Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Üzeyir HACIBƏYLİ

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

ÜZEYİR HACIBƏYLİ – 125

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904 –1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

 

HALIMIZA DAİR

 

Hərçəndi qəzetə oxuyanlarımız çox azdır və bu azın da çox hissəsi qədimi adətimizə görə müsəlman əleyhində olan hər bir zülm, sitəm, nainsaflıq və ədalətsizligə etina etməyib və cüzi də məhəl qoymuyub ötüb keçir, amma genə də biz bu oxucularımızın diqqətini bu nömrəmizdə “Tiflisski listok”dan tərcümə edilmiş “Erməni-müsəlman müşavirəsi”nə cəlb edib rica ediyoruz ki, insaf və ədalət əhəmiyyəti nəzərindən bir saətə qədər ətalət və bətaləti üstlərindən atıb əqlə güc versinlər və bir fikir etsinlər ki, görək, aya, Canişini Qafqaz hüzurunda təşkil olunmuş bu erməni-müsəlman komisyonunun bütün üzvləri bilümum və müsəlman üzvləri bilxüsus Qafqazın cəsim bir hissəsini iskan etmiş, lakin hamıdan məzlum bir halda düşmüş müsəlman cəmaətinə cüzi də olmuş olsa, bir nəf gətirir, ya yox?!

Əcəba, bu komisyon nədən ötrü təşkil olunubdur? Və o müsəlmanlar ki, orada üzv adı ilə oturubdurlar, nədən ötrü ora təyin olunubdurlar? Bir fikir ediniz, bu komisyonun ümumqafqaza və ya Qafqaziyaya zərrə qədər bir nəfi oldumu?? Oldusa, bəs o komisyonun təşkil olunan gündən etibarən indiyə kibi Zaqafqaziyada hər gün, hər saət vaqe olmaqda davam edən bu cinayətlər nədir, bu qanlı vuruşmalar nədir? Allahdan qorxmaz bir provakator, bir müfəttin istəsə komisyonun olmağına bir belə də etina etmiyib tazə qırğınlar əmələ gətirməzmi, necə ki, mayın 27-də İrəvanda gətirdi? Məgər bu komisyonun bir qüvvəsi, bir iqtidarı varmı ki, qırğın olacağına mane olsun?? Bu bir!

İkinciyə qalan yerdə böylə görünür ki, guya biz müsəlmanlar canişin hüzurunda olan bu komisyonun vücudun belə yadımızdan çıxarmışıq və heç bir kəs “mühərrir” olsun, və ya qeyrisi olsun öz şəxsi işlərinə öylə uyubdur ki, başını qalxızıb belə bu fikir etmiyor ki, aya, bir komisyonda bizim tərəfimizdən müsəlman adı ilə oturub da üzvülik mənsəbi ilə fəxr edən müsəlman “vəkil”lərinin müsəlman millətinə nə nəfi var? Əcəba, bu “vəkil”lərin o komisyonda hüzuru bizdən ötrü böyük sərzəniş degilmi, sairlər tərəfindən acı töhmət degilmi? O “vəkillər” bizə nə yaxşılıq etdilər, hansı ehtiyacatımıza çarə tapdılar, hansı dərdimizə dərman aradılar? General Livinski öz kazak “banda”silə erməni vəkillərinin əlilə bütün Qazax uyezdini çalıb-çapıb kor qoydular. Kişilərini qırıb, arvadlarına əl uzatdılar. İrəvan uyezdində müsəlmanlara olan çövri-cəfanın intəhası yox idi. Qonşuların həyasızlığı o yanda dursun, məmurlar dilsiz, bombasız müsəlmanları ayaq altına salıb insaf və ədaləti qoymuşdular palas altına. Gəncə uyezdində ikiüzlü məmurların rəftarı əhalini cana gətirmişdi. Qarabağda Xankəndi pristavı, Zəngəzur uçastoklarının qulluqçuları erməni provakatorların əli ilə müsəlmanın başına minlərcə pislik gətirirdilər. “Vəkillərimiz” isə bunun hamısını bilə-bilə, görə-görə, eşidə-eşidə kar və kor qalıb erməni vəkil ağalarının əmrinə müntəzir idilər ki, görək onlar nə buyuracaqlar, biz də bəli-bəli deyək! Əcəba, bu bizdən ötrü ağır bir rişxənd, bir istehza degilmi ki, öz müsəlman “vəkil”lərimizin rizalığı ilə bizə hər bir nagüvarlığı rəva görürlər?

