Arif Abdullazadə: özü və sözü

 

Arif Abdullazadənin əziz xatirəsinə

 

Arif Abdullazadənin 70 yaşı olacaqdı! Ancaq... ölümündən səkkiz il keçir , səkkiz ildir ki, o, aramızda yoxdur. İlk dəfə olaraq ömrün növbəti onillik dayanacağını Arif Abdullazadəsiz qeyd edirik. Qeyd edirik deyəndə ki, əllisində, altmışında təmtəraqlı, təntənəli rəsmi yubiley tədbirləri keçirilməməsi (əslində o, bunu sevməzdi də) ənənəsi elə indi də davam edir. Sağlığında yalnız məhdud dost təbriklərilə kifayətlənən Arifin onsuz keçən yeddinci onilliyi də son dərəcə sakit, susqun və kiçik bir dairədə anılır. Yaşasaydı, yəqin ki, yaradıcılığına kənardan baxmağa, yazdıqlarını təhlil etməyə (onsuz da özünə qarşı tələbkar idi!) bir qədər də imkan tapacaqdı və mütləq, bunu dəqiq bilirəm, yetmişinə nəsə yazacaqdı. Axı, o, əllisini də, altmışını da şeirlə qarşılamışdı. Yadımdadır ki, əllisi 90-cı ilə düşən Arif sənətkar üçün əlamətdar olan bu yubiley yaşının gəlişindən nəinki sevinməmiş, hətta narazı qalmışdı, onu həm tez, həm də gec gəlməsində qınamışdı:

 

Ya belə tez, ya belə gec,

niyə gəldin, 50 yaşım-

Yurdum hələ qarasını soyunmayıb,

Yurdum hələ qəlb dolusu ovunmayıb,

Hansı evin işığına,

Hansı səsə-küyə gəldin 50-yaşım?!

 

O, şeirlərində olduğu kimi, həyatda da belə idi: heç zaman özünü yaşadığı cəmiyyətdən ayırmazdı, təkliyin xoşbəxtliyini, sevincini (özü olsa belə!) qətiyyən qəbul etməzdi. Müstəqim mənada ömrü boyu tək yaşasa da , heç zaman tək olmamışdı, özünəməxsus fikirləri, ideyaları, düşüncələrilə yaşamışdı.

50-si kimi 60-nı da sakit, təmtəraqsız, bir az da narazı qarşıladı Arif. Qarşıda onu gözləyən taleyini oxuyurmuş kimi. Bu zaman Arif taleyini yazmaqdan qətiyyən çəkinmir, onun poetik sözü bütün çalarlarıyla mahiyyətini, varlığını ifadə edir və gələcək (ən azından öz gələcəyi) barədə poetik proqnozundan da qalmırdı:

 

Bu altmış nə yaman daş-kəsəklidi,

Çoxumuz bu həddi keçə bilmirik.

İynəsi zəhərli diş altındadı,

Torpağı bir qarış döş altındadı,

...Altmışlarda açdıq söz qapısını,

Altmışa çatmamış örtüb gedirik.

 

Altmışı keçdi Arif Abdullazadə, ancaq nə yazıq ki, bundan sonra cəmi iki il-yeni minilliyin iki ilini yaşadı. Yeni əsrin onilliyini aşa bilmədi, altmışın “daş-kəsəkli” yollarında büdrədi. O, yaşamını itirəndə 2002-ci ilin May ayı idi. O, bu ayı çox sevərdi, təkcə təqvim baxımından deyil, siyasi düşüncə, özgürlük və azadlıq baxımından sevərdi.

