Daş yağan gün
– Ara, mən pis adama qız
verərəm?! Silva Moskvada oxuyur. Bu il ali məktəbi
qurtarmalıdır. Maşallah, göz dəyməsin, çox
ağıllı, fərasətli qızdır. Yaxşı da
oxuyur. Biliyinə söz yoxdur. Onu beş oğula dəyişmərəm.
Neçə ildi ki, özü ilə oxuyan bir oğlan ona
vurulmuşdu, Silvadan əl çəkmirdi. Silva da
ata-anasından icazəsiz ona razılıq vermirdi. Bu sirri də ata-anasından gizlədirmiş.
Hamı bilir ki, mən namuslu adamam! Qızın nə
ixtiyarı var ki, mənim razılığım olmadan, hər
gədə-güdəyə söz versin. Silva atasının
xasiyyətini yaxşı bilir. Bilir ki, ata-anasının
razılığı olmadan birinə söz versə,
başını kəsərəm. Məni tanıyanlar bilir
ki, namuslu-qeyrətli adamam. – Andranik Poqosyan bu sözləri
dedikcə hərdən yarıbükülü yumruğunu fəxrlə
sinəsinə vururdu. – Mənə teleqram göndərmişdi.
Getdim Moskvaya. Silva ilə söhbət etdim,
nişanlısı ilə
Armenak sevincək dilləndi:
– Andranik dayı, toy
üçün iki erkək bizdə, – dedi. – Haçan, hara
deyirsən, göndərək. Zoğal arağı da ki,
öz yerində. Nə qədər desən,
gözümüz üstə...
Andranik Poqosyan Armenakın
sözündən məmnun oldu. Çobanlara təşəkkür
edib, stəkanlara araq süzərək:
– Bunu içək bizim
Silvanın ailə xoşbəxtliyi şərəfinə!
Nəcəf geri çəkilib:
– Məni
bağışlayın, – dedi. – Hələ indiyəcən
dilimə içki vurmamışam.
Süfrə yoldaşları
bu barədə Nəcəfi təkid etmədilər. Onlar bir
ağızdan:
– Silvanın
sağlığına, – deyib, araq dolu stəkanları cingildətdilər.
Andranik üzünü
Armenakla Akopa tutub erməni dilində:
– Ara, türk arağın ləzzətini
nə bilir?! O vaxt Azərbaycan kəndlərini
yandırıb-dağıdanda hansı küpün
ağzını açırdıq, içindən yağ,
doşab, ət qovurması çıxırdı. O boyda kəndlərdə
əlimizə bir qram araq, çaxır keçmədi. Onlarınkı
yaşamaqdı?! – Andranik bu sözləri ermənicə
deyirdi ki, Nəcəf başa düşməsin. – Ona görə
də haqlı yerə uşaqlı-böyüklü
qabağımıza keçəni qırırdıq. Ən
çox cavanları, uşaqları öldürürdük
ki, həmin qırğının şahidi qalmasın, yekəlib
ağlı kəsəndə bizdən qisas almaq niyyətinə
düşməsinlər. Bəli, bəli, siz belə şeyləri
bilməzsiniz. Əvvəlcə uşaqların, körpələrin,
cavanların kökü kəsilməlidir ki, sonra dirçəlib
başımıza bəla açmasınlar. Mən
ağıllı adamam. Uzağı görürəm, gələcəyi
fikirləşirəm. Hər adamın başı mənimki
kimi işləmir. Mən adını
daşıdığım Andranikdən, Nijdehdən, Drodan,
Hamazasdan dərs almışam. Bilirəm müsəlmanlara necə
divan tutmaq lazımdır. Onlarla bizimki qiyamətə qədər
tutmaz. Baax, biz burda araq vururuq, kef eləyirik, o Nəcəfdi-nədi,
türk gədəsi, yaxasını kənara çəkib.