Komisyonun keçən məclislərinin birində ermənilər məsələ qalxızdılar ki, Gəncə uyezdinin məmurları qulluqdan çıxsınlar. Məzkur məmurlar uyezdin müsəlmanlarına olmazın zülmü edib, sonra da ermənilərə əl qatmışdılar. Lakin hələ növbət ermənilərə çatmamış heç bir kəs dimiyordu ki, Gəncə uyezdinin məmurları qovulsunlar. İndi ki, iş məmur çıxartmağa qaldı, pəs neçün müsəlman vəkilləri tələb etmiyorlar ki, İrəvan quberniyasının da məmurları çıxarılsın? Pəs neçün Qarabağın ermənibaz, yəni provakator qulluqçuları indiyə kibi hökm sürürlər?

Bilə-bilə ki, Qoloşçapov gedib kəndləri həqq-nahaq topa tutacaqdır-müsəlman vəkilləri Qoloşçapovun Qarabağa getməsinə razı oldular.... Bu o yanda dursun Şuşa cəmaəti tərəfindən vəkillər göndərdilər ki, Tiflisə gedib canişin həzrətlərindən iltimas etsinlər ki, Qoloşçapov kəndləri topa tutmasın. “Erməni-müsəlman” komisyonu isə vəkilləri canişin hüzuruna buraxmayıb dedi: Yaxşı, bura nahaq yerə gəlibsiniz, gedin Qoloşçapovun yanına! Əcəba, komisyonun borcu degil idimi ki, Qoloşçapova teleqram göndərib insaf ilə iş görməsini tələb edəydi? Müsəlman vəkillərini böylə üzüqara geri qaytarmağa komisyonun müsəlman üzvlərinin vicdanı necə yol verdi, əcəba?

Gülməli degilmi ki, köçəri məsələsi kibi öylə böyük bir işi komisyon yalqız bir Qoloşçapova həvalə ediyor və açıq degilmi ki, müsəlman üzvləri də buna razı olurlar. Halbuki, köçənlərin bu böhranlı və son dərəcə müşkül halı onlara əyandır?!

İnsaf ediniz, qaranlıq guşələrdə bir nəfər erməninin “Mşak”ın sözü ilə müsəlmanlar tərəfindən əsir olmasına komisyon etibar etdigi halda mayın 29-da Qarakənd erməniləri tərəfindən 49 nəfər əlsiz-ayaqsız İran əhlinin əsir olmasına haman komisyon inanmayıb diyor ki: “Bizim buna dəlilimiz yoxdur”. Bunu da haman komisyon diyor ki, orada müsəlman üzvləri oturub “vəkil” adlanırlar! General Qoloşçapovun özü bu xəbəri isbat edib “Qafqaz” qəzetəsində rəsmən yazmayıbdırmı, əcəba?

Keçən may ayının 2-də İrəvanda bulvarda gəzən müsəlmanları atəşə tutub dörd-beşini öldürmüşdülər. “Sülh və islah” komisyonu bu cinayətə qarşı bir tədbir gördümü? Bəli, gördü: müsəlmanlara xəbər veriniz ki, sülh və müsalimət ilə dolansınlar! İştə tədbir! Şimdi eşidiriz ki, İrəvan erməniləri tərəfindən Tiflisə canişin hüzuruna bir dəstə vəkillər gələcəkdir, “sülh” və “islah” komisyonunun hünəri varsa, bu vəkillərin əmrlərinə əncam versin!

Erməni qəzetələri söz çıxartdılar ki, Qazax əhalisi istər erməni, istər müsəlman (?) rica ediyorlar ki, general Livitski təkrar Qazax uyezdinə təyin olunsun... Aya, komisyonun müsəlman üzvləri zəhmət çəkib sordularmı ki, ay müsəlman cəmaəti, bu söz doğrudurmu ki, siz əlindən ah-nalə çəkdiyiniz Livitskini təkrar başınıza bəla üçün istiyorsunuz?!