Arif Abdullazadə Apreldə doğulmuşdu, uzun müddət sovet sisteminin vətəndaşı olmuşdu , lakin heç zaman aprelçi olmamışdı, özünü heç zaman Aprel övladı hesab etməmişdi. İçində yaşadığı Apreli nəinki daxilən, qəlbən sevməmiş, hətta ona bir şeir belə həsr etməmişdi. Yaradıcılığa XX əsrin 60-cı illərində gəlsə də (o dövrün özündə belə ideologiyaya xidmət edən nə qədər əsərlər yazılırdı!), çap şərtlərinin çətin olmasına rəğmən siyasi konyukturalı bir şeir belə yazmadı. O dövrdə sənət adamları qarşısında yaradılmış partiya, ideologiya baryerlərini aşmaq üçün müəyyən mərhələlərdən keçmək, ayrı-ayrı şəxsiyyətlərə, mövzulara əsərlər həsr etmək kimi “yazılmamış qanun” sanki Arif Abdullazadəyə şamil deyildi. Arif Abdullazadə bütün varlığıyla Mayısçı idi: namuslu həyatı, üsyankar təbiəti, daxili və zahiri müstəqilliyi, ağıl və bədii təfəkkürünün özgürlüyü və onu hər zaman əks etdirməsilə. O, Mayıs tərəfdarı idi, dəqiq desək, Cümhuriyyət, azadlıq aşiqi idi. Bunu hələ 80-ci illərin əvvəllərindən, ilk aspirantı olduğum zamandan hiss etmişdim. Buna qədər iki il Türkiyədə çalışması onun özgürlüyünü bir qədər də artırmışdı. Bir sözlə, mən onunla tanış olarkən onun yaşayış tərzində, hərəkətlərində o zamankı cəmiyyətimiz üçün başdan-başa yeni olan bir sərbəstlik, azadlıq vardı.

A.Abdullazadə yaradıcılığa başlayan zamandan ömrünün sonuna qədər opponentlərinə onu qeyri-səmimilikdə suçlamağa, ölümündən sonra isə “yazılarında, çıxışlarında partiyalı mövqe əks etdirib” kimi ittihamlara azacıq da olsa imkan vermədi. Bütün əsərlərini öz qəlbinin səsi, ürəyinin hökmü ilə yazdı. Elə sonrakı-postsovet dönəmində də Arif Abdullazadə zamanın ideologiya maşınında tez-tez dəyişən, aktuallaşan mövzu və problematikaya yaradıcılığında yer vermədi. Çünki o, sənətə ad-san, şan-şöhrət, titul almaq və var-dövlətə sahib olmaq amacıyla gəlməmişdi. O, sənəti ilə heç zaman alver etmədi, mənsəb dalınca qaçmadı. O, belə canatımlara sadəcə ikrah hissilə yanaşır, məişət problemlərini həll etməyə yönələn sənət möhtəkirliyinə qarşı çıxırdı. Arif nə yazıbsa, arifcəsinə yazıb, qəlbinin səsi, ürəyinin hökmü ilə yaradıb. Ona görə də onun əsərləri zamanın sınağından üzüağ çıxır, saf, təmiz sənət imicini qoruyub saxlayır.

Arif Abdullazadə 1940-cı ildə Şəkidə ziyalı ailəsində dünyaya gəlib, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib (1961). İlk şeirləri də elə tələbəlik illərindən dərc olunmağa başlayıb. Bir il AMEA-nın Nizami adına Ədəbiyyat muzeyində, sonra Nizami adına Ədəbiyyat İnstitutunda işləyib. “Qantəmirin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bundan sonra da elmi axtarışlarını davam etdirərərək “Azərbaycan poeziyasında üslublar və istiqamətlər” mövzusunda doktorluq dissertasiyası yazıb. Doktorluq işində araşdırdığı problem zamanında kifayət qədər mübahisəli göründüyündən çox maneələrlə üzləşmişdi. Lakin alim ruhdan düşməyərək var gücü ilə elmi konsepsiyasını müdafiə etməyə nail olur. Arif Abdullazadənin elmi axtarışları sonralar “Novatorluq və üslub”, “Şairlər və yollar”, “Od nə çəkdi”, “Şair Cəfər Cabbarlı” kimi monoqrafiyalarda, onlarla məqalə və esselərdə öz əksini tapdı.

Arif sözü saf, büllur, təmiz olduğu kimi, həm də forma və məzmun baxımından orijinaldır, bənzərsizdir, forma, ifadə zənginliyi ilə diqqəti çəkir. İlk şeirlər kitabı “Arzular”dan (1964) başlayaraq sonrakı “Könüllərin dünyası”(1966), “Hər yerdə, hər zaman” (1969), “Ana dünyamız” (1976), “Sevin Azərbaycanı” (1979), “Səninlə sənsiz” (1983), “Bəxtimizin kitabı” (1988), “Seçilmiş əsərləri” (1991), “Ulu Qorqud” (1999), “Vseqda i vsyudu” (Moskva, 1976), “Svet Abşerona” ( Moskva, 1986) kitablarına qədər Arifin poetik sözü onun özü olub, özünü ifadə edib.

