Naxçıvanın memarlıq inciləri

 

ÇOXƏSRLİK DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİ YADİGARLARI İLƏ ÖYÜNƏ BİLİRİKMİ?

 

“Elə XX əsri götürün. Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”- bu sözlər xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. O, Naxçıvan şəhərində Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib. Dahi öndər “bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik” deyərək bu sənət əsərinin çoxəsrlik dövlətçilik ənənələrimizin yaşadılması istiqamətində oynadığı rola da toxunub: “Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?”.

“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Muxtar Respublika Ali Məclisi sədrinin imzaladığı sərəncam əsasında isə burada 1157 abidə qeydə alınıb, onlardan 56-sı isə dünya əhəmiyyətli abidə olub. Hər biri də xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini özündə yaşadan memarlıq inciləridir. O incilər ki, onlar tariximizin on ikinci yüzilliyindən başlayaraq bu günümüzə qədər ayrı-ayrı dövrlərdə, məqamlarda inşa olunublar, iqtisadi qüdrətimizi, gücümüzü, baçlıcası isə varlığımızı dünyanın yaxın-uzaq ölkələrinə tanıdıblar.

Əslinə qalsa həyata keçirilən bu tədbirlər də   xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında muxtar respublikanın uzun müddət üçün işlənib hazırlanmış inkişaf strategiyasından qaynaqlanıb. AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunan geniş müşavirədə “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var... Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir”-deyən ulu öndər böyük təəssüflə onu da qeyd edib ki, hələ də bunlar haqqında tarixi mənbələr və toplular yoxdur.

Dahi öndər həmin çıxışında qarşıda duran mühüm vəzifələrdən də danışıb. Böyük narahatçılıqla deyib ki, “əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir. Bax, bütün bu səbəbdən mən Naxçıvan Muxtar Respublikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm”.

Alimlərin fikrincə, Naxçıvanda hər daşın, hər qayanın altında bir tarix yatır. Bu yaxınlarda bölgədə keçirilən mötəbər elmi toplantıda - beynəlxalq simpoziumda iştirak edən mütəxəssislərin yekun rəyləri də bundan ibarət olub ki, məmləkətimizin ayrılmaz bir parçası olan bu diyar bəşər sivilizasiyasının, mədəniyyətinin ən başlanğıc nöqtələrindən biri olub. Bu qədim və kəşməkeşli tarixi isə sübut edən mənbələr, amillər də çoxdur: ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan memarlıq inciləri...

Qazma, Əshabi-kəhf, Kilid mağaralarında daş dövrü mədəniyyətinin izləri aşkar olunub. Bu yerlərdə insanlar ibtidai icma dövründə yaşayıblar. Eramızdan əvvəl dördüncü minilliyin sonu və ikinci minilliyin əvvəllərində isə Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala–şəhər məntəqələri fəaliyyət göstərib. Gəmiqaya rəsmləri kimi təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatları və sair Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji və fəlsəfi-estetik dünyagörüşünü əks etdirib.

IX-XI əsrlərdə Azərbaycan feodal dövlətlərinin tərkibinə daxil olan Naxçıvan təkcə ayrılmaz parçası olduğu Azərbaycanın deyil, həm də Yaxın və Orta Şərqin gözəl və əzəmətli şəhərlərindən birinə çevrilir. O, böyük ticarət və sənaye, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət qazanır. XII əsrdə isə Naxçıvan Azərbaycanın Atabəylər-Eldəgizlər dövlətinin paytaxtına cevrildikdən sonra onun qüdrəti daha da artır. Regionda çoxəsrlik dövlətçilik ənənələrinin təməli də məhz o dövrdə qoyulur. Xalqımızın ümummilli lideri Heydər Əliyev tariximizin tədqiqi, öyrənilməsi və təbliği sahəsində bu amillə bağlı qarşıda duran vəzifələri aydın və konkret şəkildə belə göstərib: “Bugünki Azərbaycanın böyük bir hissəsi, həm Naxçıvan tərəfdə olan hissəsi, həm də Araz çayının o tərəfindəki hissəsi Azərbaycan dövləti, Atabəylər dövləti olubdur. Ona görə də biz buna tarixi qiymət verməliyik”.

X11 əsrdə Azərbaycan intibahı özünü iki zirvədə xüsusilə göstərə bilib: ədəbiyyat sahəsində və memarlıqda. Böyük rus şərqşünası Yevgeni Bertelsin belə bir fikri var: ”Əgər dünyanın bütün dövrlərində yaşamış şairlərini bir cərgəyə düzmək lazım gəlsə, mən birinci yeri tərəddüd etmədən Nizami Gəncəviyə verərdim”. Sənətşünaslar isə belə deyirlər: Dahi Nizami poeziyada hansı zirvəni kəşf edə bilmişdirsə, Naxçıvan memarlıq məktəbi öz sahəsində ən yüksək zirvəyə qalxmışdır. Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək nailiyyəti olmaq etibarı ilə Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub . O, türk, ərəb, səlcuq memarlıq xüsusiyyətlərinin əsas ştrixlərini özündə birləşdirərək heç bir mədəniyyəti təkrar etməyib.

Əcəmi Naxçıvan memarlıq məktəbinin banisi və ən görkəmli nümayəndəsi olmaqla Qərb ölkələrində bu sənətin   imzasıs olduğu bir dövrdə Şərq aləmində bir sıra şah əsərlərin müəllifi kimi tanınıb. Böyük rus alimi, akademik M.V.Alpatov onun yaradıcılığından söz açaraq deyib ki, “belə yüksək memarlıq forması duyğusuna, kompozisiyasının bu cür klassik bitkinliyinə və ifa mükəmməlliyinə bu dövrdə Orta Avropa memarlığında təsadüf olunmur”.