Cənab vəkillərimiz! Bilmiyorsunuzmu ki, komisyonunuzun biz müsəlmanlara dair böylə bir həqarətamiz hərəkatı yalqız bir sizin ucunuzdandır? Bilirsinizmi ki, bizim indiyə kibi etiraz və protest etməmizə səbəb yalqız bir siz olubsunuz. Zira ki, bu rəftarın hamısı siz “müsəlman vəkilləri”nin əli ilə icra olunmaqdadır! İndi biz siz “müsəlman vəkilləri”nə qarşı etiraz və protest etmiyə bilməriz!

Politikalı və işin sonunu mülahizə edən ermənilər Bakı şəhərində qubernator hüzurunda erməni-müsəlman komisyonu təşkil edib də orada iştirak etməkdən boyun qaçırdılar. Və bu hərəkəti onunla bəyan etdilər ki, Bakıda polisə idarəsi arzu edilən tərzdə degil. Binaənəleyh bu günə polis idarəsi vücudu ilə yaxşı bir iş görmək olmaz-dedilər. İnsaf ediniz, öylə olan surətdə bizim müsəlman vəkillərinin Tiflisdə və İrəvanda “erməni-müsəlman komisyonu”nda “üzv” və “vəkil” adı ilə oturmaqlarının nə mənası var? Aya, Tiflisin və İrəvanın polisə idarəsi arzu edilən tərziləmi qurulubdur? Min dəfə xeyr!! Oralarda polisə heyəti iki-üç qat Bakınınkından fəna bir haldadır. Bari heç olmazsa, Bakı polisəsinin tərəfgirligi müşahidə olunmuyor. Halbuki, məzkur şəhərlərdə bütünü tərəfgirdirlər!.....

İndi istiyorlar ki, sair yerlərdə dəxi böylə bir “sülh və islah” komisyonları təşkil etsinlər. Əcəba, insaf ediniz, böylə-böylə komisyonların bizlərə nə nəfi? Onlar bizlərə nə lazım??...

 

Üzeyirbəy HACIBƏYOV

“İrşad” qəzeti, 4 iyun 1906, ¹ 130

 

 

Ordan-burdan

 

Dünən ki nömrəmizdə yazıb Lahıc qəryəsi pristavından şikayət ediyorlar ki, bəs qocadır, qorxaqdır, işə-gücə baxan deyil. Doğrudur ki, deyirlər hərgah o pristav qoca olmuyub cavan olsa idi bari ad-san çıxarıb, nişan və medal alardı, ola bilər ki, qonşularımız tərəfində ciblərini doldurardı, qorxaq olmuyub igid olsa idi, yüz otuz yeddi nəfər “qəhrəman” kazaklar ilə qaçaq qabağına çıxıb “qəhrəman”ları ilə bərabər ya qaçardı və yainki üç nəfər müsəlman sədnikini polisə yolunda qurban edərdi. İşə gücə yarıyan olsa idi, şikayətçi müsəlmana deməzdi ki, əşi get sən də onu vur öldür. Özü öz əli ilə və yainki “qəhrəman”ları əli ilə müqəssiri vurub öldürərdi... Pəs Lahıc qəryəsinin şikayəti haqmıdır.

 

Ill

 

“Mışaq”ın Şuşa müxbiri yazıyor ki, əlli nəfər İran əhlini tutan şəxslər ermənilər degil, görünür ki, bu işi müsəlmanların özləri edibdirlər və erməni­lə­rin üstünə yıxırlar.... Mənim zənnimcə “Mışaq”ın Şuşa müxbiri ya aşpazdır, ya da ki, bazar dəlləgi. Çünki, bu gunə saçmasapan sözlər Qarabağın yalqız bir aşpazlarından və bir də bazar dəlləklərindən çıxa bilər.

 

Lll

 

Neçə vəqt bundan irəli qəzetələrdə gözümə göründü ki, Avropa adamları İstanbul qəzetələrinin “aləmi-islam” və “şəvəni-islam” yazmalarından ürküb gülayə ediyormuşlar ki, neçün Soltan həzrətləri “panislamizm”ə razı olur. Soltan həzrətləri isə bu gülayəni eşidib və Avropanın xatirinə dəymək istəmiyib qəzetəçilərə diyibdir ki, balam ta bir də “aləmi-islam” flan yazmıyın, yoxsa dəli Avropa inciyib flotunu İstanbula göndərər. Odur ki, indi İstanbul qəzetələri mısmırığını sallıyıb daha öylə “panislamizm”ə işarə edən şeylər yazmırlar... Görünür ki, bizim qəzetələrin də üstündə iki senzor olan kibi İstanbul qəzetələrinin də üstündə iki senzor vardır ki, biri “dəli” Avropa, və o birisi də Osmanlı senzorlarıdı.

