Abbas Abdullanın yubileyi Yazıçılar
Birliyində qeyd olunub
Dünən Yazıçılar Birliyində (AYB) görkəmli şair, tanınmış tərcüməçi Abbas Abdullanın 70 illik yubileyi və “Seçilmiş əsərləri”nin təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirin aparıcısı AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca A.Abdullanı “həmişə özünə müxalifətdə dayanan şair” kimi səciyyələndirib. Şairin təqdim olunan kitabı haqqında danışan F.Qoca yubilyarın əsərlərinin məziyyətlərindən söz açıb: “ İndiyədək Abbas Abdullanın şeirlərini oxumamış olsaydım belə, təkcə bu seçilmiş əsərlər onun yaradıcılığı, daxili dünyası ilə tanış olmağa kifayət edərdi”.
AYB sədri, xalq yazıçısı Anar çıxışında A.Abdullanın öz yubileyinə dəyərli bir nəşr hədiyyə etdiyini önə çəkib: “Abbas Abdullanın yubileyinə gəlməmişdən əvvəl yeni kitabındakı şeirlərlə bugünlərdə bir daha tanış oldum. Kitabda Abbas Abdullanın Ukrayna və gürcü şairləri ilə dostluğu öz əksini tapıb. Abbas Abdulla həmişə millətçi şair olub. Amma onun millətçiliyi öz xalqına məhəbbət, başqa xalqlara hörmət səviyyəsindədir. O, öz əqidəsinə sadiq şairdir”. Sonra AYB sədri qurum adından yubilyara xatirə hədiyyəsi təqdim edib. Xalq yazıçısı son günlərdə bəzi qəzetlərdə AYB-də yubileyi keçirilən şairlərlə bağlı gedən qərəzli məlumatlar haqqında da fikrini bildirib: “Məni dəyərli şairimiz İlyas Tapdığın yubileyində iştirak etməməkdə qınayanlara bildirim ki, həmin vaxt mən Türkiyədə Rəsul Rzanın 100 illik yubiley tədbirində idim. Mən İlyas Tapdığı sevirəm, amma Rəsul Rzanı da sevirəm. O ki qaldı AYB-də gədəbəylilərə qarşı ayrı-seçkilik söhbətlərinə, yaxşı fikir versələr, haqsız olduqlarını başa düşərlər. Mən bir daha İlyas Tapdığın da yanında gədəbəylilərə olan sevgimi izhar edirəm”.
Yazıçı Nahid Hacızadə A.Abdulla ilə bağlı gənclik xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “ Abbas Abdulla ədəbiyyatda özü olan, sözü olan şairdir. Kitabları sayca azdır, amma yazdıqlarının məna yükü, dəyəri çox sanballıdır”. N. Hacızadə Abbas Abdulla poeziyasının Ukrayna və Gürcüstanda da çox sevildiyini diqqətə çatdırıb.
Yazıçı Mahirə Abdulla uzun illərdir Abbas Abdulla ilə bərabər işlədiyini və onu yaxından tanıdığını söyləyib: “Atalar deyib ki, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmalısan. Mən isə əlavə edərdim ki, insana yaxından bələd olmaq üçün həm də onunla işləmək, iş yoldaşı olmaq lazımdır. Mən xeyli müddətdir ki, Fikrət Sadıqla və Abbas Abdulla ilə bir otaqda otururam. Onların yanında mən əsl həyat və yaradıcılıq məktəbi keçmişəm. Onların hər ikisindən öyrəniləsi çox şey var”. M.Abdulla A.Abdullanı ədəbiyyatımızda danılmaz fakt adlandırıb: “Türkçülüklə bağlı həqiqətlər saxtalaşdırılanda onun qəzəbinin həddi-hüdudu olmur. Abbas Abdulla bütün ruhu, qəlbi, canı ilə türk oğlu türkdür. Bu keyfiyyətinə görə ona böyük hörmətim və sevgim var”.
Tənqidçi Vaqif Yusifli A.Abdullanın özünün çox sevdiyi şairlərin sırasında olduğunu
qeyd edib. Şairin yaradıcılığı
haqqında danışan
tənqidçi Abbas Abdullanın poeziyasındakı
əsas istiqamətlərdən
danışıb: “O bütün
yaşlarında indiki
Abbas Abdulladır. Onun “Ukrayna naxışları”
silsiləsi ilə tanış olanda elə fikirləşirsən
ki, bunları yazan ukraynalı şairdir. Eləcə də “Türkiyə dəftəri”ni oxuyanda onun necə
böyük türkçü,
turançı olduğunu
görürük. Abbas
Abdulla üçün
heca da, sərbəst vəzn də eyni dərəcədə
doğmadır. Onun üçün başlıca
yerdə fikirlə hissin birliyini ortaya qoyan Şeir
dayanır”. A.Abdullanın
yetmişinci illərdə
qələmə aldığı
“Göy üzünə
yazılmış şeirlər”
silsiləsindən söz
açan V.Yusifli burada müasir poetik təfəkkürün
xalq şeiri sintezini yaratdığını
nəzərə çatdırıb:
“Bu silsilədə sərbəst şeir də var, heca
da. Amma professional oxucu bunu düşünmür,
çünki ortada əsl şeir var”. Tənqidçi A.Abdullanın ana dilimizdən əlavə, rus, türk, ukrayna və gürcü dillərini mükəmməl bildiyini
və orijinaldan çox dəyərli tərcümələr etdiyini
çıxışında vurğulayıb.
“Abbas Abdulla həm şeirlərinə, həm
şəxsiyyətinə görə
haqqında söhbət
açılmağa layiq
böyük şairdir.
Onun bütöv şəxsiyyəti olduğu
kimi, fərqli də yaradıcılığı
var. Onu hələ ilk
gənclik illərimdən
tanıyıram. Həmişə
nəyəsə ehtiyacımız
olanda onun yanına gedərdik. Gözümüzə baxanda
ürəyimizi oxuyardı”.
Bu fikirləri tədbirdə
AYB-nin katibi, şair Arif Əmrahoğlu səsləndirib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli A.Abdulllanın
şair, tərcüməçi,
araşdırmaçı, redaktor kimi fəaliyyətini
çıxışında önə çəkib. V.Bəhmənli A. Abdullanı
beş ölkənin şairi adlandırıb:
“ Abbas Abdulla Azərbaycanla yanaşı
Ukrayna, Gürcüstan,
Rusiya və Türkiyədə də sevilən şairdir. Bu ölkələrin ədəbi
mühitində o, özünü
suda balıq kimi hiss edir. Abbas Abdulla ədəbiyyata
60-ci illərdə gəlsə
də, 70-80-ci illərdə
yenidən poeziyasında
bir təzələnmə,
canlanma hiss olunub. O, hər dəfə yeni ədəbi nəsillə birgə ədəbiyyata gəlir.
Bu baxımdan onu yaz təbiətli şair adlandırmaq olar. Onun şeirlərində
çağdaşlıqla saz
ruhu sintez şəklində qovuşur”.
Şair Kələntər
Kələntərli A. Abdullanın
rəhbərlik etdiyi dövrdə “Ulduz” jurnalında gənc yazarlara, yeni ədəbi nəslin yaradıcılığına böyük
önəm verildiyindən
danışıb.
Sonda çıxış
edən yubilyar yaradıcılığına göstərilən
diqqətə görə
tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 13 may.- S.7.