Orta əsrlər Yaponiyasına səyahət
Yastığa baş qoymaq
Yaponiyada normal hal sayılmırdı. İnsana həzz verən
hər hansı bir şey necə günah sayıla bilər?
Katolik ruhani xadimlərin tselibatına –
nigahsızlığına zidd olaraq bəzi Buddist sektaları
hətta intim yaxınlığı bir sitayiş forması
kimi təklif edirdi. Allahın bunu lənətləməsini
demək ağılsızlıqdır. Mariko bunu şübhəsiz
bir həqiqət kimi deyirdi. Yalnız geyşalar istisna təşkil
edirdi, onlar heç vaxt yastığa birgə baş
qoymağa məcbur edilmirdi. Geyşalar və şagirdlər
toxunulmaz hesab olunurdular.
Qadınların sosial həyatda
kişilərdən xeyli aşağıda dayanması isə
bütün sahələrdə özünü biruzə
verirdi. Ərinin sözü qadın üçün qanun idi.
Marikonun anası atasının öz saxladığı
samuraylara maaş vermək üçün pulu olmadıqda,
Kiotoya yollanmış və orada parik düzəldənərə
öz saçını satmış və əldə etdiyi
pulu gətirib ərinə vermişdi. Qadın
üçün borc hissi olduqca vacib idi. Əri və ya xidmət
göstərdiyi kişi yatmayana qədər qadın oyaq
qalmalı və səhər əri yuxudan oyananda onu
qarşılamalı idi. Qadının borcu müstəsna
olaraq ərinə xidmət etmək idi. O, daim səbirli
olmalı idi. Ərli qadının başqası ilə intim
yaxınlığı zinakarlıq hesab olunur və seppuku ilə
nəticələnirdi. Ayrı-seçkilik bütün sahələrdə
gözə çarpırdı. Fuci-sana, müqəddəs
Fuci (və ya Fuciyama) dağına dırmaşmaq, onun kraterli
zirvəsinə qalxmaq yaponlar üçün sakral xarakter
daşıyır. 1868-ci ilə, Meyci Bərpasına qədər
qadınlara hətta bu dağa qalxmağa da icazə verilmirdi.
Qadın yalnız oturmuş şəkildə kağız
qapını-şocini açıb örtürdü.
Pula münasibətə gəldikdə
avropalılardan fərqli olaraq samuraylar üçün pul elə
bir əhəmiyyət kəsb etmirdi. Sədaqət
yaponların yüksək qiymətləndirdikləri yeganə
xüsusiyyət idi, bu onların kultu, buşidosu idi. Onlar
özlərini ağalarına xidmətə həsr edirdilər.
Pis yaralanmış samurayların hamısı, əgər
onlar özlərini öldürməsələr və bunu
bacarmasalar, öldürülürdü.
Samuray ləyaqətlə
ölürdü. Samuray əsir götürülə və
samuray kimi qala bilməzdi. Düşmənə əsir
düşmək ən pis şərəfsizlik hesab olunurdu. Adətə
görə digər samuray həmişə seppukunun icra edilməsinə
köməklik göstərir, dizi üstə
çökmüş adamın arxasında laqeyd
dayanırdı ki, aqoniya dözülməz şəkil
almamış və nəzarətdən çıxdıqdan
qabaq onun başını bircə zərbə ilə kəssin.
Axırıncılar baş
versəydi bu həyatının ali anında insanı
çox biabır etmiş olardı. Sekundantın
iştirakı olmadan az sayda adam biabır olmadan ölə bilərdi.
Samuray qadınlar seppukunu boğazlarına öz
bıçaqlarını soxmaqla icra etdiklərindən, onlara
köməkçi lazım olmurdu. Çinlilər isə
işgəncə verilməsindən həzz alırdılar.