 

Filankəs

“İrşad” qəzeti, 8 iyun 1906, ¹ 134

 

Ordan-burdan

 

Vaxtı ki, Zəngəzur uyezdin beşinci uçastokunun pristavı məşhur provakator Saxarov erməni tərəfgiri olub Xankəndi pristavı kibi müsəlmanları tutub erməni əclafının əlilə qırdırırdı, erməni cəmaəti bu provakatorun amali-şeytanətkarənəsi xüsusunda bir söz də dimiyordular və hətta dalına vurub və ciblərini doldurub deyirdilər: Bax budur ha! Pristav belə olmalıdır! Amma indi haman provakator Saxarovu hökumət götürüb Şuşa və Gorus yoluna qoyubdur ki, orada müsəlman çoxdur. Odur ki, ermənilər əlan tələb edirlər ki, Saxarov qulluqdan çıxsın, çünki, bilirlər ki, bu provakator olduğuna görə indi də müsəlman tərəfgiri olacaqdır ... Yaxşı kələkbazsınız cənab ermənilər, eyib olsun sizə!!

 

lll

 

Xüsusi müxbirimiz sırağagün İrəvandan teleqraf vasitəsilə bizə xəbər verdi ki, ermənilər zəng (naqus) çalıb birdən-birə müsəlmanların üstünə töküldülər. Və altı nəfərini öldürüb, on birini yaraladılar. Amma Tiflisdən çəkilmiş agent teleqrafi xəbər verir ki, “İrəvandan teleqraf çəkibdirlər ki, günorta zamanı müsəlmanlar qəflətən bazarda olan ermənilərin üstünə töküldülər... ermənilərdən üç nəfər ölmüş, və beş nəfər yaralı qeyd olunubdur. Müsəlmanların ölənləri bir qədər çoxdur”. İndi baxaq görək bu teleqramların hansına etibar etməlidir. Bizim müxbirimiz vaqeən müxbiri sadiqdir. Bu zat indiyə kibi bizə bir yalan xəbər vermiyibdir və keçən İrəvan hadisəsi necə ki, vaqe olmuşdu, öylə də bizə xəbər verdi. Amma Tiflisdən agent teleqramını çəkən haman “məşhur” Arityunovdur ki, keçən hadisələr əsnasında məlum oldu ki, böhtan və iftira deməgi bu şəxs özünə əməlli-başlı sənət qayırıbdır. Haman Arityunovdur ki, Maqda Neyman adlı bir arvad ilə ağız-ağıza verib binəva xalqı “əritun” kökünə salmaq istiyordular... Eyb olsun sizə cənab Arityunovlar!!

 

lll

 

Rəfiqimiz “Həyat”, əğyar tərəfindən “İrşad”ın üzünə, müdirinə və köməkçilərinə tullanan bir çox daşları ətəginə yığıb gətirib idarəmizin ortasına tökdü. Biz isə daş sahiblərinin daşlarını öz kəlləsinə vurub heç demədik ki, burda müqəssir “Həyat”ın müdiri və ya müvəqqəti müdiridir.

O ki, qaldı idarəmizin cocuqlar əlinə düşməginə əlac nədir? Çox gözdədik, lakin səsi yoğun, beli bükük, dişləri düşmüş və tükləri ağarmış adamlardan bizə bir nəf olmadı...

 

Filankəs

“İrşad” qəzeti, 11 iyun 1906, ¹136

 

 

Ordan-burdan

 

“Əşi işini gör!”

Bir məclisli komediyadır ki, İrəvan şəhərində vaqe olur. Əhli məclisin hamısı ermənidir.

Arakel: Əhli məclis, biz budur, iki ildır bu İrəvan müsəlmanlarının başına olmazın işləri gətiririk. Orada-burada adamlarını düşdükcə öldürürük, əsir aparırıq və çox vaxt günün günorta çağı onların üstünə hücum edib qırğın salırıq.

Əhli-məclis: Sözün doğrusu biz iş görürük, doğrudur İrəvan hakimlərinin hamısını özümüzə tərəfdar etmişik, yəni bəzisini pul ilə...

Xozeyn Arityun: (ah çəkir): Ox-x,x! Pul, pul! Yazıq ciblərim!

