Murad Rzayev fədakarlığı
AZƏRBAYCAN İNCƏSƏNƏTİNƏ
MÜHÜM XİDMƏTLƏR GÖSTƏRMİŞ BU
YORULMAZ MƏDƏNİYYƏT VƏ MAARİF XADİMİ HƏLƏ
DƏ LAYİQLİ QİYMƏTİNİ ALMAYIB
Murad Rzayev qırx ildir
müxtəlif psixologiyaya malik istedadlı uşaqların
tapılıb üzə çıxması yolunda yorulmadan,
usanmadan həvəslə çalışır.
İlk günlər
görürsən ki, bir uşaq Yaradıcılıq Mərkəzinə
utana-utana gəlir. Murad müəllim uşağı görən
kimi onun qabında nə olduğun hiss edir. Əsas məsələ
onun içində gizlənmiş istedadı üzə
çıxarmaqdır. Ona görə də ansamblın hər
bir üzvünə, hər bir ifaçı və solistə
fərdi qaydada yanaşır. Uşaq psixologiyası çox qəribədir.
Hərəsinin öz xüsusiyyəti var. Biri tez
qavrayandır, biri çətin öyrənən, biri
dözümlüdür, başqası küsəyən, biri
söz götürəndir, o birisi tez inciyən... Ona görə
gərək bunları nəzərə alasan. Bu yerdə təkcə
musiqiçi, ansambl rəhbəri yox, həm də psixoloq olmaq
lazımdır. Bəlkə də psixoloq olmaq daha öndə
dayanmalıdır.
Beləcə qırx ildə
minlərlə uşaq Murad müəllimdən musiqimizin, xalq
mahnılarımızın, muğamlarımızın, təsniflərimizin
sirlərini öyrəndi. Onun yanında ilk
uğurlarını qazanıb, yetişib, püxtələşən
yüzlərlə istedad bu gün Azərbaycan musiqi aləminin
sənət korifeyləridir.
Əgər Murad Rzayev qırx illik fəaliyyəti dövründə heç bir iş görməsəydi belə, bu dörd nəfəri – Tacir Allahverdiyev, İlhamiz Paşayev, Nazim Zeynalov, Arzu Fərhadovu tapıb yetişdirdiyinə görə Azərbaycanın və eləcə də bəşəriyyətin musiqi mədəniyyəti tarixində öz yerini tapmış, bacarıqlı bir təşkilatçı kimi əbədiyaşarlıq hüququnu özü üçün təmin etmiş olardı.
Murad müəllimlə Ağdam rayon təhsil idarəsinin Uşaq Yaradıcılıq Mərkəzinin yerləşdiyi yarımzirzəmi otaqda üz-üzə əyləşmişik. Otaq deyəndə, Balıqçılıq İnstitutunun istifadə etmədiyi yer imiş. Murad müəllim öz əlləri ilə oranı təmir etdi, işləyib, məşq etmək üçün abadlaşdırdı.
Qırx ildir yol gələn bir karvanın sarvanı ilə söhbət edirik. Murad müəllim aramla ürəyini açıb danışır:
– “Qırx
illik yaradıcılıq yoluma dönüb baxanda həm
sevinirəm, həm də kədərlənirəm. Sevinirəm
ki, yetirmələrim respublikanın xalq artistləri Nəzakət
Teymurova, Aygün Bayramova, əməkdar artistlər Feruz Səxavət,
Cabir Abdullayev, əməkdar mədəniyyət
işçisi İlhamiz Paşayev, tanınmış
musiqiçilər Teymur Əmrah, Sevinc Sarıyeva, Tacir
Şahmalıoğlu, Arzum, Xatun və onlarla başqaları
kimi sənətkarların yetişməyində əməyim
olub. Son zamanlar “Yeni ulduz”, “Azəri star”, “Muğam”
yarışmalarının bir çox
iştirakçısı da mənim tələbələrimdir.
