Dünya, həyat və fəlsəfə məsələləri Səlahəddin
Xəlilovun “Baxış
bucağı”nda
Tanınmış alim və filosof
Səlahəddin Xəlilovun
“Baxış bucağı”
adlı fəlsəfi-publisistik
kitabı işıq üzü görüb. Kitabda müəllifin
son zamanlar “525-ci qəzet”də
“Baxış bucağı”
rubrikasında çap
olunmuş fəlsəfi
məqalələri toplanıb.
Yazılarda mədəni-mənəvi həyatımızın
müxtəlif sahələri fəlsəfi yöndən təhlil
olunub və aktual problemlərə münasibət bildirilib.
“Ədəbiyyata
baxış” adlı səhifəyə daxil olan “Ocaq və
kül”, “Dilin və firkin potensialı”, “Vaqif, “Vaqif” və
üç Vaqif”, “Qaranlığın işığı”,
“Şekspirdən Hamletə” məqalələrində müəllif
ədəbiyyatla bağlı fəlsəfi düşüncələrini
əks etdirib. “Dilin və fikrin potensialı”
yazısında filosof poeziyamızın fəlsəfi məziyyətlərinə
aydınlıq gətirib. XX əsr Azərbaycan
poeziyasının görkəmli nümayəndələri Səməd
Vurğun və Rəsul Rzanın, “fəlsəfəçilik
ittihamları”na baxmayaraq fəlsəfi poeziyanın gözəl
nümunələrini yaratdıqlarını”
vurğulayıb. Müəllif düşünür ki,
poeziya fikri tənbəlləşdirir: “Poeziya uzaqları yaxına,
öz hüzuruna gətirir. Və fikri tənbəlləşdirir.
Xəyalın gücünə adət edənin fikirləşməyə
ehtiyacı qalmadığına görə fikir müstəqil,
sürəkli bir proses kimi institutlaşmır, ictimailəşmir,
elmləşə bilmir və nəticədə uzağa gedə
bilmir”.
“Vaqif, “Vaqif” və
üç Vaqif” məqaləsində S.Xəlilov dahi
şairimiz Səməd Vurğunun “Vaqif” poemasına
özünəməxsus bir təhlil prizmasından
yanaşıb.
Müəllif qeyd edib ki, Səməd Vurğun
“Vaqif” əsərində öz yaratdığı Vaqif
obrazını tarixi detallar üzərində qurmur. O, əksinə
şair obrazına ləkə salacaq detalları bilə-bilə
inkar edir: “Çünki şair bizə ləkəsiz, kölgəsiz
– milli ruhun timsalı kimi lazımdır”. S.Xəlilov
Vurğunun genetik potensialının Yusif və Vaqif Səmədoğlularda
davam etdiyini, ancaq söz sənəti baxımından
Hüseyn Arif və Zəlimxan Yaqubda, ideya və poetik vüsət
baxımından Ramiz Rövşən və Məmməd
Arazda davam etdiyini diqqətə çatdırıb.
“İki təəssürat”
adlı məqaləsində müəllif ötən il “Evrovision” müsabiqəsində
qazandığımız uğurdan aldığı təəssüratlarını,
eyni zamanda Naxçıvan Dövlət Universitetinin özfəaliyyət
kollektivinin ifasında izlədiyi “Arşın mal alan”
tamaşasında gənc aktyorların nümayiş etdirdikləri
təbii və peşəkar sənətdən
aldığı zövqü ifadə edib. “Ovqat və “Ovqat” məqaləsində
isə S.Xəlilov Azərbaycan efir məkanında səviyyəli
verilişlərin get-gedə sıradan
çıxdığını vurğulayıb və bir
zamanlar İctimai Televiziyanın efirində yayımlanan “Ovqat”
verilişinə öz münasibətini bildirib: “Ovqat da həmin
o illərin yadigarıdır. O illərin ki, reklam bazarı
büdcədən maliyyələşən İTV–nin ideya
axtarışlarındakı işıqlı məqamlara
kölgə sala bilmirdi. Lakin görünür
heç nə təsirsiz ötüşmür. “Ovqat” yenə davam etsə də getdikcə
solğunlaşır”. “TV-də stereotip və
axtarışlar” yazısında S.Xəlilov “Ovqat”
verilişinin ikiləşərək AzTV efirində
nümayiş olunmasından və iki nüfuzlu kanalın
“Ovqat” uğrunda mübarizəsindən bəhs edib.
“İslama baxış”
guşəsinə daxil edilən “İki dünya bir olsa”,
“İslamda mübahisəli sayılan məsələlər”,
“Din və müqəddəslik irisi”, “Sivilizasiya və
islamofobiya”, “İdeoloji boşluq və din” başlıqlı
məqalələrində müəllif dinlə bağlı
məsələlərə toxunub, bir çox maraqlı məqamlara
aydınlıq gətirib.
“Din və sivilizasiya”, “Sivilizasiyaların monoloqu”, “Qəhrəmanlıq simfoniyası”, “Elm və Akademiya”, “Elm-insan-cəmiyyət”, “Elmdə ön və arxa cəbhə” məqalələrində Səlahəddin Xəlilov elm və mədəniyyətin durumuna, problemlərinə dair fəlsəfi görüşlərini qələmə alıb: “Dinlərin elmi- fəlsəfi təhlili göstərir ki, Şərq təfəkkürünə ən çox uyğun gələn – xristianlıqdır. Qərb təməlləri isə dinlər içərisində ancaq islamda müşahidə olunur”.
“Fəlsəfəyə baxış” bölməsində yer alan “Fəlsəfə bizə lazımdırmı?” yazısında Səlahəddin Xəlilov bu fikirləri qeyd edir: “Doğrudan da əgər mənəvi boşluğumuzu, ancaq şeir və musiqi ilə doldurmağa çalışırıqsa, fəlsəfə nəyimizə lazımdır? Əgər lazımdırsa, musiqinin fəlsəfəsi, şeirin fəlsəfəsi şəkilində olmalı deyilmi? Və ya əsrlər boyu şeirdə fəlsəfə söyləyə bilmişiksə, indi bu terminlərlə və kateqoriyalarla dolu olan ağır fəlsəfi mətnlərə nə ehtiyacımız var?”
“Fəlsəfə və fəlsəfi fikrin bu günü”,
“Zərdüştün şikayəti”,
“Fəlsəfəyə münasibəti
aktuallaşdıran nədir?”
və digər önəmli məqalələrində
Səlahəddin Xəlilov
bu gün fəlsəfəyə Azərbaycan
cəmiyyətində marağın
zəifliyini və bundan doğan
problemləri diqqət
mərkəzinə çıxarıb.
Günel Musayeva
525-ci qəzet.-
2010.- 12 may.- S.7.