Arakel: Bəzisini pul ilə, bəzisini bomba qorxusu ilə...

Haramzad: (özünü turac kibi dartır) Can daşnaksütyun! Can! Ki ilə bir də can!

Arakel: Pul ilə, qorxu ilə özümüzə ram etmişik. Amma...(barmağını yuxarı qalxızır) bu urus tayfasına etibar eləmək olmaz. Çox ola bilər ki, birdən Dövlət Dumasında İrəvan hadisatı xüsusunda müsəlman vəkilləri danışalar.....

Kaspar: (arxayın) ah, əqlim kəsmir ki, müsəlman vəkillərində öylə bir cürət ola...

Arzuman: (seryozni) yox, onu demə, onu demə!

Arakel: Əlbəttə, kişi gərək ehtiyatlı olsun. Doğrudur mən özüm də müsəlman başçılarının boşluğundan yaxşı xəbərdaram, amma genə ehtiyatı əldən buraxmaq olmaz. Hə! Diyirəm ki, birdən işdir müsəlman vəkilləri İrəvan barəsində danışsalar, yəqin dumanın sadədil üzvləri İrəvanın hökumət əhlindən işin həqiqəti nə gunə olduğunu tələb edəcəklər. Bu hökumət urusdur, çox ola bilər ki, öz canının qorxusundan işin həqiqət halını dumaya bildirib bizim vəkilləri orada qızardarlar. Ona görə...

Poqos: Arakel, bir dur... (qulaq asır)

Ermənilər: nə var?

Poqos: Heç qulağıma bir səs gəldi, elə bildim ki, kəlisamızda zəng çalınır.

Ermənilər: Yox, bu gün bir şey yoxdur...

Arakel: Hə! Ona görə bizə lazımdır ki, hamını qabaqlayaq! Bəs nə tövr qabaqlayaq?

Kaspar: Qoy mən diyim: bir ərizə verək ki, dumaya müsəlman vəkili qoymasınlar!

Arakel və sairləri: Olmaz canım, olmaz, vəkillər seçilib, gedibdirlər.

Haramzad: Qoy mən diyim: öz vəkillərimizə tel vuraq ki, İrəvan barəsində danışmağa heç kəsi qoymasın!

Ermənilər: Yox bu da olmaz! Bizim vəkillər orada azdırlar. Hiylə ilə də orada iş keçməz.

Arzuman: Hamısından yaxşı budur ki, götürüb bir kağız qayıraq və bu kağızda yazaq ki: Biz İrəvan erməniləri heç bir vaxt heç bir kəsin üstünə hücum etməmişik. Ancaq özümüzü müdafiə etmişik və bu kağızı da ...

Arakel: Bir dur, Arzuman. Və bir də öz təqsirsizligimizi göstərmək üçün bunu da o kağızda artıraq ki, təvəqqe edirik ki, hökumət müsəlmanlara zülm və sitəm etsin ki, onlar bir də bizi incitməsinlər!

Arzuman: O da gözəldir və bu kağızı yazandan sonra verək general-qubernatora. Nə deyirsiniz?

Ermənilər: Çox gözəldir, çox yaxşıdır, sağ ol Arzuman, sağ ol! Çox gözəl, di durun gedək kağızı yazaq (Mahnı oxuyurlar).

Arityun: Bir durun sizə bir söz deyim.

Ermənilər: Nə var?

Arityun: Deyirsiniz ki, yazaq ki, müsəlmanlara zülm və sitəm olsun. Yaxşı bəs bizim vəkillərimiz Dövlət Dumasında tələb edəcəklər ki, heç kəsə zülm və sitəm olmasın, onda deməzlərmi ki, bu nə biclikdir? Ermənilər (hamı birdən): Əşi işini gör, əşi işini gör, kimdir ona diqqət yetirən, kimdir, bunu yadına salan?! İşini gör, işini gör!...

İrəvan erməniləri işlərini görürlər....

 

lll

 

İki qardaş. Bir balaca mütəfərriqə

N-S. Qardaş neçün bikefsən? Yoxsa məni millətin dərdi alan kibi, sənidəmi alıbdır?

S.- Yox. N. qardaş, millətin dərdi heç, öz dərdim var.

N.- Allah eləməsin nə dərddir?

S.- Flankəsə mən toxundum, o da mənim eybimi açıbdır...