Onlarla qürur duyur, fəxr edirəm. Bu gün səhnəmizin
üç Leylisi mənim tələbəm olub. Kədərlənirəm
ona görə ki, bəyənmədiyimiz Sovetlər Birliyi
zamanı Moskvada, Bakıda bütün böyük tədbirlərin
və bayram konsertlərində Rəşid Behbudov,
Müslüm Maqomayev, Zeynəb Xanlarova kimi korifey sənətkarlarla
bir yerdə “Qarabağ bülbülləri” ansamblı da
çıxış edirdi. Bəzi konsertlər bizim
çıxışımızla bağlanırdı.
İndi yada düşüb, tədbirlərə dəvət
olunmuruq. Qırx illik əməyim, zəhmətim dəyərləndirilməyib.
Sağa-sola paylanan fəxri adlardan mənim payıma
düşmür. Halbuki hələ yetmişinci illərdə
SSRİ-nin qabaqcıl maarif xadimi adını almışam.
Böyük şairimiz Məmməd Araz bu misraları elə
bil mənim taleyimə yazıb:
Sən kiminin,
kimi sənin çiynində,
Şöhrətini yaşadanlar
az yaşayır.
Vaxtilə böyük sənətkar
Vaqif Mustafazadə təzyiqlərə dözmədi,
haqsızlığın qurbanı oldu. Səhnəmizdə
neçə-neçə obrazlar yaradan Səfurə
İbrahimova evsizdir, böyük aktyor Hamlet Qurbanov öz qiymətini
almadı. Xanım Qafarova onun-bunun evində yaşayır.
Lütfiyyə Səfərova əməyinin qiyməti verilmədi.
Bu siyahını uzatmaq da olar. Gəlin görək
hamısımı belədir? Hansı yollasa dünən sənətə
yamaq kimi gələn, heç kəsin yaddaşında bir
ifası ilə yaşamayanlar xalq artisti, əməkdar artist, əməkdar
incəsənət xadimi titulları daşıyır.
Televiziya verilişlərində onların dəbdəbəli
həyat şəraiti, üç mərtəbəli evlərini
görəndə beş yaşından səhnədə sənət
üçün can qoyan, bəzən yüksək hərarəti
olsa belə, məşqdən getməsinə icazə vermədiyim,
yüzlərlə mahnılar bəstələyən oğlum
Fəriddən utanıb, xəcalət çəkirəm. Mən,
qırx ildir sənətdə Fərhad kimi külüng
çalan Murad Rzayev onun-bunun evində kirəkeş
yaşayıram, aylarla kirəhaqqını ödəyə
bilmirəm. Sənətdən xəbərsiz, musiqi duyumu
olmayanlar böyük malikanələrdə yaşayır.
Televiziya ekranlarında vanna otaqlarını, qiymətli
daş-qaşlarını, bahalı maşınlarını
nümayiş elətdirirlər. Onu da deyim ki, Seyid Şuşinski
kimi dahi heç bir dəbdəbəli həyat tərzi
keçirməyib. Halbuki toylarda qızıl onluğu onun
başından sel kimi yağdırıblar. Xan Şuşinski,
Əbülfət Əliyev, Yaqub Məmmədov, Rübabə
Muradova cangüdənlə gəzməyiblər. Yaxın
keçmişimizin bütün məşhur toylarını
aparan Məmmədbağır Bağırzadə, Sədi Məmmədov
çarhovuzlu evdə yaşamayıb, bahalı maşın
sürməyiblər. Bəs dünən səhnəyə
çıxan, özündənrazı xanımlarda bu cah-cəlal
hardandır? Deməli, bunların imkanlı sponsorları var.
Yaxşı olar ki, o imkanlı sponsorlar o xanımlara göstərdikləri
qayğı və səxavətin 10 faizini də istedad sahiblərinə
göstərsinlər. Bu, Allaha da xoş gedər, bəndəyə
də.
Son zamanlar dəbdə olan
bir çox telekanallardakı “qonaqlıq” verilişləridir.
Bir-birini evinə gedirlər. Yeyirlər, içirlər, sonra
da bir-birinə atmaca atır, az qalırlar, saçyoldusuna
çıxsınlar.
Bu da adamın yadına dahi
Üzeyir bəyin “Məşədi İbad” filmindəki
nişan mərasimini salır. Kiminsə evinə gedib,
çörəyini yeyib, ona lağ etmək heç bir əxlaq
normasına sığışmır. Yenə bu verilişlərdə
də öz evlərini, mebellərini, bahalı servizlərini
nümayiş elətdirirlər.