Buddizm yaponları ətlə
qidalanmaqdan çəkindirirdi. Buddanın vətəni olan
Hindistanda yaponları “Şərqin şeytanları”
adlandırırdılar və öz torpaqlarına silahlı
olduqda onların ayaq basmalarına icazə vermirdilər.
Yaponlar isə hindliləri “Qaralar” və “İnsan olmayanlar”
adlandırırdılar. Koreyalıları isə onlar
“Sarımsaq yeyənlər” deyə
çağırırdılar və kannibala bənzəyən
heyvanlar hesab edirdilər. Onlardan gələn sarımsaq qoxusu hətta
onlarla ünsiyyətdə olanın paltarına və
saçına hopurdu. Yaponlar güman edirdilər ki, hər iki
ölkəni – Koreyanı və Çini işğaldan sonra
onlar sivilizasiyalardırmışlar, lakin onu da etiraf edirdilər
ki, Çin hələ qədim dövrlərdən
sivilizasiyalaşmış bir ölkə idi və yaponlar ondan
çox şeyi əxz etmişdilər və özləri də
vurğulayırdılar ki, ən yaxşı şeyləri
Çindən götürmüşdülər.
İngiltərə kimi
Yaponiya da adalar ölkəsi idi, öz dənizlərində
ağalıq etməsə kənardan olan düşməndən
müdafiəsiz qala bilərdi. Mariko-san ingilisə öz
ölkəsinə iki dəfə müdaxilə edildiyini
danışdı. Üç yüz ildən çox bundan əvvəl
Xubilay xanın monqolları Çini və Koreyanı yenicə
işğal etdikdən sonra bizə qarşı hücuma
keçdilər. Bu vaxt biz onun hökmranlığına tabe
olmağı rədd etmişdik. Bir neçə min adam
Kyuşuda sahilə çıxdı, lakin bizim samuraylar
onların qarşısını kəsdi və bir müddətdən
sonra düşmən geri çəkildi. Bu hadisə
1274-cü ildə olmuşdu. Yeddi il sonra, 1281-ci ildə
müdaxilədə demək olar ki, iki yüz min düşmən
qoşunları yüklənmiş minə qədər
Çin və Koreya gəmiləri iştirak edirdi. Qoşunlar
monqollardan, çinlilərdən və koreyalılardan ibarət
idi – əksəriyyəti süvari idi. Cənubdan gələn
tayfun donanmanı və onun göyərtəsində olan ordunu
darmadağın etdi. Sahildə qalanlar tezliklə
öldürüldü. Bu kamikadze və ya İlahi Külək
idi. Kamikadzeni Allahlar, Allahların bu torpağını xarici
işğalçılardan mühafizə etmək
üçün göndərmişdi. Monqollar bir daha geri
dönmədilər və səksən ilə sonra və ya
ona yaxın bir vaxtda onların yaratdıqları Yuan sülaləsi
Çindən də kənara atıldı. Ona görə də
yaponlar deyirdilər ki, “Onlardan bizi Allahlar qoruyur”. Mariko təkrar
etdi ki, Allahlar daim bizi müdaxilələrdən qoruyacaqlar.
İspan məğlubedilməz Armadası da belə bir
qasırğanın köməyi ilə İngiltərə
üçün əhəmiyyətsiz bir şeyə
çevrilmişdi. Axırıncı hadisə 1588-ci ildə
baş vermişdi. Monqollar yəqin ki, avropalılara da rəhm
etməzdi. Xubilay xanın babası Çingiz xanın
ordaları demək olar ki, Vyananın qapıları
ağzına gəlib çıxmışdı, bu vaxt
onların hücumu dayandırıldığından geri
dönməyə məcbur oldular. Bu Hannibalın Romanın
qapısı ağzında dayanıb, geri dönməsinə
bənzəyirdi.
Həmin günlərdə
adamlar inanırdılar ki, Çingiz xanın əsgərləri
Allah tərəfindən göndərilmişdi ki,
dünyanı günahlarına görə cəzalandırsın.