Bizə qoşulmaq istəmir. Onlar donuz əti yemirlər, ancaq
biz yeyirik. Bir sözlə, müsəlmanlarla biz
ayrı-ayrı əqidəli adamlarıq. Mən namuslu adam olduğum
üçün bunları dərk edirəm. Sən Armenakla
Akopun kəlləsi yoxdur. Olsa da içi boşdur. Yoxsa bu
türkü qoltuğunuza alıb yanınıza
salmazsınız. Mən! – O, döşünə
döydü. – Mən olsam, bu xəlvət dərələrin
birində onun başını çoxdan əkmişdim.
Çünki namuslu adamam. Siz Armenakla Akop o barədə mənə
çata bilməzsiniz. Çünki mən namuslu adamam.
Müsəlmanlar gözümün düşmənidir. Namuslu
erməni mənim kimi olar. Bu alapaça madyanı
görürsünüz? – O, kənarda bağlanmış
atı göstərdi. – O vaxt müsəlmanların
üstünə hücum çəkəndə Hasan, Əliqulu,
Dobutlu, Sofulu... kəndlərindən neçə-neçə
at ilxısı gətirmişik. (Nəcəf başa
düşdü ki, Andranik qəsdənmi və ya yadından
çıxdığına görəmi, Həsənlini
Hasan deyirdi). Bu madyan həmin atların cinsindəndir. Yola
çıxanda bir at qabağa buraxmaz. Həm də yük
götürəndir. Qaçarağına da söz yoxdur. Ona görə də həmin
ilxıdan olan atın nəslini kəsmirəm. Doğub
törədikcə qulununu götürüb saxlayıram. Bu
madyan beşinci, ya da altıncı nəsildəndir. Rəngi,
görkəmi əsla dəyişməyib. Müsəlman
atı olsa da, tayı-bərabəri yoxdur...
Andranik üzünü yana
çevirib, kənarda söykədiyi qoşalülə
tüfəngə işarə etdi:
– O qoşalüləni də
Həsən kəndində bir evdən götürmüşəm,
– dedi. – Divara vurulmuş xalçanın üstündən
asılmışdı. Gördüm yaxşı tüfəngdi,
götürdüm. İçi boşuydu. Patronlarını
hara qoymuşdularsa, tapa bilmədim. Evin içində nə
varıdı, yığışdırdıq, sonra binaya od
vurub, sahiblərini arvadlı-uşaqlı qırdıq. Evin
sahibi hündür boylu bir kişiydi. Əlinə girəvə
düşsəydi, indi tüfəngin qırmalarını
qarnıma doldurub, məni məhv eləmişdi. Ancaq kəndə
qəfil girdiyimiz üçün, əllərini tərpətməyə
imkan vermədik. Haa... Yaxşı tüfəngdi. Mənə
qismətimiş. Tez-tez silib yağlıyıram, qoymuram pas
atsın. Rayonun milis nəçənniyi bir dəfə
gördü, ağzı açıq qaldı. Qoşalüləyə
yaman tamah salmışdı.
Yalvardı ki, Andranik, əvəzinə iki tüfəng verim,
dəyişək. Razı olmadım. Üstündə pul da
verirdi. Dedim ki, olmaz. Ona müsəlmanların qanı
bulaşıb, yadigar saxlayıram. Nəçənnik
gördü məni yola gətirə bilmir, axır ki, yaxamdan əl
çəkdi...
Andranik içki havasına
çinədanında nə var
açıb-tökürdü. Nəcəf onun dediklərini
başa düşsə də, özünü bilməzliyə
vurub hesabı içəri verirdi. Hasanlı, alapaça kəlmələrini
eşidəndə, elə bil başına ildırım
çaxdı. Onun yaralı qəlbində amansız bir qəzəb
alovlandı. Hirsindən gözlərinə qaranlıq
çökdü. Özündən asılı olmayaraq, dəyənəyinə
əl atıb dağbəyinin başını iki yerə
bölmək istədi. Ancaq özünü güclə
saxlayıb, hirsini cilovladı və daxilən
düşündü: – Tələsmə, Nəcəf, tələsmə!
