Qarabağ havaları
Göy tutuldu, qar qarladı,
Dənələri iri-iri.
Boylananda gördüm, yoxdu
Yağan qarın beşdə biri.
Qar əridi,çiçək açdı,
Güllər canlı, güllər diri.
Nəzər salıb gördüm, çatmır
Çiçəklərin beşdə biri.
Günəş qalxdı asimana-
Aləmlərin atəş-piri.
Gördüm,yoxdu al Günəşin
İşığının beşdə biri.
Fikirləşdim, bu nə işdi,
Bilinməyir rəbbin sirri.
Axı gedib torpağımın,
Ərazimin beşdə biri.
II
Sən allah, o qarı yadıma salma,
Sən allah, o günü yadıma salma,
Doğma yuva dərdi bir yana qalıb,
O qarın həsrəti
öldürür məni,
O günün həsrəti
öldürür məni,
Dağlarda yellənən
çovğunla gəlib
Çökür ürəyimə Qarabağ
çəni.
Biz çıxdıq, baxanlar elə bildilər,
Yurdda bizim təkcə varımız qaldı.
Eh, kimə deyək
ki, orada bizim
Dumanımız qaldı,
qarımız qaldı,
Dağların üstündən
tarım çəkilən
Simləri şəfəqdən
tarımız qaldı,
Əldəyməz sinəsi
Xarı bülbüllü
Yamyaşıl köynəkli
yarımız qaldı,
İkiyə bölündü
sanki hər adam,
Yarımız qaçanda, yarımız
qaldı.
Sən allah, o qarı yadıma salma,
O duman-çiskini yadıma
salma.
Qərib qış
ayazı yanır qəlbimdə,
Məni içimdəki oduma salma.
Bu qara baxıb ağlamaq olar,
Bu qara düşən
qara cığırı
Götürüb başa
bağlamaq olar
Yurd yerinin qarı yada düşəndə.
Dünya, ey dünya, nə deyim sənə,
Qoy, belə qar yağsın
daim təpənə.
Bu qarı götürüb
bürünmək olar,
Sanki bürünürsən soyuq kəfənə
Yurd yerinin qarı yada düşəndə.
Olar, ölünü
də diriltmək olar,
Gözünlə dağı
da yetirmək olar,
Közünlə seli də qurtarmaq
olar.
Diriyə biçilmiş
bir kəfən kimi
Bu qarı əyində
əritmək olar,
Bu qarı əyində
çürütmək olar,
Yurd yerinin qarı yada düşəndə.
Qarabağda azəri-türk
əsgərinin
Tökülən al qanı
üstdə
Bitən lalə kiminkidir?
Xocalıda bir qız vardı,
Adı Lalə.
Yoxa çıxdı..
İtən Lalə kiminkidir?
Torpaqlarda al köynəkli
Bağrı qara, bəxti qara
Yatan lalə kiminkidir?
Xanım-xatun Lalələrin
beşdə biri
Əsir oldu, qəm əsir.
Öz qəminə,
öz qanına
Batan Lalə kiminkidir?
Vətən özü
ləçəkləri
Açıb-solan bir lalədir,
Vətən-lalə kiminkidir?
Günəş bathabatda
əyildi tası,
Nur qan tək calandı uca dağlara
Buluddan üzülən
bulud parçası
Şəfəq kəndiriylə çəkildi
dara.
Bitib sona çatdı günlərin
xası
Buludun içində qövr etdi yara.
Qəlbimdə tutuldu Qarabağ yası
Çözüm zillənincə o buludlara.
Dörd bir yandan al şimşəklər
çaxdılar,
Səs yayıldı, el-obadan qaçan var.
Qapıları qapadılar,
çıxdılar,
Qapı yoxdu, qıfıl yoxdu, açar var.
Ünvanına çatammadı
hoydular,
Gec bilindi, neçə-neçə
naçar var.
Açarları ciblərinə
qoydular,
Qapı yoxdu, qıfıl yoxdu, açar var.
Yarı dünya
yağılaşdı qəflətən,
Vaxt yox oldu, bircə anlıq macal var...
Darvaza yox, ev-eşik yox, ey vətən,
Qapı yoxdu, qıfıl yoxdu, açar var.
Qapıların beşdə
biri bağlıdır,
Son mənzildə bir
zəfər, bir acal var...
Məmləkətim, sinən
yaman dağlıdır,
Qapı yoxdu, qıfıl yoxdu, açar var.
Yox, türk qaçmaz, o geriyə çəkilər,
Qan yaddaşda Koroğlu var, Qacar var.
Cibimizdə Qarabağda
hər evə,
Hər qapıya
düşəcək bir
açar var!
Bu qovğadan çıxış
yolu tapılar,
Ağılınla, hünərinlə
bacar, var!
Açılacaq o bağlanan
qapılar,
Hər kişidə
bir ümidlik açar var!
İnsan özü
bir çarədir, əfəndim,
Ondan böyük nə əmir var, nə çar var.
Biz özümüz açacağıq
bu bəndi,
Özümüzdə onu açan açar var!
İmir MƏMMƏDLİ
525-ci qəzet.-
2010.- 8 may.- S.15.