Şübhəsiz, Arif sözü ilə Arifin özü bir-birini tamamlayır, onu yada salan, yada saldıran da heç zaman ölməyən həmişəyaşar sözləridir. Altmışıncılar ədəbiyyatında onun adı nadir hallarda çəkilsə də, deməliyik ki, altmışıncılar ədəbiyyatını (xüsusilə poeziyanı) Arif Abdullazadəsiz təsəvvür etmək çox çətindir, hətta, mən deyərdim, mümkünsüzdür. Həm elmi nəzəri yazılarında, həm də bədii əsərlərində o, daim altmışıncıların yanında olub, yeni düşüncəni müdafiə edib.

A.Abdullazadə poeziyası forması, məzmunu, fəlsəfi məna tutumuyla poeziyamızda tamamilə yeni və orijinal bir səhifədir. Onun poeziyası başdan-başa poetik obrazlardan ibarətdir. O, nədən yazırsa yazsın, poetik obrazlarla düşünür və düşüncələrini obrazlı şəkildə ifadə edir. İstər-istəməz məşhur rus tənqidçisi Belinskinin bu sözlərini xatırlamalı olursan: “Şair olmaq indi o deyil ki, quş kimi melodik səslər çıxarıb civildəyəsən, şair olmaq poetik obrazlarla düşünmək deməkdir.”

A. Abdullazadənin “Zamanın boyu” şeirində olduği kimi:

 

Ulu vətən nicatına hələ gün sayır,

Ulu dilim öz adına yollar arayır,

Millət deyir: öz imzamla mənə yer ayır,

Qoca dünya təkbaşına fırlanır hələ.

Torpağımız həmsərhəddi torpağımızla,

Torpağımız həm də səddi torpağımıza,

Torpağımız hələ dərddi torpağımıza

Qoca dünya özbaşına fırlanır hələ.

Hələ günün dan yerinə çatan çağıdır,

Dan yerinin öz qanına batan çağıdır.

Azadlığım hələ bazar azadlığıdır,

Qoca dünya özxoşuna fırlanır hələ.

 

A. Abdullazadə poeziyası hiss ilə təfəkkür, duyğu ilə ağıl, ehtimal ilə məntiqin vəhdətindən yaranır: onun poetik düşüncələrində fikrin, detalın zahiri təsvirinə yox, psixoloji çalarlarına, daxili məntiqinə, mahiyyətinə varılır. Bu poeziya həm də dərin mənalar poeziyasıdır. Arifin təbiətindəki yüksək vətəndaşlıq mövqeyi onun poeziyasına da hopub. Azərbaycanın yaxın tarixində baş verən hadisələr şairi daim düşündürür, vətənin dərdlərinə əlac etmək yollarını arayırdı və gözlənilmədən “Çeçen olmaq istəyirəm” qənaətinə gəlirdi:

 

Bir tərəfim şər köləsi,

bir yanım şeytan tələsi,

taleyimdən asılmışam,

taleyimi kim böləsi?!

gözüm paxıl, sözüm nağıl,

bu şeytanlar dövrəsində,

bu nağıllar ölkəsində

nağıllardan düşüb qalan

bir qara div, bir əjdaha,

bir çin olmaq istəyirəm,

sən dövranın işinə bax...

Türk oğlu Türk ola-ola

Çeçen olmaq istəyirəm.

 

