşə çiçəyi idi ki, bu uyumluluğu, həmahəngliyi şair dəqiq yaxalayıb və sərrast ifadə eləyib!

Bu çiçəyin bədii obrazı ilk dəfə mənim yaddaşıma yeniyetmə yaşımda yazıçı Salam Qədirzadənin “46 bənövşə” povesti ilə sevgi toxumları əkmişdi. Bir müddət sonra gəncliyimdə bənzərsiz müğənnimiz Rübabə xanım Muradovanın ömrünün sonlarında muğam üstündə mərhum şairimiz Nüsrət Kəsəmənlidən səsləndirdiyi misraları eşitdim və o səs, o misralar aylarla, illərlə duyğularıma hakim kəsildi, canımdan çıxmadı:

 

Çəmənlərə iz düşdü,

Bir deyil ki, yüz düşdü.

Niyə sənin payızın,

Hər çiçəkdən tez düşdü;

Yumul, bənövşəm, yumul.

 

Türk dünyasının böyük ozanı Qaracaoğlanın hələ XVII əsrdən boylanan “Bənəvşə” çiçəyi ona görə əyri bitir ki, “Qədrini bilməyənlər səni alır əlinə”. Aradan dörd yüz il keçdikdən sonra Məhərrəm müəllimin “Səsinin bənövşə duruşu vardı” misrası, nədənsə, məndə eyni duyğuları oyandırdı...

Haqqında bəhs etmək istədiyim ikinci şeir “Mənə neylədisə ürək eylədi” şeiridir.

 

Mənə neylədisə ürək eylədi,

Dərdimi dağlara söykək eylədi.

Ağladıb, kiridib kövrək eylədi,

Gözü göz yaşında ovunan mənəm.

 

Məhərrəm müəllimi yaxından tanıyanlar bilir ki, bu şeir sanki gələcəyi görmədir, bəsirətdir, qabağı görücülükdür. Şeirin yazıldığı tarixdən çox-çox sonralar şairin ürəyi bir balaca onunla zarafat elədi və şükürlər olsun ki, elə zarafat olaraq da qaldı! Şeirin yazıldığı dönəmdə şair öz bədən üzvü olan ürəyinin yerini bəlkə də bilmirdi, şeirdəki “ürək” məcazi mənada işlədilmişdi, “qəlb, könül” kəlmələrinin sinonimi idi və məhəbbət duyğularının lirik aşiqə çəkdirdiyi “əziyyətlərdən” etdiyi sitəmkarlığın, “hicran girdabında boğulan” gəncin bakir hislərinin poetik ifadəsi idi.

Bəndin “Gözü göz yaşında ovunan mənəm“ misrası isə şeirin misra-i bərcəstəsidir, yəni şah misrasıdır. İnsanın böyük kədərini əyaniləşdirən simvollar, rəmzlər çoxdur. Kədərin ən ağırı kişilərin çiyinlərinə, qadınların gözlərinə qonur. Şairin lirik “mən”inin də dərdi böyükdür, bir təbib neştəriylə açılan yarasında “Məcnunun qan ağladığını” görür və etiraf edir ki, onun nakam sevgisi “dildə dastan” olub oxunur. Bununla yanaşı, o, öz kədərinin göz yaşı ilə açığa çıxmasından ehtiyat edərək (kişi olduğu üçün!), gözünü göz yaşıyla təsəlli edir, onu ovundurur, kiridir. Ancaq özünün “pərişan halını alın yazısı kimi” qəbul etməklə göz yaşlarına səbəb olan “ala gözlü, şümşad boylu” sevgilisini də bədnəzərdən qoruyur. Şeirin son bəndinə diqqət edək:

 

Həsrət payızında neçə ki sağam,

Gərək buludlara qoşulub yağam.

Havalı könlümdən çəkilib tamam,

Yaralı könlümə sığınan mənəm...

 

Nəhayət, başında qara sevda havası ilə dolaşan dəliqanlı aşiq sevdiyinə qovuşa bilməsə də canında can olduğu müddətdə “həsrət payızında” qalmağa andlıdır, bu ayrılığın onu üzəcəyini, kövrəldəcəyini bilir, ancaq “buludlara qoşulub yağacağına” görə heç kəs onun ağladığını görməyəcək və bilməyəcək, özündən və keşməkeşli məhəbbət burulğanından qaçıb sığınacağı tək liman olan yaralı könlündən başqa...