N.- Zərər yoxdur, mən sənin intiqamını alaram. Axı mən millət yolunda adamlara çox sataşıram, sataşmağa öyrənmişəm. Digər o Filankəsə necə sataşacağam!...

İki gündən sonra N. bikefdir.

S-N. Qardaş neçün bikefsən, yoxsa millətin dərdi səni dəli edibdir?

N.-Əşi millət gözümə görükmiyor, sənin üstündə Filankəs mənim də adımı açıbdır.

S.- Elə bu?

N.- Məgər bu azdır? Mən şan və heysiyyətimi hər şeydən əziz tuturam, burada mənim “prestijim” itir!

S.-Ha indiki belə oldu, gör Filankəsə mən nə yazacağam!

N.-Nə yazacaqsan?

S.-Yahu! Sən bilmirsənmi ki, mən nə yaman sögüşlər sögərəm! Sən bilmirsənmi ki, sapojnik kimi ağzıma gələn föhş, nalayiq sözləri ki, mənim bu qoca ürəgimdə anbar anbardır, gücüm çatdığı adamdan əsirgəmərəm? Sən bilmirsənmi ki, mən ömrümdə bu tüklərim sani sögüşlər ögrənmişəm? Bunların hamısını götürüb Filankəsə yazacağam! Mənim ağzıma layiq söz sığmaz, mənimki sögüşdür, vəssəlam! Bax gör necə sögürəm!...

S. Qardaş sögür. N. Qardaş da qulaq asıb ləzzət aparır və hərdəm sög qardaş sög!-deyib ürək-dirək verir... Filankəs dəxi bu gunə nalayiq sözləri eşitməmək üçün qulaqlarını örtüb Osmanlı ədiblərindən Kamal bəg və “Turani” həzrətlərinin şeirlərindən bəzisini tələsdigindən yalma-yanlış edib çığıra-çığıra oxuyur:

“Əzmimə zəhərdir, sipərdir

qarşımda gəzən” dövrəyə adəm!

 

lll

 

Rindi-xərabati sənə sögsə də

“Qəm yemə səbr et, bu da yahu keçər!”

 

Filankəs

“İrşad” qəzeti, 21 iyun 1906, ¹ 145

mütəfərriqə – məzmunu başqa-başqa olan hekayə, məqalə

 

 

Ordan-burdan

 

Bəli, Dövlət Dumasında Qafqaz xüsusunda da danışdılar. Erməni-müsəlman qırğının səbəbini də meydana çıxartdılar. Müsəlman vəkillərindən tək bircə nəfəri danışıb hökumətin provakatorluğunu aşkar edibdir. Sair müsəlman vəkilləri isə bilmiyoram orada yox imişlər, ya ki, oturub çörək yeyirlərmiş və ya kefsiz olduqlarına görə yatıblarmış. Qərəz onu “Molla Nəsrəddin” yaxşı bilir. Hər nə isə söz də danışmıyorlar. Erməni vəkilləri isə durub deyiblər ki, doğrudur hökumət provakatorluq edirdi, ancaq müsəlmanlar da “nədən isə” rusları qırırlar. Yəni bütün xristiyanlara “nədən isə” əziyyət verirlər. Və bütün nəsranilərdən “nədən isə” zəhlələri gedir. Bu sözlərə dəlil gətirmək üçün erməni vəkilləri Qafqazdan bərqəsd çəkilmiş teleqramları ciblərindən çıxardıb oxuyublar. O teleqramlarda yazılıbdır ki, müsəlmanlar rusları genə qırırlar... Böylə rəvayət edirlər ki, erməni vəkilləri dumada genə Qafqazdan danışsalar, ol vəqt “nədən isə” sözünün əvəzinə bu səfər “panislamizm” qoyacaqlar ki, söylədikləri sözlər bir az təsirli olsun. Və bunu da rəvayət edirlər ki, Qafqaz müsəlman vəkilləri danışmasalar da öz “zemlyak”ları erməni vəkillərinə tərəfdar çıxmaq üçün onların nitqlərindən sonra lap bərkdən əl çalmağı əsirgəmiyəcəklər.

