Xoş gördük, Abbas Abdulla...
(ŞAİRİN 70 YAŞINA)
Borçalıda
Bolnis-Kəpənəkçi kəndindən
Abdulla ağanın oğluyam,
Anam: Salatın xanım Daşdəmir qızı.
Dünyaya gəlişim:
1940-ın mayısı.
Gəlişimdən bir ay
sonra
qeyb etdim atamı.
Bir neçə dil bilirəm,
Dünyaya gəlib-gəlməyəli.
Ən gözəl bildiyim dil
Yoxsulluğun dili.
İyirmi səkkiz ildir
Bakılıyam,
Ən sevdiyim bir şəhər
Bakı!
Bakıdan çıxıb
yola:
Kiyevə getmişəm,
Sonra Moskvaya,
Sonra İstanbula.
İndi mənim
üçün
Dünyanın hər yerinə
yol
Bakıdan başlayır,-
O dünyaya da..
Dünyadakı bütün
insanları sevirəm,
Məni sevməsələr
də olar...
Əziz oxucu, bu avtobioqrafiq
şeirin müəllifi tanınmış şairimiz Abbas
Abdulladır. Onun bir neçə gündən sonra 70
yaşı tamam olur və bu yazıda da istəyirəm onun
keçdiyi yaradıcılıq yolu, şeir-sənət
ömürlüyü haqda qısaca söz açım. Həmin
bu şeiri Abbas Abdulla 1986-cı ildə qələmə
alıb. Təbii ki, 24 il ərzində Abbas Abdullanın həyatında,
yaradıcılıq dünyasında çox hadisələr,
olaylar baş verib, çox sular dəyişib. Bir insan kimi
yaşa dolub, sevincləri də olub, qəmdən, kədərdən
də uzaq düşməyib, qardaş Türkiyədə
müstəqil respublikamızın konsulu vəzifəsində
çalışıb (ondan əvvəl “Ədəbiyyat və
incəsənət” qəzetində redaktor müavini, “Ulduz”
jurnalında baş redaktor vəzifələrində işləyib),
indi isə Yazıçılar Birliyində beynəlxalq əlaqələr
şöbəsinin müdiridir..
Yaradıcılığında da fərəhli hadisələrlə
üzləşirik. Çoxlu dost itkisi yandırıb onu, təzə
dostlar da qazanıb. İyirmi dörd il əvvəl bəlkə
də nəvə şirinliyi dadmamışdı, amma indi nəvələrinin
boy-buxunundan, ağlından-kamalından sevinə bilir. Bəli,
çox şey dəyişib, amma dəyişməyən
yetmişinci illərdən bəri tanıdığım
ŞAİR,TƏRCÜMƏÇİ, PUBLİSİST, DOST
ABBAS ABDULLAdır ki, xasiyyəti, xarakteri, insanlara və ədəbiyyata
sevgisi dəyişməyib.
Mən onu demək olar ki,
işə getdiyim hər gündə görürəm. Budur,
sakit, təmkinli Abbas Abdulla Yazıçılar Birliyinin
giriş qapısından içəri girir, ikinci mərtəbəyə,
qocaman şairimiz, ustad Fikrət Sadığın, şairə
Mahirə Abdullanın da qərar tutduğu otağa daxil olur,
hal-əhval, salamlaşmadan sonra gündəlik qəzetlərə
baş vurur, sonra öz işiynən məşğul olur.Hərdən
mənim də bu iki ağsaqqal, müdrik şairin
otağına yolum düşür. Bir də görürsən
ki, şeir yazmağa əlli yaşından sonra başlayan, ya
da təqaüdə çıxandan sonra şair olmaq istəyən
neçəsi Fikrət Sadığın (Fikrət müəllim
Birlikdə poeziya üzrə məsləhətçidir)
yanına təşrif buyururlar, başlayırlar “şeir”
oxumağa, onda Abbas Abdulla dözə bilməyib hirslə əlini
əlinə çırpır və o “şair” otağı tərk
edənə qədər koridorda var-gəl eləyir). “Natəvan”
klubunda tədbir keçiriləndə də dairəvi stol ətrafında
deyil, tamaşaçılar üçün ayrılan yerlərin
birində əyləşir, ona söz veriləndə çənədən
saz olan bəzi natiqlərdən fərqli olaraq çox
danışmır, iki-üç dəqiqə ərzində
sözünü deyib qurtarır. Bəzən də
görürsən ki, səbri tükənir, tədbirin formaca
xeyli “zəngin”, mənaca bəsit olduğunu duyub
qayıdır öz otağına. Çox sakit, abırlı
adamdır Abbas Abdulla. Amma mən onun istər öz iş
otağında, istərsə də Yazıçılar
Birliyindən kənarda keçirilən rəsmi məclislərdə
və qonaqlıqlarda bir-iki dəfə kükrəyib-daşdığının
şahidi olmuşam. O yerdə ki, ədəbiyyatımızın
və ustad sənətkarlarımızın ünvanına
urvatsız sözlər deyilir...O zaman ki, milli-mənəvi dəyərlərimizə
əks olan bir fikir eşidilir.