İndi bir mahnı bəstələmək
də dəb düşüb. Yerindən duran deyir ki, onlarla
mahnı bəstələmişəm. Halbuki onların
çoxunun ümumiyyətlə notdan xəbəri yoxdur. Əcəba,
bəs bu mahnını necə bəstələyir? Mikayıl
Müşfiq demiş:
Şairəm söyləyir
yerindən duran,
Adamın üzərində
həya gərəkdir.
İndi Azərbaycanda bəstəkarların,
səhnə ulduzlarının sayı göydəki ulduzlardan
çoxdur. Hərə özünə bəstəkar deyir.
Barı Üzeyir bəyin ruhundan utanıb, həya etsinlər.
Onsuz da Şuşa ermənilərin işğalı
altında olduğuna görə Üzeyir bəyin də, Xan əminin
də ruhu narahatdır. Siz də bir tərəfdən narahat
etməyin. Hər demi çəkən özünü Xan əmi
kimi hiss edir. Onlar unutmasın ki, Xan əminin
ayaqqabısını geymək olar, amma onun yerişini yerimək
olmaz.
Məni çox narahat edən
bir məsələ də odur ki, incəsənət və
idman sahələri üzrə ali məktəblərə qəbulun
test üsulu ilə aparılması düzgün deyil. Bu gətirib
ora çıxarır ki, çox istedadlı, qabiliyyətli
uşaqlar qalar kənarda, təsadüfi adamlar 150-200 bal
toplayıb ali məktəblərə qəbul olunurlar. Burada əsas
qabiliyyət nəzərə alınmalıdır.
Mən dəfələrlə
“Qarabağ bülbülləri” ansamblının kiçik və
orta yaş qrupunun üzvləri ilə ön cəbhədə,
əsgərlər qarşısında,
qarlı-yağışlı havada konsertlər vermişəm.
Əsgərlərlə səngərlərdə
görüşmüşük. Bunların hamısını
reklam xatirinə yox, xalqımıza xidmət xatirinə
etmişik.
Bir məsələni də
xatırladım ki, 12 aprel 1993-cü ildə Təhsil
Nazirliyinin Kollegiya iclasında 264 saylı əmrdə qeyd
edilib ki, mənə Respublikanın Əməkdar İncəsənət
Xadimi fəxri adı verilməsi üçün Ali Sovetə
təqdimat göndərilsin. Hələ də bu qərar icra
edilməyib.
Bəs görəsən nə
vaxtsa Vətən onun yolunda hər zəhmətə
qatlaşıb, əziyyət çəkən, onun
şöhrətini yaşadan övladlarının qədrini
biləcəkmi? Çox saylı müraciətlərimizə
Mədəniyyət və Təhsil nazirlikləri müsbət
cavab verəcəkmi?”
Şair Cabir Novruzun belə
bir dəyərli misrası var: “Sağlığında qiymət
verin insanlara”. Prometey odu oğurlayıb insanlara verdi,
özü oddan məhrum oldu. Murad müəllimin
yetişdirdiyi onlarla ifaçı müxtəlif titullar, fəxri
adlar alıb, özü hələ də heç bir titul
sahibi deyil.
Biz isə öz növbəmizdə
bu dəyərli sənətkarımıza üz tutub deyirik
ki, darıxma, Murad müəllim, ölkəmizin rəhbərliyinin,
Heydər Əliyev Fondunun təşəbbüsü, diqqəti
sayəsində indi sənət adamlarına hərtərəfli
qayğı göstərilir, onların həyat və
yaradıcılıq imkanları genişlənir, şəraitləri
yaxşılaşdırılır, milli musiqimizin dünyada
tanınması üçün böyük işlər
görülür. İnanır və ümid edirik ki, bu diqqət
və qayğıdan sizə də pay düşəcək,
Azərbaycan incəsənətinə verdiyiniz töhfələr
müqabilində layiqli qiymətinizi ala biləcəksiniz!
Surxay ƏLİBƏYLİ
525-ci qəzet.- 2010.- 8 may.- S.25.