 

lll

 

Doğrudan da hərgah Ziyadxanov cənabları da sair yoldaşları kimi “ədəb”li olub daha bir də danışmasa və “panislamizm” məsələsi ortaya gələndə erməni vəkillərinin sözlərinə əl çalsa, demək olur ki, erməni “Alik” qəzetəsinin acığını soyudub könlünü alar. Çünki, bu halda “Alik” qəzetəsinin Ziyadxanov cənablarına çox bərk acığı tutubdur və necə də tutmasın ki, yazıq “Alik” böylə güman edirdi ki, cənab Ziyadxanov gedib dumada kəmali-ədəb və ərkan ilə oturub dodaq-dodaqdan tərpətmiyəcəkdir, çünki, “müsəlman nədir, dumada danışdı nədir”. Yox, yenə qaidə üçün bir-iki söz danışsa da, deyəcəkdir: Ay cəmaət nə ki, təqsir var hamısı biz müsəlmanlardadır. Amma Ziyadxanov birdən birə qalxıb uzun-uzadıya bir nitq söyləyib hökumətin provakatorluğunu açıbdır, lakin müsəlmanların “panislamizm”liyindən və ermənilərin “quzu”luğundan bir söz belə dimiyibdir. Bəs belə olan surətdə “Alik”in acığı tutar-tutmaz? Əlbəttə tutar! Yaxşı olar ki, Ziyadxanov cənabları, ya heç bir də danışmasın və yainki, danışmaqdan əvvəl “Alik”ə bir teleqram çəkib, ondan izn və məsləhət təmənna etsin və illa genə “Alik”in acığı tutsa yəqin ki, öz “quzu”luğundan dönüb birdən “qurd” olacaqdır.

 

lll

 

“Quzu”lar cümləsindən olan və özü də “liberalni” adlanan və “Alik” ilə qərabəti olan “Tifliski listok” qəzetəsi dağıstanlıların hökumət çinovnikləri tərəfindən aldanmalarına inanmıyor. Belə ki, bu əhvalatı “İrşad”dan yazıb, özü də bu cürə (?) bir sual nişanəsi qoyur, yəni diyor ki, mən bu əhvalata inanmiyoram! Lakin ola bilər ki, “Tifliski listok” bu əhvalata inanır. Çünki, adını heç olmasa “liberalni” qoyubdur. Amma bu nişanəni bərqəsd qoyub demək istiyor ki: ey urus hökuməti görürsən müsəlmanlar sənin çinovniklərivin üstünə necə böhtan atır. Nə üçün qoşununa əmr eləmirsən ki, tutub müsəlmanların hamısını qırsınlar?

 

lll

 

Qırmaq, qırğın-bu sözlərin hamısını indi, bu saət yalnız bir müsəlmanlara istinad verirlər. Belə ki, müsəlmandan savayi heç bir kəsin qırmağa və qırğına qabiliyyəti yoxdur. Bu doğrudurmu, yoxsa yalandırmı, ancaq bu əsnada bütün erməni qəzetələri və həmçinin bütün ermənibaz qəzetələr bu sözləri nədən isə tək müsəlmanların üstünə qoymaq istiyorlar. Və buna görə yalan və doğru hər nə olsa yazırlar. İştə ermənibaz qəzetələrdən “Qafqaz” böylə yazıyor ki, Şuşada İrəvan qapılarının dalında Qarabulaq kəndində müsəlmanlar bir erməni öldürübdürlər! Mən onu-bunu bilmiyoram, ancaq bunu diyirəm ki, Şuşada İrəvan qapıları ilə erməni Qarabulaq kəndinin arası əqəllən əlli verstdir və bu ara böyük və uca dağlar ilə doludur. İndi belə məlum olur ki, haman ermənini öldürən müsəlmanların tüfəngləri öylə bir uzaq sürən imiş ki, qabaqda qalxan kimi duran dağları deşib-keçib və əlli verst yol gedib ondan sonra Qarabulaqda bir erməniyə dəyib öldürübdür! Öylə isə, görünür ki, müsəlmanların bu tüfəngləri tazə çıxma imiş, yoxsa “Qafqaz” özü də yaxşı bilir ki, hərgah bu cürə tüfəng onlarda olsaydı, o surətdə “pəhləvan” Kuropatkin Port-Arturda oturub bu cürə tüfəng ilə yapon paytaxtı Tokionu çoxdan güllələmiş olardı.