Abbas Abdulla dünya
görmüş adamdır, Türkiyədə, Ukraynada,
Rusiyada, dünyanın bir çox ölkələrində
adlı-sanlı dostları var. Amma hələ ki, memuar
yazmağa tələsmir.
Təbii ki, mən onun insani
rəftar və davranışını, evdə, ailədə
bir ata, evin kişisi, baba kimi bütün cizgilərini təsvir
edə bilmərəm. Onu deyə bilərəm ki, həyatda
gördüyüm Abbas Abdulla ilə şeirlərində
gördüyüm Abbas Abdulla arasında heç bir ziddiyyət
hiss eləmirəm. Və ədəbiyyatımızın daimi
bir oxucusu və tənqidçi kimi deyə bilərəm ki,
istəyir hər gün şeir yazsın, istəyir aylarla
heç yerdə bir yazısı belə çıxmasın,
bu gün bu çoxsaylı Azərbaycan ədəbiyyatı cəmiyyətini
Abbas Abdullasız təsəvvür eləmək olmaz.. Son əlli
ilin poeziyasını da onsuz təsəvvür eləmirəm.
Bir ovuc içinə
asanlıqla yerləşə biləcək
“Ağlı-qaralı dünya” adlı kitabı var Abbasın.
O kitabda Abbasın doğulduğu qədim Azərbaycan
torpağı Borçalının
saz-söz-mahnı-bayatı ahəngi ilə səsləşən
orijinal şeirləri ilə qarşılaşıram. O
bayatılar əlimdən tutub o qədim diyarın gözəlliklərinə
çəkir məni, Vətənin kiçik-kiçik kəndlərinin,
obalarının, yurd yerlərinin dağını,
daşını, gülünü, çiçəyini
tanıyırsan, Abbasın gəzdiyi, dolaşdığı
yerləri sən də dolanırsan.
Bu çala Ortaçala
Orta yurd, orta çala.
Yar könlümün
sazını
Götürüb orda
çala.
Bu oba Sadaxlıdı
Sevinc-qəm
ortaxlıdı,-
Bir yar sevdim, sevindim,
Gördüm ki,
adaxlıdı.
Bu oba Ayortadı,
Köhlənin ha yortadı-
Vədə verdin gəlmədin,
Gün keçdi, ay
ortadı.
Bu kənd Kəpənəkçidi,
Girmə, bağlar
içidi.
Bura babam məskəni,
Özgələri nəçidi?!
Abbas Abdulla o şairlərdən
deyil ki, poeziyada yalnız xalq şeiri ənənələrinə
üz tuta və ömrünün sonunacan belə güman eləyə
ki, elə Azərbaycan şeirinin yolu budur. Və Abbas Abdulla o
şairlərdən də deyil ki, yalnız sərbəst
şeirə üz tuta və deyə ki, mən yenilikçiyəm,
yolum budur. Abbas Abdulla üçün heca da, sərbəst də
–hər ikisi doğma və əzizdir. Təki ortada
ŞEİR olsun, fikirlə hissin vəhdətini, ağılla
ürəyin birliyini əks etdirən şeir. Onun
kitablarının birinə yazdığı müqəddimədə
iki kiçik xatirəni misal gətirim: “Mənim laylamı
dilindən bayatılar əskik olmayan anamla yanaşı,
aşıq musiqisi çalıb. Aşıq şeiri ənənələrindən
çox şey öyrənmişəm, yenə də öyrənirəm.