Ümumiyyətlə yaponlar
ölümdən qorxmurdular. Bu qorxu torpağında
ölüm adamların guşənişinliyə çəkilməsi
hesab olunurdu. Ölüm yaponların havasının, dənizinin,
torpağının bir hissəsi kimi qəbul edilirdi.
Bləksorn altı ay müddətinə
əvvəlki kənddə yapon dilini öyrənməyə
göndərildikdə daymyo Yabu kəndlilərə elan
etmişdi ki, həmin müddətin sonunda ingilis dilimizdə
danışa bilməsə, bütün kənd
camaatını qılıncdan keçirəcəkdir. Tərcüməçi
Mariko-san bunu dənizçiyə dedikdə, o, hiddətini gizlədə
bilmirdi, axı kənd sakinlərinin onun dili öyrənib-öyənməməsi
ilə nə əlaqəsi vardır. Axşam o, Yabunun
qaldığı evə gəldikdə etirazını
bildirib, əmrini ləğv etməyi xahiş etdi. Adətə
görə daymyo öz əmrini geri götürə bilməzdi,
bu biabırçılıq hesab olunurdu. Bu vaxt kobud kənd
valisinin yanında o, belə bir ar gətirən əmrə
dözməyəcəyini əsas götürərək
seppuku etmək üçün xəncərini çıxarıb
qarnına soxmaq istədikdə, vali tullanıb onun əlinin zərbəsini
saxladı. Həm daymyo, həm də vaxtilə adamların
gözü qarşısında Bləksornu nalayiqcəsinə
təhqir edən onun qardaşı oğlu məəttəl
qalmışdılar, onlar avropalıdan belə cəsarət
və fədakarlıq gözləmirdilər. Daymyo Yabu əlacsız
qalıb söz verdi ki, əgər o, ikicə söz də
öyrənsə, kənd əhalisini cəzalandırmayacaqdır.
İngilisə artıq heç də laqeyd olmayan tərcüməçi
qadın da onun belə hərəkətinə təəccübünü
gizlətməsə də, portuqal dilində ona dedi ki, siz
artıq yenidən doğuldunuz, əvvəlki adam deyilsiniz.
Digər bir hadisə də
Bləksornu olduqca məyus etmişdi. Yaponlar şahinlə
ovladıqları qırqovulu ikinci dəfə ona göndərəndə,
ətinin yumşalmasını əsas götürərək,
quşu həyətdə boğazından kəndirlə
asdı və tapşırdı ki, özünün icazəsi
olmadan heç kəs ona toxunmasın. Sonra qırqovulu
ümumiyyətlə yadından çıxardı və
qayıdanda ona xidmət etmək tapşırılmış
dul gəlin bildirdi ki, o, günahkardır, özünü
öldürməyə icazə versin. Nəhayət məlum
oldu ki, uzun müddət asılı qalan quş iylənib,
üfunət iyinə dözə bilməyən hər bir
yapon kimi qadın onu götürüb basdırmaq istəyəndə,
bağban özü quşun cəsədini açıb,
torpağa basdırmış, sonra isə özünü
öldürübmüş. Ağanın sözünü, əmrini
heç kəs poza bilməzdi, buna cəsarət etsə,
könüllü qaydada həyatdan getməli idi. Bləksorn da
adi adam deyildi. Toranaqa onu qulluqçu səviyyəsində
hatamoto təyin etmişdi. Ona görə də quşa əl
vurmaq özünə ölüm hökmü elan etməyə
bərabər idi.
Bləksorn yazıq
bağbanın ölümünə çox kədərlənməklə
yanaşı bu günahsız qadını da öz qərarından
döndərə, sakitləşdirə bildi və
özünü məzəmmət etdi ki, xalqın
qayadalarına bələd olmadan niyə belə
ağılsız qəti göstəriş verirsən.