 

Filankəs

“İrşad” qəzeti, 24 iyun 1906, ¹148

bərqəsd – qəsdən

qərabət – yaxınlığı, qohumluğu

əqəllən – ən azı, heç olmazsa

 

 

Ordan-burdan

 

Şuşa şəhəri çox böyük şəhər degil. Orada yanqı filan çox az ittifaq düşər. Amma yenə də Şuşa erməniləri öz “kulturni”lıqlarını isbat etmək üçün oraya bir yanqı söndürən maşın aparıbdırlar. “Alik” qəzetəsi gülür ki, müsəlmanlar bu “heybətli maşını” gördükdə ürkdülər və sairə... Daha bunu demiyor ki, yazıq müsəlmanlar nə qayırsınlar? Hansı “yanqı söndürən maşın”dan onlar arxayın oldular ki, bundan da ürkməsinlər! Hər halda yaxşı olardı ki, Şuşa erməniləri bir elə “maşın” apara idilər ki, ürəkdə yanan düşmənçilik atəşin söndürə bilə idi...

 

lll

 

Necə ki, Qarabağın Ağdam kəndində “igid” kazaklar ermənilərə basılıb, bu basılmaq atəşin söndürmək üçün su tapmıyıb, əvəzində Qarakənd çaxırı işlədibdirlər... Kazakı çaxırdan mən eləmək bizim borcumuz degil, ancaq biz buna təəccüb edirik, bu nədəndir ki, kefli və məst adam həmişə durub müsəlmana sataşır? Çaxır və araq kazakın beynini dağıdır. Kazak da artıq fikir etmiyib tapança ilə müsəlmanın beynini dağıdır və şücaət göstərir.

İndiki kazakın şücaəti çaxır və araqın bolluğuna bağlıdır, nəfli olmazmı ki, dava zamanında kazakı qabaqca “araqlayıb” ondan sonra meydana buraxalar ki, o saət qabağına çıxanın beynini dağıtsın?!

 

lll

 

Yaxşı ki, deyirəm, bu kazakların araq və çaxır təsirilə ibrazi-şücaət etmələri Ağdamda olub, Göyçayda olmuyubdur. Yoxsa orada olsa idi, Allah göstərməsin, beyni dağılan və başı-gözü əzilən müsəlmanların heç biri sağalmazdı. Çünki, Göyçayda görünür ki, həkim-zad yoxdur ta ki, bir əlac eləsin. Varsa da- onun üzünü görmək müsəlman üçün çox məhaldır. Bizə göndərilmiş kağızdan belə məlum olur ki, orada olan doktor, rus ədibi Qoqolun həriflərindən birisi kimi təsəvvürdə bulunur. Yəni diyor ki: hərgah bir azarlı öləcəkdirsə, onsuz da öləcəkdir. Yox diriləcəkdirsə, onsuz da diriləcəkdir. Daha durub azarlıya dava-dərman vermək doktor üçün artıq zəhmətdir. Doktorunki odur ki, səhər yatıb, axşam dursun, axşam yatıb, səhər dursun və hər yuxudan oyanan vaxt arpa suyu, üzüm suyu, bu gün keyfin istəyən konyak və vodka, nə bilim, buza filan ilə məşğul olub, oyaq vəqtinidə məstlikdə keçirtsin, azarlıda ki, təkrar deyirəm-inildər, inildər-axırda da ya ölər, ya qalar!

Biçarə müsəlmanları “abrazovannı” adamlar həmişə töhmətləndirirlər ki, ah müsəlman vəhşidir, doktorlara və “meditsina” elminə inanmıyıb molla duası ilə azarlını sağaldırlar. Amma insaf etməlidir, yazıq müsəlman başına nə daş salsın? Bu cürə “meditsina” elmi sahiblərinin vücudu ilə qorxuram ki, axırda “abrazovannı”lara da dua yazdırmağa və fala baxdırmağa məcbur olalar! Məndən isə-”meditsina” elminin şahını gözdən salmamaq üçün lazımdır ki, əvvəl bu doktorların özlərini məstlik naxoşluğundan sağaldıb, sonra adam içinə buraxalar. Yoxsa öylə olmasa bir də görərsən ki, cənab doktor bütün bir obanın naxoşlarını da, sağlarını da “vodka” azarına salıbdır!

 

Filankəs

“İrşad” qəzeti, 2 iyul 1906, ¹154

ittifaq – burada,- rast gəlmə, təsadüf mənasındadır.

 

 

(Ardı var)

 

525-ci qəzet.- 2010.- 8 may.- S.18-19.