Kəndimizdən on-on beş kilometr aralı Faxralı kəndində,
orta təhsil aldığım illərdə, həftədə
bir dəfə yolu yaşıdlarımla piyada gedib-gələrdim
və yol boyu onlara ölməz şairimiz Səməd
Vurğunun şeirlərini əzbər deyərdim. Səməd
Vurğunu lap uşaqlıqdan oxuyurdum, sevmişdim”. İndi isə
ikinci xatirə: “Heç yadımdan çıxmır:
60-cı illərin əvvəllərində
Yazıçılar İttifaqının “Gənclər
günü”ndə şeirlərimi oxudum. Fikirlər
haçalandı. Yaşıdlarımdan biri ayağa durub heyrətlə
dilləndi: – Əşi, bu lap Rəsul Rza kimi yazır ki... Həm
də elə dedi ki, elə bil məni cinayət başında
yaxalamışdı. Yaşıdımın bədii
zövqünün bu ürək göynədən bəsitliyini
illər keçsə də, unuda bilmirəm. Unuda bilmirəm
ona görə ki, o, məni şeirlərimin məzmununa, sənətkarlığına
görə yox, sadəcə formasına görə təqsirləndirirdi.
Və unudurdu ki, özü yüz illərlə şairlərimizin
yazdığı formalarda şeir yazır”. Bu iki kiçik
xatirədən sonra Abbas Abdullanın yaradıcılıq məramını
açıqlayan bir fikri: “Səməd Vurğun poeziyası mənim
üçün ana südüdür, Rəsul Rza poeziyası
isə havadır, sudur, çörəkdir. Körpəlikdə
mayası ana südü ilə tutulmayan çocuğun
cılız böyüyəcəyinə, sısqa
olacağına şübhəm yoxdur; havası, suyu
çatmayan, çörək tapmayan böyüyün də
yaşayacağına ümidim”.
Əlbəttə, indi yeni
eranın və yeni əsrin başlanğıcında
keçən əsrin ortalarında olduğu kimi vəzn
söhbəti, “sərbəstmi, hecamı birincidir” lüzumsuz
söz-söhbəti eşidilmir. Nə yaxşı... Hər
ikisində poeziyamızın inciləri sayılan yüzlərlə
gözəl şeirlər var və hər ikisində minlərlə
boz ədəbiyyat nümunəsi də var. Abbas Abdullanın
şeirlərinə gəldikdə isə
çoxçeşidli və deyərdim ki, işıqlı
bir mənzərə ilə qarşılaşırsan. Onun hələ
yetmişinci illərdə qələmə aldığı
“Göy üzünə yazılmış şeirlər”
silsiləsində xalq şeiri ilə müasir poetik təfəkkürün
sintezi, sərbəst şeirə xas olan ritm və melodiya ilə
“Dədə Qorqud” intonasiyası vəhdətdədir. Bu silsilədə
sərbəst şeir də var, heca da, amma professional oxucu
heç bunun fərqinə də varmır, çünki
ortada ŞEİR durur. Həm də bu silsilədə milliliklə
bəşərilik, doğulduğun yurd yeli ilə Dünya
birləşir sanki. Onun Adamlı, Ulduzlu, Sağlı, Sollu,
İşıqlı, Ormanlı, Ağaclı, Sabahlı,
Gözlü, Qulaqlı, Aranlı, Dağlı, Şübhəli,
İnamlı, Ərməğanlı, Alabəzəkli,
Rüzgarlı, Atalı, Yağmurlu, Günəşli, Dərdli
dünyasında “bir yaşıl sevdalı insan” dünyanı
aqilanə tərzdə seyr edir. Yox, bu, sadəcə seyr deyil,
bir bəşər övladının dünyaya
sözüdür. Lirik-fəlsəfi düşüncələrdir:
Bu dünyanın şəhərləri
Məni görmək dilərmi
ola?
Evlərinə qonaq getsəm,
Tanıyarmı, bilərmi
ola?
Göyə dayaqdı
damları,
Çiçək açar
badamları,
Mən ağlasam, adamları
Göz yaşımı silərmi
ola?
Bu dünyanın
körpüləri
Birləşdirib
göyü, yeri
Yol gözləyir Təbriz
şəhəri
Bəxt üzümə
gülərmi ola?
Belə bir gün tezcə gələ,
Bu sahildən o sahilə
Toya gedək deyə-gülə,
Abbas onda ölərmi ola?