Memar Əcəmi həm də öz zəmanəsinin elmi biliklərinə yiyələnmiş, hərtərəfli inkişaf etmiş bir şəxsiyyət olub. Bu məktəb Şərq dünyasına Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib. Bu dövrdə həndəsə və riyaziyyat elmləri də yüksək dərəcədə inkişaf etdiyindən bu elmi bilik və vərdişlərin tətbiq olunduğu sahələrdən biri də memarlıq olub.     

Memar Əcəminin yaradıcılığında formalaşan memarlıq tiplərindən ən bitkini qülləvari türbələr olub. Ayrı-ayrı nüfuzlu şəxslərin xatirəsinə ucaldılan bu monumental abidələr el arasında uzun illər “Günbəz” adı ilə də tanınıblar. Naxçıvan şəhərinin mərkəzində yerləşən və   yerli camaat arasında “Atababa künbəzi” adı ilə tanınan   Yusif Küseyr oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib catan ilk böyük əsəri olub. Sərdabə və yerüstü qülləvari hissədən ibarət olan bu abidənin kitabəsindədə onun kimin şərəfinə və hansı tarixdə  inşa olunduğu da əksini tapıb: “Bu türbə xacə, canlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”. Digər kitabədə isə onun “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli” sözləri yazılıb.

Mömünə Xatun məqbərəsini Naxçıvanın Tac-Mahalı adlandıranlar heç də yanılmırlar. Düzdür, Tac-Mahal Hindistanda yerləşir. Deylənə görə, orta əsrlərdə inşa olunan bu abidə oradakı memarlıq incilərini ən gözəlidir. Mömünə Xatun türbəsi isə memar Əcəminin şah əsəri olmaqla Naxçıvanın gözəllik simvoluna çevrilib.

Təkcə Azərbaycanda deyil, islam ölkələrində də   ən uca və incə kompozisiyalı türbələrindən olan bu abidənin belə uzunömürlüyü, ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi bu əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan   mühəndislik dühası nümayiş etdirə bilib. AMEA-nın müxbir üzvi, memarlıq doktoru Cəfər Qiyasinin sözləri ilə desək, abidənin dayaq sistemi, xüsusi ilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, naxçıvanlı memar öz sağlğında “mühəndislər başçısı”titulunu heç də nahaq yerə qazanmayıb.

Təbii ki, Azərbaycan Atabəylər dövləti tariximizin və varlığımızın ən parlaq səhifələrindən birini təşkil edib. Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan MR-in 75 illik yubiley tədbirləri çərçivəsində Mömünə Xatun türbəsi muzeyinin ekspozisiyası ilə tanış olarkən bununla bağlı deyib ki, “bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir.”

Əsrlər boyu yerli əhali arasında “Atabəy künbəzi” kimi tanınan   bu məqbərə 1186-cı ildə inşa olunub. O. Azərbaycan Atabəylər dövlətinin banisi olan Şəmsəddin Eldənizin arvadı Mömünə xatunun şərəfinə ucaldılıb. Bəzi tədqiqatçılara görə, Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun həyat yoldaşı Mömünə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan da bu sərdabədə dəfn olunublar. Ümümmilli liderimiz abidəni inşa etdirən adamlar haqqında da yüksək fikirlər söyləyərək onları müdrik insanlar adlandırıb. Deyib ki, “əgər o müdriklik, böyük zəka, ağıl olmasaydı, məsələn Şəmsəddin Eldəniz öz həyat yoldaşına bu cür türbənin yaradılmasına qərar qəbul etməzdi... O nəsil nə qədər ağıllı olubdur ki, onun oğlu bunu davam etdirib və bizim tariximizi göstərən bu qədər əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən abidə yaranıbdır”.      

Ümümi hündürlüyü 30 metrə yaxın olan türbə sərdabə və yerüstü hissədən ibarətdir. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçilik ənənələrini , onun yüksək mədəniyyətə malik olmasını da açıb göstərir. Abidənin baş tağında kufi xətlə yazılan bu sözlər də insanları xeyirxah əməllərə səsləyir: “Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilib. İki hissədən – sərdabə və türbə hissədən ibarət olan səkkiz guşəli bu abidədə tikinti işləri yüksək zövqlə aparılıb. Kaşı daşlarla işlənən həndəsi ornamentlər abidəyə xüsusi yaraşıq verir. Türbənin çardaq hissəsi isə piramida şəkildə işlənib. Naxçıvan MR Nazirlər Kabineti yanında elmi-bərpa istehsalat idarəsinin bərpaçı mütəxəssisləri orta əsrlərdə məşhur olan Naxçıvan memarlıq məktəbinin müsbət ənənələrini yaşada biliblər. Onu da qüyd edək ki, bu abidə Muxtar Respublika Ali Məclisi Sədrinin ”Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamına əsasən inşa olunub. Bu abidə isə XXI əsrdə xalqımıza məxsus dövlətçilik ənənələrinin yadigarıdır.

Təbii ki, əcdadlarımızın özlərindən sonra qoyub getdikləri bütün tarix və mədəniyyət abidələri bu yurdun Azərbaycançılıq möhürü olub. Bu abidələr təkcə varlığımızı və dövlətçiliyimizi yaşatmırlar, onlar həm də zaman-zaman ölkəmizin iqtisadi qüdrətini özlərində təcəssüm etdirirlər. Xalqımızın ümümmilli lideri Heydər Əliyev də dönə-dönə deyirdi: ”Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”.     

Görünür, Azərbaycan bu cəhətdən xoşbəxt ölkədir.

 

 

Məmməd MƏMMƏDOV

 

525-ci qəzet.- 2010.- 12 may.- S.2.