Mariko-san ingilisə dili
öyrətmək üçün yapon dilində feilin ingilis
dilində olduğutək şəxsi əvəzliklərə
görə dəyişilmədiyini, bəzən hətta gələcək
zamanda və mücərrəd formada da eyni qaydada tələffüz
edildiyini dedi. Hətta cəm və tək isimləri də
eynidir. “Tsuma” ifadəsi həm “arvadı”, həm də
“arvadları” bildirir. “Mən gedirəm” ya “onlar getdi” ifadələri
yalnız səsin tonunu dəyişməklə bir-birindən
fərqlənir. Lakin hər ikisi eyni qaydada səslənir.
Yapon dili qeyri-müəyyən dil hesab olunur. Çinlilər
çox ağıllı idilər, deyə Mariko-san bildirdi ki,
biz min il əvvəl onlardan yazını əxz etmişik.
“Donuz” sözü üçün onlar xarakter və ya ifadə
seçirlər. “Dam” simvolu “donuz” simvolunun üstünə əlavə
edildikdə, bu “ev” mənasını verir. Qədim dövrlərdə
çinlilər düşünürdülər ki, “dam
altında donuz” evdir. Onlar buddistlər deyildidilər, ət
yeyirdilər, ona görə də onlar üçün, kəndlilərdən
ötəri donuz var-dövləti təmsil edirdi, deməli
yaxşı idi.
İngilis teatrından fərqli
olaraq Yaponiyada aktyorlar və aktrisalar maska geyindirdilər, bunu
onlar “No” teatrı adlandırırdılar. Onlar musiqi
çalır, bəzən rəqs edir, çox hallarda isə
tamaşaya qəmgin, faciəvi və tarixi pyeslər qoyurdular.
Bəzən komediya da göstərirdilər. Şekspirin pyesləri
onlara yad görünə bilərdi. Ona görə də hətta
XX əsrin ikinci yarısında yaponlar Şekspirin məşhur
“Kral Lir” pyesi əsasında film çəkəndə
xalqın mentalitetini nəzərə alaraq kralın həm xəyanətkar
qızlarını, həm də sədaqətli
qızını onun guya oğlanları ilə əvəz
etmişdilər. Ümumiyyətlə, yaponların ifadə tərzlərini,
düşüncələrini anlamaq asan məsələ
deyildir. Ona görə də yapon qızı ingilisə deyirdi
ki, əgər dinclik istəyirsənsə sən hətta
boş fincandan da çayı necə içməyi öyrənməlisən.
Sən həm də qayaların böyüdüyünü
müşahidə etməyi də öyrənməlisən.
O, izah edirdi ki, yastığa birgə baş qoymaq da öz qiymətinə
malikdir. Həqiqi məhəbbəti biz borc
adlandırırdıq, bu könüldən könülə
körpüdür və elə bir ifadə tərzinə
ehtiyac duymur – bəlkə ölüm hədiyyəsi istisna
olmaqla heç bir fiziki ifadəyə də.
Yaponlar uşaqlıqdan
öz içərisində itməyə, özünə kənardan
nüfuz edilməsinə imkan vermədən böyüməyə
öyrədilirlər. Divarların arxasında yaşayırlar.
Əgər bunu bacarmasaydılar, hamı çox güman ki, dəli
olardı, hətta hər kəsi və özlərini
öldürmək istəyərdi.
Yaponların dili elə
çalarlara malikdir ki, cavab vermək istəmədiyi
hansısa sualdan yayınmağa, nəzakətli olmağa imkan
verir. Başlıca məqsəd həqiqi harmoniya əldə
etməkdir. Bu sözləri dedikdən sonra qadın ingilisə
bu sirri açdı: “Bizim təbəssümlərimizə və
nəcib tərbiyəmizə, bizim seremonial qaydalarımıza
və təzim etməyimizə,
xoşhallığımıza və
bağlılığımıza inanıb, səfehə
çevrilmə!”
Telman ORUCOV
(Ardı var)
525-ci qəzet.- 2010.- 12 may.- S.4.