Yazımı kitabdakı sonuncu şeirə dair düşüncələrimlə bitirmək istəyirəm. Bu, bir dördlükdür:

 

Köksümdə göynəyən qəmli tütəyin

Buludlar ağladan dərdi varıymış;

Çox da böyük deyil dünya dediyin –

Səndən ayrı tamam dörd divarıymış...

 

Bu şeirdə real dünya ilə irreal dünya, materialist fəlsəfə ilə metafizika iç-içədir. Misraların, bütövlükdə mətnin üst qatı görünəndir: Sevgilinin həsrəti aşiqə dərd verir, onun ürəyini göynədir. Sevdiyi yanında yoxsa, bu dünya dar və boş (dörd divar!), yaşamaq isə mənasızdır. Əslində, bu misralar öz-özlüyündə real poetik yük daşıyır. Dördlük elə bu anlamıyla da şeirdir. Lakin fikrimcə, bu dördlüyün təsəvvüf qatı da var. Buradakı ayrılıq həm də sufi təlimdən qaynaqlanan ayrılıqdır. Sufizmdə hicranın, həsrətin, ayrılığın simvolu neydir, tütəkdir. Dördlüyün birinci və ikinci misralarında bu rəmzi işarə sezilir: sinədəki ürək qəmli tütəklə rəmzləşdirilir, lirik qəhrəmanın içini göynədən dərdi-qüssəni yanıqlı tütək səsi dilə gətirir. Bu kədər o qədər ağırdır ki, buludları belə ağlada bilir. Buradakı ayrılıq təsəvvüf hikmətinin ən mahir ustadlarından olan Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sindəki neyin hekayəti, bu möhtəşəm epik-didaktik poemanın ilk beytindəki həsrətdən şikayəti ilə paralellik göstərir: Dinlə neydən kim hekayət etmədə. Ayrılıqlardan şikayət etmədə... Qamışlıqdan qoparılmış ney ayrılıq əlindən fəryad qoparır, kökündən qoparılmış olmasından şikayət eyləyir. Buna görə, öz dərdini (həsrətin dərdini!) anlatmaqdan başqa çarəsi qalmamışdır. “Məsnəvi”nin bütün hikməti bu nalədə gizlidir. Kökündən qoparılmışlar (yaradılanlar) təkrar öz köklərinə qayıtmaq (öz Yaradanına qovuşmaq) ümidi ilə yaşadıqları müddətcə vardırlar! Məhərrəm müəllim də dördlüyün son iki misrasında insanoğlunun yalnız öz sevdiyinə və Yaradanına sığınmaqla var ola biləcəyini, sevgisiz, inamsız, inancsız və etiqadsız bir həyatın “dörd divardan” başqa bir şey olmadığını ifadə edir. Məni bu qənaətə gətirən həm də müəllifin kitabın ön sözündə öz oxucusuna (yəni həm də mənə) ünvanladığı bu cümlələri oldu: ”Sən məni ilk sevgiyə də bənzədə bilərsən, gecikmiş məhəbbətə də. Çay qırağında quzu otaran, özü də o quzulardan seçilməyən bir uşağa da oxşada bilərsən, gidi dünyanın olub-olacaqlarına göz gəzdirib köks ötürən yorğun-arğın bir dərvişə də. Kimi görə biləcəksən? Bunu sənin könlündən başqa heç kəs bilmir...”

Xeyli əvvəl yazdığım bir şeirdə iki misra vardı: Məndən bəhs etmisən dünən, dolmuşam. Bir gün də gecikib unudulmağım... Sənin haqqında kimsə, hardasa, nəsə danışırsa, demək hələ varsan, xatırlanırsan, unudulmamısan. Misra da insan kimidir. Yaxşıdırsa, yaddaşlarda, xatirələrdə yaşayır. Xatırlandıqca unudulmur. Başlıqdakı misranın ünvanı “bənövşə duruşuna” bənzəyən səsin sahibi Nəzakət xanım kimi, bu unudulmaz səsin tamamını bircə misraya sığdıran Məhərrəm müəllim kimi!

 

 

Əsgər RƏSULOV,

filologiya elmləri doktoru,

BDU-nun professoru

 

525-ci qəzet.- 2010.- 8 may.- S.26.