Xocalı soyqırımı ilə bağlı sərgi-müsabiqə elan olunub  

 

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi elan edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sərgi-müsabiqənin məqsədi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım hadisəsini rəsm və rəngkarlıq, heykəltəraşlıq, tətbiqi sənət, plakat, müasir incəsənət (foto-art, video-art, installiyasiya) daxil olmaqla təsviri sənət əsərləri vasitəsi ilə ifadə etmək, xalqımıza qarşı törədilmiş soyqırım faktlarının bədii təcəssümünü nümayiş etdirməkdir. Sərgi-müsabiqəyə mayın 7-dən sonra yaradılmış əsərlər qəbul olunacaq. Layihə və əsər üçün material müəllif tərəfindən seçiləcək, əsərlər tam (çərçivələnmiş halda) qəbul ediləcək. Sərgi-müsabiqədə iştirak etmək istəyənlər öz əsərlərini gələn il yanvarın 30-dək Rəssamlar İttifaqına təqdim etməlidirlər. Sərgi-müsabiqə rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçiriləcək. Hər nominasiya üzrə birinci yerin qalibinə iki min, ikinci yeri tutanlara min beş yüz, üçüncü yerin sahibinə, hər nominasiya üzrə iki nəfər olmaqla, min manat məbləğində pul mükafatı veriləcək. Hər nominasiya üzrə dörd nəfərə isə üç yüz manat məbləğində həvəsləndirici mükafat nəzərdə tutulub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 13 may.- S.7.