Mikayıl əmin həmişə deyir ki, tələsən təndirə
düşər. Hövsələn olsun. İndi Andranik
Poqosyana bir balaca əl qaldırsan, uduzarsan. Tək Andranikin
öhdəsindən gəlmək asandır. Ancaq bərk ayaqda
erməni erməninin tərəfini verməz. Akopla Armenak sənnən nə qədər
dost, yaxın olsalar da, Andranikə qahmar durarlar. Əmin Mikayil
demişkən, qoyun quzusunun ayağını basmaz. Unutma ki,
Andranik Poqosyanla əlbəyaxa olsan, dost bildiyin Akopla Armenak onun
tərəfinə keçəcək. Ona görə də
ağlın olsun, Nəcəf, xam iş tutma. Qoy Andranik
zoğal arağından vurub istədiyi qədər çərənləsin.
Hövsələni bas, gözlə, haçan məqamı gəlsə,
türk qanına susayan bu cəlladla hesabı
çürüdərsən. Ovu bərəsində vurarlar.
İndi Andranikə baş qoşub, onunla kəllə-kəlləyə
gəlsən, uduzarsan, təklənib güdaza gedərsən.
Hirsin, hikkən öz başlnda çatlayar.
Kənarda hörüklənmiş
alapaça madyan öz aləmindəydi. Çiçəkli
otlardan qırpa-qırpa, uzun quyruğu ilə
yançaqlarını döyəcləyib
sağrısına, paçasının arasına,
yal-birçəyinə daraşan milçəkləri
qovurdu. Andranik Poqosyandan Hasan kəlməsini eşidəndə at devikib boynunu şax tutdu,
qulaqlarını şəklədi, səkil
ayağındakı hörüyü dartıb qırmaq istədi.
Uzaqlara baxıb kişnədi. Bu dilsiz-ağızsız heyvan
sanki dağbəyinin dediklərini şüurlu məxluq kimi
anlayıb başa düşürdü və əlacı
olsaydı, ayağındakı hörüyü qırıb
dördnala doğma Həsənliyə, elinə-obasına
döğru çapardı, ilxıısına
qovuşardı. Alapaça madyanın gözlənilməz
şıltaqlığı Andranik Poqosyanı təəccübləndirdi
və üzünü Armenaka tutaraq:
– Ara, mənim bu
atımın yenə dəliliyi tutub,- dedi. – Onun
hörüyünü dəyişin, yavaşımasa, bir-iki
şallaq çəkin, ağlı gəlsin başına. Yəqin
mozalan-zad sancdı. Yoxsa bu cür şıltaqlıq eləyən
deyil.
Armenak yerindən tərpənincə
Nəcəf cəld ayağa qalxıb alapaça madyanın
noxtasından yapışdı. Atın yal-birçəyinə
nəvazişlə əl gəzdirdi. Nəmlənmiş gözlərinin
pılçığını təmizlədi. Alapaça
madyan doğma sahibini tapıbmış kimi, Nəcəfin
boyun-boğazını qoxladı. Alapaça madyanın
kövşən ətirli nəfəsi Nəcəfin sifətinə
dəyəndə Köhnə Həsənlinin
xarabalıqları, on bir evli Təzə Həsənlinin
bir-birindən aralı olan komaları gəlib durdu
gözünün qabağında. Onu boğan qəhəri
dağıtmaq üçün alabəzək tütəyinə
əl atmaq istədi. Ancaq gördü ki, yeri deyil, fikrindən
daşındı. Həsənli atlarının cinsindən
olan alapaça madyanla, yetim Nəcəf sanki bir-birini elə
indicə tapmışdı. Yetim Nəcəf
yazıq-yazıq atın qulağına
pıçıldadı:
– Ey Allahın
dilsiz-ağızsız heyvanı, ikimiz də bir dərddəyik,
– dedi. – Sən ilxından didərgin düşmüsən, mən
Köhnə Həsənlinin xarabalıqlarında uyuyan qəbirsiz
ata-anamı, bacı-qardaşlarımı itirmişəm. İkimiz
də həm xoşbəxtik, həm də bədbəxt.
Xoşbəxtik, ona görə ki, kürreyi-ərzin səfalı
guşəsində ömür sürürük, bədbəxtik,
ona görə ki, Andraniklərlə
qonşu olmuşuq. Nələr çəkdiyini bilirəm.