Abbasın üç ənənəvi
mövzuda (Vətən, təbiət, sevgi) yazdığı
şeirlərdə də həm məzmun, həm də fikrin
poetik ifadəsi baxımından yeni çalarlar hiss edirsən.
İndi onun iyirmi, otuz, qırx il əvvəl
yazdığı şeirləri, “İnam saatı” və
“Klimena” poemalarını oxuyanda “bunlar köhnəlməyib”,
“lap indicə yazılıb” deyə fikirləşirsən.
Abbas Abdulla XX əsr Azərbaycan poeziyasının
“qızıl dövrü” sayılan altmışıncı
illərin ədəbi mühitində formalaşıb, o
dövrün “yeni şeir quruculuğunda” onun da əməyi
var. Şeirimizin istər məzmun, istərsə də formaca
zənginləşməsində A.Abdulla da poetik səyini əsirgəməyib.
Siz onun “Yurd yerindən gələn səslər” silsiləsini
oxuyun, “Ukrayna naxışları” ilə tanış olun,
“Türkiyə dəftəri”ni vərəqləyin,
böyük gürcü yazıçısı İlya
Çavçavadzenin həyatı və faciəli
ölümündən söz açan “Ömür
yolu-ölüm yolu” poemasına diqqət yetirin... dediklərimin
şahidi olarsınız.
O, Azərbaycan şeirində
bir əsrlik tarixi olan sonetə üz tutur, bu sonetə bir
qoşma ahəngi də qatır (“Azərbaycan sonetləri”),
artıq bizim poetik əraziyə isinişən bu formada milli
duyğularını ifadə edir:
Bütün anaları
sevdiyim kimi
Sevirəm hamının ana
dilini,-
Farsın, fransızın,
yaponun, çinin,
Ərəbin, almanın ana
dilini.
Vurulan məhkumun, vuran cəlladın,
Yenilməz atanın,
dönük övladın,
Yaxının, uzağın,
doğmanın, yadın,
Yaxşının,
yamanın ana dilini.
Dil yasaq edənin dilini kəsin,
Qoy dinə bilməsin, ancaq
heç kəsin
Əlindən almayın ana
dilini.
Gödək
ömrümüzü uzadır ana,
Uca tanrıdan da ucadır
ana,
Ayağa salmayın ana dilini.
Abbas Abdulla, yazının əvvəlində
misal gətirdiyimiz şeirində yazır ki, mən bir
neçə dil bilirəm. Bəli, Abbas ana dilimizdən
başqa rus, Ukrayna və türk dillərini çox əla
bilir, bu dillərdə orijinaldan xeyli tərcümələri
də var. Abbas bir sıra tanınmış türk şairlərini,
Maksim Rılski, Taras Şevçenko, İ.Kotlyarevski,
L.Ukrainka, İ.Draç kimi görkəmli Ukrayna şairlərini
Azərbaycan oxucularına sevdirib, hətta Ukrayna-Azərbaycan ədəbi
əlaqələri sahəsində böyük xidmətlərinə
görə M.Rılski adına ədəbi mükafata da layiq
görülüb. Bu gün çoxları heç bir mənəvi
haqqı olmadan özünü turançı,
türkçü adlandırır, amma bunu heç dilini gətirməyən
Abbas Abdullanı biz elə sovet dönəmində
türkçü və turançı kimi
tanıyırdıq.
Əlbəttə, Abbas
Abdullanın 70 yaşına həsr etdiyim bu kiçik
yazıda onun keçdiyi ömür yolunu dolğun şəkildə
canlandıra bilməsəm də, bir cəhətdən tam
arxayınam ki, o, çox nikbin insandır, sabaha inamla boylanan
bir şairdir. Bir şeirində deyir ki:
Haradasa bir şirin göz
yaşı axar içinə,
Haradasa şəhərlilər
fabriklərə axışar,
Haradasa kəndlilər
başlayar əkinə,
biçinə,
Haradasa diplomatlar bir yerə
yığışar
ömürləri uzatmaq
üçün.
...Nə biləsən,
ölüm belə yaxındı?..
Dünyada dəyişməyən
nədir?
Ölüm!
“İnsan ömrü daha uzun
olacaq..”,
gülüm,
İnan buna!
Baxma ölümdən
qoruna-qoruna
yorulduğuma,
Mən də
yaşayacağam.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.- 8 may.- S.21.