Arif Abdullazadənin sonuncu şeirlər kitabı ölümündən sonra nəşr olundu. Kitabı özü tərtib etmişdi, bölmələrə ayırmışdı, adını da özü müəyyənləşdirmişdi: “Tövbə duaları”. Çox narahat idi bu kitabın dərc olunmamasından. Burada onun 90-cı illərdən bəri yazdığı və heç bir kitabına daxil olmayan şeirləri toplanmışdı. A. Abdullazadə “Seçilmiş əsərləri” istisna olmaqla, heç bir kitabına əvvəlki kitablarında çap olunmuş şeirlərini təkrar salmırdı. Ömrünün sonlarına yaxın yazdığı qırx bayatını da bu kitabına daxil etmişdi. Xəstə olduğu müddətdə bu bayatıları çap olunmaq üçün “Ədəbiyyat qəzeti”nə mən təqdim etmişdim, ancaq qəzetdə bayatıların bir hissəsi dərc olunanda çox məyus olmuş, “Axı, mən 40 rəqəmini təsadüfi seçməmişdim”- demişdi. Sanki bununla o, nağıllardakı sehrli qırxıncı qapıya işarə edir və keçib gəldiyi qapıları arxasınca bağlayaraq folklora, ilkinliyə qayıtmaq, bu əzəli və əbədi poetik qaynağın ölməzliyini göstərmək istəyirdi. Kitabda həm də A.Abdullazadənin son illərdə hecada yazdığı şeirləri də çoxluq təşkil edirdi. Gəncliyindən üsyan etdiyi bu formaya yaradıcılığının ən kamil dövründə qayıtması bir çox mətləblərdən xəbər verirdi. Gəncliyində, yaradıcılığa başladığı vaxtda zamanın və yeni düşüncənin təsirilə heca ilə sərbəsti bir-birinə qarşı qoymaq meylləri ona da sirayət etmişdi. Ədəbiyyat aləmində baş verən bu nəticəsiz söhbətlərə sanki yekun vururmuş kimi, ölümünə bir neçə həftə qalmış gözlənilmədən S.Vurğunun “Dünya” şeirindən iki misra deyərək “Səməd Vurğun dahi şairdi” deməsiylə o, uzun müddət ikilikdə apardığımız səmimi dartışmaları yada salırdı. Beşlikdə yazdığı “Bir də bu dünyaya gəlməyə tövbə” şeiri kimi onlarla şerində hecadan özünəməxsusluqla istifadə edirdi:

 

Fələk taleyimi içindən oydu,

Ömür tabutumu tərsinə qoydu,

Gəlişim matəmdi, gedişim toydu,

Tövbə, ömür adlı kəlməyə tövbə,

Bir də bu dünyaya gəlməyə tövbə.

 

A. Abdullazadə Türkiyədə iki il işləyib Bakıya qayıtdıqdan sonra birbaşa roman yazmağa başladı. Qısa bir zaman kəsiyində beş roman ərsəyə gətirdi. İlk nəsr əsəri “Bir ovuc torpaq” romanıının mövzusu Türkiyə həyatından alınmışdı. Romanda II Dünya müharibəsində əsir düşmüş azərbaycanlıların sərt sovet qanunları ucbatından vətənlərindən uzaqlarda yaşamaları, didərgin düşmələri, onların yaşam şərtlərinin çətinliyi təsvir edilir. Balaş, İsmət, İbrahim kimi insanların daim vətən həsrətilə yaşamaları real və təbii detallarla göstərilir.

“Duyum” və “İşıq zolağı” romanlarında isə müəllif daha çox Azərbaycan ziyalısının vəziyyətini, onların problemlərini bədii təhlil süzgəcindən keçirir. “Qanlı yaddaş” və “Sınaq kürəsi” romanlarında isə müasirliklə tarixiliyin vəhdəti yaradılır.

Arif Abdullazadə ilə 1980-ci ilin ilin yazında tanış olmuşdum. Mən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdum. İnstitut Elmi Şurası onu mənə elmi rəhbər təyin etmişdi. O, yenicə doktor olduğundan ilk aspirantı da mən oldum. İş yoldaşları tərəfindən bir qədər köntöy, adamayovuşmaz, sərt kimi tanınan bu lopabığ adamın, deyəsən, burada “düşmənləri “ çox olmalıydı; nədən ki, ayrı-ayrılıqda mənə yaxınlaşıb işimin çox zor olacağına işarələr vururdular. Onun rəhbərlik məsələsinə inananlar az idi. Subaylığı da ona həyatda olduğu kimi, münasibətlərdə də problemlər yaradırdı. Lakin bütün bu şübhələrin heç bir əsası yox idi. Sonralar münasibətlərimizin yaxın olduğu və dostluğa çevrildiyi zamanlarda ona olan münasibətin nədənini özüm üçün aşkar etdim: Arif necə var, o cür də görünürdü, çox az adamla münasibət saxlayar və sözündə, hərəkətində son dərəcə səmimi olardı. Arif özü necəydisə, sözü də elə idi. Yazdıqları əsərlərlə nəfəs alırdı, zatən ondan bu dünyada qalan da yalnız əsərləri oldu.

Yetmiş yaşın mübarək, bir də bu dünyaya gəlməyə tövbə edən böyük şair, yazıçı, alim və vətəndaş Arif Abdullazadə!

 

 

Bədirxan ƏHMƏDOV,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2010.- 8 may.- S.22.