Bizim el-obada heç vaxt atı üzü yoxuşa
çapmazlar. İndi isə bu min bir sifətin sahibi olan Andranikin səni,
ağzını yoxuşa salıb, insafsızcasına
şallaqlaya-şallaqlaya çapdığını görəndə
qəlbim qan ağlayır. Biləndə ki, Həsənli
cinsindənsən, dırnağımdan tutmuş,
başımın tüklərinə qədər bədənim
əsdi.
Yetim Nəci alapaça madyanın
qulağına çox şey pıçıldayardı. Ancaq
imkan yox idi. Yetim Nəcəfi başa
düşürmüş kimi, atın gözündə bir
neçə damcı yaş gilələndi. Nəcəf
köynəyinin qolu ilə alapaça madyanın göz
yaşlarını sildi.
Yetim Nəcəflə
alapaçanın görüşdüyü anlarda Daş dəvə
də tilsimdən xilas olub dilə gəlmək istədi. Onları
əhatə edən bakirə dağlar, doğmaların
görüşündən mütəəssir olubmuş kimi,
niskilli insanla ata, Daş dəvəyə, gözü
yaşlı çeşməyə kədərlə
baxırdılar. Yan-yörədə sürünən
duman-çən də bu mənhus mənzərəyə tab
gətirmirmiş kimi uzaqlara, lap uzaqlara çəkilirdi.
– Ara, türk balası!
Atı burax, gəl! Araq içməsən də, söhbətimizə
qulaq as.- Andranik Poqosyanın sərxoş səsi Nəcəfi
daxili sarsıntılardan ayırdı. Nəcəf
axırıncı dəfə alapaça madyanın
yal-birçəyinə sığal çəkib, geri
döndü. Aradan on illər keçsə də, yəqin ki,
alapaça madyanın qanı çəkirdi. Həmkəndlisini
qoxlayanda, Nəcəfin canına, qanına hopmuş Həsənli
torpağının rayihəsini duyurdu.
Andranik Poqosyan təəccüblə:
– Ara, Armenak, – dedi,-
baxırsız da, mənim atım bu türk
dığasını görəndə quzuya dönür.
Akop:
– Andranik əmi, Nəcəf
atın dilini bilir. Ona görə də alapaça madyan onu
yaxına buraxır,
sözünə baxır - cavab verdi.
Andranik:
– Ara, siz hələ
cahılsınız. Mal-heyvandan başqa heç nədən başınız
çıxmır, – dedi. – Çox şey var ki, siz onu
bilmirsiniz. Üçtəpə, Qanlıca, Tağ yurd...
görürsünüz, hamısı azərbaycanlı
adlarıdır. Bunlar dünənəcən azərbaycanlıların
olub. İndi bizim əlimizdədir. Kimin hesabına?! Andranikin!
Ona görə də hamımız Andranik Ozanyana, ondan dərs
alan ermənilərə borcluyuq. Onların sayəsində təkcə
bu dağlar yox, gördüyünüz bütün Sisyan
el-obası ermənilərin ixtiyarına keçib. Gərək
Andranikin qədrini bilək. Uşaqlarımızı da bələkdə
başa salaq ki, Andranik Ozanyan kimdir? Əgər onun şərəfinə
bir stəkan içməsək, Andranikin ruhu bizdən inciyər.
Armenakla Akop
başlarının hərəkəti ilə dağbəyinin
dediklərini təsdiqləyib, stəkanlarını onun stəkanına
vurdular.
Andranik çal
düşmüş bığlarının ucunu eşə-eşə
Nəcəfə tərəf çöndü və bu dəfə
Azərbaycan dilində:
– Ara, Nacap!
– Bəli.
– Ara, sən ki, belə
görürəm, çoban olsan da, ağlına var, – dedi. –
Erməni qızını almaq fikrinə düşməkdə
fərəsətlisən. Bizim qızların yerini verən
olmaz. Bizə ki, yeznə olubsan, bir söz deyacağam. Karapet
adlı bir qonşum var. Özü də çox yeyib-içən,
kepkom adamdır. O gün olmaz ki, araqdan-çaxırdan
içməsin. İçməyəndə naxoşluq tutur.
Elə ki, xəstə oldu, dərman-zad kar eləmir. Yüzcə
qram vursun, sağalıb duracaq ayağa. Karapet çox
zarapatlar eləyir. Məzəli bir sözü yadımdan çıxmır.
Burda deyim, siz də həm eşidin, həm də
gülün.
Alasan rus qızını
Üst-başını
çist eləyə.
Alasan gürcü
qızın
Qohum-qardaşı dost eləyə.
Alasan erməni qızın
Həmişə səni məst
eləyə.
Alasan müsəlman
qızın
Şirin canına qəsd eləyə.
Haa!.. Ha!.. – Andranik bu sözləri
deyib şit-şit şaqqanaq çəkdi.
Armenakla Akop da ona baxıb
güldülər. – Ədəbsizin biri ədəbsiz!
Saqqalı ağarsa da, ağlı ağarmayıb. Bizim Həsənli
kəndində bu cür nalayiq danışan olsa, hamı
üzünə tüpürər.- Nəcəfin dodaqları
pıçıldadı.
– Ara, bu Nəcəp ki,
özünü pağır göstərir, ona inanmayın.
Bizə ki, yeznə olur, çox bic oğlandır. Bilir ki, erməni
qızı alsa, xoşbəxt olacaq. – Dağbəyi bu sözləri
deyib, stəkanları doldurdu. – Bunu da bizim təzə yeznənin
sağlığına...
Nəcəfin nifrət ifadə
edən baxışları, dağbəyinin yaşına, vəzifəsinə
yaraşmayan şit hərəkətlərində,
sırtıq sifətində donub qalmışdı.
Andranik zoğal
arağından o ki, var, dümlüyüb
hallanmışdı.
O, göy otun üstündə
o tərəf-bu tərəfə çevrilib arxası qatda
uzandı. Daş dəvənin qarnının altına baxaraq:
– E-e-e!... Armenakcan! Akopcan!
Astos! Qədrimi bilmirsiniz, – dedi. – Erməni xalqının
qarşısındakı xidmətlərimi saymaqla qurtarmaz (Nəcəf
onun sözlərini başa düşməsin deyə Andranik
ermənicə danışırdı). Türklər orada ermənilərə
neynəmişdilərsə, biz burda azərbaycanlılardan on əvəzini
çıxdıq. Dobut, Eyvazlı, Qədili, Hovlu, Əliqulu,
Hasan, Xıdır, Abdallı... hələ çoxunun da
adı yadımdan çıxıb, deyə bilmədim.
Hamısını yandırıb dağıtdıq.
Adamlarının birini də salamat buraxmadıq. Tək-tük
müsəlman əlimizdən qaçıb qurtardı.
Müsəlman kəndlərini yerlə-yeksan elədik, bizim
ordumuz, top-tüfəngimiz vardı. Müsəlman kəndlərində
də dörd-beş adamın
tüfəngi ola-olmaya. Qabağımızda duruş gətirmirdilər.
Ha!.. ha!... – O, fəxrlə gülüb əlini tük
basmış sinəsində gəzdirdi.
Armenakla Akop altdan-altdan Nəcəfə
göz vurub, işarə edirdilər ki, keflidir, nə
danışdığını bilmir. Onun zəvzəməsinə
bənd olma. Nəcəf isə onsuz da sakitcə dayanıb
içəridən qovrulurdu. –Eybi yoxdur Andranik, nə
qırıldadırsan qırıldat. Sən bu dağların
bəyi ol, mən də çobanı. Haçansa, haradasa
qabaqlaşarıq. Allah ya sənə verər, ya mənə.
Onda bilərsən ki, qan tökməyin, ev yıxmağın,
Nəcəfi yetim qoymağın axır aqibəti necə
olur. –Öz-özünə düşündü.
(Ardı var)
Roman
(Əvvəli ötən saylarımızda)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 12 may.- S.7.